AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsilə bağlı “Şuşada bərpa və quruculuq işləri: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tarix və Etnologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev çıxışında Şuşanın işğaldan azad edildikdən sonra bərpa-quruculuq işləri və infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanıldığını söyləyib.
Daha sonra tarix elmləri doktoru professor Mais Əmrahov “Şuşanın işğaldan azad edilməsinin hərbi-strateji əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının dövlətçilik və müstəqillik tarixində şərəfli bir səhifə olan 44 günlük Vətən müharibəsi zamanı böyük Zəfərə aparan yolda əldə edilmiş möhtəşəm uğurlardan biri, heç şübhəsiz ki, Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Çünki məhz Şuşa şəhərinin erməni işğalından azad edilməsi Qarabağda aparılan müharibənin taleyini həll etdi, böyük və tarixi Zəfərin yolunu açdı. Bu şəhərin yenidən Azərbaycanın ayrılmaz parçasına çevrilməsi ilə bölgədə hərbi-strateji üstünlüyün ələ alınması da təmin edildi. Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır.
Şuşa şəhərin ərazisi qədim abidələrlə zəngin idi. Yerləşdiyi coğrafi məkana görə Şuşa şəhəri işğaldan azad edilmədən digər ərazilərin azad edilməsi işini bitmiş hesab etmək olmazdı. Yalnız bu şəhərə hakim olmaqla bütün Qarabağın azadlığa qovuşmasını təmin etmək olardı. Bu mənada, Azərbaycanın işğal altında olan ərazilərinin tam azad edilməsi yolu Şuşa şəhərindən keçirdi.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi kimi yazıldı. Bu şərəfli və qürurlu tarix münasibətilə noyabrın 8-də Prezident İlham Əliyev əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi, tarixi qələbənin sevincini bölüşmək üçün Şəhidlər xiyabanından radio və televiziya ilə xalqa müraciət etdi.
Elmi konfransda tarixçi alimlərdəndosentlər Nigar Axundovanın “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır”, Alı Balayevin “İşğaldan azad edilmiş Şuşada bərpa və quruculuq işləri Böyük Qayıdışın tərkib hissəsidir”, Gülnaz Mahmudovanın “Şuşada təhsilin inkişaf perspektivləri” mövzusunda məruzələri dinlənilib.
Çıxışlardan sonra Mais Əmrahov tələbələri kitab sərgisi ilə tanış edərək, Tarix İnstitutunun nəşrləri haqqında məlumat verib.