Tarixi yaddaşlarda yaşatmağın bir yolu da mənsub olduğu ölkənin kitablarında, dərsliklərində, ədəbiyyatında, küçələrində, düşüncələrdə yaşatmaqdır. Bu baxımdan Azərbaycanın tarix boyu ermənilər tərəfindən məruz qaldığı soyqırımın, zaman-zaman yaşadığı faciələri hər gün xatırlamağın bir yolu da tarixin əbədiləşdirilməsidir. 1905.az bu dəfə məhz bu məqama – azərbaycanlıların məruz qaldığı soyqırımın ölkəmizdə və dünyada necə xatırlanması, soyqırım qurbanlarının adının əbədiləşdirilməsi ilə bağlı vəziyyəti öyrənib. Nəzərə alaq ki, erməni təbliğat maşını qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində dünyanın müxtəlif ölkələrində fəaliyyətini sürətləndirib və bunun qarşılığında soyqırıma məruz qalmış bir xalq olaraq bizim tarixi özümüzə və dünyaya tanıtmağımızla bağlı vaxt itkisinə yol verməyimiz mümkünsüzdür.
*****
Öncə bildirək ki, 1905, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın, daha sonra 1990-cı il 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakı və Azərbaycanın digər şəhərlərində törətdiyi qırğının, 1992-ci ildə erməni və rus hərbi birləşmələrinin Xocalıda törətdiyi qətliamın qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bir sıra tədbirlər həyata keçirilib. Təksə respublikamızda yox, bır çox xarici ölkələrdə də həyata keçirilən bu tədirlər sırasına soyqırım qurbanlarının xatirəsinə abidələrin ucaldılmsı, xatirə lövhələrinin vurulması, park və muzeylərin açılması, küçələrin adlandırılması daxildir. Araşdırmalar göstərib ki, yuxarıda sadaladığımız tarixi hadisələr arasında 20 Yanvar adının əbədiləşdiriməsi baxımından ilk yeri tutur. Belə ki, respublikamızın demək olar ki, bütün şəhər və rayonlarında şəhidlər məzarlığı, 20 Yanvar küçəsi, müasir dövr qəhrəmanlıq tariximizin parçası olan 20 Yanvar şəhidlərinin xatirə lövhələri, abidə kompleksləri var. Hətta kiçik qəsəbə və kəndlərdə belə, məsələn Abşeron rayonu Mehdiabad qəsəbəsi, Füzuli rayonunda Horadiz qəsəbəsində (hazırda şəhər statusu alıb) 20 Yanvar küçəsi var. Bakıda 24 il bundan əvvəl canlarını vətənin azadlığı uğrunda qurban verən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün metro stansiyasılarından biri “20 Yanvar”, rus ordusunun şəhərə daxil olduğu ərazi isə “20 Yanvar” dairəsi adlandırılıb. 2010-cu ildə Bakının Yasamal rayonunda 20 Yanvar qurbanlarının xatirəsinə abidə kompleksinin açılışı olub. 20 Yanvar hadisələri və daha sonra Qarabağ müharibəsi zamanı şəhid olanların dəfn olunduğu Şəhidlər Xiyabanı xalqın and yerinə çevrilib. Paytaxtda və bölgələrdə 20 Yanvar şəhidlərinin əvvəllər yaşadığı ünvanlarda xatirə lövhəsi və barelyeflər vurulub. Bundan başqa Abşeron, Ağdam, Bərdə rayonlarında və digər bölgələrdə şəhidlərin xatirəsinə abidə kompleksləri yaradılıb. Bununla belə üzərindən 24 il keçməsinə baxmayaraq hələ də 20 Yanvar şəhidlərini xatirə abidəsinin açılışı ilə bağlı gözləntilərin doğrulmadığı bölgələr də var. Məsələn, bu il Siyəzəndə 20 Yanvarın 24-cü ildönümünün qeyd olunduğu ərəfədə rayon mərkəzindəki parkın həyətində heykəlin açılışı gözlənilsə də, abidənin ətrafında işlər yekunlaşmadığı üçün açılış həyata keçirilməyib.
******
1992-ci ildə erməni və sovet hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımın qurbanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı vəziyyətin araşdırılması göstərir ki, 20 Yanvardan fərqli olaraq Xocalı soyqırımı ilə bağlı belə kütləvilik yoxdur. Xocalı soyqırımı paytaxtın Xocalı prospektindəki “Ana harayı” abidəsi ilə tanıdılır. 1993-cü ildə qoyulmuş bu abidə 2008-ci ildə götürülüb və yerində ikinci “Ana fəryadı” heykəli ucaldılıb. Abidənin ucaldığı Xocalı parkında 150 mindən çox gül, 4 minə yaxın kol, ağac əkilib. Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi həmin abidəyə qədər olan məsafədə keçirilən izdihamlı yürüş və mərasimlə yad edilir. Lakin hələ abidənin ziyarəti rəsmi protokola daxil edilməyib. Araşdırmalar göstərir ki, paytaxt Bakıdan fərqli olaraq bölgələrdə Xocalı soyqrımının qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirilməyib. Yalnız bir neçə rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılıb ki, bunların da sayı azlıq təşkil edir. Məsələn, Goranboy rayonunda soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün “Xocalı abidəsi”, Masallıda 26 fevral soyqırımı qurbanlarının xatirəsinə abidə var. Gəncədə Xocalı şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq abidə ucaldılması ilə bağlı Şəhər İcra Hakimiyyəti bu il qərar verib. Abidənin Gəncənin yaxınlığında Xocalıdan olan məcburi köçkünlər üçün salınan şəhərcikdə olan parkda ucaldılması nəzərdə tutulur. Abidələrlə yanaşı “Xocalı” küşəsinin olduğu rayon və ya şəhərlərlə bağlı axtarışımız da demək olar ki, nəticəsiz qaldı. Respublikamızdan fərqli olaraq xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi prosesi daha sürətlə aparılır. Artıq Ankara, Haaqa, Mexiko, Sarayevo kimi şəhərlərdə Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb. Xüsusilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası 20-ci əsrdə bir şəhərin dünyaya və insanlığa utanc olan faciəsini dünyaya tanıtmaq üçün xüsusi imkanlar yaradıb. 2008-ci ildə Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq abidə ucaldılıb. “Kamperfoeliestraat” parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınıb. Azərbaycandan kənarda ucaldılan ilk belə abidə ilə yanaşı, Almaniyanın Berlin şəhərinin Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulub. Abidənin açılış mərasimi 2011-ci ilin may ayının 30-da baş tutub. 2013-cü ildə isə Türkiyədə Xocalı abidəsi ucaldılıb. Çarpazlanan iki əl, qucağında uşaq meyiti tutan kişi və nalə çəkən qadından ibarət olan abidə Türkiyənin Uşak şəhərində qoyulub. Uşak bələdiyyəsinin Karaağaç piknik sahəsində ucaldılan abidənin ətrafında soyqırımı əks etdirən foto stendlər nümayiş olunub. Çexiyanın Lidiçe şəhərində küçələrdən birinin adı Xocalı olması barədə də qərar qəbul edilib. Lidiçe şəhər meriyasının bu qərarı bu ölkədəki Azərbaycan diaspor təşkilatına təqdim edib. Qərarda faciə qurbanı olan hər iki şəhərin qardaşlaşması barədə də müddəa var. Qeyd edək ki, Lidiçe şəhəri də 1942-ci ildə alman faşizmi tərəfindən məhv edildiyindən demək olar ki, Xocalı ilə eyni taleyi yaşayıb. Buna görə də hər il Xocalı soyqırımının anım mərasimi Lidiçe memorial kompleksində təşkil olunur. Bu ilin martında isə azərbaycanlıların son 100 ildə məruz qaldığı iki soyqırım- 1918-ci il 31 mart və 1992-ci il 26 fevral Xocalı soyqırımı ilə əlaqədar Türkiyənin Ankara şəhərində soyqırım abidəsinin açılışı keçirilib. Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksinin açılışı olub. 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar gerçəkləşən tədbir qardaş ölkədə soyqırım qurbanlarını xatirəsinin əbədiləşdiriıməsinə yönəlib.
*****
Ancaq məlumat və müşahidələr göstərir ki, əbədiləşdirilməsi baxımından ötən əsrin əvvəllərində ermənilərin törətdiyi və əhatə dairəsinə görə olduqca geniş olan soyqırıma ən az diqqət yetirilib. Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart – Azərbaycanlıların Soyqırım günü kimi qeyd olunmasına baxmayaraq, hələ də bu tarix istər abidə kompleksi, istər küçə adlarında yetərincə xatırlanmır. Və ya ümumiyyətlə xatırlanmır. Bakıda ermənilərin törətdiyi soyqırımı özündə canlı tarix kimi yaşadan tarixi binalarda bunu xatırladan lövhə vurulmayıb. Paytaxtda 31 mart soyqırımı qurbanlarının xatirəsinə küçə və ya abidə kompleksi yoxdur. Soyqırım günü tədbirlər əsasən Şəhidlər xiyabanı, “Ana fəryadı” abidəsinin ziyarət olunması ilə keçirilir. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İşlam Ordusunun 1918-ci ildə Azərbaycana gəlməsi şərəfinə Bakıda “Cümhuriyyət bağı”nın yaradılması, soyqırım muzeyinin açılması, Maştağa qəsəbəsinin girəcəyindəki “Səngər təpəsi” deyilən ərazidə (məhz bu ərazidə 1918-ci il martın sonlarında Maştağa, Nardaran və Bilgəh camaatı birlikdə erməni cəlladlarının qarşısını kəsərək onları kəndə buraxmayıblar) xatirə kompleksinin yaradılması kimi təkliflər də hələ reallaşdırılmayıb. Azərbaycan 1905 və 1918-ci il soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və soyqırım tarixinin dünyaya və hətta ölkə ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsində gecikir. 2007-ci il aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanmasından və onların 1918-ci ildə erməni vəhşiliyinin qurbanı olduğu təqsdiqləndikdən sonra prezidentin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qubada «Soyqırım memorial kompleksi»nin yaradılması nəzərdə tutulub. Lakin hələ bu istiqamətdə də fəaliyyət başa çatdırılmayıb. Biz isə hələlik Sabirabadda 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı ucaldılan “Kədərli ana” abidə kompleksi, Şəmkir şəhərində 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi, Qaradağ rayonunun Sahil qəsəbəsindəki 31 Mart – Azərbaycanlıların Soyqırımı abidə-kompleksi, Horadiz şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə, Yevlaxda “31 Mart azərbaycanlıların soyqırımı” abidəsi, Şamaxıda soyqırım qurbanlarının bir qrupunun dəfn edildiyi “İmamzadə” məscidinin həyətindəki toplu məzarlığa vurulan xatirə lövhəsi ilə kifayətlənməli oluruq.
Elnarə Əlosmanqızı
Xüsusi olaraq 1905.az saytı üçün