Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) rəsmi açılışına bu layihənin reallaşdırılmasında əsas mərhələ kimi baxılır. TANAP Cənubi Qafqaz boru kəməri və Transadriatik qaz kəməri (TAP) ilə birgə “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsidir. Avropaya enerji resursları tədarükünün təchizatçıları və marşrutlarını şaxələndirməyə xidmət edən “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir. 2015-ci ilin martında TANAP-ın təməlqoyma mərasimindəki çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu kəməri Azərbaycan-Türkiyə birliyinin layihəsi kimi xarakterizə etmişdi.
TANAP-ın əhəmiyyətini rəyini soruşduğumuz ekspertlər belə dəyərləndirdi:
Ceyhun Əhmədli bu layihəni Şərqlə Qərb arasında mühüm qaz dəhlizi kimi xarakterizə edir: “TANAP layihəsi Cənub Qaz Dəhlizi layihəsinin önəmli tərkib hissələrindən biri olmaqla Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı kimi inşa olunub. Layihə regionun strateji əhəmiyyətini artırmaqla Azərbaycana həm geoiqtisadi, həm də geosiyasi dividentlər vəd edir. Mən bu layihəni Şərqlə Qərb arasında yaradılmış mühüm təbii qaz dəhlizi kimi xarakterizə edərdim. Çünki söhbət təkcə Azərbaycan qazının Türkiyə və oradan Avropaya çatdırılmasını yox, həm də İran, Türkmənistan və Qazaxıstan kimi digər Xəzəryanı ölkələrin, eləcə də gələcəkdə İraq və Şərqi Aralıq dənizi ölkələrinin təbii qaz resurslarının dünya bazarına çıxarılmasından gedir. Bu isə Azərbaycanın tranzit statusunun daha da möhkəmləndirilməsi və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunun böyük ölçüdə artması deməkdir. Bildiyim qədərilə, İranla bu barədə danışıqlar aparılıb və rəsmi Tehran məsələyə isti münasibət bildirib. Azərbaycan aparılan uğurlu siyasətin nəticəsində mühüm enerji “hub”ına çevrilməkdədir. Region ölkələri Azərbaycanın əsas təşəbbüsçü olduğu bu layihəyə böyük dəstək nümayiş etdirirlər. Son dövrlər Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli, Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli əməkdaşlıq formatının inkişaf etməsi də bu dediyimizi bir daha təsdiq edir. TANAP-ın açılışının edilməsi Cənub Qaz Dəhlizinin növbəti mərhələlərinin tikintisinə əlavə stimul verəcək. Avropa ölkələrinin, eləcə də BP şirkəti rəhbərliyinin son vaxtlar verdiyi açıqlamalar da layihəyə Avropada marağın xeyli artdığını göstərir. Layihənin işə düşməsi ilə Azərbaycanda və regionda iqtisadi sabitlik daha möhkəm təməllər üzərində qurulacaq. Azərbaycanın sayəsində regionun geostrateji əhəmiyyəti artacaq. Ölkə başçımız cənab İlham Əliyevin məşhur bir ifadəsi var: “Bir ölkədə ki, sabitlik, təhlükəsizlik mühiti yoxdur, həmin ölkədə iqtisadi artım təmin oluna bilməz, həmin ölkəyə investisiyalar yatırıla bilməz”. Bu gün Azərbaycanın təşəbbüsçüsü olduğu bu layihələrə beynəlxalq maliyyə institutları və inkişaf etmiş ölkələr tərəfindən külli miqdarda maliyyə resursunun ayrılması da bu baxımdan, ölkəmizdəki sabitlik, təhlükəsizlik və şəffaf, rəqabətyönlü investisiya mühitinə verilmiş yüksək dəyərin təcəssümüdür”.
İlham Şaban bu layihə ilə Azərbycanın neft erasından qaz erasına keçid edəcəyini bildirir: “TANAP Cənub Qaz Dəhlizi – infrastruktur layihəsinin bir hissəsidir. Cənub Qaz Dəhlizi özündə 3 boru kəmərini birləşdirir: Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi, TANAP və TAP. İyunun 12-də Türkiyədə TANAP-ın rəsmi açılışı oldu. Bununla da böyük həcmdə Azərbaycan qazı Türkiyə bazarına nəql ediləcək. Təxminən bir il yarımdan sonra Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Bununla da Azərbaycan neft erasından qaz erasına keçid edəcək. TANAP-ın region xəritəsini dəyişdirəcəyini düşünürəm. Bu layihə yaxın 10 ildə bölgənin iqtisadi və siyasi xəritəsində əhəmiyyətli rola malik olacaq. Layihədən gələcək dividentlər ilk növbədə Azərbaycan, Türkiyə, Gürcüstana xeyir verəcək. TANAP layihəsi də BTC kimi uğurlu layihələrdən olacaq, bölgənin iqtisadi qüdrətinin artmasına xidmət edəcək”.
Cavid Vəliyev bu enerji bağının həm Azərbaycan, həm də Türkiyənin strateji dəyərini artıracağını vurğulayır: “TANAP onun üçün əhəmiyyətlidir ki, birincisi Avropa İttifaqının həyata keçirə bilmədiyi bir layihə Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində həyata keçdi. Bu iki ölkə rəhbərlərinin siyasi iradəsi, yaxın dostluq manasibətləri və qarşılıqlı etimadın nəticəsi idi. TANAP konsorsiumunda SOCAR 51 %, Türk şirkətləri isə 30 % paya sahibdir. Yəni Azərbaycan və Türkiyə Avropa qaz bazarına başqa şirkətlərin yox, SOCAR və BOTAŞ-ın söz sahibi olduğu bir layihə ilə girəcəklər. TANAP daha böyük Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir və bu layihədən ilkin mərhələdə 16 milyard m3 qaz gedəcək. Bu qazın 6 milyard m3-i Türkiyənin ehtiyacları üçün istifadə olunacaqdır. Əgər bu 6 milyard m3-dən artıq qalarsa Türkiyə bunu üçüncü ölkələrə sata biləcək. Çünki adətən, yay aylarında Türkiyə ehtiyacından çox qaz alır və bəzən bu qazı istifadə edə bilmir. Lakin digər ölkələrlə imzaladığı təbii qaz müqaviləsində satma hüququ olmadığı üçün üçüncü ölkələrə artıq qalan qazı sata bilmir. Lakin TANAP-dan qalan qazı sata biləcək. TANAP-ın tikilməsində istifadə olunan boruların 80%-i Türkiyədə istehsal olunub ki, bu da Türkiyə iqtisadiyyatı üçün vacib gəlir mənbəyi oldu. TANAP Avropanın bəzi dövlətləri üçün xüsusən İtaliya, Yunanıstan və Albaniya üçün alternativ qaz mənbəyi yaradır. Ayrıca TANAP ilkin mərhələdə Şahdəniz-2 qazını ixrac etsə də gələcəkdə İran, İsrail, İraq və Mərkəzi Asya ölkələrinin də qazı bu xətt vasitəsilə Avropaya satıla bilər. Bu səbəbdən TANAP Asiya ilə Avropa arasında bir enerji bağı olacaqdır. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin strateji dəyərini artıracaq, hər iki ölkə körpü rolu oynayacaqdır”.
Transanadolu boru kəmərinin açılış mərasimində Türkiyənin Baş naziri Binəli Yıldırım bu layihənin regionda sülh və sabitlik layihəsi olacağını bildirib. TANAP Azərbaycan, Türkiyə və bütün Avropa üçün böyük strateji əhəmiyyət daşıyır.
Hazırladı: Gündüz Nəsibov