
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə və f.e.d., professor Arif Bünyitovun həmmüəllifliyi ilə “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma” (“Bəxtiyar-4” mətbəəsi, Bakı-2025, 208 səh.) adlı kitabı nəşr olunub.
Kitabda süni intellekt fəlsəfəsinin tətbiqi əsasında sosio-mədəni sistemlərin tədqiqində müasir epistemoloji yanaşmalara istinadən aparılan formal-məntiqi, məntiqi-semantik, koqnitiv təhlilin metodoloji xüsusiyyətləri araşdırılır.
Tədqiqat işində həyata keçirilən tarixi – mədəni epistemoloji yanaşma kollektiv şüurun inkişafında fəlsəfənin və ideologiyanın rolunun dərk olunmasını özündə ehtiva edir və Heydər Əliyevin Azərbaycançılıq ideologiyası əsasında milli identikliyin inkişafı Ulu Öndərin milli dirçəliş və inkişaf siyasətinin təntənəsi kimi dəyərləndirilir.
Hal-hazırda, Ulu Öndərin davamçısı, Prezident İlham Əliyev Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq müstəqil Azərbaycan dövlətçiliyinin modern, innovasiyon inkişaf strategiyasını uğurla həyata keçirməkdədir.
Fəlsəfə va Sosiologiya İnstitutunun Elmi Şurasının 20 iyun 2025-ci il tarixli 4 saylı qərarı ilə nəşr olunan kitabın rəyçiləri f.e.d. Dilarə Müslimzadə və f.ü.f.d. Samirə Dadaşova, elmi redaktoru f.e.d., professor Azər Mustafayev, redaktoru Qabil Camalovdur.