Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi dosent Həbibə Əliyeva “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində epiqrafik tədqiqatlar aparmaq məqsədilə Şuşa şəhərində elmi ezamiyyətdə olub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Səfərin məqsədi Şuşa şəhərində tarixi binaların üzərindəki ərəb, fars və türkdilli kitabələrin estampını çıxarmaq, fotolarını çəkmək, ölçülərini, bədii və epiqrafik təsvirlərini qeydiyyata almaq, onları kataloqlaşdırmaq və oxunmasını təmin etmək olub.
Ezamiyyət müddətində Mədəniyyət Nazirliyinin yerli əhəmyyətli memarlıq abidələri sırasında olan ikimərtəbəli XVIII əsrə aid karvansara, Seyidli məscidinin yanındakı ikimərtəbəli dağıdılmış bina, Bülbülün ev-muzeyi, memarlıq xüsusiyyətləri ilə seçilən Şirin bəy nəslinə məxsus mülk, Əsəd bəy Cavanşirin ikimərtəbəli saray kompleksi, Uğurlu bəyin evinin tağlı qapısı üzərindən daş kitabələr və s. (cəmi 13 ədəd) tədqiqata cəlb olunub. Bu kitabələrin oxunması və əvvəlki oxunan epiqrafik yazılar ilə müqayisəsi Şuşanın tarixi və mədəniyyətinin öyrənilməsinə yeni izahlar gətirəcək.