Şuşa şəhər 1 saylı tam orta məktəbin stadionunda Şuşa və Laçın məktəbliləri arasında futbol matçı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Şuşa şəhər 1 saylı tam orta məktəbin “Qala” komandası ilə Laçın rayonunun “Mərkiz” komandası qarşılaşıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşada fəaliyyət göstərən digər qurumların rəhbər şəxsləri, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, təhsil işçiləri, şagirdlər və valideynlər oyunu izləyiblər.
Oyundan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Şuşa şəhər 1 saylı tam orta məktəbin komandası rəqibinə 11:7 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ötən həftə Laçın şəhərində keçirilən ilk oyun “Mərkiz” komandasının 8:2 hesablı qələbəsi ilə başa çatmışdı.
“Qala” komandasının baş məşqçisi Elnur Məhərrəmov AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün çox gözəl, tarixi bir gündür. Laçın rayonunun komandası ilə Şuşada yoldaşlıq görüşü keçirildi. Keçən oyun bizim komandamız məğlub olmuşdu, bu gün ilə qələbə qazandıq. Bu oyunda məğlub olan yoxdur. Bu oyunun bir qalibi var, o da Ali Baş Komandan və onun ətrafında “dəmir yumruq” kimi birləşərək Qarabağı işğaldan azad edən xalqımız. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
“Mərkiz” klubunun vitse-prezidenti Nazim İlyasov isə bildirib: “Bu gün çox gözəl bir oyun keçdi. Bu oyunda udub-uduzan yoxdur. Yeganə qalib Azərbaycan xalqıdır. Oyunun təşkilatçılarına və bütün iştirakçılara təşəkkürümü bildirirəm”.