1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli və eyni zamanda, ən ağır, dramatik dövrlərindən biridir. Bir tərəfdən, 1918-ci il mayın 28-də Azərbaycan xalqı istiqlala qovuşmuş, milli dövlətçiliyini bərpa etmiş, respublika formasında demokratik dövləti yarada bilmişdir. Digər tərəfdən, bu dövrdə Azərbaycan xalqı erməni millətçiləri tərəfindən törədilən soyqırımına məruz qalmışdır.
XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafındakı rayonlarda bərqərar olunmuş siyasi rejimin başında durdu. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf rayonları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanlarına çevrildilər. Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi on minlərlə azərbaycanlının soyqırımı oldu. Bu günahsız insanların həyatları “böyük Ermənistan” ideologiyasının gerçəkləşdirilməsi naminə qurban verildi.
Uzun illər ərzində Şaumyanı sosialist inqilabı idealları uğrunda fədakar mübariz kimi təqdim edən sovet tarixşünaslığı gələcəkdə bu yalanı ifşa olunmaqdan sığortalaya bilmədi. Tarixi həqiqət, alimlərə açılan yeni faktlar “qəhrəman komissarlar”, o cümlədən Şaumyan haqqında mifi tam inkar edir. Çünki Şaumyan əslində, “zəhmətkeş xalqın azad edilməsi uğrunda” mübariz deyil, konkret insanlar qrupunun – azərbaycanlıların – etnik prinsipə görə məhv edilməsi planını həyata keçirən bir şəxs olmuşdur.
Stepan Şaumyan 1 (13) oktyabr 1878-ci ildə Tiflisdə tacir Georgi Şaumovun ailəsində doğulmuşdur. Tiflis realnı məktəbində oxuduğu zaman o, erməni gənclərinin yaratdığı müxtəlif dərnəklərdə fəal iştirak edirdi. Yuxarı siniflərdə oxuduğu zaman o, soyadının “-ov” sonluğunu ermənisayağı “-yan”a dəyişdirdi. Realnı məktəbi bitirdikdən sonra – 1899-cu ildə Şaumyan Azərbaycanın Calaloğlu kəndində (sonralar bu kənd Stepanavan adlandırılaraq əzəli Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin bir şəhərinə çevrildi) marksist dərnəyi təşkil etdi. Qarşıdakı illərdə o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) bolşevik qanadına qoşuldu.
Birinci rus inqilabı dövründə (1905-1907-ci illər) Şaumyan Şimali Azərbaycanın ən iri şəhərinə çevrilmiş və ümumrusiya inqilab hərəkatının mərkəzlərindən biri olan Bakıya gəldi. 1908-ci ilin iyuluna aid Tiflis quberniyası jandarmeriya idarəsinin məlumatına görə, Şaumyan ermənilərin “Daşnaksütyun” partiyasının Bakı komitəsinin tərkibinə daxil idi. O, daşnak partiyası üzvlərinə Bakının neft mədənlərinə işə düzəlməkdə kömək göstərirdi. Şaumyanın ikili partiya mənsubiyyəti onun sonrakı dövrdə, dəqiq desək, 1918-ci ilin yazında, daşnaklara arxalandığını və bolşeviklərlə ermənilərin ən radikal millətçi qüvvəsi arasında taktiki ittifaqın formalaşdırılması istiqamətində atdığı addımlarını izah edir.
1911-ci ildə Şaumyan Həştərxan şəhərinə sürgün edildi. Burada o, 1914-cü ilə qədər qaldı. Həmin il Bakıya qayıdan Şaumyan Bakı bolşevik təşkilatına rəhbərlik etməyə başlayır. Bir ildən sonra isə o RSDFP Qafqaz bürosunun üzvü seçilir. Bakı fəhlələrinin tətilinə rəhbərlik etdiyinə görə Şaumyan həbsxanaya düşür və daha sonra Saratov şəhərinə sürgün edilir. 1917-ci ilin Fevral inqilabı Şaumyanı Bakıya qaytarır: hələ sürgündə olduğu zaman o, qiyabi olaraq Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri seçilir.
1917-ci ilin oktyabrında Şaumyan Qafqazın bolşevik təşkilatlarının I qurultayına sədrlik edir. Petroqradda bolşeviklərin təşkil etdiyi dövlət çevrilişindən bir neçə gün sonra Şaumyan Bakı Sovetinin İcraiyyə Komitəsində bolşeviklərin üstünlüyünə nail olur. Bu hadisə Cənubi Qafqazın faktiki bölünməsinə gətirib çıxarır. Regionun şərq hissəsi (Bakı və quberniyası) bolşeviklərin hakimiyyəti altına düşdüyü halda, Cənubi Qafqazın qərb hissəsində regional hakimiyyət orqanlarının formalaşdırılması prosesinə başlanıldı.
1917-ci ilin dekabrında Sovet Rusiyasının (RSFSR) Xalq Komissarları Soveti (XKS) Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar vəzifəsinə təyin etdi. Lakin bu vəzifənin imkanlarından Şaumyan “sosialist inqilabının və fəhlə beynəlmiləlçiliyinin təntənəsi” işindən daha çox erməni ekspansionizminə xas olan iddiaların gerçəkləşdirilməsi naminə istifadə etməyə çalışdı. Bu özünü daha çox 11 yanvar 1918-ci ildə bolşevik Rusiyası hökumətinin osmanlı əraziləri haqqında dekret çıxarmasından sonra büruzə verdi. Dekretə əsasən, bolşevik Rusiyası Birinci Dünya müharibəsi zamanı “Rusiya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanı ermənilərinin tam müstəqilliyə qədər azad özünütəyinetmə hüquqlarına” dəstək verdi. Həmçinin RSFSR XKS-i “erməni xalqının deputatları Soveti şəklində Türkiyə Ermənistanının Müvəqqəti xalq idarəçiliyinin yaradılması”na və “erməni xalqının referendumu”nun keçirilməsinə tərəfdar çıxdı. Bu məsələlərin həllinə “istənilən yardımı” göstərmək, o cümlədən rus qoşunlarının “Türkiyə Ermənistanından” çıxarılması ilə bağlı müvafiq komissiyanı yaratmaq vəzifəsi məhz Şaumyana tapşırıldı.
1918-ci ilin martında Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak alyansı olan Bakı Soveti “əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında azərbaycanlı milli-demokratik qüvvələrin (onların içində ən nüfuzlusu Məmməd Əmin Rəsulzadənin sədrlik etdiyi “Müsavat” partiyası idi) sosial bazasını darmadağın etmək məqsədilə türk-müsəlman əhalinin məhv edilməsi əməliyyatına başladı. Bir qədər sonra Sovet Rusiyasının hökumətinə hesabat verən Şaumyan etiraf edirdi: “Biz bəhanədən istifadə edib… bütün cəbhə boyu hücuma keçdik… Bizdə artıq 6 min nəfərə yaxın silahlı qüvvələr var idi. “Daşnaksütyun”un da 3-4 minlik milli hissələri var idi ki, onlar da bizim sərəncamımızda idi. Sonuncuların hadisələrdə iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakter verdi, ancaq bunun qarşısını almağa imkan yox idi. Biz buna şüurlu şəkildə getdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr – N.M.) qalib gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”.
Nəticədə, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edildi. 30-31 martda Bakının silahsız müsəlman məhəllələri qırğına məruz qaldı. Birləşmiş daşnak-bolşevik qüvvələri uşaqlara, qadınlara, qocalara da aman vermədilər. 1 aprelə keçən gecə erməni dəstələri İçərişəhərə soxularaq yerli əhalini daha qəddar şəkildə məhv etməyə başladılar.
Şaumyan öz məmnunluğunu gizlətməyərək sonralar yazırdı: “Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Biz ehtiyat edirdik ki, mübarizə xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayacaq. Biz hətta erməni daşnak alayının köməyindən istifadə etməyə məcbur olduq. Biz onların köməyindən imtina edə bilməzdik. Erməni Milli Şurası müstəqil şəkildə həbslər aparır, axtarışlara yol verir, müsadirə edir və sair işlərlə məşğul olurdu… Ancaq qələbə o dərəcədə böyükdür ki, o, gerçəkliyi az qəmləndirir”.
Cəmi üç gün ərzində Bakıda, müxtəlif məlumatlara görə, 10 mindən 17 minə qədər insan öldürüldü. Lakin Bakı Sovetinin türk-müsəlman əhaliyə qarşı apardığı hərbi əməliyyatlar bununla yekunlaşmadı. Azərbaycanlıların soyqırımı təkcə Bakı qəzasında deyil, Şamaxı, Quba və digər qəzalarda da davam etdirildi. Bunun üçün guya beynəlmiləlçi-kommunist Şaumyan Tatevos Əmirov, Stepan Lalayev, Hamazasp Srvantsyan, Andronik Ozanyan və digər erməni qatilləri ilə əlbir olmuşdur.
8 oktyabr 1918-ci il tarixli nömrəsində “Azərbaycan” qəzeti mart-aprel hadisələri ilə bağlı yazırdı: “Uşaqların oğurlanması ilə məşğul olan quldur dəstənin başçısı Tatevos Əmirov sosialist (kommunist) ordusunun başında duraraq 16 000 aciz müsəlman fağırı Bakıda qırdıqdan və alçaq Styopa Lalayev daşnak (eləcə də sosialist) quldur dəstələrinə başçılıq edərək bir sıra məhəlləni müsəlman ziyalılarından onları evlərindən çıxardıb küçədə güllələməklə təmizlədikdən sonra Şaumyan və ona bənzər “demokratiya rəhbərləri” görünür, bu təcrübəni onlara tabe olan komandirlər üçün kifayət qədər parlaq hesab etdilər və Əmirov Lalayevlə “əks-inqilabla” mübarizə aparmaq üçün seçilmiş daşnak dəstəsi ilə Şamaxıya göndərildilər”.
Yeri gəlmişkən, azərbaycanlı əhaliyə qarşı daşnak Tatevos Əmirovun başçılığı ilə cəza dəstəsinin məhz Şaumyan tərəfindən göndərilməsi faktını bir qədər sonra Bakı Sovetinin 7 iyun 1918-ci il tarixli iclasında daşnak fraksiyasının liderlərindən biri olan Zarafyan etiraf etdi. O, birbaşa Şaumyana müraciət edərək dedi: “Əmirovu siz təyin etdiniz…”.
Stepan Lalayev, Mixail Arzumanov, Atarbekov və digərlərin başçılıq etdiyi, ümumi sayı 20 min nəfərdən ibarət silahlı erməni hərbi birləşmələri Şamaxı, Göyçay, Ərəş qəzalarından keçərək 7 min insanı məhv etdi (onlardan 1653-ü qadın, 965-i uşaq idi).
Lalayevin cinayətləri Şamaxı qırğını ilə bağlı Bakı Sovetinin bolşevik Kojemyakonın rəhbərliyi altında yaratdığı təhqiqat komissiyasını dəhşətə gətirdi və bu qatil həbs edildi. Lakin Şaumyanın göstərişindən sonra o, həbsdən azad olundu. Bir neçə gündən sonra isə təhqiqat komissiyası ləğv edildi.
Stepan Lalayevin cinayətlərini araşdıran Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayev 1918-ci ilin martında Bakı və Şamaxı şəhərlərində erməni əsgərlərinin azərbaycanlılara qarşı törətdiyi qırğına rəhbərlik edənlərdən biri olmuşdur.
Quba qəzasındakı qırğınlarla bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan istintaq komissiyasının sədri A.F.Novatskinin məruzəsindən məlum olur ki, Şaumyanın göstərişi ilə Qubaya Qırmızı Ordunun qərargah rəisi erməni Hamazaspın başçılıq etdiyi və yalnız “Daşnaksütyun” partiyasının üzvlərindən ibarət “cəza dəstəsi” göndərilmişdi.
Hamazasp hələ 1905-ci il qırğını zamanı azərbaycanlıların qətllərində iştirak etmişdir. 1918-ci ilin mart-aprel hadisələrində isə o, erməni milli hərbi dəstələrinin təşkilində fəal rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarından bəlli olur ki, Hamazasp Quba şəhərinin sakinlərinə qarşı dəhşətli zorakılıq törətmişdir. Qubalılara müraciətində o, demişdir: “Mən erməni xalqının qəhrəmanıyam… Mən Xəzər dənizi sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv etməyə gəlmişəm”. Quba qəzasında Şaumyanın göndərdiyi erməni hərbi dəstələri tərəfindən 122 kənd dağıdılmış, yüzlərlə türk və ləzgi sakinlər öldürülmüşdür.
Azərbaycanlılara qarşı soyqırımı həmçinin Qarabağ, Lənkəran, Zəngəzur, Naxçıvan, Şimali Azərbaycanın digər bölgələrində də törədilmişdir. Bu məqsədlə Şaumyan Türkiyənin şərq bölgələrində və Şimali Azərbaycanın qərb hissəsində zorakılıqla məşğul olan erməni quldur dəstələri, o cümlədən Andronikin başçılıq etdiyi hərbi qüvvələrlə sıx əlaqədə olmuşdur. Təkcə 1918-ci ilin yayı ərzində Andronik tərəfindən Şərur və Naxçıvanda 3000, Zəngəzurda isə 7700 nəfər qətlə yetirilmişdir. Öz doğma yerlərindən 50000 azərbaycanlı didərgin salınmışdır. Bu cür vəhşiliklərə baxmayaraq, Şaumyan Andronikə göndərdiyi teleqramda onu “xalqın rəhbəri” adlandırmış və bu caninin ermənilər qarşısında xidmətlərini yüksək qiymətləndirərək yazmışdır: “..Sizin simanızda əsl qəhrəmanı salamlayıram”.
1918-ci ilin aprelində daşnak-bolşevik alyansı daha da gücləndi. Qırmızı Ordunun üç briqadası formalaşdırıldı. Onların başçıları Hamazasp, Bek-Zurabyan və Arutyunyan təyin edildilər. Korpus komandiri vəzifəsinə Kazaryan, qərargah rəisi isə Avetisyan təyin olundular. Aprelin 25-də Bakı Sovetinin Xalq Komissarları Soveti yaradıldı. Bu hakimiyyət qurumunda aparıcı mövqeləri ermənilər tutdu. Şaumyanın özü XKS-in sədri və xarici işlər üzrə komissar vəzifələrini tutdu.
Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qarşısını almağa 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müvəffəq oldu. AXC-nin Osmanlı dövləti ilə hərbi ittifaqı, Qafqaz İslam Ordusunun Cümhuriyyətin müvəqqəti paytaxtı Gəncədən Bakıya müzəffər yürüşü daşnak-bolşevik qüvvələrinin Bakını və Şimali Azərbaycanın digər Xəzəryanı bölgələrini tam işğal etmək planlarını alt-üst etdi.
31 iyul 1918-ci ildə Bakı Soveti daxilindəki siyasi mübarizənin kəskinləşməsi şəraitində Şaumyanın başçılıq etdiyi qruplaşma hakimiyyətdən çəkilməyə məcbur oldu. Şaumyanın məğlubiyyətindən sonra ermənilər Bakını öz nəzarətləri altında saxlamağa dair ümidlərini dünya müharibəsi gedişində Qafqaza müdaxilə etməyə çalışan ingilislərlə bağladılar. Bakıda ingilislərin hərbi dəstəyinə arxalanan “Sentrokaspi Diktaturası” hökuməti yaradıldı. Bu hökumət daşnak, eser və menşevik partiyaların koalisiyası olaraq formalaşdı. Lakin “Sentrokaspi Diktaturası”nın Bakını nəzarət altında saxlamaq cəhdləri uğursuz oldu. 1918-ci il sentyabrın 15-də azərbaycanlı-osmanlı qoşunları Bakını azad etdilər. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkənin əsl paytaxtı – Bakıya köçdü.
Şaumyana və onun rəhbərlik etdiyi “komissarlara” gəlincə isə qeyd etmək lazımdır ki, uzun onilliklər ərzində Bakı Soveti sədrinin, “25 silahdaşı ilə birlikdə”, həbs olunduğu və 20 sentyabr 1918-ci ildə Krasnovodsk yaxınlığında, Pereval və Ağcaqum stansiyaları arasında ingilislər və eser Zakaspi hökuməti tərəfindən güllələndiyi hesab olunurdu. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti bərqərar edildikdən sonra komissarların cəsədləri Bakının mərkəzi bağlarından birində basdırıldı. Lakin 2009-cu ilin yanvarında Bakıda “26 Bakı komissarları”nın şərəfinə ucaldılmış abidə altında aparılmış qazıntılar nəticəsində ehtimal olunan 26 cəsədin yerinə 23 cəsədin qalığı aşkar olundu. Bununla da “komissarların tarixi” ilə bağlı bütün sirləri açmaq məqsədilə geniş elmi araşdırmaların aparılması zərurəti meydana çıxdı. Lakin həmin araşdırmaların son nəticəsindən asılı olmayaraq, Bakı Sovetinin və onun başçısı Stepan Şaumyanın tarixdə hərbi cinayətkar kimi qalması heç bir şübhə doğurmur.
Natiq MƏMMƏDZADƏ,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru