ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginlik müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli çıxış edərək, son hadisələr barədə iştirakçıları məlumatlandırıb. Ermənistan tərəfinin iddialarını kəskin şəkildə rədd edən daimi nümayəndə bildirib ki, Azərbaycan heç bir gərginlikdə maraqlı tərəf deyil və bunu təkcə sözdə ifadə etmir, sülhü möhkəmləndirməyə xidmət edən fəaliyyəti ilə də göstərir. Hər iki ölkənin atdığı addımlar zəncirvari şəkildə kimin regionda sülhün tərəfdarı olduğunu və kimin reallıqla barışmaq istəmədiyini, nəyin bahasına olursa-olsun bu reallığı dəyişmək istədiyini əyani şəkildə nümayiş etdirir.
Daimi nümayəndə iclas iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində son vaxtlar törətdiyi genişmiqyaslı hərbi təxribatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın bu təxribatının, Azərbaycanın ərazisinə və suverenliyinə qarşı hərbi təhdidlərin dəf edilməsi, o cümlədən ərazidə münaqişədən sonrakı bərpa işlərində iştirak edən hərbi qulluqçularımızın və mülki işçilərin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Silahlı Qüvvələri qətiyyətli və adekvat tədbirlər görüb. Xüsusi vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri heç bir mülki obyekti hədəfə almayıb. Ermənistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, dinc sakinlər arasında itki və xəsarət alan olmayıb. Bu məlumat da guya mülki əhalinin, obyektlərin və infrastrukturun hədəfə alınması ilə bağlı yayılan dezinformasiyanı əyani şəkildə təkzib edir.
Diqqətə çatdırılıb ki, Ermənistanın dövlət sərhədində həyata keçirdiyi irimiqyaslı hərbi təxribatı istisna hesab ediləcək hadisə deyil. Bu, son günlər Ermənistan tərəfinin münaqişədən sonrakı normallaşma prosesindən çıxmaq və geri çəkilmək məqsədilə törətdiyi hərbi və siyasi təxribatlar silsiləsinin tərkib elementidir. Bu, Ermənistanın danışıqlar ərəfəsində və ya dərhal sonra öhdəliklərini yerinə yetirməkdən yayınmağa yönəlmiş davranış modelinə də uyğun gəlir.
Çıxışda diqqət Ermənistan tərəfinin 2020-ci ilin noyabrından sonra Azərbaycan ərazisində hələ də öz hərbi birləşmələrini saxlaması, öz hərbçiləri və qeyri-qanuni silahlı birləşmələrini indiyədək çıxarmaması, Azərbaycan ərazilərini minalaması, Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi kimi faktlara da yönəldilib. Qeyd edilmiş ki, Ermənistan müxtəlif bəhanə və təxribatlarla 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini ləngitməyə, eləcə də iki ölkə arasında əldə olunmuş razılaşmalardan yayınmağa çalışır.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan gərginliyin yaşandığı dövlət sərhədi yaxınlığında irimiqyaslı investisiya layihələri, münaqişədən sonra yenidənqurma və bərpa işləri həyata keçirir. Bu ərazilərdə hərbi qarşıdurma həmin layihələri birbaşa təhlükə altına qoyur və Azərbaycan tərəfi bu quruculuq işlərinin təhlükə altına düşməsində maraqlı tərəf deyil. Azərbaycan məcburi köçkünlərin ilk qrupunu 30 illik işğaldan sonra yenidən doğma torpaqlarına köçürülməsini həyata keçirib. Yaxın günlərdə Zəngilan rayonunda yeni hava limanının tikintisi başa çatacaq. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə mülki infrastrukturun bərpası üçün səylə çalışır. Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan humanitar jest olaraq beş erməni hərbçisini Ermənistana təhvil verib. Bu, Azərbaycanın normallaşma və sülh prosesinə verdiyi töhfədir. Bu addım Azərbaycanın normallaşma prosesini davam etdirmək istəyinin təzahürüdür.
Yekunda qeyd edilib ki, Ermənistan bu müsbət prosesləri davamlı olaraq pozmağa, Azərbaycanla yerli erməni sakinlər arasında təmasların və dialoqun inkişafına mane olmağa çalışır. Bu, Ermənistanın öz öhdəliklərinə necə yanaşmasını və Azərbaycanın öz erməni vətəndaşlarına qayğı göstərməsinə biganəliyini ortaya qoyur.
Ermənistan revanşist mövqelərini davam etdirmək üçün üçüncü tərəfləri prosesə sürükləmək və gərginlik coğrafiyasını genişləndirmək məqsədi daşıyır. Gərginlikdən, siyasi və hərbi böhranlardan başqa yerlərdə istifadə etməklə Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesini pozmaq, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı irəli sürdüyü iddialar əsasında köhnəlmiş rəvayətlərin və konsepsiyaların müzakirəsinə geri dönməyə nail olmaq istəyir. Bunun silahlı münaqişənin həlli, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə bağlı meydanda yaranmış yeni reallıqla heç bir əlaqəsi yoxdur.
Sonda bildirilib ki, bütün bunların fonunda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT Ermənistanın beynəlxalq hüquqa və ATƏT-in fundamental prinsip və öhdəliklərinə zidd olan hərəkətlərini qətiyyətlə pisləməlidir. ATƏT Ermənistanın digər dövlətlərə qarşı ərazi iddialarına əsaslanan davranışlarını qəbul etməməli, Ermənistana düzgün mesajlar verməli və bu ölkəni siyasi-hərbi avantürizm və fürsətçilik aktları ilə məşğul olmaqdansa, diqqətini öz öhdəliklərinin yerinə yetirilməsinə yönəltməyə çağırmalıdır. Ermənistan yeni reallıqları dəyərləndirməli, əsassız ittiham və iddialarını təkrarlamaq əvəzinə, Azərbaycanın konstruktiv təklifinə cavab verməli, Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməli və Azərbaycanın təklif etdiyi beş prinsipə əsaslanan sülhyaratma səylərində iştirak etməlidir: “Biz vurğulayırıq ki, Azərbaycan öz tərəfdən münaqişədən sonra reabilitasiya, yenidənqurma və sülhməramlı səylər göstərməyə və üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməyə davam edəcək. Biz bu prosesə qarşı hər hansı dağıdıcı addımın qarşısını qətiyyətlə alacağıq. Əgər Ermənistan regionda sülh və sabitlikdə həqiqətən maraqlıdırsa, o zaman biz Ermənistanı münaqişədən sonrakı normallaşma prosesinə xələl gətirməyə yönəlmiş cəhdlərdən əl çəkməyə və normallaşma istiqamətində növbəti addımların atılmasını təmin etməyə çağırırıq. Regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün bu prosesin alternativi yoxdur.
Sonda bir daha vurğulayırıq ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hər hansı təxribatını dəf etmək, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumaq üçün bundan sonra da müvafiq qətiyyətli tədbirlər görəcək”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana