Şuşa rayonu-Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xankəndi rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əh. 26.7 min nəfərdir (01.01.2006). Mərkəzi Şuşa şəhəridir.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşülü, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverst, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər kəndləri daxildir.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Ərazisinin əksər hissəsi yayı quraq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda 4°C-dən -l°C-yədək, iyulda 16-19°C-dir. İllik yağıntı 700-800 mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alcaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşları: kəklik, göyərçin və s.
Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur.
Rayonda 24 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tədris müəssisəsi, tibb məktəbi, 8 uşaq musiqi və incəsənət məktəbi, mədəni-maarif texnikumu, musiqi texnikumu, kənd təsərrüfatı texnikumu, mədəniyyət evi, kinoteatr, 5 muzey, rəsm qalereyası, klub, kitabxana, mərkəzi rayon xəstəxanası, 2 kənd xəstəxanası, 11 feldşer-mama məntəqəsi, sanitariya və epidemiologiya stansiyası, uşaq sanatoriyası, təcili yardım stansiyası, şəhər poliklinikası, stomatoloji poliklinika var.
Rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə var.
8 may 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Milli Ensiklopediyası.25 cilddə, “Azərbaycan” cildi, Bakı,2007, s.872