Mehman Telmanoğlu 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq Hüquq fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda “Cənubi Qafqazdakı etnik-separatçı münaqişələr KİV-də (1991-2006) ” adlı dissertasiyanı müdafiə edib.
Seçilən, həm də qəbul edilən TV mənsublarındandır.
–Mehman müəllim, Qarabağ düyününün çözülməsi üçün hər birimiz nəsə etməliyik. Bu mənada orta statistik fəlsəfə doktorumuzdan nə tələb olunur?
– Düz buyurdunuz ki, Qarabağ düyününün çözülməsində hər bir azərbaycanlı öz töhfəsini verməlidir… Sənətindən, peşəsindən asılı olmayaraq biz bu istiqamətdə dövlətə və Vətənimizə faydalı olmalıyıq. Bəziləri düşünür ki, mən siyasətçı, məmur və.s həlledici postlarda deyiləm ki, bu işdə kiməsə lazım olam. Bu fikrimcə düz yanaşma deyil. Bəs soruşa bilərsiniz ki, hər birimiz bu işdə necə faydalı ola bilər? Məsələn, mən orta statistik elmi işçi-düzdür bu istiqamətdə fəaliyyətimi bir qədər dondurmuşam, eyni zamanda jurnalist kimi ölkə sərhədlərindən kənarda olanda hər zaman özümlə Qarabağ düyünü haqqında müxtəlif dillərdə ədəbiyyatlar aparıram. Bu ədəbiyyatların əksəriyyəti sadədir və əsası tarixi faktları özündə əks etdirir. Hansısa bir görüşdə həmkarıma uzun-uzadı danışmadan bu təbliğat vasitələrindən təqdim edirəm. Alimdirsə, onunla müzakirə aparıram, mənbələr təqdim edirəm, jurnalistdirsə onu maraqlandımağa cəhd edirəm, faktlar, insan taleləri üzərində qurulan hekayələr danışıram. Özüm də birbaşa bu bölgədən olduğumdan müharibənin acı xatirələrini paylaşmağa mövzum olur. Qarşıma sadə vətəndaş da çıxanda onu da bölgədə baş verənlərlə qısaca tanış edirəm.
–Tarix üzrə fəlsəfə doktoru kimi hansı beynəlxalq elmi tədbirlərdə ərazimizin 20 faizini işğal etmiş ölkənin alimləri ilə qarşılaşmısınız?
– Beynəlxalq elmi tədbirlərdə işğalçı tərəfin nümayəndələri ilə üz-üzə gəlmişəm. Bu tədbirlər Gürcüstan, Türkiyə və Rusiyada olub. Beynəlxalq tədbir olduğundan bura işğalçı tərəfin də nümayəndələri qatılıblar. Hər tərəfin özünə görə həqiqəti olur, amma çox vaxt işğalçı tərəf “oğru elə bağırdı doğrunun bağrı çatdadı” prinsipi ilə hərəkət edir. Və biz də çalışmışıq ki, təmkinlə, amma faktlara dayanan tarixi bilgilərlə iştirakçıları məlumatlandıraq. Çox vaxt həqiqətin nədən ibarət olduğunu əcnəbi həmkarlarımıza göstərə bilmişik.
– Ermənistan alimlərinin Sizin elmi maraqlar müstəvisində gördükləri işləri necə dəyərləndirirsiniz?
– Təbii ki, erməni alimləri və ya erməni jurnalistləri həqiqətin üzə çıxmasında maraqlı deyillər. Çünki, onda onların da ortaya qoyduğu “fakt”lar şübhə altında qalır. Amma araşdırmam dünya mediasında Cənubi Qafqaz bölgəsində cərəyan edən etnik-separatçı münaqişələrlə bağlı olan yazılar əsasında hazırlandığından faktların əcnəbilər tərəfindən qəbul edilməsi ermənilrin xoşuna gəlmir. Elə biz də bu işi ərsəyə gətirəndə mənə yaxından dəstək göstərən elmi rəhbərim, tarix elmləri doktoru İradə xanım Bağırova ilə qarşımıza belə məqsəd qoymuşduq ki, xarici KİV-in bölgədəki vəziyyətə münasibətni araşdırıb, kompleks halda, elmi və tarixi əsaslarla elm ictimaiyyətinə təqdim edək.
– TV-də çalışırsınız. Tamaşaçi auditoriyasının Ermənistansn təcavüzü ilə bağlı bilgilərinindən xəbərdarsınız yəqin ki.
– Biz öz insanımızı da düzgün formada maarifləndirməliyik. Ağlada-ağlada tamaşaçını məlumatlandırmaq olmaz. Bu istiqamətdə maarifləndirici sənədli filmlərin çəkilməsinə ehtiyac var. Münaqişədən 20 il keçir. Münaqişə ilə yaşıd olan gənclərimiz bəzən görürsən ki, işğal altında olan rayonların adlarını belə bilmirlər. Onlardan işğal tarixini sonra soruşmaq da istəmirsən. Ona görə, Qarabağ tarixi tək işğal günlərində anılmayan bir mövzudur. Özü də ssenaristlər oturub yazsalar, silsilə sənədli filmlər çəkib, həm yerli həm də beynəlxalq auditoriyanı məlumatlandıra bilərlər.
– Gənc alim kimi planlarınızla bağlı nə deyə bilərsiniz?
– Televiziya işi gərgindir. Bunu hər kəs bilir. Ona görə də pedoqoji və elmi fəaliyyətimi dayandırmışam. Amma niyyətimiz var ki, işə, prosesə yenidən davam deyək.
– Və sonda 1905.az portalına tövsiyyələrinizi bilmək istəyirik.
– Belə bir portalın oxucuların ixtiyarına verilməsi Azərbaycan vətəndaşı kimi məni sevindirdi. Çünki, hər zaman informasiya kasadlığı var sanki, bu mövzuda. İT zəmanəsində yaşayırıq bir qeyri millətin nümayəndəsi münaqişə haqqında internetdə axtarış verir və dərhal tapılan nəticələrdə erməni mənbələrin məlumatları ön siyahıda olur. İstərdim ki, bu boşluğu aradan qaldıra biləsiz. Buna potensialınız var. 12 dildə Azərbaycan həqiqətlərini yayımlayırsız və bu da ondan xəbər verir ki, səsimiz vaxtında və düzgün eşidilər. Həm də bundan sonra ölkə sərhədini keçən vətəndaşlarımız ilk 1905.az saytına baxmalıdırlar. Bu resursdan götürülən və istənilən yerdə istənilən qeyri-azərbaycanlıya təqdim olunan istənilən ən kiçik məlumat belə, Qarabağ düyününün çözülməsi yollarının düzgün təbliğındə ölkəmizə faydalı ola bilər. Bu məsuliyyətli və şərəfli işinizdə Vətənimiz Azərbaycan üçün gördüyünüz iş xeyirli olsun!
– Minnətdaram Sizə, Mehman müəllim.
Fuad Babayev
1905.az