Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.
Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxışlarla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təqdimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına işıq salmağa və tarixdən ibrət dərsi götürməyə xidmət edəcəkdir. Bu nəcib fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
İlham ƏLİYEV
(“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransın iştirakçılarına ünvanlanmış müraciətdən. “Azərbaycan” qəzeti, 10 aprel 2015-ci il, №74)
Azərbaycanın beynəlxalq konfranslara ev sahibliyi etməsi son illərdə ənənə halını alıb. Siyasət, iqtisadiyyat, mədəniyyət sahələrini əhatə edən beynəlxalq tədbirlərin, konfransların məhz Azərbaycanda keçirilməsi beynəlxalq münasibətlər sistemində ölkəmizin gündən-günə möhkəmlənən mövqeyindən, nüfuzundan, bir dövlət kimi ona göstərilən böyük etimaddan xəbər verir. Bu isə, ilk növbədə, ölkəmizdə dövlət rəhbərliyinin əzmkarlıqla nail olduğu daxili sabitliyin və yeritdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir.
Bu günlərdə Azərbaycan növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Aprelin 9-11-də “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans təşkil edildi. Tarix boyu saxtalaşdırmalara məruz qalan həssas bir məsələyə – Azərbaycanlıların soyqırımına həsr olunmuş və ikinci dəfə keçirilən bu beynəlxalq elmi konfrans, gözlənildiyi kimi, elmi ictimaiyyətdə geniş əks-səda doğurdu. Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Rusiya, Almaniya, Fransa, İran, Qazaxıstan, Bolqarıstan, Özbəkistan, Albaniya, Kipr, Gürcüstan və Polşadan olan 58, ümumilikdə isə 100 alim, tarixçi-tədqiqatçı bu konfransda təmsil olunmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Atatürk Kültür, Dil ve Tarix Yüksek Kurumu Atatürk Araşdırma Mərkəzinin birgə təşkil etdiyi II Beynəlxalq elmi konfransın iştirakçıları Bakı şəhərində toplaşaraq Azərbaycanın gözəl bölgələrindən olan Quba şəhərinə yollandılar. Konfransın məhz Qubada keçirilməsi də təsadüfi deyildi. “1918-1920-ci il Azərbaycanda soyqırımı” adlı birinci beynəlxalq elmi konfrans da 2013-cü ilin martın 29-31-də Quba şəhərində keçirilmişdi. İlk olaraq konfrans iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksini və həmin ərazidə yerləşən kütləvi məzarlığı ziyarət etdilər. Ziyarətçilərə 2007-ci ilin aprelində Qudyalçayın sağ sahilində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Daha sonra ziyarətçilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə kompleksdə yaradılmış muzeylə tanış oldular. Məlumat verildi ki, muzeydə XX əsrin əvvəllərində Quba şəhərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı törətdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazdılar.
Konfrans iştirakçıları daha sonra Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər. Beləliklə, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans mərkəzin geniş konfrans zalında öz işinə başladı.
Əslində konfrans öz işinə elə məzarlıqdan başlamışdı. Məzarlığı görən andan bəzi qonaqlar bu dəhşətli mənzərə qarşısında çox təsirlənmişdilər. Təşviş içərisində olan insanlar bir anlıq erməni vəhşiliyinin canlı şahidinə çevrilərək bu hadisələri insanlığın böyük faciəsi kimi dəyərləndirirdilər. Türkiyə Cümhuriyyətindən olan tədqiqatçı Necat Çetinin ziyarət zamanı keçirdiyi hisslər isə diqqətdən yayınmadı. “Bu ermənilər nə imiş?! Onlar da özlərini insanmı saydılar?! Bunları insanmı törətmiş, bu nə dəhşət, bu nə vəhşilik!” hayqıran Necat bəy Azərbaycan torpaqlarını indiyədək işğalda saxlayan ermənilərlə barış barədə düşünən bəzi soydaşlarını da qınadı: “Gözlərimiz qarşısında baş vermiş Xocalı niyə tanınmadı?!”
Konfransın rəsmi açılışı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti oxumaq üçün söz millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevə verildi. Prezidentin müraciəti oxunduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə artıq ikinci dəfə keçirilən beynəlxalq tədbirin türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımların tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu bildirdi. O qeyd etdi ki, Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan olan tarixçi alimlər iştirak edir. “Bu kimi beynəlxalq tədbirləri keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımlarına yönəltmək istəyirik. Ermənilər ortada heç bir fakt olmadan bütün dünyaya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yayıblar. Amma üzə çıxan tarixi faktlar bunun əksini sübut etməkdədir. Biz elm adamları bu faktları araşdırıb beynəlxalq aləmə bəyan etməliyik”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında bu kimi tədbirlərdə aparılan elmi müzakirələrin yeni tarixi faktların üzə çıxarılmasına xidmət etdiyini vurğuladı. O qeyd etdi ki, beynəlxalq konfranslar həm də ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır. “Tarixi hadisələrin müzakirə olunması elmi, həm də siyasi əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycan tarixinin araşdırılmasında keçmiş sovet dönəmində bir sıra boşluqlar mövcud olub. Hətta bəzi tarixi hadisələrin tədqiqinə qadağa qoyulub. Dövlət müstəqilliyi əldə edildikdən sonra demokratikləşmə prosesi elmdən də yan keçməyib. 1997-ci ildə ümummilli lider Heydər Əliyev Azərbaycanın tanınmış alimləri ilə görüşərək tariximizin yenidən, daha dolğun araşdırılması üçün tapşırıqlarını verib. Son illər ölkəmizdə mütəmadi beynəlxalq tədbirlər, humanitar forumlar keçirilir. Bu tədbirlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacaqdır”.
Sonra söz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudova verildi. İlk olaraq ölkə başçısının konfrans iştirakçılarına ünvanladığı müraciətin əhəmiyyətini vurğulayan Yaqub Mahmudov bunu konfransın işinə verilən yüksək qiymət kimi dəyərləndirdi və cənab Prezidentə öz dərin minnətdarlığını bildirdi: “Biz daim Prezidentin diqqət və qayğısını hiss edirik. Tarixi həqiqətlərin aşkar edilərək dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığımız işlərdə dövlət başçısının diqqət və qayğısı bizə stimul verir, onun hər birimizə nümunə olacaq əsl vətənpərvər vətəndaş mövqeyi bizi daha məsuliyyətlə çalışmağa ruhlandırır. Cənab Prezident bu müraciəti ilə biz tarixçilər qarşısında yeni vəzifələr qoydu. Bütün tarixçilər adından ona dərin təşəkkürümü bildirirəm. Ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərin, soyqırımların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün son illər xeyli işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi bu yöndə atılan olduqca mühüm addımdır”. O, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün belə konfransların mühüm əhəmiyyətini vurğuladı, ikinci dəfə keçirilən beynəlxalq konfransın məqsədinin də məhz bundan ibarət olduğunu bildirdi. Xalqımızın başına gətirilən tarixi faciələrin dünya ictimaiyyətinə çatdırılması, tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində rəhbərlik etdiyi Tarix İnstitutunun gördüyü işlərə də diqqət çəkən Yaqub Mahmudov ölkə başçısının etimadını bundan sonra da layiqincə doğruldacaqlarına ictimaiyyəti əmin etdi. Bildirdi ki, 2009-cu ilin yanvarında Bakı şəhərində yerləşən “Sahil” bağında “26 Bakı Komissarı” adlandırılan bir qrup insanın cəsədinin qalıqları şəhər məzarlığına köçürüldü. Bu zaman çox mühüm tarixi faktın üstü açıldı. Aşkar edilən cəsədlərin sayının 26 deyil, 23 insana məxsus olması sübuta yetirildi. Bu hadisədən sonra Tarix İnstitutunda bu faktı araşdırmaq üçün alimlərdən ibarət xüsusi təhqiqat qrupu yaradıldı və qısa müddətdə həqiqətlər aşkarlandı. Xarici ölkə arxivlərində olan və bizim üçün önəm daşıyan sənədlərin ölkəmizə gətirilməsi, onların elmi dövriyyəyə buraxılması istiqamətində də ciddi addımların atıldığını qeyd edən Yaqub Mahmudov Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Gürcüstan, Hindistan arxivlərindən xeyli sayda sənədlərin ölkəmizə gətirildiyini və toplular halında dərc edildiyini bildirdi.
Daha sonra söz Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Atatürk Kültür, Dil ve Tarix Yüksek Kurumu Atatürk Araşdırma Mərkəzinin rəhbəri professor Mehmet Ali Beyhana verildi. Bu cür mötəbər və dəyərli konfransda iştirak etdiyindən məmnun olduğunu vurğulayan natiq tarixçilərin işinin həqiqəti araşdıraraq aşkar etməkdən ibarət olduğunu qeyd etdi: “Biz birlikdə tarixi həqiqətləri aşkarlamalıyıq, onları bəşəriyyətə bəyan etməliyik. Bu baxımdan belə konfransların əhəmiyyəti danılmazdır. Bu istiqamətdə Tarix İnstitutunun xidmətləri böyükdür. Bu işdə onlara uğurlar arzulayırıq”.
Daha sonra çıxış edən natiqlər – Rusiya Federasiyasından olan professor İqor Turitsın, Almaniya Federativ Respublikasını təmsil edən professor Johannes Rau və Matthias Dornfeldt bu beynəlxaq konfransın həm elmi, həm də siyasi əhəmiyyətini vurğulayaraq təmsil olunan ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etdilər.
Fasilədən sonra, eləcə də konfransın ikinci günü bölmələr üzrə iclaslar keçirildi. “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” mövzusunda keçirilən birinci bölmə iclasında həm xarici, həm də bizim tarixçilərin məruzələri maraqla dinlənildi. Professor Mamuka Qoqitidze (Gürcüstan) “Azərbaycan xalqına qarşı genosid 1918-1920-ci illərdə”, professor İqor Turitsın (Rusiya) “Azərbaycan böyük güclərin siyasətində Birinci Dünya müharibəsi illərində “, fəlsəfə doktoru Güntəkin Nəcəfli (Azərbaycan) “1918-1920-ci illərdə Azərbaycan, İran və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımı yeni arxiv sənədlərində”, professor Mehmet Saray (Türkiyə) “Hüquq tanımayan Ermənistanın Azərbaycana verdiyi zərərlər”, professor Daniyal Kidirniyazov və professor Hacı Murad Donoqo (Rusiya, Dağıstan) “Dağıstandan olan azərbaycanlı qardaşlarımıza dəstək olaraq”, fəlsəfə doktoru Ləzzat Dinaşeva (Qazaxıstan) “Azərbaycanlıların Qazaxıstana deportasiyası”, professor Mehmet Emin Dinç (Türkiyə) “Birinci Dünya müharibəsində Şərq Orduları Qrupu, Halil (KUT) Paşa və Bakının qurtuluşu”, professor Nodar Darsaniya (Gürcüstan) “Azərbaycana və Gürcüstana qarşı “daşnaksütyun” siyasətinin tarixinə dair”, professor Asker Paneş (Rusiya, Adıgey) “1918-ci ilin martında Bakıda baş vermiş hadisələrin siyasi nəticələri”, professor Georgiy Bejitaşvili (Gür-cüstan) “Azərbaycanlı əhalinin soyqırımına dair 1918-1920-ci illərdə”, professor Kərim Şükürov (Azərbaycan) “Azərbaycanda erməni qırğınları və deportasiyaları haqqında baxışların tənqidi təhlili” və digər alimlər müxtəlif mövzularda çıxış edərək əldə etdikləri yeni fakt və sənədləri konfrans iştirakçılarının diqqətinə çatdırdılar.
“Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)” mövzusu üzrə çoxsaylı məruzələr isə ikinci bölmə iclasında dinlənildi. Bölmə iclaslarına rəhbərlik edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov iclaslar zamanı xarici qonaqların çıxışlarına üstünlük verildiyini və bu konfransın iştirakçı sayına görə digər konfranslardan xeyli fərqləndiyini diqqətə çəkdi.
İkinci bölmə iclası da həm yerli, həm də xarici alimlərin maraqlı məruzələri ilə yadda qaldı. Doktor Entela Muço (Albaniya) “I Dünya müharibəsi illərində Azərbaycan türk xalqına qarşı erməni soyqırımı, Beynəlxalq arenada hadisələrin gedişi və Türkiyə xarici siyasəti”, doktor Kamil Aliyev (Rusiya, Dağıstan) “Birinci Dünya müharibəsinin Dağıstandakı final döyüşlərindən biri. Anjikalın (Port-Petrovska) 1918-ci ildə azad edilməsinin məlum olmayan və az məlum olan səhifələri”, professor Qahraman Racabov (Özbəkistan) “Türküstan xalqına qarşı soyqırımı 1918-1919-cu illərdə”, professor Mayrbek Vaçaqayev (Fransa) “Çeçenlərin və Şimali Qafqaz dağlılarının 1919-cu ildə kömək üçün Azərbaycana müraciəti”, doktor Məsumə Daye (İran) “Türk və İran mənbələrinə görə Birinci Dünya savaşı öncəsində İranın sərhəd şəhərlərində erməni silahlı dəstələrinin törətdikləri soyqırımları”, doktor Məhəmməd Səlmasizadə (İran) “Azərbaycanda soyqırımlar (1918-ci ildə Urmiya, Səlmas və digər soyqırımlar)”, fəlsəfə doktorları Elmar Məhərrəmov və Hacı Həsənov (Azərbaycan) “1915-ci ildə Şərqi Anadoluda baş vermiş erməni qiyamlarının tarixinə işıq salan arxiv materialları barəsində (RF DTA-nın sənədləri əsasında)”, professor Nurhan Aydın (Türkiyə) “Erməni mədəni terroru”, fəlsəfə doktoru Said Hasan Mushacıyev (Rusiya, Adıgey) “Şimali Qafqazın müsəlmanları 1917-1918-ci illərdə”, professor Necati Fahri Taş (Türkiyə) “Ərzincanda erməni fəaliyyətləri”, professor Quram Marxuliya (Gürcüstan) “Ermənilərin Qafqaza köçürülməsi və onların soyqırımı siyasəti” və digər alimlər müxtəlif mövzularda maraqlı məruzələrlə çıxış etdilər.
Hər iki bölmə üzrə məruzələr dinlənildikdən sonra “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II Beynəlxalq elmi konfrans iştirakçılarının dünya ictimaiyyətinə müraciəti qəbul olundu.
Konfransa təqdim olunmuş məruzələr isə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışında dərc edilərək konfrans iştirakçılarına təqdim edildi. Konfransın üçüncü günü qonaqlar Bakı şəhəri ilə yaxından tanış oldular.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycanlıların soyqırımı Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin də əsas mövzularından biridir. Cari ilin əvvəlindən start verildiyi “Tarix olduğu kimi” layihəsi də məhz azərbaycanlıların soyqırımına həsr olunub. Qondarma və saxta “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşan mənfur, bədxah dünya erməniliyini ifşa etmək üçün qəzet tarixçi alimlərin aşkara çıxardıqları yeni sənədlər əsasında çoxsaylı məqalələr verir. Yeni tarixi faktların ictimaiyyətə çatdırılması, uzun illərdən bəri gizlədilmiş tarixi həqiqətlərin aşkarlanması istiqamətində atılmış bu addım elm ictimaiyyəti və sadə oxucular tərəfindən maraqla qarşılanır.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov da bu ideyanı rəğbətlə dəstəkləmiş və təsadüfi deyil ki, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II Beynəlxalq elmi konfransın 20-dən artıq materialı ilk dəfə “Azərbaycan” qəzetində “Tarix olduğu kimi” rubrikası altında dərc edilmişdir. Bu layihə bu gün də uğurla davam etdirilməkdədir.
Beləliklə, dünyanın 12 ölkəsindən 58, ümumilikdə 100-dən artıq tarixçi-alimin iştirak etdiyi və üç gün davam edən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II Beynəlxalq elmi konfrans öz işinə yekun vurdu. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta, qondarma uydurmaların ifşa olunması, tarixi ədalətin bərpası üçün bu cür beynəlxalq konfransların, tədbirlərin mütəmadi olaraq keçirilməsi xüsusi əhəmiyyətə malikdir və tarixçilərimiz bu istiqamətdə qarşıda duran yeni-yeni vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bundan sonra da birlikdə, əzmkarlıqla çalışacaqlar.
Elçin VƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru
“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq konfrans iştirakçılarının Qafqaz xalqlarına və bütün dünya birliyinə MÜRACİƏTİ
“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq elmi konfrans təkcə Azərbaycanın elmi həyatı üçün deyil, eyni taleyi yaşamış bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir. Konfransın təşkilatçıları – Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti, həmçinin konfrans iştirakçıları – Rusiya Federasiyası (o cümlədən, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Gürcüstan, Qazaxıstan, Özbəkistan, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Albaniya və digər ölkələrdən olan tarixçi alimlər ötən əsrin ilk rübündə Azərbaycan və digər türk-müsəlman xalqlarının həyatında baş vermiş qanlı hadisələrlə bağlı məsələləri müzakirə etdilər.
Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, İtaliya və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan və konfransda səsləndirilən elmi məruzələr birmənalı olaraq sübut edir ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Səlmas, Xoy, Qaradağ, Təbriz), Türküstanın bəzi bölgələri, Şimali Qafqaz, Volqaboyu və böyük dövlətlərin bölüşdürməyə çalışdığı Osmanlı imperiyasının ərazisi olan Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilmişdir. On minlərlə dinc türk-müsəlman əhali və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə məhv edilmişlər.
1918-ci ilin yazında Azərbaycanda insanlıq tarixinə sığışmayan bu dəhşətli soyqırımı cinayətləri başda Stepan Şaumyan olmaqla daşnak-bolşevik Bakı Soveti tərəfindən həyata keçirilmişdir.
Azərbaycanın türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik quldurları tərəfindən törədilmiş soyqırımı cinayətləri 1918-ci il mayın 29-da tarixi Azərbaycan torpaqlarında – İrəvan şəhəri və onun ətrafında yaradılan Ermənistan (Ararat) Respublikası tərəfindən davam etdirildi. Azərbaycanlıların soyqırımını öz dövlət siyasətinə çevirən Ermənistan (Ararat) Respublikası Azərbaycan xalqına qarşı soyqırımlarını həyata keçirərkən nizami silahlı qüvvələrdən geniş istifadə etdi. Beləliklə, Bakı Sovetinin daşnak-bolşevik rejimi və yenicə yaradılmış Ermənistan Respublikası Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini dövlət səviyyəsində həyata keçirdilər.
Türk-müsəlman xalqlarına qarşı soyqırımı cinayəti sonrakı dövrlərdə də davam etdirilmişdir. Azərbaycana qarşı yönəlmiş erməni təcavüzünün növbəti mərhələsi keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq həyata keçirilən növbəti etnik təmizləmə ilə nəticələndi. Ermənistan Respublikasının ərazisindən – tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurdan bu torpaqların əzəli sahibləri olan 200 min azərbaycanlı qovuldu. Nəticədə bu tarixi Azərbaycan torpaqlarında – İrəvan və Zəngəzurda bu gün bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Bundan əlavə, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlı doğma torpaqlarından zorla qovularaq qaçqın və məcburi köçkünə çevrilmişlər.
Erməni təcavüzkarlarının Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı həyata keçirdiyi kütləvi qırğınlar görünməmiş vəhşilik və qəddarlıqla müşayiət olunurdu. Bunun ən dəhşətli nümunəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biri -1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalının əhalisinə qarşı törədilən soyqırımı oldu.
Məlumdur ki, Ermənistan Respublikası yalnız Azərbaycana deyil, həm də digər qonşu ölkələrə, o cümlədən Türkiyə Cümhuriyyəti və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürməkdədir.
Erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətləri mahiyyətcə tarixin müxtəlif dövrlərində Asiya, Afrika, Amerika xalqlarına, həmçinin Türküstan, Volqaboyu və Balkan yarımadasının türk-müsəlman əhalisinə qarşı həyata keçirilən analoji cinayətlərlə eynilik təşkil edir.
1914-1920-ci illərdə törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq biz – “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq elmi konfransın iştirakçıları hesab edirik ki, yalnız millətlərarası sülh çoxmillətli Qafqazın davamlı inkişafına zəmanət verə bilər. Bütün bunları nəzərə alaraq təkcə siyasətçilər deyil, eləcə də elm və mədəniyyət xadimləri millətlərarası dialoqun inkişafı üçün öz səslərini qaldırmalı və bununla yanaşı, millətlərararası nifaqın hər hansı bir formada təzahürünə yol verməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə və inanclarına hörmət təşkil etməlidir.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülhsevər səylərini alqışlayır, soyqırımı cinayətlərinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş bu elmi foruma göstərdiyi diqqət və qayğıya görə ona dərin minnətdarlığını bildirir.
“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” II Beynəlxalq konfransın iştirakçıları
“Azərbaycan” qəzeti, 14 aprel 2015-ci il