Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri başından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa gedirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişinin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bunun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng olduğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah edir, üstəlik, Koroğlunun çoxsaylı xahişlərini nəzərə alıb tüfəngin imkanlarını nümayiş etdirir. Yəni, öküzlərindən birini vurub öldürür. Əlbəttə ki, qan bahasını əvvəlcədən aldıqdan sonra. Koroğlu öküzün doğrudan da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fikirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” fikri də olur.
Bax belə.
Sosial şəbəkələrdə status yazmaq imkanı yaranandan və əməlli-başlı dəbə minəndən sonra ənənəvi janrlarda ənənəvi tərzdə yazılıb elə ənənəvi yollarla təqdim edilən yazılar da canını tapşırmaq üzrədir. Və bu gün dostluq dairəsində bir neçə yüz, ola bilsin, hətta bir neçə min dostu olan hansısa az-çox tanınmış adam işə gələndə yolda düşdüyü tıxacdan tutmuş Bəşər Əsədi gözləyən aqibət barədə fikirlərinə qədər hər şeyi status yazmaqla auditoriya ilə paylaşa bilir.
Üstəlik, fikirlərinin heç bir redaktor tərəfindən qayçılanmayacağına əmin olaraq. Və qədirbilən dostların arasında status müəllifinin fikirlərini bölüşən insanların tapılacağı, həmin şəxslərin bir növ dəstəkləyici şərhlər yazması şərtilə.
Bu unikal imkandır.
Fəsadları da var.
Məsələn, bir neçə ay bundan əvvəl “Los Angeles Times” Humbold adına Berlin Universiteti və Darmştadt Texniki Universiteti alimlərinin apardıqları tədqiqat işinin nəticələrini təqdim edib. Nəticələr ürəkaçan deyil. Heç demə Facebook bir çox adamların özlərini uğursuz hiss etmələrinə gətirib çıxarırmış. Üstəlik, həmin adamların həyatı da görən gözləri olmur.
Alman alimlərinin apardıqları sorğuda iştirak edən respondentlərin üçdə biri Fasebook istifadəçilərinin statuslarını oxuyarkən həsəd hissi yaşadıqlarını etiraf ediblər.
Bir sözlə, status yazanda ehtiyatlı olmaq lazımdır.
Bəlkə, oxucularınızın arasında sizin kimi status yaza bilməyənlər də var?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 108-109)