Siyasi Məsələlər Komitəsinin 1 oktyabr 2014-cü il tarixli iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üzrə məruzəçi təyin edildi.
Strasburq, 1 oktyabr 2014-cü il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan aldığımız məlumat:
Bu gün, 1 oktyabrda AŞPA Siyasi Məsələlər Komitəsinin iclası keçirildi. İclasda mənim təqdim etdiyim qətnamə layihəsi ilə bağlı Büronun 2 sentyabrda qəbul edilmiş və 29 sentyabrda plenar sessiyada təsdiq edilmiş qərarı əsasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edildi. Yeni təyin edilmiş məruzəçi britaniyalı deputat Robert Volterdir. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən, bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən hər hansı bir sənədin nəinki qəbul edilməsinin, hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, məruzəçi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı sənədi hazırlayarkən Ermənistan hakimiyyətinin, AŞPA-dakı ermənipərəst qüvvələrin, ermənipərəst aparıcı güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq, məruzəni qətnamə hissəsində ilk dəfə olaraq işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiq edilməsini tələb edəcək.
Elxan Süleymanov