Solmaz Rüstəmova-Tohidi – Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professordur.
1918-ci il soyqırımı ilə bağlı “Bakı, mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “Quba. mart-aprel 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” və s. kitabların, “1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə” foto-albomunun müəllifidir.
– 1918-ci il soyqırımının baş verməsinin əsas səbəbləri hansılardır?
Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində erməni silahlı qüvvələrinin rus qoşunlarına həqiqətən “fəal yardımına”, həmçinin Türkiyə və Cənubi Qafqaz ərazilərində dinc əhaliyə qarşı müstəqil, daha fəal çıxışlarına baxmayaraq, rus-erməni ittifaqı ağır itkilərdən və qanlı faciələrdən savayı nə Rusiya dövlətinə, nə Türkiyə və Cənubi Qafqaz xalqlarına, o cümlədən ermənilərin özlərinə də heç nə vermədi. 1917-ci ildə Rusiya imperiyasının süqutu ilə Cənubi Qafqazın tarixində daha geniş miqyaslı münaqişə və müharibələr, həqiqətən böyük tarixi sarsıntılarla səciyyələnən yeni dövr başlandı. Dünya müharibəsi başlanandan keçən üç il ərzində ermənilər bilavasitə öz məqsədlərinə – erməni muxtariyyətinin Rusiya tərəfindən tanınmasına nail ola bilməsələr də, bu məsələdə qərb siyasətçilərinin və ictimaiyyətinin fikrini öz xeyrlərinə effektiv şəkildə hazırlamağa nail olmuşdular. Bu nailiyyət sonrakı illərdə ermənilərin Türkiyədə olmasa da, hər halda Cənubi Qafqazda, öz qonşularının torpaqları hesabına dövlətlərini yaratmasında mühüm rol oynayacaqdı. Lakin, müharibə hələ davam edirdi və erməni millətçiləri Türkiyənin geniş ərazilərində “Böyük Ermənistan” yaratmaq ümidlərindən hələ əl çəkməsələr də, artıq dərk edirdilər ki, yaranmış şəraitdə bu planların reallaşması olduqca çətinləşmişdir. Bu məqam, onları öz fəaliyyətlərini Cənubi Qafqaza – həmin məqsədin həyata keçirilməsi üçün daha əlverişli şəraitin olduğu regiona keçirməyə vadar etdi. Belə ki, 1918-ci ilin mart ayına qədər ermənilər öz əsas niyyətlərindən birini – hələ mövcud olmayan erməni dövləti üçün Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngəzurda, Göyçədə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qarabağda dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmizlənməsini həyata keçirə bilmişdilər. 1917-ci ildə Rusiyada bolşevik çevrilişindən sonra erməni və gürcü hərbi hissələrinin Qafqaz cəbhəsindən çaşqın və nizamsız şəkildə geri çəkilməsi nəticəsində, buna qədər daima türk torpaqlarında yaşayan və ya rus ordusu tərəfindən ələ keçirilən türk vilayətlərində müvəqqəti məskunlaşmış yüz minlərlə erməni əhalisi yenidən Qafqaza üz tutdu. “Daşnaksütun”un silahlı dəstələrinin idarə etdiyi və cəbhədən qaçmış minlərlə erməni əsgəri tərəfindən dəstəklənən qəzəblənmiş, ümidsiz vəziyyətə çatdırılmış erməni əhalisinin nəhəng axını yerli – dinc, silahsız müsəlman əhalisinin üzərinə hücum çəkərək çox qısa müddət ərzində onu öz əzəli torpaqlarından qovdu. Məsələn, 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildiyindən yerli azərbaycanlılar tərəfindən məcburi şəkildə boşaldılmışdı. Yuxarıda göstərilən bütün quberniya, qəza və kəndlərdə silahlı erməni dəstələrinin, həmçinin bütün bədbəxtliklərinin günahını türklər və azərbaycanlılarda görən və bu səbəbdən hər şeyə hazır olan erməni qaçqınların mövcud olması azərbaycanlıların məskunlaşdığı ərazilərin təmizlənməsi üzrə erməni millətçilərin planlarının həyata keçirilməsini xeyli yüngülləşdirmişdi. Bu baxımdan qətiyyətlə demək olar ki, gələcək Erməni dövlətçiliyinin ərazi fundamenti məhz bu dövrdə qoyulmuşdu. 1918-ci il martın 29-da əlli nəfərə yaxın Azərbaycan hərbi qulluqçusunu tərksilah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab tədbiri görməyə təhrik etdilər. Yaranmış qarşıdurmadan bəhanə kimi yararlanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 70 %-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu və “Daşnaksütyun”un 3-4 minlik milli hissələri Bakıda dinc azərbaycanlı əhalini qırmağa başladı. Təkcə bir həftə ərzində 12 mindən artıq insan, silahsız türk-müsəlman əhali qətlə yetirildi. Elə həmin günlərdə Şamaxı şəhəri və onun ətraf kəndləri yandırıldı. Daha sonra növbə Quba, Kürdəmir və Lənkərana çatdı.
– Qurbanların nisbətən dəqiq sayı barəsində nə demək olar?
-Bunun üçün məncə, ən yaxşı mənbə Fövqəladə Təhqiqat Komissiyasının protokollarıdır. FTK-nın həmin sənədlərinə görə, yalnız Bakıda 11 min nəfər qətlə yetirilib. Mənim 1918-ci il qırğınları ilə bağlı kitablarımda həmin rəqəmlər var. Həmçinin, vurulmuş maddi zərəri də göstərmişəm. Bizim bəzi tədqiqatlarda düzgün olmayan rəqəmlər var. Məsələn, Qubada 167 kənd dağıdıldığı halda, çox yerdə 122 rəqəmi gedir. Yaxud Şamaxıda 7 min nəfərin öldürüldüyü bildirilir. Halbuki yalnız Şamaxı şəhərində 8-10 min nəfər, 110 kəndində isə 10.341 nəfər qətlə yetirilib. Gördüyünüz kimi, Şamaxıda 18-20 min nəfərədək insan erməni silahlıları tərəfindən qətlə yetirilib. Beləliklə, deyə bilərik ki, hadisələr zamanı 50 min nəfərə yaxın azərbaycanlı öldürülüb. Hələ Göyçay və Cavad qəzalarına dair sənədləri təzəliklə Fransadakı arxivlərdən tapmışam. Yaxın zamanlarda onları da çapa hazırlayacağam. Zəngəzur və Qarabağla bağlı sənədlər isə hələ araşdırılmayıb. Hərçənd komissiya həmin ərazilərdə Şamaxıdakı kimi işləyə bilməyib. On minlərlə insan isə epidemiya zamanı həlak olub.
– Bəs həmin sənədlər Fransa arxivlərinə necə gedib, çıxıb?
– Həmin sənədləri və fotoları 1919-cu ildə, Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə göndəriblər. Bəzən deyirlər ki, onlar gedəndə özləri ilə götürüblər həmin sənədləri. Amma Ə.Topçubaşov 1918-ci ilin sonlarında yola düşüb. Komissiya onda hələ işini bitirmədiyindən, o, şəkil və ya sənədləri özü ilə apara bilməzdi. Əlimərdan bəy çox ağır bir həyat sürməsinə rəğmən, bir sənədi də itirməyib və onun ölümündən xeyli sonra həmin sənədlər Fransanın elmi idarələrindən birinin arxivinə təqdim edilib.
– Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən Azərbaycan Xalq Cümhuriyyəti siyasi qərar qəbul edibmi?
– Əvvalə deyim ki, bu komissiyanın materialları bu gün xüsusi əhəmiyyətə malikdir. Çünki onların yığılması və qorunması dövlət orqanları tərıfindən həyata keçirilib. Sənədlər yalnız hüquqi baxımdan deyil, həm də tarixi və siya əhəmiyyət daşıyır. Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında 1918-ci il 15 iyul tarixində qərar qəbul edilib. 7 nəfərlik FTK-nın sədri hüquqşünas Ələkbər bəy Xasməmmədov idi. Həmin qurum da isti-isti təhqiqat apararaq sənədlər tərtib edib. Lakin hansısa siyasi qərar qəbul etməyə hökumətin vaxtı çatmadı. Hökumət hadisələrə hüquqi qiymət verməyə macal tapsa da, sovet işğalı sayəsində siyasi qiymət verə bilmədi. Bəzi araşdırmaçılar yanlış olaraq yazırlar ki, sovet işğalı nəticəsində təhqiqat komissiyasının işi yarımçıq qalıb. Halbuki 1919-cu il noyabrın 1-də komissiya öz işini başa çatdırmışdı. Komissiya erməni millətçiləri tərəfindən müsəlman əhalisinin kütləvi surətdə məhv edilməsini və külli miqdarda maddi ziyanın vurulmasını əks etdirən böyük həcmdə material topladı. Komissiya il yarım çalışandan sonra, işini başa vurub və onun üzvləri öz işlərinə qayıdılar. Komissiyanın sənədləri isə məhkəmə orqanlarına göndərilib. Başqa sözlə, ilkin məqsəd azərbaycanlı əhalinin qətlə yetirilməsində iştirak edən cinayətkarları məhkəmə cəzasına məhkum etmədən ibarət olub. 1920-ci ilin əvvəllərində Müstəqil Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanınması haqqında qərar verdikdən sonra, təzyiqlər nəticəsində Azərbaycan Parlamenti fevralda amnistiya qanunu qəbul etdi. Həmin qanuna əsasən milli ədavət zəminində cinayət törətmiş bütün şəxslər təqib və cəzadan azad olundu, FTK-nın icraatında olan bütün cinayət işlərinə xitam verildi. Hətta girov müqabilində buraxılmış şəxslərin verdikləri məbləğlər də yaradıldı. Lakin bir daha vurğulayıram ki, FTK-nın sənədləri son dərəcə qiymətli və unikal sənədlərdir.
– Arxivlərdə çox işləmisiniz. 1905-ci il soyqırımı ilə bağlı faktlar varmı?
– Əlbəttə var. Həm də həddindən artıq çox sənəd var. Sadəcə olaraq həmin sənədlər öz tədqiqatçılarını gözləyir.
– Solmaz xanım, sonda bu sahənin tədqiqatçısı kimi 1905.az saytına Sizin arzu və tövsiyələrinizi eşitmək istərdik.
-Həm 1905, həm də 1918-ci il hadisələri ilə bağlı nə qədər çox sayt olsa, nə qədər çox material olsa, bir o qədər yaxşıdır. Həm də 1905-ci il hadisələri bizdə daha az araşdırılıb, ona görə də bu baxımdan mən sizin saytın fəaliyyətini dəstəkləyir və uğurlar arzulayıram.
Gündüz Nəsibov
1905.az
01 may 2014-cü il