Taner Akçamın “Gənc Türklərin bəşəriyyətə qarşı cinayəti: Osmanlı Imperiyasında erməni soyqırımı və etnik təmizləmə” (The Young Turks crime against humanity: the Armenian genocide and ethnic cleansing in the Ottoman Empire) adlı kitabı 2012-ci ildə Prinston Universiteti tərəfindən inglis dilində nəşr olunub. Kitabın türk əsilli müəllifi Akçam tələbəlik dövründə ifrat solçu fəaliyyətlərinə və Türkiyə qoşunlarının Şimali Kiprə göndərilməsinə etirazına görə 1970-ci illərdə həbs olunmuş və sonradan Almaniyada siyasi sığınacaq almışdır. Orada soyqırımı və millətçilik üzrə ixtisaslaşmış, Vahak Dadrianın tələbələrindən olmuşdur. Akçam hal-hazırda ABŞ-ın Massaçusets ştatındakı Klark Universitetində erməni soyqırımı Araşdırmaları kafedrasına rəhbərlik edir.
Müəllif mövzu ilə əlaqədar Tükiyə Baş Nazirliyi yanında Dövlət Baş Arxivlər İdarəsi, hərbi məhkəmələr, İstanbul dövri mətbuatı, Qüdsdəki Erməni Patriarxlığının arxivində saxlanılan, eləcə də Osmanlı Məclisiniə aid 600 sənədi və bəzi memuarları araşdırdığını qeyd edir. Kitabda irəli sürülən əsas fikir bundan ibarətdir ki, Balkan cəbhəsində müharibədən sonra ciddi ərazi itkiləri ilə üzləşən Osmanlı İmperiyası ermənilərin kompakt yaşadığı Şərqi Anadolu torpaqlarını da itirəcəyindən ehtiyat edərək ermənilərə qarşı soyqırımı həyata keçirmişdir. Holokost hadisəsi ilə paralellər aparan müəllifin fikrincə, bu soyqırımı ermənilərin kütləvi məhvi, imperatorluğun ərazisində sayları əyalətlərin əhali tərkibinin 5-10%-ni keçməmək şərti ilə deportasiya olunması və erməni uşaqlarının zorla müsəlman ailələrə verilərək assimilyasiya edilməsi yolu ilə həyata keçirilmişdir. Kitabın 11 fəsil və nəticədən ibarət ayrı-ayrı bölümlərində qeyd edilən sənədlər bu tezisləri müdafiə edəcək şəkildə interpretasiya edilmişdir. Ayrı-ayrı fəsillərdə Akçam Balkan müharibəsindən sonra yarımadadan qovulan müsəlman qaçqınlarla Türkiyə yunanlarının mübadiləsindən ətraflı bəhs edir. Erməni məsələsi isə kitabın 5-11-ci fəsillərində araşdırılır. Əlbbəttə, akademik neytrallıq baxımdan onun öz fikrini əsaslandırmaq üçün yunanların köçürülməsi, bir vaxtlar Osmanlı dövlətinin tərkibində olan ərazilərdə yeni müstəqil ərəb dövlətlərinin yaranmasının deyil, məhz ermənilərin deportasyasının belə qanlı-qadalı hadisələrlə yol açdığını müqayisəli şəkildə araşdırsaydı bu kitabın elmi dəyərini artırmış olardı. Təəssüf ki, bunun əvəzinə, əsasən erməni dairələri tərəfindən təbliğ olunan fikirlər yeni biçimdə təqdim edilmişdir. Müəllif bir neçə dəfə, o cümlədən İzmir valisindən “erməni sakinlər bəzi Türk vətəndaşlardan daha çox vətənsevər və türkçüdürlər” kimi iqtibaslar verməklə onların Türkiyəyə bağlılıqlarını qabardır. Akçam bəzi məsələlərdə Osmanlı dövlətinin öz vətəndaşları arasında ayrı-seçkilik etdiyini, ölən tük vətəndaşları haqda şəhid, ermənilər haqda isə tələf olmuşdur kimi ifadələr işlətdiyini vurğulamaq qədər detallara varmışdır.
Bununla belə, təəssüf ki, bu hadisələr haqda daha ətraflı təsəvvür yaratmağa kömək edə biləcək çox mühüm məsələlərə bu qədər diqqət yetirilmir. Erməni islahatları haqda danışan müəllif bunun əslində ermənilər yaşayan bölgələrə muxtariyyət verilərək gələcək erməni dövlətinin təməlinin qoyulmasına xidmət etdiyini bir cümlə ilə, özü də müqəddimə hissəsində qeyd edərək keçir. Bundan başqa, müəllif Çar Rusiyası tərəfindən yaradılan, silahlandırılan və Türkiyəyə qarşı istiqamətləndirilən erməni quldur dəstələrini erməni könüllüləri adlandırır. Akçam belə quldur dəstələri onların törətdikləri vəhşiliklər haqda nədənsə Türkiyə dövlət arxivlərində çox az şey tapır və bu mövzunu necə deyərlər itirir. Ümumiyyətlə, kitabda bu mövzuda nəinki araşdırma, heç haşiyə xarakterli bir qeyd də yoxdur.
Diqqəti cəlb edən başqa məqam isə bu məsələnin alternativ yozumlar üçün ayrılan sonuncu 11-ci fəsildə belə heç bir cümlə ilə də qeyd edilməməsidir. Həmin fəsil, “İstanbul və İzmirdəki ermənilər köçürülmədi”, “ermənilərə qarşı talan və vəhşiliklər törədən silahlı qrupların dövlət qurumları ilə əlaqəsi olmayıb”, “ermənilərin əmlakını talan edənlər cəzalandırılıb”, kimi arqumentlərin təkzibinə həsr olunub.
Təəssüf ki, kitab haqqında erməni soyqırımı iddialarının tərəfsiz və əhatəli araşdırıldığını söyləmək çox çətindir. Bunu daha çox erməni iddialarının münasib bir elmi qəlibə salınması cəhdi kimi qiymətləndirmək daha düzgün olardı. Akçam əsərin müqəddiməsində Jirar Nişanyan Fondu, Kafesciyan Ailə Fondu kimi qurumlara “xeyirxah”dəstəklərinə, eləcə də “öz ideyaları ilə” müəllifin “fikrini formalaşdıran” Aram Arkun və Luan Matosyan kimi redaktorlara “qəlbinin dərinliklərindən gələn” təşəkkürünü izhar edir, kitabın onların köməyilə ərsəyə gəldiyini vurğulayır. Bəlkə də müəllif bu fikrində haqlıdır.
Etibar Qulusoy