Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda elmi tədqiqatların və aktual mövzular üzrə araşdırmaların nəticələrinin kağız variantından əvvəl elektron kitab formatında nəşrinə başlanılıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Hazırda institutun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsində hazırlanmış “İrəvan şəhəri XIX-XX əsrin əvvəllərində” adlı fundamental monoqrafiyanın elektron variantı Azərbaycan və rus dillərində hazırlanıb. Digər elektron kitab Azərbaycan moderninin mənbələrinə həsr edilib. Qeyd edək ki, bu problem ilk dəfədir ki, Azərbaycan tarixşünaslığında araşdırma predmetinə çevrilib.
İlin sonunadək institutun nəşr planında olan digər 30-dək kitabın da elektron versiyası hazırlanacaq. Onların arasında “1590-cı il tarixli İrəvan vilayətinin müfəssəl dəftəri”, “1729-1732-ci illər Gəncə-Qarabağ əyalətinin icmal, ruznamə və təhvil dəftərləri”, “Zəngəzur tarixi”, “Azərbaycanın tarixi coğrafiyası”, “Səfəvilər dövlətinin tarixi Venesiya mənbələrində”, “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti: optimal model axtarışı” və digər kitabları, həmçinin institutun Azərbaycan tarixşünaslığı adlı elmi nəşrinin növbəti saylarını qeyd etmək olar.
İnstitutda kitab və dövri nəşrin elektron formatda hazırlanması ilə yanaşı, elmi arxiv və kitabxananın elektron sənəd və kitablar fondunun yaradılması da nəzərdə tutulur.