Sovet dövründə DQMV-ində etnik tərkibin necə olduğu barədə aydın təsəvvür əldə etmək üçün 1923-cü il iyulun 7-də DQMV-nin yaradılmasına kimi buradakı etnik və siyasi vəziyyəti öyrənmək lazımdır. Belə ki, I Dünya müharibəsi davam etdiyi zaman, 1916-cı ildə çar Rusiyasının həyata keçirdiyi siyahıyaalmalara görə Şuşa qəzasında əhalinin ümumi sayı 171.954 nəfər olmuşdur: onların 77.189 nəfərini azərbaycanlılar, 94.785-i isə ermənilər təşkil etmişdir.
1917-ci ilin oktyabrında baş verən bolşevik çevirilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər Leninin rəhbərliyi altında birtərəfli qaydada I Dünya müharibəsindən çıxdığı üçün rus ordusundan tərxis edilən erməni quldur dəstələri ilə birlikdə Azərbaycana eləcədə Qarabağa soxuldular. Onlar Qarabağın azərbaycanlı əhalisini məhv edərək, buranı yeni yaradılmış Ararat respublikasına birləşdirmək istəyirdilər. Bu məqsədlə 1918-1919-cu illərdə Qarabağ bölgəsində 150 azərbaycanlı kəndinin əhalisi məhv edildi. Bu dövrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların qarşısı general Nuru paşanın rəhbərliyi altında türk ordusunun və yerli Azərbaycan əlahiddə ordusunun birgə səyləri ilə alındı. Osmanlı və Azərbaycan əsgərlərini birləşdirən Qafqaz İslam Ordusu 1918-ci il sentyabr 15-də Bakını azad edərkən Gəncə-Bakı istiqamətindəki yol boyu məntəqələri, sonra da Qarabağı erməni quldur dəstələrinin işgalından azad etdi. Bu hadisələr zamanı Qarabağda yaşayan çox sayda azərbaycanlı baş verən qırğınlarda ev-eşiyindən didərgin düşdü və öldürüldü.
Azərbaycanda Sovet hakimiyyəti elan olunduqdan (28 aprel 1920) sonra bir müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən S.M. Kirovun (1921-1925) ermənipərəst siyasi mövqeyi nəticəsində Azərbaycanın əleyhinə bəzi hadisələr baş verdi. Qarabağ, tarixində ilk dəfə Dağlıq (Yuxan) və Ovalıq (Aşağı) Qarabağ coğrafi adı altında iki yerə bölündü. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması bu prosesin siyasi yekunu oldu. Mərkəzin yeritdiyi siyasət çar Rusıyası dövründə olduğu kimi, ermənilərin burada rahat yaşayaraq saylarını artırmağa əlverişli şərait yaratdı. 1926-cı ildə Sovet hökumətinin həyata keçirdiyi siyahıyaalmaya görə DQMV-də yaşayan 125.300 nəfər əhalinin 111.700 (89%) erməni, 12.600 (11%) isə azərbaycanlılar idi. 1916-cı ildən keçən dövr ərzində Qarabağ əhalisinin etnik tərkibi ciddi bir şəkildə dəyişdirildiyi kimi, DQMV-də milli- mədəni dəyərləri də assimilyasiyaya məruz qalmışdı. Burada Azərbaycan türklərinə məxsus tarixi yer adları, yaşayış məntəqələrinin adları dəyişdirildi və erməni adları ilə əvəz edildi. Vilayətin mərkəz Şuşadan Xankəndinə köçürüldü və S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Sovet dövləti müttəfiq respublikalar üzərində hakim mövqeyini qorumaq məqsədi ilə xalqlar arasında münaqişə ocaqlarını saxlamağa çalışırdı.
Münaqişə ocaqlarından biri kimi Azərbaycanın Dağlıq Qarabağ təsadüfü seçilməmişdi. 40-cı illərin ortalarında Moskvada erməni lobbinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi “ yaradıldı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi növbəti dəfə Qarabağı onlara verməyi Sovet hökuməti rəhbərliyi qarşısında müzakirəyə çıxartmalarına baxmayaraq onların bu planı M.C.Bağırovun ciddi səyi nəticəsində baş tutmadı.
Sovet hakimiyyətinin ilk 20 illik dövründə Dağlıq Qarabağda əhalinin etnik tərkibi məsələsinə gəlincə, xüsusilə 1930-cu illərdə Azərbaycanda məhsul vəzifələrin çoxunda ermənilərin yerləşdirilməsi və onların anti-Azərbaycan fəaliyyəti nəticəsində Dağlıq Qarabağda ermənilərin sayı 1939-cu ilə kimi 2.6% artdı. 1937-1938-ci illərdə Sovet höküməti, Sovet-Türkiyə münasibətlərində soyuqluq yarandığı üçün azərbaycanlılara etibar etməyərək, Dağlıq Qarabağdan yüzlərlə azərbaycanlı ailəni Azərbaycanın Aran torpaqlarına köçürtdü. Onların yerinə Ermənistandan yüzlərlə erməni ailəsi yerləşdirildi.
1941-1945-ci illər müharibəsi Azərbaycanda olduğu kimi, Dağlıq Qarabağda da əhalinin sayının azalmasına səbəb oldu. 1979-cu il siyahıyaalmasına görə Dağlıq Qarabağ əhalisinin təqribən 75%-ni ermənilər, 23% azərbaycanlılar, 2% -ni isə digər xalqların nümayəndələri təşkil edirdi. 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.
Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyaalmalarına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdı. Lakin 1989-cu il əhali siyahıyaalması ərəfəsi Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılar vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri azərbaycanlıların nisbi sayınının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.
Mənbə: B. Dədəyev, C. Mahmudlu, Ş. Əbilov “Qarabağ 99 sualda” (Bakı 2014) kitabından səh. 106-108