Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Tərtər rayonunda 4000-dən çox obyektə, o cümlədən mülki əhaliyə məxsus evlərə, dövlət əmlakına, infrastruktura, sosial binalara ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Tərtərdə də dəyən ziyanın aradan qaldırılması üçün tikinti-bərpa işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. Təmir-bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində 2, 3, 4, 5 otaqlı eynitipli evlər inşa olunur. Əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub, inşaat materialları gətirilib.
Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayır, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Düşmənin artilleriya atəşi nəticəsində evi dağılmış İlahə Ağamalıyeva bir gün də olsun ruhdan düşmədiyini bildirib: “Noyabrın 5-də ermənilərin atəşi nəticəsində evimizə top mərmisi düşərək tamamilə dağımışdı. Ancaq buna baxmayaraq təəssüflənmədik, inamımızı itirmədik. Bir istəyimiz var idi – təki qələbə bizim olsun, torpaqlarımız işğaldan azad olunsun. Mənim oğlum da döyüşlərdə iştirak edib. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. İstəyimiz yerinə yetdi. Ordumuz düşmən üzərində qələbə qazandı. Bu gün isə dövlətimiz dağılmış, ziyan dəymiş evləri tikir, bərpa edir. Mənim də birotaqlı evimin əvəzinə ikiotaqlı, müasir ev inşa edilir. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.