Kərim Şükürov: 1921-ci il mart ayının 21-də RSFSR-lə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında Moskvada imzalanan müqaviləni yada salmaq istərdim.
Həmin müqavilənin 3-cü maddəsində Naxçıvanla bağlı söhbət gedir. Bu müqavilə əsasında yeni danışıqlara start verilir. Danışıqlar 1921-ci ilin sentyabrında Qarsda başlayır. Oktyabrın 13-də isə Qars müqaviləsi imzalanır. Qars müqaviləsi RSFSR-in iştirakı ilə bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanıb. Türkiyəni Kazım Qarabəkir paşa təmsil edirdi. Bu müqavilədəki mühüm məqamlara biz diqqət yetirməliyik. Bəzi tarixçilər hesab edir ki, bu müqavilə ayrı-ayrı respublikalar arasında bağlanmalıydı. Amma mən düşünürəm ki, bu cür yanaşma doğru deyil. Müqavilənin imzalandığı format daha səmərəli hesab oluna bilər. Ermənistan müstəqillik əldə etdikdən sonra öz konstitusiyasına da daxil edib ki, Qars müqaviləsini tanımır. Və öz tərəflərindən bu müqaviləni ləğv ediblər. Lakin müddətsiz imzalanan bu müqavilənin ləğv edilməsi üçün onu imzalayan bütün tərəflər ləğv etməlidir. Əgər müqavilə ikitərəfli olsaydı, Ermənistanın onu ləğv etməsi ilə gücdən düşə bilərdi. Çoxtərəfli olduğundan və Rusiyanın da iştirakı ilə imzalandığından, müqavilənin taleyi Ermənistandan asılı deyil. 1921-ci ildə imzalanmış bu müqavilələr ciddi hazırlanmış sənəddir. 1921-ci il mart müqaviləsinin 3-cü maddəsində Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğ elan edilirdi. Qars müqaviləsində də göstərilirdi ki, Naxçıvan Azərbaycanın tərkibində muxtar vilayətdir. Burada Azərbaycanın protektoratlığı var. Buna qarşı hansısa bir iddia irəli sürülərsə, tərəflər ona qarşı çıxış etməlidirlər. Bu, həmin müqavilənin müsbət tərəfidir. Bəzən mən düşünürəm ki, həm Qars müqaviləsi, həm də mart müqaviləsi imzalanarkən, Türkiyə Naxçıvanın Azərbaycanın əsas ərazisindən aralı düşməsinə qarşı hansısa tədbirlər görə bilərdimi? Yaxud Azərbaycan nümayəndə heyəti tutarlı arqumentlər irəli sürüb, onun qarşısını ala bilərdimi? Amma hər halda bu müqavilə bu gün də bizim üçün çox əhəmiyyətlidir. Düzdür, qeyd etdiyim məsələ də qaldırılıb, həllini tapsaydı, bizim üçün müqavilənin əhəmiyyəti qat-qat artıq olardı. Lakin təəssüf ki, Azərbaycanın bəzi torpaqları Ermənistana verildiyindən, Naxçıvan əsas ərazimizdən aralı düşdü. Əslində burada böyük siyasi məsələ var idi. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistana verilməsi ilə türk xalqları arasında ərazi birliyi pozuldu, türk xalqları ilə əlaqənin təmin edilməsində problem yarandı.
İlqar Niftəliyev: 1921-ci il martın 16-da Moskvada Türkiyə ilə, Rusiya arasında Moskva müqaviləsi imzalanıb. Həmin müqavilənin 3-cü bəndinə əsasən, Naxçıvana muxtariyyət verilib və sonradan Qars müqaviləsinin 5-ci bəndi də bu müqaviləni təsdiqləyib. Əslində o dövrdə Ermənistanın sovetləşməsi, hakimiyyətə bolşeviklərin gəlməsi və Ermənistanda, Azərbaycanda və Sovet Rusiyasında eyni rejimin mövcudluğu bu məsələdə erməniləri müəyyən qədər çəkinməyə məcbur edir. Onlar düşünürdülər ki, Rusiya, Azərbaycan və Ermənistan artıq bir dövlətdir, onların əraziləri də bir dövlətin ərazisini təşkil edir. Bolşevik ideologiyası nöqteyi-nəzərindən beynəlmiləlçilik prinsipi keçmiş qanlı toqquşmalara son qoyulmasını tələb edirdi. Həm də gələcəkdə bu məsələnin həllinə ümid etməklə yanaşı, Moskvanın təzyiqinə də tab gətirə bilmədilər. Buna görə də həm Ermənistan, həm də Azərbaycan tərəfi Naxçıvanın muxtariyyətilə barışmağa məcbur oldu. Sözsüz ki, Naxçıvana muxtariyyət verilməsi Zəngəzurun bir hissəsinin Ermənistana birləşdirilməsindən irəli gəlirdi. Belə bir şəraitdə Naxçıvanın muxtariyyəti bu ərazinin Azərbaycan tərkibində saxlanılmasının yeganə yolu idi. Ən maraqlısı isə odur ki, Moskva konfransında bu məsələ müzakirə olunanda Naxçıvanda türk qoşunları vardı. Və onlar əslində Naxçıvana muxtariyyət verilməsilə razılaşmaya bilər, onu Türkiyəyə birləşdirərdilər. Amma türklər Naxçıvana muxtariyyət verilməsi ilə məhz ona görə razılaşdılar ki, bu muxtariyyət olmasaydı, Türkiyənin Azərbaycanla sərhəddi də olmayacaqdı. Amma Türkiyə az da olsa Azərbaycanla birbaşa sərhəddinin olmasını istəyirdi. Qars müqaviləsi beynəlxalq müqavilədir və müddətsizdir. Ermənilər iddia edirlər ki, 1945-ci ildə bu müqavilə qüvvədən düşüb. Onlar bildirirlər ki, Stalin 19 mart 1945-ci ildə Türkiyə ilə birtərəfli şəkildə münasibətləri pozanda, bu müqavilə də qüvvədən düşüb, amma belə deyil. Müqavilə müddətsizdir və qüvvədədir. 2011-ci ildə Türkiyə ilə Rusiya Moskva müqaviləsinin 90 illiyini qeyd etdi. Bu o deməkdir ki, həm Rusiya, həm də Türkiyə bu müqaviləni tanıyır. Müqavilə qüvvədədir.
Yazıda tarix elmləri doktoru, professor Kərim Şükürovun və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin 1905.az portalına müsahibələrindən istifadə olunub (“Kərim Şükürov: Sisyanovun Tiflisdə başsız bədəni dəfn olundu”, “İlqar Niftəliyev: Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinə nə Azərbaycan, nə də Ermənistan tərəfi razı idi”)