Ermənilərin mənşəyi haqqında kifayət qədər tədqiqatlar aparılmış, bir-birinə zidd fikirlər irəli sürülmüşdür.
Tarixlərini hər vasitə ilə qədimləşdirməyə çalışan Q.A. Kapantsyan, S. T. Eremyan, G.B. Caukyan və başqa erməni müəlliflər öz əcdadlarını Anadolunun və Cənubi Qafqazın aborigen xalqları sırasına daxil edir, ermənilərin tarixinin Nuh peyğəmbərin varislərindən başladığını iddia edir və bu zaman ciddi tarixi faktlara deyil, yalnız dini-mifik xarakterli məlumatlara əsaslanırlar. Onların, demək olar ki, hamısının istinad etdikləri mənbə Xorenli Moiseyin “Ermənistan tarixi” əsəridir. Tarixdə yer almamış hadisələrlə zəngin olan bu əsərdə ermənilərin mənşəyi Nuh peyğəmbərin üçüncü oğlu Yafəs və onun nəsli ilə əlaqələndirilir: “Yafəsdən Qamer, Qamerdən Tiras, Tirasdan Torqom, Torqomdan Hayk, Haykdan Aramaneak, Aramaneakdan Aramais, Aramaisdən Amasiya, Amasiyadan Gelam, Gelamdan Harm, Harmdan Aram, Aramdan Gözəl Ara dünyaya gəlmişdir”. Bütün bu adları çəkilənlər mifik varlıqlardır və tarix onların real həyatda mövcud olmaları barədə cüzi də olsa məlumata malik deyildir.
Erməni müəlliflərin digər bir qismi – R. İşxanyan, A. Teryan, K. Sukiasyan və başqaları – qədim Urartu mədəniyyətinə sahib çıxırlar, baxmayaraq ki, urartu və erməni dilləri arasında heç bir qohumluq əlaqəsi mövcud deyildir. Akademik B.B. Piotrovski özlərini nəyin bahasına olursa-olsun qədim xalqların birbaşa davamçısı hesab edənlərə rəğmən qeyd edirdi ki, “Qədim Şərqdə müasir xalqların birbaşa əcdadlarını axtarmaq olmaz”.
Ermənilərin tarixini süni surətdə qədimiləşdirən və onları Cənubi Qafqazın aborigenləri sırasına daxil edən müəlliflər sırasında S. Ayvazyan xüsusi yer tutur. Peşəcə geolog olan və özünün elmdən uzaq fikirləri ilə ad çıxarmış bu “tədqiqatçı” artıq e.ə. II minilliyin əvvəllərində ermənilərin indiki Ermənistan ərazisində yaşadıqları fikrini irəli sürmüş, iddialarını əsaslandırmaq üçün isə Azərbaycan Atabəylər dövləti tərəfindən XII – XIII əsrlərdə kəsilmiş pulların üzərindəki şəkilləri qədim erməni heroqlifləri olduğunu “sübut etmiş”, bundan başqa, kufi ərəb yazısı ilə həkk olunmuş və XIX əsrə aid olan Metsamor qayaüstü yazılarını erməni dilində oxumuşdu. Saxtakarlıq o dərəcədə üzdə idi ki, Sankt-Peterburqda Ermitajın direktoru işləmiş, ermənilərə kifayət qədər yaxın olmuş, hətta erməni Ripsimə Canpoladyan ilə ailə qurmuş B. B. Piotrovski belə susa bilməmiş, bu uydurma iddiaları alt-üst etmiş və həqiqəti üzə çıxarmışdır.
Ayvazyan daha irəli gedərək, az qala bütün Şərqi Avropanı ermənilərin vətəni kimi qələmə verir. O, 2001-ci ildə Moskvada, “Kron-Pres” nəşriyyatında rus dilində nəşr etdirdiyi “Rusiya tarixi. Erməni izi” kitabında slavyanların əcdadlarını II minilliyə apararaq, erməniləşdirir, Kiyevin əsasının 585-ci ildə erməni Smbat Baqratuni tərəfindən qoyulduğunu, Moskvanın əsasını qoyan Yuri Vladimiroviç Dolqorukinin əslində rus deyil, erməni Georg Baqratuni olduğunu, Rusiya ərazisinə xristianlığın ermənilər tərəfindən gətirildiyini, Kiyev və Novqorodda tikilmiş və X-XI əsrlərə aid kilsə və məbədlərin memarlarının ermənilərin içindən çıxdığını və s. sərsəm iddialar irəli sürür.
Qeyri-erməni müəlliflərin əksəriyyəti Anadolu və Cənubi Qafqazın ermənilərin əzəli vətəni olması haqqında olan fikirləri müdafiə etmir, onların Balkanlardan bu ərazilərə gəlmiş frigiyalıların bir qolunu təşkil etdiklərini sübut edirlər. Məsələn, İ. Dyakonov qeyd edir ki, qədim erməni dili Erməni yaylası avtoxtonlarının – hurrilərin, urartuluların və s. – dilləri ilə qohum deyildir, o, bura kənardan gətirilmişdir. Qədim erməni dilini yalnız hind-avropa dil ailəsinin frakiya-friqiya qanadına aid etmək olar. Frakiya-friqiya dillərinə aid mövcud məlumatlar onların qədim erməni dili ilə qohumluğunu təsdiq edir. Protoerməni dilinin Anadoluda e.ə. XII əsrdən tez, VI əsrdən gec olmayaraq meydana gəldiyi və bilavasitə friqiyalılarla bağlı olduğu bildirilir.
Qədim dövr müəlliflərindən Miletli Hekatey, Herodot, Evdoks Knidli və başqaları da ermənilərlə friqiyalıların qohumluğunu ön plana çıxarmışlar. Bu məsələdə antik dövr müəlliflərinin məlumatlarına inanmamaq üşün isə ciddi bir əsas yoxdur. Rumın tədqiqatçı Vlad Benetsyanunun qeyd etdiyi kimi, “Hətta e. ə. ikinci minillikdə Fessaliyanın şimalında ermənilərin və friqiyalıların yaşadıqları dövrə aid məlumatların yoxluğunu diqqətə alaraq, biz onların qohumluğunun təsdiq olunmasını tamamilə mümkün hesab edirik. Qədim tarixin öyrənilməsi əhəmiyyətli dərəcədə Miletli Hekatey və ya Heredot kimi ciddi tarixçilərin verdikləri məlumatlara əsaslanır, erməniləri friqiyalılara qohum xalq kimi təqdim edərkən onların yalan məlumat vermələri bizə inanılmaz görünür. Son tədqiqatlar Herodotdan alınan məlumatların düzlüyünü dəfələrlə təsdiq etmişdir”.
Ermənilərin mənşəyi məsələsinə diqqət yetirən fransız tədqiqatçı Jorj de Malevil də oxşar mövqedən çıxış edir və bildirir ki, “həqiqətdə erməni xalqı tarix səhnəsinə yalnız e.ə. VII əsrdə – assuriyalıların zərbələri altında Urartu dövlətinin süqutundan sonra çıxmışdır. Mümkündür ki, onlar qərbdən gəlmiş friqiyalılara gedib çıxırlar…”
Ermənilərin mənşəyi ilə bağlı olan maraqlı məqamlardan biri də, onların ari mənşəli olması haqda məlumatların inkar edilməsidir. Rus müəllifi V.L. Veliçko professor D.N. Anuçinə istinadən ermənilərin ari deyil, sonradan ariləşmiş xalq olduğunu bildirir. Başqa sözlə, ermənilərin hind-avropalaşmasının özü xüsusi tədqiqat tələb edən məsələdir.
Aqil Şahmuradov
1905.az
02 oktyabr 2014-cü il