“Bakı Metropoliteni”nin baş mühəndisi Əlixan Osmanov “Report” informasiya agentliyinə metronun iki stansiyasının adının dəyişdiriləcəyi ilə bağlı açıqlama verib və deyib ki, “adı SSRİ dövrünü xatırladan “Xalqlar dostluğu” stansiyası üçün isə bir neçə ad” təklif ediblər. Əlixan müəllim həmçinin vurğulayıb ki, “həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir.” Sonra da əlavə edib ki, “çaşqınlıq yaratmamaq üçün” hələlik bu küçələrin adlarını çəkmək istəmir. Amma, artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət ediblər.
Metro stansiyalarının adlarının dəyişdirilməsində təəccüblü heç nə yoxdur. Biz artıq bir neçə dəfə bunu şahidi olmuşuq və tutaq ki, tariximizdə eybəcər iz qoymuş Stepan adlı birisinin soyadını daşıyan stansiyaya Şah İsmayıl Xətainin adının verilməsini tam təbii sayırıq.
Və yaxud, “Avrora”nın “Qara Qarayev”ə, “28 aprel”in “28 may”a çevrilməsi qədər yerinə düşən nə ola bilər?
Belə olan halda bu yazını nəyə görə yazıram?
Mən bu yazını ona görə yazıram ki, Əlixan Osmanovun açıqlamasında diqqətimi çəkən bir məqam oldu. Bu məqam da ondan ibarətdir ki, metromuzun baş mühəndisi “Xalqlar dostluğu” stansiyasının adının SSRİ dövrünü xatırlatdığını bildirib. Və əgər mən düz başa düşmüşəmsə, adın dəyişdirilməsini zəruri edən də elə budur. Hər halda metromuzun baş mühəndisi belə düşünür.
Mən bir qədər fərqli düşünürəm..
Doğrudur, az qala hər gün hər hansı insanın digər insan üçün canavardan başqa bir şey olmadığını iddia edən ingilis filosofu Tomas Hobbsun haqlı olduğunun çeşidli sübutları ilə qarşılaşırıq. Və düz 340 il bundan əvvəl dünyasını dəyişmiş alimin ən azı bu fikrinin ən azı daha 340 il qüvvəsini itirməyəcəyi qənaətindəyik.
Çox uzun bir müddət ərzində bütün ölkələrin proletarlarının birləşməyə təkidlə dəvət olunduqlarını da yaxşı xatırlayırıq, həmin dövrdə xalqların dost ola biləcəklərinə inandığımızı da.
Azərbaycan xalqının dost olmaq üçün yetərincə güclü olduğunu da bilirik…
Real multikulturalizmi ilə öyünə bilən Azərbaycanda “Xalqlar dostluğu” adı təkcə SSRİ dövründən xəbər vermir bəlkə? Məncə əsla yanılmıram.
Fuad Babayev