Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə layihəsi çərçivəsində www.1905.az portalının bazasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə növbəti diskussiya keçirilib.
Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər (1-ci tədbir)
Heydər Əliyev və milli-mənəvi dəyərlərimizin qorunması (4-cü tədbir)
Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr (6-cı tədbir)
Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr (7-ci tədbir)
MİLLİ KİMLİYİMİZİN FORMALAŞMASINDA DİNİ DƏYƏRLƏRİN ROLU (8-ci tədbir)
MƏZHƏBÇİLİK İSLAM DÜNYASINI PARÇALAYAN TENDENSİYA KİMİ (10-cu tədbir)
İSLAM MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA AZƏRBAYCAN ALİMLƏRİNİN ROLU (11-ci tədbir)
Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, bu ali məktəbin müəllimi, dosent Anar Qafarov iştirak ediblər.
Fuad Babayev: Bizim diskussiyaların keçdiyi həftələr həm də İlahiyyat İnstitutunun fəaliyyətinin faktiki ilk aylarıdır. Sizin işlərin kontekstində bizim diskussiysları dəyərləndirmənizi rica edirik.
Ceyhun Məmmədov: Böyük məmnuniyyətlə. Vurğulamaq istəyirəm ki, siz də, biz də aydın hiss edirik ki, bu gün cəmiyyətdə maarifləndirmənin aparılmasına çox böyük ehtiyac var. Xüsusilə din sahəsində insanlara düzgün biliklərin verilməsi böyük əhəmiyyət daşıyır. Bizim birgə diskussiyalarla bağlı demək istəyirəm ki, ən vacib məsələlərdən, həddindən artıq aktual mövzulardandanışdıq, yəni dini təhsil, sonrakı dövrdə radikalizmlə bağlı çox maraqlı müzakirə getdi və eyni zamanda keçən dəfə çoxlarının cürət etmədiyi və bəzən də çəkindiyi məzhəblərarası münasibətlərə toxunduq.
Bilirik ki, İslam insanları sülhə, birliyə, əmin-amanlığa çağırır. Cənab prezidentimiz də dönə-dönə vurğulayıb ki, İslam sülh dinidir, Ulu Öndər də öz çıxışlarında bunu deyib. Amma təəssüf ki, bu gün görürük ki, İslam dünyası çox ciddi problemlər yaşayır. Yəni, qarşıdurmalar, radikallıq, məzhəb problemlərinin şahidi oluruq və bu baxımından belə görüşlərə çox böyük ehtiyac var. Ən vacib olan nəticə, mahiyyətdir. Hesab edirəm ki, tədbirlərimizin həm də səmərəli tərəfi ondan ibarətdir ki, çox aktual və cəmiyyət üçün vacib mövzulara toxunduq. Mövzuları Siz seçirdiniz mən isə izləyirdim, həm də oxuyurdum. Bu gün bu aktual və vacib mövzuların araşdırılmasına, müzakirə olunmasına cəmiyyətdə böyük ehtiyac var. Bizim də missiyamız cəmiyyətdə gedən ümumi proseslərə töhfə vermək, maarifləndirmə aparmaq, insanlara bilgi verməkdir. Məsələn,insanların radikallaşması və ya nə üçün qarşıdurmaya getməsiçoxumuzu düşündürür. Burada təbii ki, biliklərin insanlara yanlış çatdırılmasının da çox böyük rolu var. Nə üçün gənclər yanlış yola düşürlər, nə üçün radikallıqvar, nə üçün məzhəb qarşıdurması olur? Bir çox amillər var. Hesab edirəm ki, burada Quranın, hədislərin, dininmüəyyən prinsiplərinin insanlara düzgün çatdırılmamasının da rolu böyükdür.
Bəzən dini kimliklə milli kimlik qarşı-qarşıya qoyulur, bu da bizi çox ciddi narahat edir. Zaman-zaman dini kimliyin milli kimlikdən üstün tutulması ilə bağlı cəhdlərin şahidi oluruq. Təhsilimizlə bağlı müsahibələrimdə dönə-dönə deyirəm, biz qarşımıza məqsəd qoymamışıq ki, yalnız dərs deyək və diplom verək. Doğrudur, bir az iddialı səslənir, amma hesab edirik ki, əsas hədəf şəxsiyyət yetişdirmək olmalıdır. Elə bir şəxsiyyət ki, vətənini, dövlətini, xalqını sevsin, onun yolunda canından keçməyə hazır olsun. O, yüksək intellektə, zəngin dünyagörüşünə malik olmalı, həm dini, həm də dünyəvi bilikləri güclü bilməlidir. Təcrübə də göstərir ki, nə vaxt müsəlmanların başları yalnız dini elmlərə, dini biliklərə qarışdı və dünyəvi elmlərdən uzaqlaşdılar, onda çox böyük faciələr yaşandı. Bir güclü şəxsiyyətin, dini inanclı insanın yetişməsi üçün onun yalnız dini bilikləri deyil, həm də dünyəvi bilikləri yüksək səviyyədə olmalıdır. Yəni, onun düşüncəsi dar olanda, yalnız dini öyrənməklə kifayətlənəndə təbii ki, biz zaman-zaman problemlərin şahidi oluruq. Məsələn, bu gün Pakistanda, Əfqanıstanda, İraqda, Suriyada baş verənlər heç də ürəkaçan deyil. O baxımından bu gün bizim də üzərimizdə çox böyük bir missiya var: gələcəkdədini insanlara çatdıracaq, onlara dinlə bağlı dərs deyəcək və ya din xadimi kimi fəaliyyət göstərəcək şəxslər yetişdirmək. Ona görə o şəxslər elə biliklərə yiyələnməlidirlər ki, gələcəkdə cəmiyyətdə daha düzgün mövqe seçə biləcək insanları yetişdirə bilsinlər.
Fuad Babayev: Cəmiyyətimizdə dini adət-ənənələrə əməl edən müsəlmanlarla yanaşı,dini rituallara əməl etməyən və ya salavat çevirəndə hansı sözləri demək lazım olduğunu bilməyən nominal müsəlmanlar da var. Amma həmin adama desələr ki, sən müsəlman deyilsən, o əlbəttə bundan inciyər. Eyni zamanda son onilliklər ərzində bir xeyli insan da ifrat dərəcədə dini məsələlərlə maraqlanmağa başlayıb. Sizin qənaətinizcə bizim nominal müsəlmanlığımız mövcud reallıqla nə dərəcədəsəsləşir. Yəni bu fenomen bizi dini radikalizm burulğanına düşməkdən sığortalayır, yoxsa daha təhlükəli bir məsələdir?
Ceyhun Məmmədov: Bilirsiniz din kifayət qədər mürəkkəb məsələdir. Azərbaycan Sovet İttifaqının tərkibində olarkən70 il dindən tamamilə məhrum olmuşdu və biz müstəqillik əldə edəndə birdən-birə bir boşluq yarandı. İnsanlara dini çatdıra biləcək kifayət qədər peşəkar mütəxəssislərimiz yox idi. Sovet dövründə nə qədər alimlərimiz, ziyalılarımız qətlə yetirilmiş və mədrəsələr, dini məktəblər bağlanmış, yəni ümumi götürdükdə, dini ənənə tamamən zəiflədilmişdi. Bizim yas mərasimlərini aparan insanların da böyük əksəriyyəti ali dini təhsilli deyil, zaman-zaman özləri öyrənmiş insanlar idi. Amma Azərbaycan dindarlığı ilə Türkiyə dindarlığının bir neçə fərqi var. Burda əsas fərqlərdən biri odur ki, Türkiyədə ənənəvi dindarlıq mövcuddur və güclüdür, bizdə isə…
Fuad Babayev: Və orda dayanma olmayıb, ardıcıl gedib.
Ceyhun Məmmədov: Bəli, ardıcıl gedib.Doğrudur, bəzən orada da müəyyən məhdudiyyətlər tətbiq olunub, yəni Cümhuriyyət qurulanda müəyyən islahatlar, tədbirlər həyata keçirildi, amma Türkiyədə bu ənənə qırılmadı, Azərbaycanda isə qırıldı. Yalnız ölkəmiz müstəqillik əldə edəndəetiqad seçimində, din seçimində insanlara sərbəstlik verildi. Azərbaycanda bu insanlara dini öyrədə biləcək kifayət qədər mütəxəssis yox idi. İkinci məsələ odur ki, müstəqilliyimizi əldə edəndə Azərbaycana xaricdən xeyli təsirlər oldu. Yəni, Azərbaycanda müxtəlif dini, radikal, qeyri-ənənəvi cərəyanların yayılmasını biz ara-sıra müşahidə etdik. Bu da bilavasitə dini ənənənin zəif olması ilə bağlı idi. İnsanların daxilində bir boşluq var idi. İnsanlar ibadət etmək, dinə gəlmək istəyirdilər və onlara fərqli-fərqli cərəyanların riayət etdikləri dinin müəyyən təzahür formaları təqdim olunurdu. O dövrdən də bizmüəyyən mənada bu problemləri yaşadıq.
Sizin dediyiniz həqiqətlə əlaqədar,Azərbaycan dindarlığı ilə bağlı başqa bir məsələni də demək istəyirəm. Məsələn, biz Cümhuriyyəti quranda, yəni o dövrdə də dinə münasibətimiz bir çox müsəlman ölkələrindən fərqli idi. Yəni bizdə dinə kor-koranəmeyl o qədər də özünü göstərmirdi. Ona görə ki, Azərbaycan vətəndaşı kifayət qədər dünyəvi insandır.
Fuad Babayev: Ola bilsin Rusiyanın təsiri ilə.
Ceyhun Məmmədov: Düzdür, bizim insanların bir hissəsi gediboxuyubdindar oldu, amma bütün Azərbaycan vətəndaşlarında bu dindarlaşma prosesini müşahidə etmədik və onun da səbəblərindən biri o idi ki, Azərbaycanda dünyəvilik kifayət qədər güclü idi. Məsələn bu gün analiz edəndə görürük ki, radikal, qeyri-ənənəvi təriqətlərin ən çox cəlb etdiyi insanlar savadsız, biliksiz, dünyagörüşü zəif insanlardır. Düzdür elə olub ki, onların içərisindən elmlər doktoruda çıxıb, amma ümumi götürdükdə kütləəsasən savadsız, biliksiz insanlardan ibarət olub və burada Azərbaycan vətəndaşının kifayət qədər dünyəvi olması da öz rolunu göstərib. Xüsusilə vurğulamaq istəyirəm ki, bir çox problemlərin kökü eyni zamanda dinə kor-koranə axındır. Müsəlmanlar üçün dinin ehkamlarından, tutaq ki, namaz, oruc, ibadətdən başqadigər öhdəliklər də var. İslamda əxlaq, birgə yaşayış prinsipləri və eyni zamanda digər normalar da mövcuddur.
Bu gün ərəb dindarlığı ilə bizim dindarlığın arasında fərq var. Düzdür ərəb cəmiyyətində də müxtəlif proseslər gedir, narahatlıqlar, xoşagələn, yaxud xoşagəlməyən məsələlər var. Amma bizdə bu tamam fərqlidir. Çünki bizdəki ənənə nisbətən sovet dövründə quruldu, bizdə savadla, biliklə bərabər dünyəviləşmə prosesi getdi. Amma bu gün ərəb cəmiyyətlərində, eyni zamanda Türkiyədə dindarlıq çox güclüdür. Türkiyədə ənənəvi dindarlıq var. Ənənəvi dindarlığın güclü olduğuna baxmayaraq Türkiyə ilə bir başqa ərəb ölkəsində gedən proseslər eyni deyil, fərqli proseslərdir. Yəni bir türkün dinə münasibəti, dinə yanaşması ilə bir ərəbin yanaşması eyni deyil.
Başqa bir məsələ isə bizdə ritualların bir növ adət və ənənəyə çevrilməsidir. Quranda müəyyən ayələr, peyğəmbər hədisləri var və bu ayələri, hədisləri müsəlmanların müxtəlif qrupları fərqli təfsir edirlər. Cihadçılar, radikallığa meyilli insanlar onu öz istədikləri formada şərh edirlər.
Fuad Babayev: Yəni, kontekstdən çıxarırlar.
Ceyhun Məmmədov: Tamamilə doğrudur, kontekstdən çıxarırlar və ona görə də bəzən çox ciddi problemlər yaşayırıq. Ümüumiyyətlə, kor-koranə dinə axın, yəni onun tam dərindən mahiyyətinə varmadan, dərk etmədən dinə güclü şəkildə meyil də problemlər ortaya çıxarır. Bu gün çox təəssüf ki, bir sıra müsəlman ölkələrində mübarizə, döyüş daha çox müsəlmanlarınöz aralarında gedir. Halbuki elə düşünürlər ki, düşmənə qarşı vuruşurlar və əfsus ki, bir çox hallarda düşməni öz daxillərində axtarırlar. Ümumiyyətlə, dünyada dini və etnik amildən bir sıra xarici dövlətlər silah kimi istifadə edir. Yəni, hər hansısa bir müsəlman ölkəsində sabitliyi pozmaq üçün din amilindən və eyni zamanda etnik amildən yararlanırlar. Burada ən ciddi narahatlıq doğuran məsələlərdən biri də zaman-zaman müxtəlif müsəlman ölkələrində sünnilərlə şiələr arasında qarşıdurmanın yaradılmasıdır. Bir çox hallarda,İraqda, Pakistanda, Suriyada və digər müsəlman ölkələrindəbunun şahidi oluruq.
Fuad Babayev: Onda 70 illik fasilənin şübhə doğurmayan problemlər yaratmaqla yanaşı bizim hər şeyə daha dünyəvi, daha tolerant yanaşmağımıza rəvac verməklə bir növ pozitiv rol da oynaması qənaətinə gələ bilərik?
Ceyhun Məmmədov: Bu bir az qlobal məsələdir. Mən bunu bir məqaləmdə də qeyd etmişəm. Bu gün insanların bir qismi sovet dövrünü nostalji hissi ilə xatırlayır. Məsələ ondadır ki,sovet dövrünün mənfi cəhətləri də vardı. Biz buna da toxunaq.Məsələn, bu gün Azərbaycan cəmiyyətində mövhumatın, xürafatın gücləndirilməsində, dinə bu münasibətin formalaşmasında, bu cür təsadüfi adamların dinə gəlməsində sovet hakimiyyətinin yeritdiyi siyasətin də rolu var idi. Yəni sovet hökumətində dinə qarşı mübarizə aparmaq üçün, dini gözdən salmaq üçün mövhumatdan, xürafatdan istifadə olunurdu.
Fuad Babayev: Din xadimini məsxərəyə qoyurdular.
Ceyhun Məmmədov:Bəli.Bu gün ona görə də Azərbaycan cəmiyyətində o dövrdə yaranan problemlər var. Ancaq başqa bir formada sual da qoya bilərik ki, siz gözəl vurğuladınız, nə üçün Azərbaycanda dinə kortəbii axın olmadı? Sovetin verdiyi təhsilə, qurduğu təhsil sisteminə, insanların bilik səviyyəsinə, maariflənməsinə görə. Yəni biz bəzən bu məsələni qaldırırıq. Düzdür münasibət birmənalı deyil, amma qadağalar, məhdudiyyətlər qoyulsa da, eyni zamanda Azərbaycanda cəhalət, savadsızlıq aradan qalxdı, təhsil, səhiyyə xeyli inkişaf etdi. Yəni sovetin o dövrdə gördüyü xeyli yaxşı işlər var idi.Başqa bir məsələni də deyim. Məsələn,sovet dövründə ümumən götürdükdə maraqlıdır ki, dinə münasibət indikindən daha saf və təmiz idi. Yəni dindar adam bilinirdi ki, dindardır, fırıldaqçı da fırıldaqdı. Amma indiki dövrdə çox təəccüblüdür, öləndə deyir – “Allahu-əkbər və vuranda deyir – “Allahu-əkbər”. Yəni namaz qılır, ibadət edir, ancaq dinin prinsiplərini anlamır. Quranda da Allah-Təala buyurur ki, bir insanı qətlə yetirmək bəşəriyyəti qətlə yetirməyə bərabərdir. O baxımından da müəyyən ziddiyyətlərin şahidi oluruq. İcazənizlə Anar müəllim də bizim məsələlərə əlavə fikir bildirsin.
Anar Qafarov: Ümumiyyətlə belə bir reallıq var ki,xalqın fikrini sosial media daha çox formalaşdırır. Hesab edirəm ki, bu gün dünyada etnik və dini zəmində ortaya çıxan bəzi problemlər var. Düşünsək ki, problemlərin olduğu bir dövrdə Azərbaycan deyə nümunəvi bir dövlət var, bu dövlətin vətəndaşları var,bu cür tədbirlərin keçirilməsi vəxüsusilə sosial mediada işıqlandırılması böyük bir əhəmiyyət kəsb edir. Mən bunun üçün araşdırdığı bütün məsələlərə və bununla bağlı keçirdiyi tədbirlərə görə həm Heydər Əliyev İrsini Araşdırma Mərkəzinə, Sizə və eyni zamanda İlahiyyat İnstitutunun rəhbərliyinə təşəkkürümü bildirirəm ki, qarşılıqlı müzakirələrlə bəzi məsələləri müəyyən qədər qısa müddət ərzində işıqlandırmağa çalışdınız.
Nə üçün bu gün çalışırıq ki, Azərbaycanda ənənəvi bir dindarlıq formalaşdırılsın. Ceyhun müəllim çox gözəl qeyd etdi, əslində sovet sadəcə bizim coğrafiyanı deyil, həm də zehinlərimizi işğal etdi. Bu həqiqətdir. Amma ümumiyyətlə belə bir şey təsbit olunub ki, cəmiyyətin və fərdin əleyhinə olan hadisələr, həmişə lehinə olan hadisələrdən çox olur. Amma həyatın dinamizmini təmin edən şey insanın o əleyhinə olduğu hadisələri leyhinə çevirməsidir. Ceyhun müəllim çox önəmli bir nüansa toxundu. Bəli, biz 70 il əsarətdə qaldıq, amma bu əsarət ərzində sovetlər bəlkə də bunu hesablamamışdı. Onun sosial elmlər sahəsinə yanaşması bilirik ki, qeyri-ciddi idi, amma xüsusən də təbiət elmləri sahəsindəki o ciddi yanaşması istər-istəməz məntiqi təfəkkürü formalaşdırdı. Bu gün Azərbaycanda digər Yaxın Şərqdəki insanlarla, cəmiyyətlərlə müqayisədə insanların ifrat qruplara girməməsi, yəni bunun kütləvi hal almamasının əsas səbəblərindən biri bu elmi və məntiqi təfəkkürün zamanında bir ənənəsinin olmasıdır. Əlbəttəki, belə cəmiyyətlərdə sözsüz ki, bu məntiqdən məhrum olan və dindar kimi yaşadığını iddia edən, lakin qeyri-dindardan daha çox zərər vuran insanlar da olacaq.
Müsbət hadisələr həmişə cəmiyyətləri vəfərdləri müsbət nəticələrə gətirmir. “Qurani-Kərim”bilirik ki, əxlaqi hökmləri ehtiva edən, gözəl nəsihətlər verən bir kitabdır, vəhydir. Amma onu da oxuyub bəzən fərqli şəkildə başqalarına çatdırıb zərər vuran insanların sayı az deyil. İŞİD daxilində bəlkə də yüzlərlə hafiz var,amma onların dərk etmələri necədir?Yəni biz radikallaşmaya qarşı mübarizə aparmaq istəyiriksə,birinci növbədə elmi təfəkkürü formalaşdırmaq üçün təhsilin səviyyəsi yüksəldilməlidir. İkinci, dini maarifləndirmə, üçünücü, ideoloji maarifləndirmə, dördüncü, praktik tədbirlər olmalıdır. Bu gün reallıq ilk növbədə elmi maarifləndirmənin, elmin üzərində durmağı tələb edir.
Türkiyədə ənənəvi dindarlıq istiqamətində əvvəldən qopmayan ciddi bir bağ var. Çünki Səlcuqlu var idi, sonra Osmanlı oldu, daha sonra Türkiyə Cümhuriyyəti gəldi. Bizi isə tariximizdən qopartdılar. Buna baxmayaraq Türkiyədə yaşamış biri olaraq deyə bilərəm ki, insanların zehniyyəti, həyat fəlsəfəsi, hadisələri mənalandırma bacarığı prizmasından baxıb orada kəndlərdə yaşayan insanlarla bizim insanımızı müqayisə etdikdə, görərik ki, bizim kənddə yaşayan vətəndaşımızla müqayisədə onların bilgi səviyyəsi çox aşağıdır, cahil dediyimiz təbəqə çoxdur. İndinin özündə də belədir. Orda bəlkə İŞİD yoxdur, amma çox dərin, mühafizəkar və sələfi zehniyyətli, heç bir şeyi sorğulamayan bir kəsim var. Türkiyədə buna qarşı çıxan yenə də elmi təfəkkür, məntiqi təfəkkür sahibi olan ilahiyyatçılar oldu.
Sevinirəm ki, bu gün Azərbaycan İlahiyyat İnstitutu yeni qurulmasına baxmayaraq, məhz elmi, məntiqi təfəkkürü olan ilahiyyatçıları bir araya cəmləyib. Əminəm ki, tələbələrin də bu istiqamətdə maarifləndirilməsində çox böyük xidməti olacaq. Yəni oranın bir müəllimi kimi özüm də daxil olmaqla hər birimiz buna sadəcə iş kimi deyil, böyük məsuliyyətlə yanaşırıq. Bu bizim mövcudluq məsələmizdir, mövcudluq mübarizəmizdir. Əlbəttə, zərəri tamamilə ortadan qaldırmaq olmur, amma hər kəs öz üzərinə düşəni etsə, mənə elə gəlir ki, bütün məsələlər müəyyən qədər həll olunar.
Ceyhun Məmmədov: Hesab edirəm ki, bir insan dinə gəlməzdən əvvəl onun dünyəvi bilikləri,məntiqi təfəkkürü də kifayət qədər yüksək olmalıdır. Yəni,dinə gələn insan əgər dünyəvi elmlərdən xəbərsizdirsə, dünyəvi elmləri öyrənmirsə, məlumatı yoxdursa, o əksər hallarda çox təhlükəli olur. Əvvəldən yalnız dar düşüncə ilə dinə gəlmək və o formada dini ayinləri yerinə yetirmək zaman-zaman öz təsirini göstərir və bu gün biz İŞİD-in də səhnələrinə baxsaq görərik ki, o insanların böyük əksəriyyəti o cür insanlardır. Azərbaycandan da müəyyən sayda ora qoşulanlar var,amma onların böyük əksəriyyəti ali təhsili olmayan insanlardır.
Fuad Babayev: Bir növ zombilərdir.
Ceyhun Məmmədov: Geniş dünyagörüşü olmayan insanlardır.
Anar Qafarov: Ailə institutunun da bu mənada çox böyük rolu olmalıdır. Məsələn, öz dövrümüzdən xatırlayıram, anamın kitabxanası var idi, düzdüro, səkkizinci sinfə qədər təhsil almışdı, amma dünya ədəbiyyatını, öz yazıçılarımızı oxuyurdu. Mənə inşa yazmaq qabiliyyətini anam aşılayıb. Atam isə riyazi təfəkkürümü inkişaf etdirib. Yəni valideynlər uşaqlarla dialoq qururdu. Ailə doğrudan da böyük institutdur. Tərbiyə dedikdə,bu sadəcə əxlaq məsələsi deyil. Necə deyərlər,“əti tərbiyə etməsən, ondan yaxşı kabab çıxmaz”. Tərbiyə eyni zamanda insanı həyata hazırlamaqdır. İnsanı yaxşı tərbiyə etməsən mövcudluq,əxlaq, digər çox önəmli məsələlərdə çiy qalacaq, heç bir zaman bişməyəcək. Amma bir zəmin olmalıdır, bu zəmin də ailədən gəlir. Ona görə Azərbaycan ailə institutunun kifayət qədər möhkəmlənməsi lazımdır. Bir zamanlar kimlərsə, hansısa övladlarımızsa gedib İŞİD-ə qoşulubsa, bunun birinci səbəbkarı, günahkarı ailənin özüdür. Burada söhbət ailə fərdləri arasındagüclü əlaqənin olmasından, dialoqdan, övladın hansısa məsələlərini dinləməkdən, onun probleminə ciddi yanaşmadan gedir. Yəni indiki zamanda elektron mühit, müəyyən sosial medialar, bu tip digər məsələlər çox təəssüf ki, bəzi valideynləri çox məşğul edir. Bütün bu məsələlərə baxdığımız zaman görürük ki, sovetin o 70 illik əsarəti bizə çox baha başa gəldi.
Kimlik məsələsi çox önəmli bir məsələdir. Hər kəsi demirəm, bir qisim insanlar var ki, bu mövzuda sözün əsl mənasında problem yaşayır, yəni hiss etmirlər kimik və bütün bunlar nə üçündür, nə üçün mübarizə aparırıq. Hesab edirəm ki,bu istiqamətdə sadəcə institut divarları içərisində deyil, eyni zamanda bu tədbirlər vasitəsilə ciddi şəkildə maarifləndirmə aparılmalıdır.
Təmkin Məmmədli: Qurani Kərimin tədrisi məsələsinə toxunmaq istərdim. Təbii ki, Sizin İnstitutda ərəb dilində Quran tədris edilir. Bəs ərəb dilini bilməyən şəxslərə İlahiyyat İnstitutu olaraq Quranın Azərbaycan dilində olan hansı tərcüməsinə müraciət etmələrini tövsiyə edərdiniz?
Ceyhun Məmmədli: Ümumiyyətlə bu gün reallıq belədir ki, Azərbaycanda Quranın bir neçə tərcümə var. Bildiyiniz kimi akademik Vasim Məmmədəliyevlə mərhum akademik Ziya Bünyadovun tərcüməsi var. Eyni zamanda Nəriman Qasımovun tərcüməsi var. Tariyel Həsənovun var, amma kütləvi yayılmayıb. Başqa bir neçə tərcümə də var, amma bu tərcümələr içində ən uğurlu tərcümələrdən biri Vasim müəllimlə Ziya Bünyadovun tərcüməsidir. Tərcümə işi çox çətindir. Yəni tərcüməçi həm orijinal mətni qorumalıdır, həm də tərcümə etdiyi dildə yüksək peşəkarlıq nümayiş etdirməlidir. O baxımdan da onun Azərbaycan dilini yüksək səviyyədə bilməsi, onun incəliklərinə, reallıqlarına bələd olması xüsusi əhəmiyyət daşıyır. Tərcümədə bir axıcılıq, mənaların insanlara düzgün, dəqiq çatdırılması var. Bu baxımından o tərcüməbu gün də Azərbaycanda əsas götürülən tərcümələrdən biridir.
Ümumiyyətlə, ərəb dili kifayət qədər mürəkkəb bir dildir.Məsələn Quranın elə ayələri var ki, onu hər bir ərəb anlamır. Bu bir reallıqdır ki,tərcüməçi Quranı tərcümə etmək üçün çoxlu sayda elm bilməlidir. Çünki orada təfsir, hədis, fiqh üsulu və başqa elmlər də var. Bu baxımdan tərcümə işi həqiqətən kifayət qədər ağır işdir. Amma bunu biz əvvəl də müzakirə etmişdik, ən uğurlu tərcümə o tərcümədir ki, bu gün Azərbaycan cəmiyyətində geniş şəkildə mütaliə olunur. Hətta o tərcümənin elə yerləri var ki, tərcümə olunduğu heç hiss olunmur. Bu da tərcümə edən insanların Azərbaycan dilinə kifayət qədər vaqif olmaları və peşəkar tərcüməçi olmalarından irəli gələn bir məsələdir. Vasim müəllimlə də bizim dəfələrlə söhbətimiz olub. Məsələn, o özü də deyirdi ki, bəzən bir ayənin, bir sözün üzərində günlərlə onlar müzakirələr aparıblar ki, biz ərəb dilindəki bu sözün Azərbaycan dilində qarşılığını necə, hansı formada verək. Bir başqa məsələ də var, Quran da sıradan bir tərcümə deyil. Yəni o, Allahın kəlamıdır və onu tərcümə etmək həqiqətən də kifayət qədər peşəkarlıq, ustalıq və dəqiqlik tələb edir.
Anar Qafarov: Türkiyədə əxlaq fəlsəfəsi ilə bağlı Tusinin “Əxlaqi-Nasiri” adlı əsərini tədqiq etmişəm. Bu əsəri Azərbaycan dilinə sovet dövründə Rəhim Sultanov tərcümə edib. Əsərin fars dilində orijinalı əlimə keçəndə baxıb gördüm ki, əsərdə ciddi problemlər var. Amma mənəvi dəyərləri olan o cür əsərin sovet dövründə Rəhim Sultanov tərəfindən cəsarət edilib tərcümə edilməsi təqdir olunmalıdır. Qurana gəlincə, doğrudan da Vasim müəllimin və mərhum Ziya Bünyadovun tərcüməsi çox təqdirəlayiqdir. Deyərdim ki, Azərbaycanda tərcümədə o ilk nümunədir.
Ceyhun Məmmədli: Müstəqillik dövründə ilk tərcümə sayılır.
Təmkin Məmmədli: Müstəqillik dövründən əvvəl də tərcümələr olub, onların heç birindən artıq istifadə olunmur?
Ceyhun Məmmədli: Müstəqillikdən əvvəl bizdə bir neçə tərcümələr və eyni zamanda təfsirlər olub. Bakuvinin və Şəkəvinin izahlı tərcümələri olub. Amma bu gün Azərbaycanda real olaraq, ümumiyyətlə Azərbaycan dilində 3-4 tərcümə var. Məsələn, ruslarda 10-a yaxın tərcümə var: Kraçkovski, Poroxova, Elmir Quliyevin tərcüməsi və sair. Mən bu yaxınlarda Permdə olanda bu barədə də söhbətlərim oldu. Rus dilində artıq başqa tərcümələr də var. Rus dilində ən səlist, dəqiq tərcümə Kraçkovskinindir.
Gündüz Nəsibov: Amma Poroxovanın tərcüməsi daha səlistdir.
Ceyhun Məmmədli: Poroxova onu şeir dilində və asan formada insanlara çatdırıb.
Gündüz Nəsibov: Kraçkovskidə elə bil o müqəddəslik itib.
Ceyhun Məmmədli: Ümumiyyətlə ərəb dilindəbelə bir elm var – bəlağət elmi deyirlər. Ərəb dilində məcaz, bənzətmə çox güclüdür. Məsələn, biz deyirik, soyuq qılınc kimi kəsirdi. Bu bir bənzətmədir və soyuğun nə qədər kəskin olduğunu bildirir. Azərbaycan dilində bu kimi ifadələr var, amma ərəb dilində bu ifadələr daha çoxdur. Bəzən ərəb dilində elə bənzətmələr olur ki, insan bir xeyli oturub düşünür ki, bu nə deməkdir. Ona görə müəllif üçün də çox çətindir, müəllif orijinal fikri çatdırmağa çalışmalı, səy göstərməli, eyni zamanda öz dilində də o gözəlliyi qorumalıdır. Ona görə də Kraçkovskinin dili çox ağır və hərfi tərcümədir.
Anar Qafarov: Əslində yaxşı tərcümə elə hərfi tərcümədir.
Ceyhun Məmmədli: Məsələ ondadır ki, indiyə kimi bunu çox tərcüməçilər edib, amma bu gün də götürdükdə ən orijinal və elmi tərcümələrdən biri o sayılır. Amma Poroxovanın üstünlüyü nədir? Üstünlüyü ondadır ki, səlis şeir üslubunda, aydın şəkildə fikirləri insana çatdırır. Ümumiyyətlə Quran özü çox axıcıdır, çox bəlağətlidir. Hər adam o məna çalarlarını, dəqiqliyi, öz doğma dilində çatdırmağı bacarmır. Əsas məsələ odur ki, tərcüməçi həm ərəb dilini,həm şəriət elmlərini çox yüksək səviyyədə bilməli, həm də öz dilinə,dilinin incəliklərinədərindən bələd olmalıdır. Çünki orda mənaları tapmaq, mənaları vermək lazımdır. Yenə də deyirəm, xüsusilə“Qurani-Kərim”də o qədər güclü bənzətmələr var. Ümumiyyətlə Quranda bu bəlağət elmi, məcaz, İlmul-məani, İlmul-bədi deyə bunlar bir neçə yerə bölünür. Çox güclü bənzətmələr var və o bənzətmələri tərcümə etmək o qədər də asan iş deyil.
Anar Qafarov: Bu bənzətmələr mədəniyyətin şifrələrini dədaşıyır. Məsələn,“Qurani-Kərim”də bəzi terminlər ərəblərin bildiyi, içində yaşadığı, əhatəsində olduğu hadisələrlə bağlıdır. Ona görə də tərcümədə iki nüans önəmlidir. Birincisi, öz dilini yaxşı biləcəksən, ikincisi, tərcümədə sadəcə söz tərcümə olunmur, termin tərcümə olunur. Yənihəmin o termin konkret olaraq hansısa bir konsepsiyanı ehtiva edən bir söz də ola bilər və ya birmənalıvə çoxmənalı da. Onun tək, ya çox olduğunu, ərəb necə yaşayır, hansı mədəniyyətdə böyüdü, həmin dövrdə hadisələr necə cərəyan etdi, sosial şərtlər necə idi, psixoloji durumu nə vəziyyətdə idi, tarixi hadisələr necə idi, hansı proseslər var idi, bunların hamısı diqqətə alınmalıdır.
Əslində təfsir elmində çox böyük əhəmiyyət kəsb edənəsbabün-nüzul dediyimiz yanaşma, metodologiya ayətlərin nazil olma səbəbi, tarixi və ictimai şərait, psixoloji vəziyyətlər və sairi nəzərə alır. Çünki “Qurani-Kərim”insanı sadəcə maddi, ya da sosial varlıq olaraq ələ almır, onun psixoloji elementləridəvar.Məsələn, ayətlərin birində belə deyir: onların gözləri var,onunla görməzlər, qulaqları var,onunla eşitməzlər, qəlblərinə də möhür vurulmuşdur. Bu,konkret olaraq bilginin mənbəyi olan üç əsas məsələyə diqqət çəkir.Orta əsrlərdə ərəb olsun, ya qeyri-ərəb, təfsir yazan alimlər bir çox elm sahələri ilə maraqlanıb,işini hərtərəfli bilib, mübadilə edib və buna görə də təfsirləri yazıb, tərcümələrini edib.
Biz həmişə elə bilirdik ki, ən müvəffəqiyyətli tərcümə axıcı olmalıdır. Amma Kraçkovskinin tərcüməsində məhz çalışılıb ki, terminlərə az xəyanət edilsin. Yəni mənbəyə mümkün qədər yaxın bir tərcümə olsun. Ona görə tərcümə bir az soyuq, rasional gələ, duyğu və hissslər bəlkə bir az əksik ola bilər. Yəni şərhlər də çox önəmlidir. Məsələn, bu gün İlahiyyat İnstitutunda və ya hansısa bir ilahiyyat fakültəsində hansı tərcümədən istifadə edilməsi ilə yanaşı, eyni zamanda o tərcümələri necə mənalandıracağımız da önəmlidir. Bunun üçün də məntiqi təffəkkürü formalaşdıran elm sahələrinə ehtiyac var, ona görə də bu gün İlahiyyat İnstitutunda, dinşünaslıq kafedrasında ictimaivə fəlsəfi elmlər mümkün olduqca tədris olunur. Yəni sadəcə din təsəvvürü fiqhlə məhdudlaşdırılmır. İlahiyyat İnstitutundakı maarifləndirmədə çox yüksək səviyyədədir.
Fuad Babayev: Ceyhun müəllim, istərdim ki, söhbətimizin son mərhələsində hədəflərdən danışaq.
Ceyhun Məmmədov: Bildiyiniz kimi, bütün universitet proqramlarında təhsil standartları var. Bizdə iki ixtisas var: islamşünaslıq, dinşünaslıq. Təbii ki, fəaliyyətə başlamazdan əvvəl bizdə bu standartlar hazırlandı və bu gün biz bu standartlarla addımlayırıq. Söhbət nədən gedir? Azərbaycan İlahiyyat İnstitutu yaradıldı və qarşımıza məqsəd qoyulub. İşə başlayanda araşdırmalara başladıq və dünya tərcübəsini öyrənməyə çalışdıq. Həm müsəlman ölkələrində, həm də qərb ölkələrində, o cümlədən Amerikada, İngiltərədə, digər qərb universitetlərində çoxlu sayda islamı araşdıran, öyrənən institutlar, fakültələr fəaliyyət göstərir. Biz hətta Oksfordun, Kembricin, İranın, Türkiyənin, Orta Asiya respublikalarının, Rusiyanın, digərlərinin də təcrübəsini araşdırdıq, öyrəndik və təhsil standartlarını hazırlayarkən beynəlxalq təcrübəyə çox böyük önəm verdik. Ümumiyyətlə, islamşünaslıq müəyyən mənada ənənəvi bir sahədir, amma dinşünaslıqla bağlı qarşımıza qoyduğumuz məqsəd odur ki, bu ixtisası bitirən insanlar daha çox dövlət orqanlarında, təhsil şöbələrində, digər müxtəlif qurumlarda çalışacaqlar,ona görə də bunlara yanaşmada bir az daha fərqli metod seçdik. İslamşünaslıqda təbii ki, əsasən islamla bağlı elmlərə üstünlük verilir, dinşünaslıqda isə yalnız islam deyil, digər dinlər də öyrədilir. Məsələn, bizdə müqəddəs kitabların müqayisəsi fənni var. Hesab edirik ki, bir mütəxəssis Tövratı, İncili, Quranı müqayisə etməlidir və bu barədə məlumatı olmalıdır. Bizdə bir fənn də var: burada Azərbaycanda mövcud dini cərəyanları öyrənməyi qarşımıza məqsəd kimi qoymuşuq. Eyni zamanda bir az bundan əvvəl qeyd etdik, sosiologiya, psixologiya, hətta multikulturalizm fənni, məntiq, fəlsəfə elmi və sair elmlərlə çalışdıq ki, tələbələrə dini bilgilərlə yanaşı dünyəvi bilikləri də verək. Bununla bərəbər təbii ki, təhsil standartları var və biz buna uyğun mütəxəssislər yetişdirəcəyik. Bu mütəxəsisslər hərtərəfli yetişməlidir. Düzdür, tədris proqramlarına standart fənləri daxil etdik, amma düşündük ki, paralel olaraq biz bu tələbələrə əlavə bilgilər də verməliyik. Bu bilgilər dünyagörüşü ilə, fərdi inkişafla və müxtəlif sahələrlə bağlı ola bilər. Ona görə Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən bu günə kimi demək olar ki, yüzə yaxın müxtəlif seminar, treninq keçirib. Biz İtaliya, İndoneziya, Türkiyə və sair xarici ölkələrin Azərbaycandakı səfirləri ilə görüşdük və bu layihə davam edir. Eyni zamanda islam mədəniyyəti və həmçinin tələbələrin özünün inkişafı ilə də bağlı müxtəlif seminarlar, treninqlər olub.
Hazırda institutun qarşısında hansı vəzifələr durur, perspektivdə biz nəyi etməyi düşünürük? Artıq institut formalaşıb fəaliyyət göstərir, tədris prosesi gedir, müəyyən layihələr həyata keçir. Biz gələcəkplanlarımızda beynəlxalq əməkdaşlığa, yəni xaricdə fəaliyyət göstərən universitetlərlə əməkdaşlığın qurulmasına, onların təcrübəsinin öyrənilməsinə xüsusi önəm veririk. Bu gün elə universitet var ki yüz, iki yüz, üç yüz ildir fəaliyyət göstərir və onlar artıq müəyyən məsafəni qət ediblər. Biz onların təcrübəsindən yararlanmağı qarşımıza məqsəd qoymuşuq. Yaxın vaxtlarda artıq bəzi universitetlərlə memorandum, anlaşma sənədləri imzalamağa başlayırıq və bununla bağlı iş gedir.
Bu gün Azərbaycan bir çox sahələrdə həqiqətən nümunəvi addımlar atır. Mən deyərdim ki, Azərbaycan İlahiyyat İnstitutu cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə bölgədə, ümumiyyətlə dünyada tamamilə fərqli model nümayiş etdirən institutlardan biridir. Bu gün müsəlman ölkələrinin böyük əksəriyyətində İlahiyyat İnstitutu dedikdə yalnız islam yada düşür və məsələ islamla bağlı elmlərlə, islamşünasların yetişdirilməsi ilə məhdudlaşır. Azərbaycan isə tamamən fərqli yol seçdi.Burada yalnız islamla bağlı yox, gələcəkdə digər dinlər üzrə də mütəxəssislərin yetişdirilməsi qarşıya bir hədəf kimi qoyulub. Hazırda bu istiqamətdə işlərimizi həyata keçiririk. Yəni bizim araşdırmalarımız, elmi fəaliyyətimiz islamla kifayətlənmir,məqsədimiz dünyanın digər böyük dinlərinin tarixini, ənənəsini öyrənmək və eyni zamanda o sahədə mütəxəssislər yetişdirməkdir. Tələbələrin dünyagörüşünün zəngin olması, yüksək intellektə malik olmaları, vətənə, dövlətə bağlılığı bizim üçün böyük əhəmiyyət daşıyır.
Biz Azərbaycanın tarixi yerlərinə, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan yerlərəmüxtəlif səfərlər təşkil edirik. Məsələn bu il 9 fevralda 50-ə yaxın tələbəmizi Cocuq Mərcanlıya apardıq. Orada məsciddə, məktəbdə olduq.Bu ay isə planımızda tələbələri Qəbələnin Nic qəsəbəsinə aparmaq var. Orada da xeyli abidələrimiz var. Biz, tələbələrin tənqidi təfəkkürünün, analitik qabiliyyətinin formalaşmasına xüsusi önəm veririk. Artıq bu aydan tələbə seminarları adlı bir layihə başladıq və bu layihənin də əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr də öz tələbə yoldaşlarına seminar keçir. Belə ki,ona hansısa bir mövzu həvalə olunur. Mövzu sərbəstdir, yəni ilahiyyatla bağlı olmaya da bilər və orada yalnız tələbələr digər tələbələrə seminar keçirlər. Bu da öz növbəsində tələbələr tərəfindən çox maraqla qarşılanır.
Eyni zamanda qarşımızda duran ən vacib məsələlərdən biri də tələbələrin dil biliyidir. Yəni, hesab edirik ki, bu gün Azərbaycan ilahiyyatçılarının güclü dil biliklərinəsahib olmalarına böyük ehtiyac var. Bu gün kifayət qədər mütəxəssisimiz var, ancaq rus, ingilis dillərini bilən ilahiyyatçılara daha böyük ehtiyac var ki, onlar xarici ölkələrdə Azərbaycanı təmsil etsin, müxtəlif konfranslarda iştirak edə bilsinlər. Ona görə də dil biliyinin olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Müxtəlif yay, qış məktəblərinin təşkil olunması da vacibdir. Xüsusilə onu vurğulamaq istəyirəm ki, birinci kursdan tələbələri artıq təcrübəyə göndərməyi planlaşdırırıq.
Fuad Babayev: Hara təcrübəyə göndərmək istəyirsiz?
Ceyhun Məmmədli: Müxtəlif qurumlarla danışıqlarımız gedir. Dövlət müəssisəsi də ola bilər, təhsil müəssisəsi də. Məsələn, yay tədbirlərində istəyirik ki, tələbələrin seçimindən asılı olaraq onları müxtəlif yerlərə göndərək. Yaxud din xadimi kimi fəaliyyət göstərmək istəyənlərin müəyyən din xadimlərinin yanında təcrübə keçmələri üçün çalışırıq. Eyni zamanda institutun magistratura və növbəti ildə doktorantura fəaliyyətinin başlamasını düşünürük. Bununla bağlı artıq işlər gedir və biz təkcə tələbələrin yetişdirilməsi ilə yox, eyni zamanda müəllim heyətimizin savad və biliklərinin artırılması, onların beynəlxalq konfranslarda iştirak etməsinə xüsusi önəm veririk. Müəllimlərimiz davamlı olaraq xaricdə beynəlxaq konfranslarda iştirak edirlər.
Bununla yanaşı institut ictimai fəaliyyətə də xüsusi önəm verir. Müxtəlif layihələr həyata keçiririk. Yəni tələbələrin uşaq evinə, qocalar evinə getməsi və onlara ictimai məsuliyyətin aşılanması yönündə müəyyən layihələrimiz var.
Gələcəkdə institutun tərkibində müəyyən mərkəzlərin, laboratoriyaların yaradılması qarşıda duran əsas məqsədlərdən biridir. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müxtəlif qurumlarla əməkdaşlığın qurulmasında maraqlıyıq. Məsələn,hesab edirəm ki, bizim sizinlə bu layihəmiz çox uğurlu alındı. Yeri gəlmişkən,buna görə sizə təşəkkür edirəm.
Eyni zamanda biz vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə yaxın vaxtlarda birgə tədbirlər keçirməyə başlayırıq. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Xocalıda, Qarabağda bizim itkin düşmüş insanlarla bağlı yaxın vaxtlarda böyük tədbirimiz olacaq. İnstitutun üç mətbu nəşri olacaq. Artıq qəzetmiz hazırdır və bu yaxınlarda çapa gedir. Rüblük ictimai jurnalı çapa hazırlayırıq və eyni zamanda, ildə iki dəfə çıxan elmi jurnalımızı da artıq hazırlamışıq. İnstitutun sənədlər toplusu hazırlanır və bu proses yekunlaşmaq üzrədir. Eyni zamanda institutun kataloqu hazırlanır, orada həm Azərbaycan, həm də ingilis dilində institut haqqında kifayət qədər məlumatlar olacaq. Gələcəkdə institutda rus, ingilis, ərəb dilli qrupların yaradılması məsələsi nəzərdən keçirilir. Yəni biz eyni zamanda digər ölkələrdə yaşayan azərbaycanlıların da tədris prosesinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Həmçinin institut qarşısında dərsliklərin hazırlanması kimi vəzifə durur. Çalışırıq ki, növbəti dərs ilində dərsliklərimizin hamısına yenidən baxaq və dərsliklər standartlara tam uyğun şəkildə hazırlansın. Azərbaycan İlahiyyat İnstitutu müxtəlif dini ədəbiyyatları çap etməyi qarşına bir hədəf qoyub. Bu gün sağlam dini ədəbiyyata çox böyük ehtiyac var. Bundan başqa institutumuzun başqa bir hədəfi də var. Bilirsiz ki, Azərbaycan latın qrafikasına xeyli müddətdir keçib. Amma bizim bir çox dini ədəbiyyat əski əlifbada idi və çoxlu sayda əlyazmalarımız var ki, müəllimlərimiz hazırda o əlyazmaların bir qisminin üzərində işləyir. İstəyirik ki, həmin o əlyazmaları Azərbaycan cəmiyyətinə çatdıraq.
Reallıq ondan ibarətdir ki, islam tarixində Azərbaycanda,bu coğrafiyada yaşayan insanlar islam mədəniyyətinə çox böyük töhfələr verib. Azərbaycanın bir çox bölgələrində: Beyləqan, Bərdə, Şəki, Şirvan, Naxçıvan və digər bölgələrimizdəçoxlu sayda alimlər yetişib. O alimlər ərəb dillərində əsərlər yazıblar.OnlarıAzərbaycan oxucusuna qazandırmaq lazımdır. Ərəb dilində Azərbaycan haqqında çoxlu sayda məlumatlar, bilgilər var. Onların Azərbaycan dilinə tərcüməsi ilə bağlı işlərimiz gedir. Gələcəkdə birgə konfransların keçirilməsini planlaşdırırıq. Artıq Türkiyə və digər xarici universitetlərlə müştərək konfransların keçirilməsi bir məqsəd kimi qarşıda durur. Digər bir məqsəd isə, diskussiyalarımızın birində də müzakirə etmişdik, növbəti ildə radikalizmlə bağlı böyük bir beynəlxalq konfrans keçirməkdir. O konfransa xaricdən də müəyyən alimləri cəlb etməyi planlaşdırırıq. Paralel olaraq yaxın vaxtlarda Türkiyə universitetlərinin tərcübəsini öyrənmək istəyirik. Avropa və Rusiya universitetləri ilə artıq danışıqlar aparırıq. Rusiyada fəaliyyət göstərən islam universitetləri ilə də müzakirələr gedir. Bu istiqamətdə nəzərdə tutduğumuz bir çox layihələrimiz var. Təbii ki, işlər həddindən artıq çoxdur, institut yeni yaranıb və bütün gücünü toparlayaraq qeyd etdiyimiz hədəflərə doğru irəliləmək üçün var gücü ilə çalışır.
Fuad Babayev: Çox yaddaqalan tədbirlərimiz oldu. Minnətdaram sizə. Biz sizə uğurlar arzulayırıq və çox şadam ki, belə bir təsisatla bizim iş birliyimiz oldu.
Hazırladı: Mehman İbrahimov, Aydan Abaslı
1905.az
material ilk dəfə 30 mart 2019-cu ildə dərc olunub.