Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.