1905.az portalı ölkədə diqqət mərkəzində olan startap mövzusunu Dövlət Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov və onun bir qrup tələbəsi ilə birlikdə müzakirə etdi. Elviz İsmayılov hazırda üzərində işlədikləri HealWith layihəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, mobil proqram təminati kimi nəzərdə tutulmuş bu layihənin əsas rolu həyətyanı bitki və meyvə ağaclarında geniş yayılmış xəstəlikləri fotoşəkillər vasitəsilə müəyyən edərək onunla mübarizə üsulları təklif etməkdir: “Bitkinin fotosu çəkiləndən sonra şəkil xüsusi öyrədilmiş neyron şəbəkəyə göndərilir, o isə bir ekspert kimi bitki haqqında informasiya verərək hansı xəstəliyə tutulduğunu müəyyənləşdirir. Proqram həmçinin bitkinin xəstəliyinin müalicə üsullarını da nəzərdə tutur”. Elviz İsmayılov HealWith komandasının hazırda iki xəstəliyi tam olaraq proqramlaşdırdıqlarını bildirdi: “Biri bizim regionda çox geniş yayılmış “mumli yastıca” deyilən xəstəlikdir. Təsviri belədir: sanki bitkinin hər tərəfini ağ rəngdə pambıq tor bürüyüb və yarpaq inkişafdan qalıb. Məlumat üçün deyim ki, bəzən Hollandiyadan alınmış torfların tərkibində həmin xəstəliyin sporları (yun. sparo-“səpmə” –ibtidai və ali bitkilərdə çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələrdir – red.) olur. Əlverişli mühitə düşən kimi inkişaf edərək bitkini məhv edir. “Mumlu yastıca” ev, həyət bitkilərində geniş yayılıb və daha çox yağışdan sonra aktivləşir. Digəri armud və almalarda pas deyilən bir xəstəlikdir. Xəstəliyin təsviri belədir: bitkinin yarpaqlarının üstündə ləkə-ləkə pas əmələ gəlir. Bu iki xəstəliyi artıq proqram rahat tanıyır. Kənd Təsərrüfatı Nazirliyindən bizə xəstəliklər haqqında şəkil və informasiya dəstəyi göstərəcəklərinə söz veriblər. Biz artıq proqramı sınaqdan da keçirmişik”.
Layihə məsləhətçisinin bioloq Elşən Ağayev olduğunu bildirən Elviz İsmayılov bu sahədə digər dəstəyin Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan gəldiyini deyir: “Geniş yayılmış xəstəliklərin siyahısını və şəkillərini, məlumatı, xəstəliklərlə mübarizə üsullarını artıq bizə göndəriblər. Sadəcə onların bu sahədə böyük həcmdə bazaları yoxdur. Biz xəstəlikləri şəkillər vasitəsilə öyrətdiyimiz üçün o xəstəliklərin kifayət qədər fərqli rakurslarda şəkilləri olmalıdır ki, biz onu süni intellektimizə öyrədək”.
Elviz İsmayılov proqramlaşdırılan xəstəliklər arasında hələ ki, zərərvericilərin törətdiyi xəstəliklərin olmadığını bildirdi. Çünki belə xəstəlikləri müəyyənləşdirməkdən ötrü əlavə ötürücülər lazımdır.
HealWith komandasının üzvü Leyla Talıbzadə layihə üzərində işə başlamazdan əvvəl problemi müəyyənləşdirməkdən ötrü sorğu təşkil etdiklərini bildirdi. Sorğu əsasında məlum olub ki, evində bitki saxlayan çox insan bitkidə problem yarandıqda mütəxəssisə müraciət etmir, bu da bitkinin məhv olması ilə nəticələnir. Komandanın digər üzvü Ləman Həsənli deyir ki, biz hamının əli çatacağı eksperti yaratmağa cəhd göstərdik və uğurlu da alındı. Komandanın digər üzvü Fərid Cəfərlinin fikrincə, hər startapçı işə başlayanda bilməlidir ki, onun 98 faiz riski, 2 faiz uğuru var: “Uğur qazanılacağı təqdirdə bu 98 faiz riskə dəyər. Bir startap sahəsinə ilişib qalmaq olmaz. Hər layihəyə bir neçə rakursdan yanaşmaq lazımdır və startapçı üzərində işlədiyi layihənin investoru ilk növbədə özü olmalıdır. Sonradan ona daha geniş anlamda investor tapmaq olar. HealWith layihəsinin əhəmiyyəti məncə çox yüksəkdir. Biz bu layihəyə başlamazdan öncə kifayət qədər araşdırmalar aparmışıq”.
Qeyd edək ki, HealWith komandasının digər üzvü Rəşad Əbdülxalıqov başqa startap proqramının da müəllifidir. O, minik maşınlarını 3D formatda tüninq edən proqram hazırlayıb. Proqram vasitəsilə maşın sahibi maşının rəngini və detallarını dəyişdikdən sonra vizual görüntüsünün necə olacağını görə bilər. Fərid Cəfərli ödənişin tüninq xidmət haqqına aid olduğunu bildirir.
Elviz İsmayılov startap layihələrinin üzləşdiyi investisiya problemlərinə də toxundu: “Azərbaycan investorlarının bir xüsusiyyəti var ki, onlar vəsaiti real görə bildikləri işə qoyurlar. Məsələn, yeni tikilən binaya bir çox investor vəsait qoya bilər. Yerli investor təklifimizin gələcək uğurunu görə bilmir. Halbuki xarici investorları ilk növbədə layihənin rentabelliyi maraqlandırır”.
Vikipedia, Youtube, Instagram, Whatsapp kimi sosial şəbəkələr də bir zamanlar startap layihələri olub. Hazırda Azərbaycanda da startap layihələr maraq dairəsindədir və bu sahədə xeyli müsabiqələr keçirilir. Elviz İsmayılovun bildirdiyənə görə, BP və Mühəndislik Universiteti tərəfindən maliyyələşdirilən “Yeni fikir” və Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin “I2B” startap müsabiqələri diqqətəlayiqdir. HealWith komandası “Yeni fikir” müsabiqəsi müraciət edib və hazırda final mərhələsindədirlər: “Yeni fikir” müsabiqəsinə 118 layihə müraciət edib. Bunlardan bəzilərinin prototipi ümumiyyətlə yoxdur. Bəziləri isə sadəcə ideyadır. Bəzi hallarda isə startapı adi konfrans kimi qəbul edirlər. Qalib gələcəyimiz təqdirdə 8 min manat mükafat alacağıq və bununla da layihəyə lazım olan məsrəfləri ödəyə bilərik. Sahibkarların İnkişaf Fondu bizə ofis verməyə hazırdır, amma Universitetin Akselirasiya mərkəzi var, biz startapın ikinci mərhələsəini orada reallaşdıra bilərik. Qeyd edim ki, startap iki: inkybasiya və akselirasiya mərhələsindən ibarətdir. İkinci mərhələdə startap təkmilləşəndən sonra hüquqi şirkətə çevrilə bilir. Bizə hazırda güclü kompüterlər alıb öz datalarımızı ora köçürtmək lazımdır. Fikirləşirik ki, fotoşəkillər halında olan informasiya bazamız çoxaldıqca, onu hansısa şirkətə sataq. Çünki, gələcəkdə oğurlanma ehtimalı yüksəkdir”.
Uğurlu startapı olan yerli şirkətlərin bu layihələri Estoniyada reallaşdırmağa üstünlük verdiyini bildirən Elviz İsmayılov bunu Azərbaycanda startap mövzusunun yalnız hesabat xarakterli olması ilə əlaqələndirdi.
Qeyd edək ki, komandalar ADNSU-nun Eazi startup mərkəzində öz layihələri ilə məşğul olurlar.
Ülviyyə Tahirqızı, 1905.az
Söhbət 16 may 2019-cu ildə baş tutub.