“Diskussiya klubu”nda Şuşa xatırladıq. 25 ildir həsrət qaldığımız Şuşanı. Qonaqlarımız da şuşalılar idi: Yadigar Muradov – əməkdar artist, Şuşa Musiqili Teatrının direktoru, İlhami Fətəliyev – Şuşanın işğalına qədər Şuşa şəhər Tarixi Memarlıq Abidələri İdarəsinin rəisi, Faiq İsmayılov – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiəsi İctimai Birliyinin sədri, İsmayıl İsmayılov – “Şuşaya pəncərə” Facebook səhifəsinin idarəçisi, Bəxtiyar Məmmədli – jurnalist.
Fuad Babayev: Adətən Şuşanın işğalı ilə bağlı söhbətlər həmin tarix ərəfəsində keçirilir. Bu dəfə biz qərara gəldik ki, bu söhbət bir neçə gün sonra olsun. Həm də imkanımız olsun ki, Şuşanın işğalının 25-ci ildönümünün mediada necə işıqlandırıldığını müzakirə edə bilək. Birinci sualı belə qoymaq istəyirəm: Şuşasız 25 il bizə nəyi başa saldı?
Faiq İsmayılov: Şuşanın işğalı ilə Azərbaycanın tarixi, mədəniyyəti itirilib. İşğal yalnız fiziki olaraq insanların oradan qovulması, əmlaklarının talan olunması demək deyil. Azərbaycanın mədəniyyəti, tarixi talan edildi. Bir milləti məhv etmək üçün onun tarixini, mədəniyyətini məhv etmək kifayətdir. Ermənilər də bu yolu tutublar. Vaxtilə Qərbi Azərbaycan ərazisində törətdiklərini indi də Şuşada edirlər. Şuşada çox güclü erməniləşdirmə gedir. 2011-ci ildə Şuşa erməni dini mərkəzi elan olunmuşdu. Hətta bu məqsədlə “Şoşi” adlı bir fond da yaratdılar. İrəvanda da bu adda bir təşkilat yaradıb, xaricdən yüz minlərlə dollar vəsait cəlb edib, Şuşanın “abadlaşdırılması” işinə sərf edirlər. Mən Şuşasız bir Azərbaycanı təsəvvür edə bilmirəm. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Azərbaycanın bir çox elm, mədəniyyət və dövlət xadimləri Şuşada yetişiblər. Azərbaycan muğamını Şuşasız təsəvvür etmək mümkün deyil. Biz bu gün həm də ona görə itiririk ki, Şuşanın bütün formatı dəyişir. Biz qayıtsaq belə, Şuşa artıq on illər öncə gördüyümüz Şuşa olmayacaq. Şuşada heç vaxt erməni kilsəsi olmayıb. Xanlıq dövründən sonra Şuşada rus qarnizonu yerləşdirilmişdi. Həmin qarnizonun əsgərlərinin ibadəti üçün bir yer axtarılırdı və bu yer kimi divanxananın qülləsi seçilmişdi. Orada zəng asılmışdı və həmin zəng çalınanda hər kəs öz otağında ibadət edirdi. Sonradan yavaş-yavaş onu böyütdülər, ermənilərin özləri də ona “rus kilsəsi” deyirdilər. İndi isə Şuşada 3 erməni kilsəsi var. Gələcəkdə bu kilsələrin oradan ləğv olunması məsələsi meydana çıxanda böyük problemlə üzləşə bilərik.
“Bir milləti məhv etmək üçün onun tarixini, mədəniyyətini məhv etmək kifayətdir. Ermənilər də bu yolu tutublar. Vaxtilə Qərbi Azərbaycan ərazisində törətdiklərini indi də Şuşada edirlər. Şuşada çox güclü erməniləşdirmə gedir.”
Fuad Babayev: Bunlar işğaldan sonra inşa olunub, yoxsa hansısa binaları uyğunlaşdırıblar?
Faiq İsmayılov: Sovet dövründə uyğunlaşdırmışdılar. İşğal dövründə isə bərpa edib, yeni formata salıblar. Məsələn, bazar meydanındakı erməni kilsəsinin üzərində heç düz-əməlli xaç işarəsi də yox idi. Uçuq-sökük vəziyyətdə idi. İndi dəmir təbəqə ilə örtülmüş günbəzlər düzəldiblər. Üçüncü erməni kilsəsini isə yeni başlayıblar təmir etməyə. Şuşada erməni uşaqları böyüyür. 25 il az müddət deyil. Bu baxımdan təbliğat işlərimiz də düzgün qoyulmayıb.
Fuad Babayev: Dediklərinizdən belə başa düşdüm ki, Şuşasız 25 il bizə ən azı onu başa salıb ki, işğaldan əvvəlki status-kvonu bərpa etmək çox çətin olacaq. İlhami müəllim, Siz Şuşa Tarixi Memarlıq Abidələri İdarəsinin rəisi kimi Şuşanı qarış-qarış gəzmisiniz və oralar təbii ki, yaddaşınıza əbədi həkk olunub. Sizin fikirlərinizi dinləyək.
“Çox danışmaq olar ki, Şuşa dahilərin Vətənidir. Hətta heç bir böyük insan da yetişməsəydi, sadəcə çınqıllı bir ərazi də olsaydı, əsas odur ki, Şuşa bizim torpağımızdır. Əsas odur ki, Şuşa düşmən əlindədir.”
İlhami Fətəliyev: Hər hansı bir dini abidə istər kilsə, istərsə də sinaqoq ona dəlalət etmir ki, bu şəhər şərikli şəhərdir. Bir xatirəni Sizinlə bölüşmək istəyirəm. Məşhur xalçaçı-rəssam Lətif Kərimovla aramızda yaş fərqinə rəğmən yaxşı ünsiyyət yaranmışdı, yoldaşlığımaz vardı. Bir gün işdə oturmuşdum, yanıma gəldi və nahara getməyimizi təklif etdi. Nahar edəndən sona Cıdır düzünə qalxmaq istədiyini bildirdi. Sentyabr ayı idi. İşim çox olsa da, sözünü yerə salmdım. Çıxdıq Cıdır düzünə. Hər tərəfi heyranlıqla seyr etdiyini görüb soruşdum: “Lətif müəllim, dünyanın çox yerlərini gəzmisiniz. Yəni heç Cıdır düzü kimi yer görməmisiniz?” Cavab verdi: “Cıdır düzü kimi çox yerlər görmüşəm. Amma sən buna təbiət abidəsi kimi baxırsan, mənsə burda Üzeyirin, Bülbülün, Natəvanın, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun səsini, Pənah xanın atlarının kişnərtisini eşidirəm. Bura bizim mənəviyyatımızın beşiyidir”. Çox danışmaq olar ki, Şuşa dahilərin Vətənidir. Hətta heç bir böyük insan da yetişməsəydi, sadəcə çınqıllı bir ərazi də olsaydı, əsas odur ki, Şuşa bizim torpağımızdır. Əsas odur ki, Şuşa düşmən əlindədir.
Fuad Babayev: Yadigar müəllim artıq uzun illərdir ki, Şuşa teatrını yaşadır. Yadigar müəllim, Şuşanın yoxluğunda heç olmazsa, Şuşa adını yaşada bilirikmi?
“Çoxları, hətta mənim də bəzi qohumlarım deyirlər ki, elə orda dağın başından hərəniz bir daş atsaydınız, ermənilər gəlib Şuşanı tuta bilməzdilər. Amma nəzərə almırlar ki, hər tərəfdən başımıza mərmi yağdırılırdı.”
Yadigar Muradov: Şuşanın adını yaşada bilirikmi? Bu suala mən öz sahəmlə bağlı cavab verə bilərəm. Şuşanın işğalından bu günə kimi, Şuşa teatrının rəhbəri olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Bayaq gözəl qeyd olundu ki, bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun mədəniyyətini məhv etməlisən. Mənim müəllimim, mərhum Ədil İsgəndərov deyirdi ki, bir milləti tanımaq istəyirsənsə, əvvəlcə onun teatrına get, sonra muzeyləri, tarixi abidələri ilə tanış ol. Çox çətin şəraitdə fəaliyyət göstərməyimizə baxmayaraq, hara gediriksə eyni sözləri eşidirik: “sağ olun ki, Şuşa teatrını yaşadırsınız”. Elə indi də mən bura gələndə bizim aktyorlarımız Hacıqabulda tamaşa oynayırdılar. Şəhriyarın çox sevdiyim bir sözü var. Deyir: “Bizdən irəlidədir avropalılar, İşi iş bilənə tapşırır onlar”. Bizdə də hər kəs öz yerində, ağlına, dərrakəsinə, elminə uyğun yerdə olsaydı, hər kəs öz işi ilə məşğul olsaydı, iş işbilənə tapşırılsaydı, başımıza bu faciələr gəlməzdi. Ermənilərin 1987-ci ildəki ilk nümayişindən, 1992-ci il mayın 8-ni, Şuşanın işğalına qədər olan bütün hadisələri gözümün qabağına gətirirəm və bu qərara gəlirəm ki, biz qeyrətli millətik. Erməni-rus hərbi birləşmələrinin qarşısında dayanmaq üçün nə lazımi silah-sursatımız, nə də arxamızda duran qüvvətli bir dövlət yox idi. Heç kim o dövrdə bizə kömək etmədi. Kim evini, atasının, yaxınlarının qəbrini könüllü tərk edib gedər? Biz sadəcə olaraq Şuşanı tərk etmək məcburiyyətində qaldıq. Bizim Şuşanı qorumağa mənəvi gücümüz çatsa da, fiziki gücümüz çatmadı. Çoxları, hətta mənim də bəzi qohumlarım deyirlər ki, elə orda dağın başından hərəniz bir daş atsaydınız, ermənilər gəlib Şuşanı tuta bilməzdilər. Amma nəzərə almırlar ki, hər tərəfdən başımıza mərmi yağdırılırdı. Məncə, Şuşanın bütün əhalisinə Milli Qəhrəman adı verilməlidir. Çünki biz o şəhəri neçə il öz gücümüzə qoruduq. Mən bu gün də ümidliyəm ki, Şuşaya qayıdacağıq. Elə o inamla da hərə öz işiynən Şuşanı yaşadır. Mənim də indi öhdəmə Şuşa teatrına rəhbərlik, rejissorluq, aktyorluq etməklə yaşatmaq düşüb. Döyüşlər vaxtı 816-cı batalyonda əsgər olmuşam, bu günə kimi isə Şuşa teatrını yaşadıram.
Fuad Babayev: Dövrün dilini bilmədən uğur qazanmaq olmaz. Bu gün isə məncə, dövrümüzün dili Facebook və digər sosial şəbəkələrdir. İsmayıl müəllim “Şuşaya pəncərə” Facebook qrupunun idarəçisidir. 25 illik ərəfəsində Siz nə etdiniz?
İsmayıl İsmayılov: Şuşadan çıxanda mənim cəmi 16 yaşım vardı. İlhami müəllimin sözünə qüvvət, Şuşa adi çınqıllı bir torpaq da olsa, Vətənimizdir. Amma bu haqda çox deyilib, Şuşa məhz açıq səma altında muzeydir. Onun küçələri samballı memarlıq əsərləri ilə dolu idi. Mən Azərbaycanda bir çox bölgələrdə olmuşam, amma Şuşa gözəllikdə olanını görməmişəm. Şuşa qeyri-adi nağıl idi. Şuşanın işğalı bir çox tarixi və mənəvi dəyərlərimizin itirilməsi oldu. 25 il az müddət deyil. Mənim kimi Şuşanı xatırlayan ən gənc azərbaycanlının 42 yaşı var. Zaman bizim xeyrimizə işləmir və bu özü elə çox böyük faciədir. Belə bir misal var: “Elnən gələn bəla toy-bayramdır”. Bəlkə də bu amil insanlarımızın dəli olmasına imkan vermir. Ancaq səhifədə bir şəkil bölüşəndə özüm hiss edirəm ki, istər-istəməz gözlərimdən yaş süzülür.
Fuad Babayev: İsmayıl müəllim, həmin ərəfədə Facebook-da canlanma olduğunu duydunuzmu? Etiraf edək ki, kampaniyaçılıq ruhumuza hakim kəsilib. Yuvarlaq tarixləri çox xoşlayırıq. Media da “informasiya bəhanəsi” axtarışındadır.
“Şəkillər bölüşürəm və çalışıram şəkildəki binanın kimə mənsub olduğunu və ya işğaldan əvvəlki təyinatını qeyd edim.”
İsmayıl İsmayılov: Mən bugunkü tədbiri məhz həmin hadisənin ildönümündən sonra keçirdiyinizə görə Sizə minnətdaram. 8 may 1992-ci il tarixini yalnız hər ildönümündə qeyd etməməliyik. 8 mayı hər gün yaşamalıyıq. Qrupu yaradanda da məqsədim şuşalıların hər gün pəncərəsini Şuşaya açmaları istəyi idi. Şəkillər bölüşürəm və çalışıram şəkildəki binanın kimə mənsub olduğunu və ya işğaldan əvvəlki təyinatını qeyd edim. Ermənilər “Mamayı” bulağının, Xurşud Banu Natəvanın evinin üstündəki kitabəni də pozublar. Təbii ki, hər şey şəhərdən azərbaycanlı izinin itirilməsinə hesablanıb. Amma mən Şuşanı indi daha çox tanıyıram, nəinki Şuşada yaşayanda. Çünki Şuşa ilə hər gün maraqlanıram. Ermənilər elə bil ki, özlərini inandırıblar ki, müəyyən müddət sonra Şuşanı bizə unutdura biləcəklər. Aprel döyüşlərində bizim gənclərin cəsarəti göstərdi ki, Qarabağı heç vaxt görməyənlər də onun uğrunda ölümə hazırdılar. Bu hal əminlik yaradır ki, biz gec-tez Qarabağı geri alacağıq.
Fuad Babayev: Neçə üzvü var qrupunuzun?
İsmayıl İsmayılov: 3 minə yaxın. Həm də müxtəlif millətlərin nümayəndələridir bunlar. Başqa sosial şəbəkələrdə də qeydiyyatdan keçmişəm. Pafoslu çıxmasın, amma o qrupda hər gün 8 may yaşanır.
Faiq İsmayılov: Mən bir faktı qeyd etmək istəyirəm. Bəzən jurnalistlər, internet istifadəçiləri hansısa abidəni səhvən Şuşa abidəsi kimi verirlər. Məsələn, Vikipediyada Şuşadakı Saatlı məscidi kimi İrəvan məscidini verirlər. Hansısa erməninin Vikipediyada Saatlı məscidinin əvəzinə İrəvan məscidinin şəklini görəndə bizim haqqımızda nə düşündüyünü təsəvvür edin.
Fuad Babayev: Bəxtiyar müəllim, Siz media mənsubusunuz və uzun müddətdir bu sahədə çalışırsınız. Şuşanın işğalının 25 illiyi mediada necə əksini tapdı?
Bəxtiyar Məmmədli: Mən İlhami müəllim, Yadigar müəllim qədər şuşalı deyiləm. Çünki Şuşadan 11 yaşımda çıxmışam. Amma Şuşanın işğalı günü həm də mənim atamın itkin düşdüyü gündür. Ev-eşik, əmlak bir yana, dirigözülü insanı itirmək daha ağırdır. 25 ilin ən böyük fəsadlarından biri də odur ki, biz böyüklərimizi tanımadıq. Hərə bir tərəfə dağılıb. Bir-birimizlə əlaqəni itirmişik. O ki, qaldı 25 illiyin mediada əksi, çox zəif əks olundu. Yaxşı ki, Dağlıq Qarabağın azərbaycanlı icması hər il bu məsələni qaldırır. Amma bu il media bu hadisələrə demək olar ki, toxunmadı. Elə bil Şuşa heç işğal altında deyilmiş. Əlbəttə, başa düşürəm ki, biz ağlamalı-sızlamalı deyilik. İnternet saytlar bu məsələyə bir qədər toxunsalar da, yalnız bir televiziya ilə nümayiş edilən film yadımda qaldı. Əməkdar jurnalist Mübariz Əsgərovun “Şuşanın dağları qarlı-dumanlı” filmi.
Fuad Babayev: Nə vaxt çəkilib bu film?
Bəxtiyar Məmmədli: Yeni filmdir. Şuşa İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlovun qətlə yetirilməsi və Şuşanın işğalına aparan yoldan bəhs edir. Jurnalist təhqiqatı formasında çox gözəl hazırlanıb.
Yadigar Muradov: Çox maraqlı idi. Məncə, indiyə kimi belə bir film olmayıb.
Bəxtiyar Məmmədli: Bütün kanallar eyni informasiyanı verirdi həmin gün. Özəl bir şey yalnız həmin film oldu.
Yadigar Muradov: Bir də görürsən Şuşanın işğalı günü televiziyalar “Axırıncı aşırım” filmini verirlər. Axı “Axırıncı aşırım”ın bu məsələyə nə dəxli var?
Bəxtiyar Məmmədli: Mən yenə təkrar edirəm, əlbəttə biz insanlarımıza qələbə ruhunu aşılamalıyıq. Amma bu heç də o demək deyil ki, Şuşanı unutmalıyıq. Heç olmasa bir neçə il əvvəl çəkilmiş verilişləri vermək, hadisəni insanlara xatırlatmaq olardı.
Fuad Babayev: Mən sosial şəbəkələrdə Albert Aqarunovla bağlı yazılara rast gəldim.
İlhami Fətəliyev: Albert Aqarunov ən dəyərli qəhrəmanlardan biridir.
“Mən bu müzakirələri aparanlara sual verirəm ki, mayın 8-də Şuşa boş idisə, mənim atam niyə əsir düşüb?”
Bəxtiyar Məmmədli: İllərdən bəridir ki, sosial şəbəkələrdə müzakirələr gedir: mayın 8-də Şuşa işğal olunmuşdumu, ermənilər Şuşaya girmişdilərmi? Mən bu müzakirələri aparanlara sual verirəm ki, mayın 8-də Şuşa boş idisə, mənim atam niyə əsir düşüb? Əlbəttə, mediada müzakirələr olmalıdır, amma biz insanların fikirlərini parçalamamalıyıq.
Fuad Babayev: Əksinə, bu məsələlərdə media lehimləyici rol oynamalıdır. Ümumi bir neçə tezis ətrafında ictimai rəyi birləşdirməlidir. İstiyirəm keçək söhbətimizin son mərhələsinə. Nə edək ki, qarşıdakı illərdə Şuşanı qaytaraq? Bunun bir resepti varmı?
Yadigar Muradov: 1990-cı illərdəki hadisələr göstərdi ki, adamın öz başına gəlməmiş başqasının faciəsini anlamır. Bu saat biz elə maarifləndirmə tədbirləri aparmalıyıq ki, xalq baş verənləri ümummilli faciə kimi dərk etsin. Gərək elə bu faciə hamımızın başına gəlsin ki, qardaşının yaşadıqlarını başa düşəsən? Bəxtiyar yaxşı bir sual verdi ki, Şuşa boş idisə, atam niyə əsir düşüb? Elə etməliyik ki, bu faciəni hər kəs özününkü hesab etsin. Mərhum Süleyman müəllimin bir mahnısı var idi: “Bu gün hamımız qarabağlıyıq”. Bu gün hər birimiz qarabağlı olmalıyıq. Erməniləri ordan qovmaq üçün hamımız şuşalı olmalıyıq. Hamımız bir düşüncədə olmalı və o torpaqlara qayıtmalıyıq. Nəyin bahasına olursa, olsun. Təkrar edirəm, maarifləndirməyə önəm verilməlidir. Bu yaxınlarda biz “Həsrət” adlı bir tamaşa qoymuşduq. Şeirlərdən, video süjetlərdən istifadə etməklə hazırlanan musiqili tamaşa idi. Mənim əlimdən bu gəlir, bacardığım budur, ona görə də onu edirəm.
Faiq İsmayılov: Sizin “nə etməliyik” sualınızın birinci cavabı budur ki, Şuşa Teatrını yaşatmalıyıq. Onu xarici ölkələrə qastrollara çıxartmalıyıq. Təzə heç nə yaratmağa ehtiyac yoxdur. Dağlıq Qarabağ azərbaycanlılarının icması, qeyri-hökumət təşkilatları var. Azərbaycan Respublikasının Prezidenti hər bir çıxışında deyir ki, Azərbaycan torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Amma biz bu gün böyük şəhərlərimizin heç birində Şuşa mənzərəsinə rast gəlmirik. Biz niyə Şuşa gözəlliklərini, tarixi abidələrini əks etdirən açıqcalar nəşr etdirib, otellərə qoyub, gələnlərə pulsuz vermirik? Onları görənlərdə bu sual yarana bilər ki, bu, nədir, haradır? Treninqlər keçirib, Şuşanın tarixi və mədəniyyət abidələri ilə bağlı elə jurnalistlərin özlərinə məlumat verməliyik. Çox adam bilmir ki, Şuşanın 350 hektar ərazisi qoruqdur. Ordakı hər bir daş abidədir və təbliğ olunmalıdır. Hətta Şuşa alınsa da Bakıdakı Şuşa teatrının adı eləcə qalmalıdır.
Yadigar Muradov: Elə məndən də soruşanda ki, Şuşaya gedəndə bu teatr binası nə olacaq, dedim ki, bu, bizim qış teatrımız kimi qalacaq. Qışda tamaşalarımızı Bakıda göstərəcəyik.
İsmayıl İsmayılov: Bütün hallarda təbliğat maşını dayanmadan işləməlidir. Ermənilərə baxın, bu məsələdə həm razı olanlar, həm də narazılar eyni nöqtəyə vururlar.
Bəxtiyar Məmmədli: Mən təbliğat məsələsi ilə bağlı bir hadisəni yada salmaq istəyirəm. Bilirsiniz ki, Dağlıq Qarabağı təxminən bir neçə fazi bizim əlimizdədir. Çoxlarının bundan xəbəri yoxdur. Biz bir dəstə jurnalist Xocavəndin əlimizdə olan hissəsinə səfər etmişdik. Jurnalist dostlarımızla bir qərara gəldik ki, burdan yazacaqlarımızı “Azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa səfər etdilər” başlığı ilə verək. Həmin axşam bir təşkilatın rəhbəri bəyanat verdi ki, Dağlıq Qarabağa gedən azərbaycanlı jurnalistlər elə erməni kimidilər. Yəni bu adam heç xəbərin içini də oxumayıb. Yalnız xəbərin başlığına reaksiya verib. Sözümü ona gətirirəm ki, təbliğat sistemimiz var, amma hədəfi düzgün vura bilmirik. Ona görə də bizdə belə bir fikir formalaşır ki, ermənilərin təbliğat maşını daha güclü və effektlidir. Bu yaxınlarda ermənilər “soyqırım” haqqında çox effektli bir film çəkdilər. Bəs biz o seriallara pul ayırmaqdansa, dərdlərimiz əks etdirən bir film çəkə bilməzdikmi? Yalnız düzgün təbliğat qurmaqla hədəfə çata bilərik.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 31 may 2017-ci ildə dərc edilib