1851-ci ildə Tiflisdə, Qafqaz Canişini Dəftərxanasının Tipoqrafiyasında nəşr olunan “1852-ci il üçün Qafqaz təqvimi” kitabında Şuşa şəhərinin Konstantinoviç familiyalı şəxs tərəfindən hazırlanmış statistik-təsviri verilmişdir.
(Кавказский календарь на 1852 год изданный от канцелярии наместника Кавказского. Тифлис, в Типографии Канцелярии Наместника Кавказского. 1851, с. 430-435) . Burada XIX əsrin ortaları üçün Şuşa şəhərinin yaranma tarixi, coğrafiyası, idarəçiliyi, əhalisi, iqtisadiyyatı haqqında məlumatlar yer almışdır.
Şuşa şəhərinin meydana gəlməsi ilə bağlı məsələyə toxunan Konstantinoviç qeyd edir ki, “Şamaxı quberniyasının qəza şəhəri, keçmiş Qarabağ xanlığında qala və paytaxt, Zaqafqaziya vilayətinin müsəlman hissəsində zəngin əyalət olan Şuşanın əsası təxminən 1752-ci ildə Cavanşir mahalı Sarıcalı cəmiyyətinin sakini Pənah Əli bəy tərəfindən qoyulmuşdur”.
Məlumdur ki, Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra çar hökuməti İran və Türkiyədən on minlərlə ermənini tarixi Azərbaycan torpaqlarına, o cümldən Qarabağa, Şuşaya köçürərək məskunlaşdırmışdı. Buna baxmayaraq, “1852-ci il üçün Qafqaz təqvimi” kitabı nəşr olunan zaman Şuşada azərbaycanlı əhali yenə də sayca ermənilərdən çox idi. Müəllif 1851-ci ildə şəhərdə 12 724 nəfər əhalinin yaşadığını bildirir və onlardan 6369 nəfəri müsəlman, 6355 nəfəri erməni idi.
Şəhər əhalisinin sosial tərkibinə gəldikdə, burada 66 nəfər müsəlman, 1 nəfər pravoslav, 75 nəfər erməni-qriqorian ruhani, 52 nəfər kilsə xidmətçisi, 28 nəfər məlik, 1522 nəfər bəy və məmur, 18 nəfər mülki məmur, 6111 nəfər xəzinə kəndlisi, 4833 nəfər mülkədar kəndlisi vardı.
Şəhərdə 480-dən çox sənətkar sexi, 11 zavod mövcud idi. Qədim Azərbaycan şəhəri Təbriz və Rusiyanın ən böyük topdansatış yarmarkası olan Nijni Novqorod Şuşanın ticarət əlaqələrində əsas yer tuturdu.
Qeyd olunan dövrdə Şuşada 9 məscid, 4 erməni kilsəsi, 1 erməni qadın monastrı, 1 pravoslav kilsəsi fəaliyyət göstərirdi. Şəhərdəki 9 məscidin nəzdində olan məktəblərdə 400 nəfər şagird təhsil alırdı. Bundan başqa, ələvi sektasına məxsus məktəbdə 58 nəfər müsəlman uşağı, qəza məktəbində isə 110 nəfər təhsil alırdı. Ermənilərə gəldikdə isə, şəhərdə 74 nəfərin təhsil aldığı bir erməni-qriqorian məktəbi fəaliyyət göstərirdi.
Qeyd olunan rəqəmlərdən göründüyü kimi, Rusiya carizminin köçürmə, regionda erməniləri məskunlaşdırma siyasətinə baxmayaraq, Şuşa XIX əsrin ortalarında özünün türk simasını qoruyub saxlaya bilmişdi.
Aqil Şahmuradov
1905.az
06 iyun 2014-cü il