“Gənclər Paytaxtı” Şuşa şəhərində İslam Ölkələrinin Gənc Alimlərinin Forumu keçirilib
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forum çərçivəsində islam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt, beşinci sənaye inqilabı, islam elm və təhsilinin əhəmiyyətli rolu mövzusunda müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Dilqəm Tağıyev İslam dünyasının zəngin dövrə sahib olduğunu bildirib. O, İslam ölkələrinin alimlərinin dünya elminə böyük töhfələr verdiyini vurğulayıb. Akademikin sözlərinə görə, Azərbaycanda elmi müəssisələrinin sayı kifayət qədər çoxdur. D.Tağıyev hazırda Azərbaycanın 51 universitetində təhsil alan 320 mindən çox tələbənin 96 faizinin gənclər olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov İslam dünyasından olan gənclərin elm və təhsil sahəsində bir araya gələrək, uğurlu işlər görəcəyinə inandığını bildirib. O, bu tədbir sayəsində İslam ölkələri arasında əməkdaşlığın sıx inkişaf edəcəyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yaradıcılıq marafonu” proqramında isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gənclər dörd sahə – animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar hazırlayıblar.
Şuşada İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də keçiriləcək.