Qaranlıq bir gecə idi. İşığı ilə yola iz salan bir avtobus bizə tərəf yaxınlaşırdı. Sanki bayaqdan sakit oturaraq gözlərini bir nöqtəyə dikmiş insanlarda canlanma oldu. Bu avtobus onların həyatını işıqlandıran sehrli bir çıraq idi. Sehrli çıraq onları nədən , kimdən qoruyurdu? Görən, bu xalq kütləsi hara tələsirdi? Onlar var-dövlətlərini bir düyünçəyə yığaraq niyə doğma vətənlərini tərk edirdilər? Suallar məni narahat edirdi. Nəsli – nəcabəti bilinməyən, həmişə özlərini qara kağız üzərində varlığını subuta yetirməyə çalışan qan içən ermənilərdən …
Yox, yox elə başa düşməyin o avtobusun içində düşmən qarşısından qaçan el oğulları var idi. Hamı ailəsini – qızının, anasının, gəlininin namusunu, iffətini qorumaq üçün şəhərə yola salırdı.
Onlar arasında mən də var idim. Atam var gücü ilə mənim qolumdan dartırdı:
-Tələs, qızım, səni bu gün mütləq yola salmalıyam. Bilmirəm niyə heç ayaqlarım da sözümə baxmırdı. Axı mən ailəmi qoyub tanımadığım insanlarla birlikdə yola düşməli idim.
-Mən sizsiz heç yerə getmərəm, – deyə atama sarıldım.
Atam məni oturmağa yer olmayan avtobusa mindirdi. Mən şəhərə kimi ayaq üstə getməli idim.
-Atam titrək səslə xalangil səni qarşılayacaq, – deyib uzaqlaşdı.
Avtobus da insanlar kimi ağır nəfəs alırdı. O da qara günlərin şahidi idi. Onun da ağırlığı həddindən artıq çox idi. İnsanların simasında bu qara günlərin açdığı dərin izlər var idi. Qara düşüncələr bu izlə ürəklərinə süzülərək ən incə damarlarını sızladır, onların yaşamaq ümidlərini əllərindən alırdı. Onlar hələ də başa düşmürdülər, taleylərinə yeni bir ağ səhifədə qara qələmlə “qaçqın”, “köçkün” sözləri yazılacaq.
İndi onları narahat edən əzizlərinin can qorxusu idi. Onlar arxada oğlunu, yoldaşını, qardaşını qoyub narahat ürəklə şəhərə yola düşürdülər. Həmin ağrı-acını mən də yaşayırdım.
Köhnə xatirələr… Nədənsə bu köhnə xatirələr hər sabah gözünü mənlə birlikdə açır. Yaş gedir, ömür gedir mən köhnəlirəm, o yeniləşir. Niyə görən? Sualımın cavabı çox asandır. Axı o xatirələrin içində unuda bilməyəcəyim Vətən həsrəti, torpaq sevgisi, itirdiyim əzizlərim-nənəm, babam var idi.
Yuxularda o dar küçələrində, laləli yamaclarında, xınalı dağlarında dolaşıram, gözəl Vətən torpağı! Bilirəm, sən də öz sahiblərini istəyirsən. Bilirəm, yad nəfəs səni heç vaxt isidə bilməz. Niyə belə rəngin qaçıb? Hanı yaşıl bağlarımız, hanı rəngli damlarımız, hanı sadəlövh insalarımız! Sevgi, istək qarşılıqlı olur, sən də yad ayaqlarının tappıltısını eşitmək istəmirsən. Orada nənəmin, babamın xatirələri, ayaq izləri yaşayır.
Hər gün işə gedəndə, gələndə öpdüyümüz babamız, bizi addım-addım izləyən, atamız, anamız acılayanda müdafiə edən nənəmiz! Bu doğma el-obadan, doğma insanlardan ayrılmaq çox ağır idi.
Xatirələri yaşadan şəkil albomu var idi. Gələrkən özümlə bu albomu götürmək istədim. Anam həyəcanlı səslə dedi:
-Bu qədər ev-eşiyim qalır, sən albomdan yapışmısan. Heç nə olmaz, biz yenə evimizə qayıdacağıq. Anamın axırıncı cümləsindən sonra əlimdəki albomu yerinə qoydum. O albom həmin xoş günlərimizın vəfalı dostu idi. Ondan ayrılmaq mənim üçün çox ağır oldu.
Artıq o illərdən çox keçir. Əzizlərimin həsrəti məni ocaq kimi yandırıb kül eləyir. Bu illərdə torpaq həsrəti onları işıqlı dünyadan uzaqlaşdırıb torpağın qaranlığına apardı. Bu gündən danışanda sözlərim yaman tez tükənir. Yenə köhnə xatirələr məni yumşaq ağuşuna alıb uşaqlıq illərinə aparır.
Nənə, çəfkənin ( arxalıq) cibində həmişə bizə verəcək nə isə olurdu. Bilirsən, biz oranı xəzinə bilirdik. Elə bilirdik, nə axtarsaq orda tapacayıq. Sənə verilən ən gözəl neməti saxlayıb bizə verərdin.Yaman darıxmışam nənəmin şirin nağılları, babamın nəvazişi üçün. Min bir arzu- istəklə adımı qoydun, ay nənə. Axı mən sənin arzun idim. İncitməyə qıymazdın məni. Saçlarımı darayanda canım ağrımasın deyə, elə boş hörərdin ki, məktəbə çatmamış dağılardı. Nənə, ay nənə səni yaman özlədim. İnsan saflığı, insan gözəlliyi, insan səmimiyyəti axtarıram! Bu dünya məni yordu. Sən mənim yorulmağıma, inciməyimə razı olmazdın. Bilmirəm, hansı hissdir, məni bu dünyadan yavaş-yavaş uzaqlaşdırır.
Baba, incimə səninlə az danışdım. Baba, bu gün yağış yağırdı.Yaz yağışı torpağı islatdı. Torpaq qoxusu yenə məni uzaqlara apardı. Evimizə, həyətimizə, bağımıza… Baba, bir arzum var, oturduğun- durduğun, əkdiyin-becərdiyin yerləri görüm! Bu arzu, istək mənə yaman güc gəlir. Buna qovuşmadıqca dünyadan uzaqlaşıram.
İllər bir-birini qovalayır, hələ də torpaq, Vətən həsrəti biz köçkünlərin qisməti olub.
Arzu Hüseynova