Şura hökumətinin bağışlanmaz və bağışlanması bəlkə də mümkün olan xətaları haqqında çox deyilib və yazılıb. Moskvanın qılıncının qəbzəsinin kəsdiyi vaxtlarda da qərb sovetoloqları və sovet dissidentləri bu səhvlər haqqında yorulmaq bilmədən danışırdılar və yazırdılar. İndisə bu səhvlərdən lazım gələrsə, ya da elə lazımın gəlməsini gözləmədən hamı söhbət aça bilər. Bu demək olar ki, tam təhlükəsizdir. Doğrudur, mövzu aktuallığını əsasən və birdəfəlik itirib.
Sovet quruluşunun son 20 ilində uşaq, yeniyetmə və gənc kimi yaşamış vətəndaş kimi mən də bir məqama toxunmaq istəyirəm.
Bu məqam… sovet inşaatçılarının Bakıda tikdikləri yaşayış binaları arasında düşünmədən (bəlkə də məqsədli şəkildə, gəlin bu variantı istisna etməyək) qoyduqları məsafələrlə bağlıdır.
Şura hökumətinin bu “səhv”i nəticəsində “tikinti bumu” başlanan kimi rus dilini qurunun altıda bir hissəsindəki bütün dillər arasında öncül yerə çıxarmış sovetlərin təsiri altında hələ də “novostroyka” adlandırdığımız irili-xırdalı göydələnlər köhnə binaların arasındakı “nəfəslik”lərin xeyli hissəsini zəbt edə bildi.
Təsəvvür edin, müteahhit (bu da türk sözüdü, pariteti qorumaq üçün istifadə edirəm) sovet “istehsal”ı olan binaların həndəvərindəki boş yeri görür, müvafiq icazələri aldıqdan sonra tikinti işlərinə başlayır və qısa müddətdə öz “göydələn”ini ucaldır. Üstəlik, bütün bunlar infrastruktura vəsait xərcləmədən edilir. Bu model çox əlverişli olmalıdır, elə deyilmi?
Yaşayış binası tikirsiniz və bu binanın yaxınlığında lap çoxdan tikilmiş uşaq bağçası, məktəb, hətta poliklinika olur. Binanın tikildiyi ərazinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchiz olunduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.
Bununla sovet inşaatçılarının yanlışlıqları aradan qaldırılır, ərazidə insanların və əlbəttə avtomobillərin sıxlığı uğurlarımızı gözü götürməyən bəzi adamların haqsız narazılığına səbəb ola biləcək səviyyəyə çatdırılır.
Yenə də rus dilinin imkanlarından bəhrələnərək qeyd etmək istəyirəm ki, şimal qonşumuzun ərazisində buna “toçeçnaya zastroyka” adı qoyublar. Və hələ 2007-ci ilin iyul ayında Moskva prefekturalarına paytaxtda belə inşaat işləri aparmaq üçün icazə vermək qadağan edilib!
Doğrudur, Moskva başbilənlərinin bütün səylərinə (“səy”lərinə?) rəğmən proses oralarda davam etməkdədir.
Fuad Babayev