– Tural bəy, tarix fakültəsində təhsil almısınız. Tarixçisiniz. Lakin bəstəkar kimi fəaliyyət göstərirsiniz…
– Əslində, sual bir az yanlış qoyulub. Mənim eyni zamanda musiqi təhsilim də var. Bəlkə də ölkədə yeganə insanam ki, bəstəkar olmaqla yanaşı tarixçi ixtisasım da var. Tarixçi olmağım isə mənə istənilən halda köməkdir. Eyni vaxtda teleseriallara ssenari də yazıram və həmçinin mahnılarımın sözlərinin müəllifiyəm. Bu baxımdan analiz və düşüncə imkanlarım mətnlərimin və ideyalarımın möhkəm olmasına xidmət edir.
– “Qış”, “Bahar”, “Payız”, “Şərq” kimi kompozisiyalarınız var. Bəs işğal edilmiş ərazilərin adı ilə bağlı hər hansı kompozisiya yazmağı heç düşünmüsünüzmü?
– Saydığınız kompozisiyalardan əlavə bir başqa kompozisiyam, son işlərimdən biri – “Nostalji” adlı kompozisiyam da var. Qarabağın işğalını ürəklərdə və beyinlərdə yaşatmaq kimi bir niyyətim yoxdur. Əksinə, Qarabağ azad ediləndən sonra bu qələbəni daim yaşadacaq bir kompozisiya hazırlayacam ki, insanımız qələbəni dinləsin. Əminəm ki, cənab Prezident gec-tez bu qələbənı xalqa yaşadacaq.
QARABAĞ PROBLEMİNİN HƏLL EDİLMƏSİNDƏ MÜSİQİNİN O QƏDƏR DƏ ÖNƏMLİ BİR ROLU YOXDUR, OLA DA BİLMƏZ
– Sizcə, Qarabağ probleminin həll edilməsində musiqinin rolu nə qədərdir?
– Qarabağ probleminin həll edilməsində musiqinin o qədər də önəmli bir rolu yoxdur, ola da bilməz. Qələbə ruhunda yazılan mahnılar insanları bir neçə dəqiqəlik ruhlandıra bilir. Mahnı bitən kimi isə yaşanan hisslər də bitir. Nəticədə mahnını sadə xalq dinləyir və onlar da savaş olmayan bir dönəmdə savaşa bilməz. Bu, mümkün deyil. Siyasətçiləri isə mahnı ilə addım atmağa vadar etmək gülüncdür.
AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ “TARİXÇİ” ZÜMRƏSİNİN BİR TƏSİRİ VƏ İDARƏETMƏSİ YOXDUR
– Orta statistik azərbaycanlı tarixçi faktların saxtalaşdırılmaması istiqamətində öz öhdəsinə düşən vəzifəni yerinə yetirə bilib?
– Orta statistik azərbaycanlı tarixçi öz öhdəsinə düşən minimum vəzifəni yerinə yetirməyib. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində “Tarixçi” zümrəsinin bir təsiri və idarəetməsi yoxdur. Amma olmalıdır. Tarixçilər ictimai şüurun və ümummilli ideologiyanın formalaşmasında əvəzsiz rol oynayırlar. Daha doğrusu, bu məhz ola onların işidir. Halbuki, tarixçilərimizin dırnaqarası fəaliyyətinin nəticəsidir ki, orta statistik azərbaycanlı milliyyət ilə soy kökünün arasında olan fərqi qavramır və adətən milliyyətinin azərbaycanlı yox, türk olmasını iddia edir ki, bu da cəmiyyətin absurd fikirlərindəndir.
– Və sonda. 1905.az saytına tövsiyyələriniz…
– 1905.az saytına tövsiyyədən öncə uğurlar və saytların reytinq cədvəlində yüksəl pillələr arzulayıram. Lakin, bunu ucuz başlıqlı savadsız tərkibli mətnlərlə yox, məhz məntiqli və savadlı iş prinsipi nəticəsində etməyi arzulayıram. Jurnalistikamızda jurnalist qıtlığı var. Söhbət əsl, savadlı jurnalistdən gedir. Məsələn, bu gün Azərbaycan mətbuatında çox sayda əməkdaş dilin qrammatikasını, şəkilçinin nə olduğunu bilmir. Tez-tez görürük ki, elementar, sadə “dır” şəkilçisini “dı” şəkilçisi ilə qarışıq salırlar. Halbuki bunlar tamam ayrı-ayrı şeylərdir. Uğurunuz bol olsun! Təşəkkür edirəm.
Aynur Hüseynova
1905.az