Sovet İttifaqı paytaxtının göz yaşlarına inanmamasına və bunun kimi başqa maraqlı, həm də təsirli məsələlərə həsr olunmuş gözəl bir filmdə kişi qəhrəman qadın qəhrəmana deyir ki, onun, yəni qadın qəhrəmanın baxışları ərdə olmayan zənən xeylağının baxışlarına bənzəyir. Qadın qəhrəman da soruşur ki, bəyəm ərdə olmayan qadınlar xüsusi formada baxırlar? Kişi qəhrəman bildirir ki, bəs necə, ərdə olmayan qadınlar insanlara qiymət vermək məqsədi ilə baxırlar. Özü də tək onlar belə baxmır insanlara. Milisionerlər və rəhbər işçilər də belə baxırlar.
Mərc gəlməyə hazıram ki, bizim ölkəmizdə insanlara qiymət vermək məqsədi ilə baxanlar az deyil. Hər halda mənə belə gəlir.
Deyək ki, günlərin bir günü cibinizdə siçanların qaytağı oynamağına əhəmiyyət vermədən şəhərimizin yaraşıqlı küçələrindəki qəşəng mağazalardan birinə daxil olursunuz. Məqsədiniz qiyməti yaxın 3 il ərzində alacağınız bütün maaşların cəminə bərabər olan ayaqqabı almaq deyil. Sadəcə olaraq uğur qazana bilmiş insanların geyindikləri pal-paltarı yaxından görmək istəyirsiniz. Necə bilirsiniz, aylıq məvacibi sizin donluğunuzdan az fərqlənən satıcının sizə münasibəti necə olacaq? Və yaxud başqa bir halı gözünüzün önünə gətirin. Taksi saxlayırsınız və sürücüdən size hansısa ünvana neçəyə apara biləcəyini soruşursunuz. Həmin anda sürücünün məsafə barədə deyil, sizin hansı məbləği problemsiz ödəyə biləcəyiniz barədə düşünmədiyinə zəmanət vermək olarmı?
Buna bənzər misalların sayını artırmaq hüququndan imtina edərək bildirirəm ki, bu hallar bütün dünyada da yayılıb.
Məsələn, Dubayın Polis klubunda mütəmadi olaraq maşın nömrələrinin hərracı keçirilir. Bu yaxınlarda 78-ci hərrac keçirilib. Və bu hərracda 25 milyon dirhəm əldə edilib və 3 dirhəm də təxminən 1manat eləyir. L 16 nömrə nişanı 1,19 milyon dirhəmə satılıb. Bu olub hərracın rekordu. Ucuz nömrələr də olub hərracda. Nəcib L 1111 nömrəsinə 890 000 dirhəm veriblər.
İndi bildiniz ki, tək biz deyilik maşın, ya da telefon nömrəsinə görə adamlara qiymət verən?
Vaxt vardı adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırdılar. İndi geyim adam elə yola salınanda da işə yarayır. Deyəsən.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 74-75)