Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə şuşalı pensiyaçılar Şuşada səfərdə olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Şuşa İli” çərçivəsində təşkil edilən ikigünlük səfər zamanı pensiyaçılar şəhərdəki Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Onlar səfər müddətində dünyaya ilk qədəmlərini basdıqları və ilk kəlmələrini söylədikləri doğma yerlərdə, uşaqlıqlarını, gəncliklərini, atalı-analı, qayğısız günlərini yaddaşlarında oyadan doğma şəhərdə – 30 ildən bəri xatirələrində sevə-sevə yaşatdıqları, doğma məkan və ünvanları gəziblər.
Axan sevinc göz yaşları, Vətən, Qarabağ, Şuşa sevgisi ilə dolub daşan, saf Şuşa havasından fərəhlə dolub-daşan, riqqətə gələn ürəkləri ilə doğma yurdun hər qarışını dönə-dönə seyr ediblər.
Səfər Cıdır düzündə təşkil olunan toplantı ilə başa çatıb.