Ermənilik qondarma 1915-ci il soyqırımının 100 illiyi ərəfəsində daha bir elektron resurs yaradıb. İngilis və portuqal dilində olan bu saytda (www.100Years100facts.com) Google translate proqramı yerləşdirilib. Və bu proqram saytdakı materialları Azərbaycan, erməni, ərəb, fars, fransız, gürcü, ispan, rus və türk dillərinə tərcümə etmək imkanı yaradır. Sayt bu ilin 24 aprelindən ermənilər haqqında həftədə 2 “fakt”ı təqdim edir. Hələlik efirdə 34 “fakt” var, 66 “fakt” öz növbəsini gözləyir… Layihənin rəhbəri iqtisadiyyat və psixologiya üzrə bakalavr, biznes idarəçiliyi üzrə magistr təhsili olan Lena Adişyan (Maranyan) adlı evdar xanım və araşdırmaçı-yazar Nareg Seferyandır. Saytın strukturu maraqlıdır. Hər bir “fakt” müvafiq foto və ya şəkillərlə, aralarında erməni əsilli yazarların çoxluq təşkil etdiyi müəlliflər əsərlərinin siyahısı ilə təchiz olunub. Bu da “fakt”lardan bəziləri. Fakt 1. 24 aprel 1915-ci il erməni soyqırımı; Fakt 2. “Ermənistan” yer üzünün ən qədim toponimlərindən biridir; Fakt 7. Tütək və ud ermənilərin zəngin musiqi ənənəsin tərkib hissəsidir; Fakt 26. Eramızın 301-ci ilində milli din olaraq xristianlığı qəbul edən ermənilər olub.
Əslində belə hallarda sadəcə olaraq şərhə ehtiyac duyulmur. Amma, bu “fakt”lar tərəfimizdən araşdırılsaydı, pis olmazdı. Həm də ona görə ki, indi yalan nəinki ayaq tutur, hələ, yüyürüb dünya rekorduna imza da ata bilir.
Təmkin Məmmədli