1905.az-ın növbəti həmsöhbəti “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir.
– Tanrıverdi müəllim, neçə illərdir media ilə sıx təmasda çalışırsınız. Şəxsən Siz Azərbaycanın məruz qaldığı soyqırım, təcavüz, faciələrimizin unudulmaması istiqamətində mediada kifayət qədər məlumata rast gələ bilirsiniz? Kütləvi informasiya vasitələrində bu mövzuda olan məlumatların kəmiyyət və keyfiyyəti sizi nə dərəcdə qane edir?
– Vətənpərvərliklə bağlı qeyd etdiyiniz məqamlara kütləvi informasiya vasitələrində çox az yer ayrılır. Məsələn, 31 Mart soyqrımı ərəfəsində ən yaxşı halda bir həftə ərzində mediada bu haqda xəbərlərə rast gəlirik. İlin digər günlərində isə susuruq. Biz tariximizi ancaq müvafiq günlərdə xatırlayırıq. Doğrudur, indi vəziyyət nisbətən yaxşılaşıb. Məsələn, orta məktəb gündəliklərində, dəftərlərdə işğal tariximiz və s günlərlə bağlı qısa da olsa informasiyalar var.
Avqustda cəbhədə gərginlik ərəfəsində mən yeni gələn nəsildə vətənpərvərlik hissinin nə qədər inkişaf etdiyinin şahidi oldum. Düzdür, bəziləri bunu pafos kimi dəyərləndirirdi. Amma məncə istər yerli media, istərsə də bizim xaricdəki diaspor bu mövzuda informasiyanı geniş işıqlandırdı. Erməni diasporu heç də bizim diaspordan güclü deyil. Onlar hiyləgər addımlarla irəli gedirlər. Ancaq biz bu cür davranmırıq. Bəlkə də ona görə gecikirik. Biz sülhsevər xalqıq. Qorxaqlıq yoxdur bizdə. Bir hadisə danışmaq istəyirəm. Təvazökarlıqdan uzaq olsa da. Mən Moldovada yataqxanada qalırdım. 1996-cı ildə seçkilər ərəfəsi idi. Milli Münasibətlər Departamentində bağlı görüş təşkil edilmişdi. Bütün dünya ölkələrinin milli yeməklərinin sərgisinin keçirilməsi cəmiyyətlərə həvalə edilmişdi. Mən 18 cəmiyyətinin kuratoru idim. Bura Litva, tatar, qazax, özbək o cümlədən Azərbaycan və s cəmiyyətlər daxil idi. Biz Azərbaycanın milli yeməyi olaraq plov hazırlamışdıq. Yanımızda isə erməni süfrəsi təşkil edilmişdi. Lülə kabab hazırlamışdılar. Plovun dadına baxanda dedilər ki, necə dadlı plovunuz var. Bəs, lülə kabab? O da sizindir? Dedim, bəli. Əslində mən qorxsam deyərdim ki, yox erməni milli yeməyidir. Çünki onlar məni hədələyə bilərdilər. Ancaq sözü demək qaydası var. Nəzərə alsaq ki, mən həm də təşkilatçılardan biri idim bu sözü bəlkə də deməli deyildim.
– Moldova mətbuatını izləyirsiniz?
– Bəli. Hər gün.
– Moldova çalışmısınız. Əlaqələriniz var. Biz bilirik ki, Moldovanın “Dnestryanı Respublika” kimi bir problemi var. Biz həmişə deyirik ki, Qarabağ mövzusunda xüsusən təbliğat zəifdir. Bəs, Moldova öz problemini işıqlandırmaq üçün mətbuatda bu mövzuya nə dərəcədə yer ayırır? Müqayisə aparaq.
– Biz özümüzü onlarla müqayisə edə bilmərik. Bizdə vəziyyət daha yaxşıdır. Onlarda barmaqla sayılacaq qəzet, televiziya və sayt var. Bizdə mətbuat çox inkişaf edib. Mövzuların işıqlandırılmasına gəldikdə isə bu bir az siyasi məsələdir. Amma deyə bilərəm ki, onların həm də qaqauz problemi var. Hazırda Moldovada 153 min qaqauz yaşayır. Doğrudur, qaqauz problemi bir müddət sakitləşdi. Çünki qaqauzlara iqtisadi muxtariyyət və milli məclislərini formalaşdırma səlahiyyəti verilib. Ancaq Dnestryanıda problem bir qədər fərqlidir. Dnestrayanı Respublikanın öz pulu, öz ordusu var. Faktiki olaraq tanınmamış bir dövlətdir. Orada vəziyyət çox qarışıqdır.
Şükür olsun ki, bizdə vəziyyət elə deyil. Yəni Moldova mətbuatını bizimki ilə müqayisə etmək ümumiyyətlə düzgün deyil. Ancaq 10 il əvvəlki jurnalistika yoxdur. Düzdür, yeni nəsil gəlir.
Mən jurnalistlərimizdə, jurnalistikada yaradıcı xətt görmək istəyərdim. İnsan olmaq istədiyi sahədə çalışmamalıdır. Bilirsiniz ki, bu ildən etibarən jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər qabiliyyət imtahanları verəcək. Məncə yaxın gələcəkdə jurnalistlərimizi daha yaradıcı, daha savadlı görə biləcəyik.
– Sizcə, auditoriyaya vətənpərvəlik mövzusunda verilişlər, yazılar lazımdırmı?
– Əlbəttə, lazımdır. İstəyirik baxaq, amma tapmırıq.
– Tanrıverdi müəllim, sizdə mövcud təcrübəni paylaşmaq tələbatı olmayıb heç?
– Həmişə çalışmışam ki, öyrəndiyimi kiməsə öyrədə biləm. Bu tələbat həmişə olub. Mətbuat katibiyəm. Mətbuat katibi hadisə olarsa günün istənilən saatında jurnalistin sualına cavab verməlidir. Mən zənglərə cavab verməsəm düzgün olmaz. Ona görə biz həm də tutduğumuz vəzifəmizə, çalışdığımız işimizə qarşı diqqətli olmalıyıq.
Fuad Babayev, Aynur Hüseynova
1905.az