“Kvartet” rubrikasında BDU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru Azər Mustafayev və Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova ilə stresdən danışdıq.
Fuad Babayev: Bizi düşündürən stress məsələləridir. Bir müddət öncə bir neçə abituriyentin imtahanlardan dərhal sonra intihar etmə xəbəri yayıldı və bu bizim kifayət qədər ciddi problemlərdən birini, stressə davamlılığı səhnəyə gətirdi. Ümumiyyətlə, bizim cəmiyyətimizdə stress hansı yeri tutur və ən başlıcası isə konkret abituriyentlərimizin qəbul imtahanları zamanı mümkün olan uğursuzluqlardan özlərinə qıymalarının qarşısını almaq üçün nə etmək olardı?
Mələk Kərimova: Mən burada konkret uğursuzluq demək istəməzdim. Yəni bizim imtahanda yığdığımız və yaxud orta məktəbdə aldığımız bal nəyi və nə qədər əks etdirir? Çox zaman belə bir tendensiya çıxır. Kiçik yaşlarından etibarən deyirlər ki, əgər beş alandırsa yaxşı uşaqdır, iki alandırsa, artıq bir az cəmiyyətdən və yaxud sinifdən kənarlaşdırma başlayır. Mənə elə gəlir ki, biz elə kiçik məktəbli yaşından başlamalıyıq. Yəni qiymət mənim şəxsiyyətimi nə qədər əks etdirir? Mənim fəaliyyətimi əks etdirə bilər, amma məni əks etdirmir. Bizdə kiçik yaşlarından etibarən şagirdin aldığı qiymətlə şəxsiyyət anlayışı arasında bərəbərlik işarəsi qoyulur. Ona görə də 700 bal alan abituriyentlərin mediada müsbət mənada qiymətləndirilməsi digərlərinin özünü daha əskik hiss etməsinə səbəb olur. Amma 700 bal abituriyentin performansının göstəricisidir. Ola bilər mənim sınaq imtahanlarında balım yaxşı olsun, amma, imtahan zamanı çox həyəcanlandığımdan elə bir psixoloji vəziyyətdə ola bilərəm ki, yaza bilmərəm. Amma bu mənim həmişə uğursuz olacağımı göstərmir. Bu mənim həyatımın bir keçid mərhələsidir. Bu məsələdə birbaşa ailəni də günahlandırmaq məncə səhv olar. Ailə də yaxşı niyyətindən yola çıxaraq çalışır ki, övladına dəstək olsun. Övladı gələcəkdə öz ayaqları üstündə dursun və s. Amma çox təəssüf ki, hədsiz yüklənmə baş verir. Bəzən biz valideynlərdən eşidirik ki, imtahandan nəticən pis olsa evə qayıtma, üzümə baxma. Çünki valideyn çox zaman uşağını özündə tamamlaya bilmədiyi arzularının uzantısı kimi görür. Yəni özünün əldə edə bilmədiklərini övladında görmək istəyir.
Təmkin Məmmədli: Mən oxumamışam, sən oxu.
Mələk Kərimova: Bəli. O anlayış var. Mən oxumamışam heç olmasa sən oxu.
Azər Mustafayev: Mənim imkanım olmayıb, sənin üçün şərait yaratdım.
Mələk Kərimova: Yaxud uşağa xərclədiyi pulu qabardaraq bir minnət duyğusu hiss etdirirlər. Təbii ki, nəinki abituriyent, heç kim hər halda bu minnət duyğusunun altında əzilmək istəməz. Bəzən bunun yükü ağır olur. Biz qohum-əqraba əlaqələri güclü olan bir cəmiyyətik. Ona görə də bu təkcə ailəyə qarşı bir məsuliyyət deyil. Ağır bir yük eyni zamanda qohum-əqrabanın, hamının üzünə necə baxacam anlamındadır.
Təmkin Məmmədli: İctimai rəy əhəmiyyətlidir.
Mələk Kərimova: Bəli, ictimai rəy əhəmiyyət qazanır. Bizlər kiçik yaşlardan etibarən daxili nəzarəti güclü insanlar yetişdirməliyik. Bizlər daha çox xarici nəzarəti güclü insanlar yetişdiririk. O nə deyər, bu nə deyər, qonşunun oğlu belə oxudu, filankəs səndən yaxşı oxuyur. Daim müqayisə gedir və bu insanın özünün potensialını ortaya qoyması, nəyi və nə qədər bacarması kimi xüsusiyyətləri diqqətdən kənarda qalır. Ona görə daxili motivasiyanı içindən alan uşaq həyatının təkcə imtahandan ibarət olmadığını biləcək. Həyatda imtahanlar çoxdur, ali məktəbə imtahan sadəcə bu mərhələlərdən biri, keçid mərhələsidir. İmtahanın nəticəsini ifrat faciələşdirdiyimiz zaman istər-istəməz bu yükün altında əzilən uşaqları da görürük.
Fuad Babayev: Deməli bu problemin aradan qaldırılması üçün hansısa toplumun psixotipində az qala cərrahiyyə əməliyyatı aparmaq lazımdır. Belə alınır?
Mələk Kərimova: Düşüncədə.
Fuad Babayev: Bu realdırmı?
Azər Mustafayev: Təxminən elədir. Amma “attityüd” (ing. attitude – (“münasibət”), subyektin müəyyən sosial davranışa meyli – red.) “ustanovka”, yönəliş məsələsi də var ki, məhz indi keçməlidir, məhz indi qəbul olmalıdır. Amma bir neçə məqamı mən qeyd etmək istərdim. Cəmiyyətin özünün oxuyan uşağa münasibəti qeyri-müəyyəndir. Məsələn belə bir anlayış var. Uşaq oxuyur, çalışır, amma ona “ağ qarğa”, “botanik” (bütün vaxtını və diqqətini dərslərə yönəldən uşaq – red.) deyirlər. Bu yaxşı uşaqdır. Cəmiyyət, valideyn, ətraf, onunla fərxr etməkdən niyə onu “botanik” adlandırır? Biz ona pedaqoqikada əks əlaqə deyirik. Uşaq çalışır, əziyyət çəkir, oxuyur, “botanik” nədir? Özü də sizə deyim bu tək bizim mentallıqda deyil, Rusiya mentallığında da var. İkincisi oxumaqdan başqa şəxsiyyətin psixoloji, fizioloji, bioloji, əsəbi və digər problemləri də var. Ona görə bunlara mənim fikrimcə sistem şəklində baxmaq lazımdır. Bu şəxsiyyət özü böyük bir sistemdir. Üçüncüsü qeyd etmək istərdim ki, savadlı, qabiliyyətli uşaqlar daha incə, daha həssas olurlar. Onların daha çox qayğıya ehtiyacı olur. Lakin bir də görürsən ki, bəzi məktəblərdə yaxşı oxuyan uşaqlara pis baxırlar.
Fuad Babayev: Kim pis baxır?
Azər Mustafayev: Oxumayan uşaqlar.
Fuad Babayev: Demək əksəriyyət.
Azər Mustafayev: Bəli, oxuyan uşaqların sayı azdır. Amma onların yaxşı valideynləri var, düzgün tərbiyə edirlər. Çünki onun münaqişələrinə nəzarət edə bilirlər. Çünki o münaqişələri idarə edə bilirlər. Amma valideyn var deyir ki…
Təmkin Məmmədli: Özbaşına buraxır.
Azər Mustafayev: Elə özbaşına buraxmır. Deyir çörəyini, paltarını, pulunu verirəm, özünu də kukla kimi geyindirirəm. Daha nə etməliyəm mən uşağa. Mən xarici videoçarxdan misal çəkmək istəyirəm. Videoçarxın qısa məğzi belədir. Uşaq işdən yorğun gələn atasına yaxınlaşır ki, mənimlə bir az söhbət et. Atası da deyir ki, mən sənin üçün hər saatı 50 dollara pul qazandım, elə yorulmuşam ki, səninlə söhbət edə bilmirəm. 10-15 gündən sonra uşaq axşam yenə atasına yaxınlaşır ki, ata mən cib xərcliyimdən 50 dollar yığmışam, xahiş edirəm mənimlə söhbət et. Bilirsiniz burada həm də eqo var. Uşağın öz eqosu var, valideyinin öz eqosu var, ətrafın öz eqosu var. Görürsən ki, bu eqoların vektorları həmişə üst-üstə düşmür. Burada da problemlər yaranır. Sonra sırf imtahanla bağlı belə deyə bilərik ki, bu qismən də lotereyadır. Məsələn bizim dövrümüzdə də elə tələbələr var idi ki, sualların 50-60 faizini öyrənirdilər. Elə bil bu onlara bir adrenalin verirdi. Adrenalin də o stresin əsas hormonudur. Amma mən sizə deyim ki, burada da şüursuz olaraq çox rasional mexanizm var. Çünki insanda informasiya natamam qalanda beyində gərginlik qalır. O material beyindən çıxmır. Zeyqarnik effekti adlanan tamamlanmamış əməlin, hərəkətin metodikası var. Onun müəllifi Sovet psixoloqu Blyuma Vulfovna Zeyqarnik (1900-1988 – red.) Kurt Levinin (alman, sonradan Amerika psixoloqu (1890-1947) – red. ) tələbəsi olub. Bu effektin mahiyyəti ondadır ki, insan tamamlanmamış və ya yarıda kəsilmiş işləri daha yaxşı xatırlayır, onlar insanın hafizəsində daha möhkəm həkk olunur. İnsan bir işi axıra qədər görən kimi yaddan çıxır. Bundan başaqa subyektiv və obyektiv amillər var. Subyektiv və obyektiv amillərə mən repetitorları, müəllimləri, valideynləri, bir də uşaqların özünü qiymətləndirməsini və iddia səviyyəsini aid edə bilərəm. Repetitorun yalandan uşağı tərifləməsi düzgün deyil.
Fuad Babayev: Yəqin ki, bunu repetitorların bir hissəsi edər.
Azər Mustafayev: Elədir, amma yaxşıları çox azdır axı. Əsasən orta səviyyədir.
Mələk Kərimova: Sadəcə olaraq mənə müraciət edənlərdən bilirəm ki, qarşı tərəfi zəif göstərmək üçün bəzi repetitorlar bilərəkdən şagirdə keçmədiyi mövzulardan çətin suallar verərək onu valideyni qarşısında zəif göstərir. Məqsəd isə şagirdin mütləq repetitora ehtiyacının olduğunu göstərməkdir. Təbii ki, bu hamıya şamil edilə bilməz və biz ümumiləşdirə bilmərik. Amma, Azər müəllimin dediyi bəzi nüanslara çox diqqətlə yanaşmaqda fayda var.
Fuad Babayev: Unutmayaq ki, stresə məruz qalan, aşırı stress dozası nəticəsində intihar edən adamlar təkcə tələbələr deyil, burada müxtəlif yaş qrupunda olan adamlar da var. Eyni zamanda intihara cəhdin özündən bir silah kimi istifadə etmək elementi də mövcuddur. Ümümiyyətlə, sizin sərəncamınızda intiharların statistikası, bu suisidlərin dinamikası, onun daxili strukturu (yaş, cins və s.) ilə bağlı araşdırmalar varmı?
Azər Mustafayev: Bu intiharlarda milli mentalitet məsələsi də var. Amma, problemin ilk növbədə yaş parametri, yaş amili nəzərə çarpır. Çünkü əgər 3 yaşında uşaq özünü təsdiq üçün, “mən özüm” deyə qışqırmağa başlayırsa, yeniyetməlik dövründə o özünü daha çox kəskin formada təsdiq etmək istəyir. Biz ona psixologiyada yeniyetməlik neqativizmi deyirik və bunu demonstrativliklə bağlayırıq. Alimlərin fikrincə, yeniyetməlik yaş dövründə həqiqətən də təsadüfi suisidlər mövcuddur. Çünki yeniyetmənin enerjisi çoxdur. Özünü təsdiq edə bilmir. Hətta görürsən ki, kimə görəsə (nakam sevgi və s. – A.M.) özünü təsdiq etmə meylləri mövcuddur. Bizdə belə şeyləri çox göstərmirlər. Rusiyada elektrik qatarının damının üstündə gedən uşaq və yeniyetmələr, göydələnlərin üst qatında damın qırağında gəzən dırnaqarası hörümçəklər və s. geniş yayılıb. Uzağa niyə gedək, elə Amerika filmlərində göstərilən sörfinqin özü də haradasa suisidlərə misal olaraq göstərilə bilər. Bundan başqa ailədən çıxan yeniyetmə həmyaşıdlarının referent qrupuna çevriləndə valideynləri uşağa tam nəzarət edə bilmir və bu funksiyanı küçədəki uşaqlar həyata keçirir. Bu referent qrup isə yeniyetməni “Bir cənub şəhərində” filmindəki kimi “sən belə etməlisən”, “sən kişisən” tipli anlayışlar ruhunda formalaşdırır. Bunların müqabilində cəmiyyətdə olan profilaktik, preventiv tədbirlər geri qalır. Bu qabaqlayıcı, profilaktik tədbirləri kim aparacaq? Onu cəmiyyət, psixoloq, həkim, məktəb direktoru aparmayacaq. Uşaq ilk növbədə ailədə izlənməlidir. Valideyn uşağının hər addımından xəbərdar olmalı, onun nə ilə nəfəs aldığını bilməlidir. Mən elə başa düşürəm ki, uşağın keçirdiyi hər bir travma damla-damla yığılaraq gələcək problemlərə rəvac verir. Bu travmalar isə bilavasitə streslə əlaqədardır.
Mələk Kərimova: Stress də, əslində bizə zaman-zaman lazımdır. Psixoloji ədəbiyyatda stresi eustress və distress deyə 2 yerə ayırırlar. Eustress yaxşı mənada stresdir. Misal üçün ev almaq, ailə həyatı qurmaq, məkan dəyişdirmək əslində müəyyən stress yaradır, yeniliyə adaptasiya olmaq lazım gəlir. Distresi isə mənfi fizioloji simptomlarla özünü göstərən və çox uzun müddət davam etdiyi zaman bir növ yay kimi düşünə bilərik. Yay isə müəyyən yerə qədər gərildikdən sonra artıq deformasiyaya uğrayacaq, ya şəxsiyyət pozuntusuna, yaxud da suisid hadisələrinə yol açacaq. Azər müəllimin dediyi ilə mən tamamilə razıyam ki, maariflənmə çox önəmlidir. Maariflənmə ailədən başlamalıdır. Bəzən ailədə valideynlər bilmədən elə ünsiyyət qəliblərindən istifadə edirlər ki….
Azər Mustafayev: Hiper qayğı.
Mələk Kərimova: Hə, hədsiz qayğı, hədsiz qoruma nəticəsində valideynlər məsuliyyəti uşağa vermədən öz üzərlərinə götürür. Bəzən belə valideynlərə rast gəlirik ki, qapının ağzında belə 15-17 yaşlı uşağın ağzına yeməyini qoyur, ayaqqabısını bağlayır və sonra birdən deyir ki, sən artıq müstəqil olmalısan. Belə hədsiz qayğı uşaqda özünə inamsızlıq formalaşdırır. Hər zaman tələbələrlə müzakirələr edirik ki, uşaqlara mütləq kiçik yaşlarından, bəlkə də məktəb proqramlarında ünsiyyət bacarıqları öyrədilməlidir. Çünki biz dərslərdə müəyyən biliklər əldə edirik. Amma, stresli bir situasiya zamanı kiçik yaşlarından şagirdlər bilməlidir ki, hər şeyin həll yolları var. Şagird və ya abituriyent bilmələdir ki, institut və ya imtahan həyatdakı seçimlərdən biridir. Yəni tək bir faktora bağlı qalıb, həyatın mərkəzini tək bir hadisədə cəmləşdirmək düşüncəsini dəyişmək lazımdır. Eyni zamanda ailədə də hər şey düşüncədən, baxış tərzindən başlayır. Bu istiqamətdə məncə hər birimizin – istər jurnalistlərin, istərsə də psixoloqların öhdəsinə iş düşür. Hər birimizin öz çevrəsində müəyyən təbliğat aparması, internetdə bu səpkili çıxışların olması mənə elə gəlir ki, az da olsa kömək edər.
Fuad Babayev: İndiki dövrdə böyük bir informasiya, o cümlədən neqativ (ailələrdə çoxlu şiddət halları, abituriyent intiharları və s.) informasiya axını var. Getdikcə artan stress dalğaları fonunda psixoloji məsləhətlərlə, hansısa təmrinlərlə situasiyanı qaydaya salmaq olarmı?
Mələk Kərimova: Təbii ki, hər şeyi tam ideal dəyişdirmək imkanımız yoxdur. Amma ən azından bir az əvvəl dediyimiz kimi hansısa hissədə bizim rolumaz var. Suisid hadisələrinə gəlincə, bu barədə xəbərlərin tirajlanması, həddindən artıq verilməsi əslində gənclərə mənfi mənada təsir edə bilər. Cünki gənclər çıxış yolu olaraq uzaqbaşı özümü öldürərəm fikrinə düşür və yaxud ailə münasibətlərində problemi intiharla çözmə meylləri ortaya çıxır. Ona görə də suisiddən danışmaq yerinə, tam əksi imtahanın mahiyyətindən, başqa seçim imkanlarından danışmaq lazımdır.
Fuad Babayev: Tövsiyə nədir? Media suisid xəbərlərini yaymasın?
Mələk Kərimova: Yayılmasının çox düzgün olduğunu hesab etmirəm. Yəni belə informasiyaların dəfələrlə mediada getməsi əslində doğru deyil. Misal üçün intihar xəbərini də üstüörtülü verilən şiddət məzmunlu kadrlar kimi yayımlamaq olar. Yaxud tam tərsini də deyirəm. 700 bal toplayan abituriyent dəfələrlə mediada təbliğ edilir. Bəs 500 bal toplayan şəxsiyyət deyilmi? Yəni onun da müəyyən bir əməyi, müəyyən bir zəhməti var.
Azər Mustafayev: Hər halda 500 bal alan 700 balı heç zaman yığa bilməz.
Mələk Kərimova: Yığsın. Amma, imtahandakı sualların cavablandırılması çox test həll edilməsilə, vərdişlə bağlıdır. Məsələn bildiyiniz kimi ən yaxşı təhsil siteminə malik Finlandiyanın orta məktəb təhsilində sıfır balı yoxdur. Sıfır balı verməmələrini belə izah edirlər ki, insan sıfır ola bilməz. Yəni biz insana sıfır qiyməti verib onu heç edə bilmərik. Əslində mənim fikrim odur ki, qiymətlə şəxsiyyəti biz çox bütünləşdirmişik.
Fuad Babayev: Azər müəllim, Mələk xanım çıxış yollarından biri kimi suisid halları ilə bağlı informasiyaların o qədər də qabarıq verilməməsini tövsiyə edir, yəni onun təkliflərindən biri budur. Bəs Siz nə təklif edərdiniz?
Azər Mustafayev: Deməzdim ki, qabarıq, amma obyektiv statistika mövcud olmalıdır. Bu mənim fikrimdir.
Fuad Babayev: Və o əlçatan olmalıdır.
Azər Mustafayev: Statistika olmalıdır. Amma, jurnalistlər onu ekstremal və yaxud şişirdilmiş formada verərək sensasiyaya çevirirlər. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının 1936-cı ildə 4 iyul qərarı oldu ki, ümumiyyətlə testologiya ləğv olunsun. Sovet partokratlar gördülər ki, İngiltərədə, Fransada, Almaniyada, Amerikada olan uşaqlar sovet uşaqlarından bir az yüksək nailiyyət göstərir. Sistemlər arasında da, ictimai formasiyalar arasında da belə fərq var. Bundan başqa sovet dövründə kollektiv anlayışı var idi və biz bilirdik ki, nə olursa olsun ətrafımızda balaca bir kollektiv fəaliyyət göstərir. Kapitalizmdə isə kollektivi “mənim evim, mənim qalam” formatı əvəz edir. Əgər ailə möhkəmdirsə, əgər o ailədə stresi yaradan səbəblərdən biri zorakılıq yoxdursa bu kollektivi yaxşı halda evdə qurmaq olar. Belə bir cəmiyyətdə mütləq psixoloqların, psixiatrların orduları olmalıdır.
Fuad Babayev: Amma yoxdur.
Azər Mustafayev: Yoxdur. Cəmiyyətimizdə elə adamlar var ki, hamıya pul verir, amma psixoloqa pul vermək istəmir. Psixoloqa getmək istəmir. Deyir o nədir ki, keçib gedəcək. Amma nümunəvi kapitalist ölkələrində hər bir normal adam ayda bir dəfə ən azı həm psixoloqun, həm psixiatrın yanına gedir. Bu da normadır. Amma elə adam var ki, o çox getməlidir. Elə adam var ki, o psixoterapiya qrupunda olmalıdır. Bizdə narkomanların bu bəladan söhbət edə biləcəyi, yaxud alkoqolizmə düçar olanların öz hislərini bölüşəcəyi qruplar yoxdur.
Fuad Babayev: Bunlar niyə yoxdur Azər müəllim? Bu da mentallıqdan qaynaqlanan səbəblərdir?
Azər Mustafayev: Burada bir səbəbi deyim. İstər məşhur, istərsə də qeyri-məşhur adamlar öz problemlərini gizlədirlər ki, bunu heç kim bilməsin. Niyə gizlədirsiniz axı? Nə var burada? Əksinə bu prosesin təbiəti tələb edir ki, onu gizlətməyəsən.
Fuad Babayev: Yəqin ki, bu elə mentallıq məsələsidir.
Azər Mustafayev: Mütləq. Mentallıqdan bir misal da demək istəyirəm. Xüsusən də gəlin qayınana münasibətlərində bizim mentallığımızın çox pis, eybəcər bir intihar forması var. Gəlin özünü yandırır ki, qayınanama gör nə zülm edəcəm.
Mələk Kərimova: Mövzudan uzaqlaşmış olmayaq. Mənə elə gəlir ki, bir insan özünə qəsd edəcək dərəcəyə, özünü yandırcaq hala gəlibsə, orada müdaxilədə bir problem var.
Azər Mustafayev: Niyə rus etmir, ingilis etmir, fransız etmir. Niyə bizimki o formanı seçir. Bax bunu axtarıb tapmaq lazımdır.
Mələk Kərimova: Bizimki niyə o mərhələyə qədər gəlib çıxır. Fərqi yoxdur istər qayınana olsun, istər gəlin olsun. İnsanların öz fiziki varlığına qəsd edəcək səviyyəyə gəlib çatması çox asan məsələ deyil. İnsan gör hansı mərhələlərdən keçir ki, artıq ən dəyərli bir şeyi məhv etməyə hazır olur. Deyir mən yaşamaq istəmirəm.
Fuad Babayev: Bunun bütün dinlərdə günah olduğunu bilə-bilə.
Mələk Kərimova: Amma bəzən qarşımıza çıxan pasiyentlərdən də görürük ki, adət-ənənələrin mənfi yükü, təzyiqi yeni ailə quran gənclərə müstəqil yaşamaq imkanı vermir. Çünki ailənin ailə ola bilməsi üçün ən azından onun muxtariyyəti olmalıdır ki, öz qərarını hər iki tərəf verə bilsin. Yəni bir az böyüməlidir.
Fuad Babayev: Psixoloqa müraciət edən vətəndaşımızın, müasirimiz olan insanın portret cizgiləri haqqında nə demək olar?
Mələk Kərimova: Burada əsas məsələ psixoloqların peşəkarlığı ilə bağlıdır. Bəzən 6 ay kurs keçib sertifikat alan, xaricdə bir neçə beynəlxalq konfransda iştirak edən şəxslər də özlərini psixoloq kimi qələmə verirlər. Təbii ki, peşəkar olmayan bir şəxsdən alınan psixoterapiya ayrı bir şeydir. Halbuki, psixoloji konsultasiyanın müxtəlif nəzəriyyələri və hər nəzəriyyəyə uyğun konsultasiya quruluşu var.
Fuad Babayev: Məncə, bizdə güclü təqlidçilik meylləri var. Sükan arxasında olan bəzi insanlarımız, xüsusən də qadınlar yola baxmaqdansa, daha çox sükan arxasında necə görünmələri haqqında düşünür və yaxud kafedə nahar edənlər yeməkdən daha çox kənardan necə görünmələrinin qayğısına qalırlar. Ümumiyyətlə, sizin qənaətinizcə psixoteropevtə, psixoloqa müraciət edən insanın portret cizgiləri hansıdır. O daha çox özünü Amerika filmlərindəki personaja bənzədən təqlidçidir, yoxsa problemi olan insandir?
Mələk Kərimova: Pasiyentləri bəlkə də üç qrupa ayıra bilərik. Bir qrup maraq üçün gələnlərdir ki, bura psixologiya ixtisasında oxuyan tələbələr aiddir. Onlar öyrənməyə, təcrübə qazanmağa gəlirlər. Bəzən bunu üstüörtülü, bəzən isə açıq-aşkar edirlər. İkinci qrupa daxil olanlar valideyinin və yaxud hər hansı bir ailə üzvünün məcburiyyəti ilə, təzyiqlə gələnlərdir. Burada valideyn və ya ailə üzvü deyir ki, pasiyentdə problem var, amma şəxs özü problemini qəbul etmir. Ən çətin qrup da budur. Çünki əgər normal ünsiyyət qura bilmirsənsə çox zaman onlar bir seansdan sonra gəlmirlər. Üçüncü qrupa isə həqiqətən də problemi olanlar daxildir. Bu qrupun özünü də ikiyə ayıra bilərik. Həqiqətən problemi olduğunu ətrafından gizlətməyən və psixoloqa ehtiyacının olduğunu qəbul edənlər və psixoloqa müraciət etməsinə rəğmən bunu gizlədən, hədsiz çəkingən insanlar. Onlar hətta bəzən otağın qapısından işıq gələndə də sorusşurlar ki, bizə qulaq asan yoxdur ki.
Fuad Babayev: Hətta o düşünür ki, ona kimsə qulaq asa bilər.
Mələk Kərimova: Bəli.
Fuad Babayev: Bu fobiyalardır artıq.
Mələk Kərimova: Çünki biz elə kontingentik ki, psixoloq yanına ailəliklə gəlirik. Adətən kiminləsə gəlməyi seçən qrup var. İmtahan stresiylə əlaqədar çox zaman bütün qohum-əqraba qapıda abituriyenti gözləyir. Yəni bizim sosial dəstək qruplarımız çoxdur.
Fuad Babayev: İnformasiya axını içində psixikası zədələr almış insanlara özlərini qorumaq üçün nələri tövsiyə etmək lazımdır. Çünki unutmayaq ki, mütəxəssisə müracət üçün pul tələb olunur. Belə bir vəziyyətdə insanların total surətdə psixoloqa, psixiatra müraciət etməsi ağlabatan deyil. Peşəkar mütəxəssisə müraciət olunana qədər adi insana profiliktik olaraq nəyi tövsiyə etmək olar?
Azər Mustafayev: Əgər o bahalı tədbirlər cibinə uyğun gəlmirsə, insanlar heç olmasa ailədə normal iqlim qurmalıdır. Bu isə valideynlərdən aslıdır. Mən yenə “mənim evim, mənim qalam” fikrinə qayıdıram. Hər ailənin öz qaydaları var, evin sirrini heç kimə vermək olmaz. Hər bir ailədə problem ola bilər. Yəni elə məsələlər var ki, ailədə olmalıdır, ailədə də qalmalıdır. Bundan başqa radio və televiziyada müvafiq proqramlar, qəzet və saytlarda isə bu mövzuda, bu problemlə bağlı dəyərli yazılar getməlidir. Hər adam yox, peşəkar mütəxəssislər bu işlə məşğul olmalıdır. Bizdə İsmayıl Seyidov adlı yaxşı psixoloq var idi. Onun baza təhsili həkim idi, həm də güclü psixoloq idi. Elə bir auditoriya yox idi ki, ora daxil olub uğur qazanmasın. Belə mütəxəssislər olmalıdır. Əgər istəyiriksə, total maariflənmə getsin, əgər istəyiriksə, intiharların qarşısı alınsın bu kampaniya xarakteri daşımamalıdr. Keçən il də haradasa intiharlar var idi. Biz hər dəfə intihar olanda yığışıb diskussiya etməliyik? Biz bunu anlamalıyıq və bu məsələ üzərində davamlı olaraq həmişə çalışmalıylıq. Bu istiqamətdə fəaliyyət göstərən mərkəzlər yaranmalıdır. Bəlkə kimsə ona messenatlıq, sponsorluq etmək istəyir. Bəlkə belə insanlar var. Bilirsiniz mənəviyyatda müəyyən boşluqlar yaranıb. Nə qədər nihilizm olar, nə qədər neqativizm olar, nə qədər hər şeyi inkar etmək olar. Uşaq nə istədiyini deyə bilmir. Uşaqlar heç nə etməyib hər şeyə nail olmaq istəyirlər. Düzgün deyil. Bu həm də ekzistensial (eksiztensial – humanistik yanaşma suisidal davranışın əmələ gəlməsində emosional yaşantıları xüsusilə qeyd edir – red.) problemdir.
Mələk Kərimova: Mən yaşın öyrənməyə təsirinin olmadığına diqqət çəkmək istəyirəm. Amma, biz əzbərçilik anlayışından uzaqlaşmaliyıq. Türkiyənin dünyada da tanınan beyin cərrahı, 93 yaşlı Qazi Yaşargil Xəzər universitetinə gəlmişdi. 7 min beyin əməlliyatı edən şəxsin bizə məsləhətlərindən biri o idi ki, əgər daim yaradıcı olmaq istəyirsinizsə, həyata sarılmaq istəyirsinizsə hansı sahə olursa olsun oxuyun. Beyini idman etdirmək lazımdır bir növ. Həmişə deyirlər riyaziyyat əqlin gimnastikasıdır. Bəlkə də təkcə riyaziyyat yox, ümumiyyətlə oxumağa maraq fəlsəfəsi yaranmalıdır. Amma oxumaq əzbərçilik, hansısa informasiyanı yadda saxlamaqla savadlı görünmək mənasında deyil, analiz, sintez etmək, düşünmək, sorğulamaq və s. kimi bacarıqlar formalaşdırmaq üçün lazımdır. Bir də özgüvənli insanlar yetişdirməyi bacarmalıyıq. Kiçik yaşlarından etibarən ailələrdə müşahidə etdiyimiz odur ki, ən çox uşağın edə bilmədiklərinə diqqət edirik. Amma demirik ki, afərin filan şeyi daha yaxşı etdin, sənin bu bacarığın var. Yəni biz uşaqda özünəinamı kiçik yaşlarından etibarən tədricən formalaşdırmalıyıq. Belə olan halda o uşaq da həm peşə seçimini düzgün edər, həm özgüvənli olduğu üçün həyatındakı çətinliklərdən çıxış yolu tapa bilər. Təbii ki, burada da iqtisadi vəziyyət, sosial mühit kimi amillər var. Kiçik yaşlarından etibarən uşaq məktəbdə alçaldıcı sözlərlə sındırılmamalıdır. Bəzən görürsən ki, şagird müəllimi sevirsə fənni də sevir, ya da əksinə.
Azər Mustafayev: Uşaq fənnin özünü sevsə daha yaxşıdır.
Mələk Kərimova: Amma çox zaman o münasibət də təsir edir. Finladiya təcrübəsindən maraqlı bir cəhəti vurğulamaq istəyirəm. Uşaqdan soruşurlar ki, ingilis dili dərsini sevirsən. Deyir fənni sevmirəm, amma dərs çox maraqlıdır. Bax mənə elə gəlir ki, bu çox önəmlidir. Yəni proses önəmlidir. Fənn sənin sevmədiyin ola bilər, amma o dərsə öz coşqusu, enerjisi və bütün potensialı ilə qatılan müəllim bir model olaraq şagird üçün bir nümunədir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 17 may 2018-ci ildə baş tutub.