Azərbaycan cəmiyyətində hər bir məktəblinin anlayacağı tərzdə soyqırımların baş vermə səbəblərinin təhlili yoxdur. Necə oldu ki, azərbaycanlılar dövlətçilik təfəkkürlərini itirdilər? Ənənəvi olaraq az qala hər evdə ən azı bir silah saxlayan azərbaycanlılar necə oldu ki, ən kritik məqamda düşmən qarşısına silahsız çıxdılar? Necə oldu ki, 1905-1906-cı illərdə soyqırıma məruz qalan və sonda təşkilatlanaraq düşmən qarşısına çıxan və nəhayətdə onu diz üstdə çökdürən azərbaycanlılar 12 il sonra, 1918-ci ildə yayılma arealı və qurbanlarının sayına görə daha böyük miqyaslı soyqırımla üzləşdilər?
Yalnız faciə haqqında deyil, həm də səhvlərimizi aydınlaşdıran belə bir təhlil bizim tarixi daha aydın başa düşməyimizə və gələcək faciələrdən sığortalanmağımıza yardım göstərə bilərdi.
Soyqırımın nəticələrinin normal təhlili yoxdur. Azərbaycanın məruz qaldığı soyqırımlardan itkiləri nəhəng geosiyasi, tarixi-mədəni, demoqrafik xarakter daşıyır. Məhz soyqırım sonrakı dövrdə İrəvanın, Göycənin və Zəngəzurun itkisinə səbəb oldu. Yüzlərlə tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı və yaxud mənimsənildi. Hələ bu gün də soyqırımlar nəticəsində nə qədər azərbaycanlının qətlə yetrildiyi haqqında dəqiq məlumatlar yoxdur. 1918-ci ilin mart-aprel ayında bir çox mənbələrdə Bakıda 11-12 min nəfərin qətlə yetirildiyi qeyd olunursa, professor Musa Qasımlı xarici mənbələrdə bu rəqəmin 25 min olduğunu bildirir. Bir sıra mənbələrdə Şamaxıda ermənilər tərəfindən 1918-ci ildə 7 min nəfərin öldürüldüyü bildirilirsə, professor Solmaz Rüstəmova dəqiq mənbələr əsasında bu rəqəmin daha böyük olduğunu, yalnız Şamaxı şəhərində 8-10 min nəfərin, kəndlərdə isə 10 min nəfərdən artıq insanın qətlə yetirildiyini vurğulayır.
Səbəb və itkilərin təhlilinin yoxluğu itkilərimizin qaytarılmasına və bərpasına yönəlik proqramın yoxluğunu şərtləndirir. Elə buna görə də bu gün biz yalnız Xocalı soyqırımını dünyada tanıtdırmaq uğrunda mübarizə aparırıq. Təhlil yoxluğu həm də keyfiyyətli, maraqlı və ibrətamiz təbliğat materiallarının yoxluğudur. Soyqırım və qırğınlar haqqında ədəbiyyat isə ancaq peşəkarlar üçün nəzərdə tutulub.