Ulularımızın ancaq qəbirləri qalmış nisgilli ruhlar dolaşan o şəhərdən Bakıya istisna hallarda xüsusi reyslər olurdu.
O şəhər ki, qanlı döyüşlərdən sonra onun alınması münasibətilə Rusiyanın 1828-ci ildə buraxdığı medalda həkk olunmuş mənzərədə ən azı 9 minarə saymaq olurdu. İndisə bu qədim türk şəhərində müsəlmanlığın əsər-əlaməti qalmamışdır.
O medalla İrəvanın işğalında fərqllənmiş zabitlər, əsgərlər təltif edilmişdilər.
XIX əsrin əvvəllərində ağsaçlı Qafqaza xaç yürüşü belə başlanmışdı…
Min-min illər öncə hələ tarixin yaradılmadığı dönəmlərdə türklərin Vətəni, Qaf (qapı), Qaz (uca) adlandırdığı qocaman dağ bu soyqırımına yas tutdu…
Dədəmiz Qorqud özündən min illər öncə şəkillənmiş bu addan neçə-neçə igidə el-obaya, yurd yerinə pay vermişdir…
Bu dəfə İrəvandan Bakıya uçan xüsusi reysin təşəbbüskarı Sovetlər dönəmində yüksək dövlət vəzifələri tutmuş tanınmış ərəbşünas akademik Yevgeni Primakov idi. Onun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəsmiləri “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsinə razılıq vermişdilər. Ucu Prezident Heydər Əliyevə gedib çıxan bu xeyirxah təşəbbüsü ilə Primakov Azərbaycan xalqı qarşısında öz suçunu qismən yudu: 67 girov və əsiri erməni faşistlərinin cəhənnəm əzabından qurtarıb Bakıya gətirirdi.
Əslində, bu əsirlər Qırmızı Xaç Təşkilatının siyahısına düşənlər idilər. Minlərlə azərbaycanlı əsir Ermənistanda gizli yerlərdə saxlanıb mədənlərdə və başqa ağır işlərdə qul kimi işlədilir, neçə-neçə gənc oğlan, qız, uşaq qurbanlıq qoyun kimi orqan alverçilərinin zirzəmilərində bəslənirdilər.
Sərnişinlərin arasındakı alagöz oğlan baxışlarını özünün də bilmədiyi məchul bir nöqtəyə dikərək üçillik əsirlik həyatını, cəhənnəmdən betər əzablara qatlaşdığı saatları, günləri, ayları biləxtiyar birər-birər xatırlayırdı. Əslində o dəhşətli dönəmləri xatırlayıb əzab çəkmək istəmirdi, gələcək haqqlnda düşünməyə çalışırdı. Amma gələcək haqqında düşüncələri övladları, valideynləri, qohumları, dostları ilə görüşüb qucaqlaşmaqdan o yana getmirdi. Keçmiş xatirələri isə sanki kirpiklərinin arasına dolmuşdu, qapanan kimi səssiz kinolenti kimi gözləri önündən keçirdi…
1990-cı il Yanvar qırğınından sonra o da özünümüdafiə dəstəsinə yazılmışdı, haralardansa gətirilən erməni muzdluları ilə döyüşmüşdü. 93-cü ilin yazı çıxhaçıxda onu Cəbrayıl şəhərinin icra nümayəndəsi təyin etmişdilər. İki ay sonra avqustun 23-də girov götürülmüşdü. Özünümüdafiə dəstələri Cəbrayıl bölgəsinin şimalında – Ziyarət dağının cənub ətəklərindəki ayna bulaqlı, bağ-bağatlı, meşəli, çəmənli cənnət guşələrindəki Ağcakənd, Daşbaşı, Hingtağlar, Dolanlar, Şayaq kimi 13 kəndi – erməni terrorçularının daldalandığı kəndlərin sakinlərini sovet-rus hərbi gücləri xəbər tutub gələnədək yarım günün içində yük maşınlarına doldurub, qansız-qadasız Ermənistan sərhədinə ötürmüşdülər.
O kəndlərdən birinin yerləşdiyi Şayaq yüksəkliyində növbə çəkərkən ayağının altında qalmış yamyaşıl Qozlu dərə vadisinin, buradakı kəndlərin gözəlliyinə heyran qalmışdı. Yeniyetmə yaşlarında nənəsinin söylədiklərini yada salmışdı. Nənəsi babasından eşitdiklərini ona nəql eləmişdi. XIX yüzillikdə rus ordusu azərbaycan türklərini gözəl, səfalı yurdlarından qovub çıxarmış, həmin kəndlərdə İrandan, Türkiyədən gəlmə erməniləri yerləşdirmişdi. O, şəhərin meri təyin edildikdən sonra iş otağındakı “Azərbaycan SSRİ-nin inzibati bölgüsü” kitabını vərəqləyərkən görmüşdü ki, Sovet dönəmində keçmiş Cəbrayəl qəzasından qoparılıb yaradılmış Hadrut erməni rayonunun Ağcakənd, Quşçular, Daş sözü ilə başlayan neçə-neçə kənd adları Azərbaycanın digər bölgələrində də vardı. Əlinə keçmiş digər mənbədən oxumuşdu ki, Tağ, Tuğ, bu sözlərlə başlayan Taqəsər, Hingtağlar kəndləri adlarını əski türk tayfaları Taq və Tuqdan almışdır.
Şayaqdan baxdığı bu kəndlərin çoxunu sonralar əsirlik vaxtı görmüşdü, turist kimi yox, qul kimi işlətməyə aparmışdılar onları.
Əsirlikdə qaldığı 993 günün hər gecə-gündüzü, hər saatı əzab çəkmişdi. Onun əzabları iki cür idi: fiziki və mənəvi. Dəyənəklə, armaturla döyülməyə, dırnaqlarının arasına iynə soxulmasına, qançır olmuş yaralarına məlhəm yerinə duz basılmasına birtəhər dözürdü. Gec-tez bu yaralar sağalırdı. Amma ermənilərin özününküləşdirdiyi kəndlərin abadlaşdırılmasında, soydaşları yaşamış kəndlərdəsə evlərin sökülməsində, meşələrin, bağların qırılmasında qul kimi işlədilməsinin verdiyi mənəvi əzablar bu günə qədər hələ sağalmamışdı. Sağalmayacaqdı da, ta o yurdları geri qaytarmayınca…
Bu döyüş hələ qurtarmayıbdır. Bu döyüş uzun döyüşdür, 200 ildir gedir. İndiyə qədər düşmənlər udmuşlar. Artıq dövran dəyişmişdir. BMT-də bir türk dövləti bayrağının yanında beş digər türk dövlətinin bayraqları dalğalanır. Azərbaycan artıq müstəqil dövlətdir, öz ordusunu qurmuş, onun üçün silah da istehsal etməyə başlamışdır, neftini Türkiyə yoluyla Avropaya satır… Son cümlələri öz aralarında danışan ermənilərin necə təşvişə düşmələrini gördükdə ləzzət almışdı. Bir yandan Vətəninin, dövlətinin güclənməsi xəbərləri, digər yandan ailəsinə qovuşmaq həsrəti onun aclığa, əzablara dözümlüyünü artırırdı. O, qorxmurdu, qorxu hissini 3 ildir itirmişdir, bu illərdə ölümlə həyat arasında yaşamışdı. Qorxu hissini itirdiyi həmin o anları qürurla xatırlayırdı…
Kapitan batan gəmini sonuncu tərk edər… Həmin o müdhiş avqust günü iş otağındakı son sənədləri, orduya çağırış vərəqələrini götürüb, onu gözləyən qara Volqaya oturdu, şəhərin adamsız küçələrini son kərə dolaşdı… Bəlkə əlsiz-ayaqsızlardan kimlərsə çıxıb getməyə macal tapmamışdır? Heç kimə rast gəlməmişdilər. Şəhərdən çıxıb üzü Araza sallananda yolu kəsmiş tankı, yanındakı hərbçiləri özümüzünkü sanmışdı. Qarşıda düşmən olduğunu bildikdə artıq gec idi. Kim olduğunu bildikdə ermənilər sevindilər: əllərinə vəzifə sahibi düşmüşdü. Onu icra hakimiyyəti binasının önünə gətirdilər. Yuxarıda dalğalanan Azərbaycan bayrağını endirib ayaqları altına atdılar, erməni bayrağını uzadıb dedilər: Sən Azərbaycan bayrağına tüpürüb tapdalasan, erməni bayrağınısa öpsən, həyatını qurtararsan.
O isə tərsinə etdi… İçindən gələn Vətən sevgisi, düşmənə nifrət duyğularının diktəsi ilə diz çökdü, ay-ulduzlu bayrağı qaldırıb öpdü, düşmən bayrağınasa tüpürüb ayağı altına tulladı. Erməni hərbçilər kinoya baxırlarmış kimi, əvvəlcə, donub qaldılar. Yox, bu, kino deyildi, gerçək həqiqət idi… Özlərinə gəlib onun üzərinə cumdular. Heç vaxt belə zərbələr görməmişdi. Əsgərlər baş-göz, qabırğa demirdilər, hara gəldi avtomatın qundağı ilə vururdular. Sürücüsü özünü onun üstünə gərdi, zərbələri paylaşmaq üçün. Bu da kömək etməzdi, əgər zabit avtomatı onlara tuşlayan əsgərə səslənməsəydi:
-Yetər, öldürməyin, o vəzifəli şəxsdir, bizə gərək olacaq. Bax o zaman -ay-ulduzlu bayrağı yerdən qaldırıb öpərkən, başını qovzayıb beş yüz yaşlı çinara, doğulduğu şəhərə son kərə baxıb ölümü qəbul etməyə hazır olarkın qorxu hissini itirmişdi…
Uçağın təkərləri eniş-qalxış zolağına dəyəndə bu özəl reysin sərnişinlərindən Binə Hava Limanını tanıyanlar həqiqətən qurtulduqlarına inanaraq qışqırdılar:
– Qardaşlar, bizi gerçəkdən Bakıya gətiriblər!..
Həyəcanla deyilmiş bu sözlər yolçuların hamısını intizardan qurtardı. Uçağa mindiriləndə haraya getdiklərini dəqiq bilmirdilər… Yalanla nəfəs alan ermənilərin söylədiklərinə inanmamışdılar.
Bu qeyri-adi sərnişinlərin çoxu sevincdən hönkürdü.
Amma bu anlarda onların hamısının üzlərini kameraya alsaydılar, beş nəfərin gözlərindəki təlaş, rahatsızlıq açıq-aydın sezilərdi: “Meşə çaqqalsız olmaz” deyiblər atalarımız.
O, üç il əsirlik sürəcində göz yaşlarını uda-uda qurutmuşdu. İndi sevinc yaşları da gözlərindən çıxmayıb içinə axırdı. Hönkür-hönkür ağlayıb yüngülləşmək istəyərdi ki, doğmalarıyla görüşərkən özünü tox tuta bilsin, ata-anası, arvadı, körpə uşaqları onun zəifliyini görməsinlər.
– İlahi, şükür kərəminə! Yalvarışlarımı eşitdin, arzumu yerinə yetirdin, mənə doğmalarımı görməyə, onların yanında ölməyə möhlət verdin. İşgəncələr altında, dəhşətli ağrılardan ağlımı itirdiyim anlarda sənə asi olmağımı bağışla, uca Tanrı! Axı sən bağışlayansan! – deyə pıçıldayırdı.
Motorları söndürüldükdən sonra uçağa nərdivan verildi. İki avtobus, təcili yardım maşını trapdan bir az aralıda dayandı. Rəsmilər təyyarədən enər-enməz iki nəfər mülki geyimli, arxalarınca ağ xalatlı həkim və tibb bacısı cəld hərəkətlə yuxarı qalxdılar. Salona girənlərdən qabaqdakı ortayaşlı kişi onları salamladı:
– Vətənə xoş gəlibsiniz. Aranızda həkim yardımına ehtiyacı olan varmı?
Salondan səs çıxmadı. Əslində bir neçəsini çıxmaqla onların hamısının həkimə ehtiyacı vardı.
– Əgər yoxdursa, hamı özü yeriyə bilirsə, buyurun, aşağı enin, avtobuslara oturun. Hələlik, qohumlarınızla görüşə icazə verilmir. Ola bilsin ki, düşmənlər kimisə hansısa keçici xəstəliyə yoluxdurmuşlar. Buna görə əvvəlcə sizləri xüsusi karantin mərkəzinə aparacağıq. Həkimlər hamınızı yoxlayacaq. Hələlik, bu qədər.
Karantin mərkəzində onu başqaları kimi çox saxlamadılar. İlk gərəkən müayinədən sonra təcili hərbi hospitala apardılar, sağlamlığı getdikcə pisləşirdi, bayılmaq dərəcəsinə çatırdı, sanki gücü elə buraya qədər imiş. Onsuz da haqqında Milli Təhlükəsizlik idarələrində yetərincə məlumat vardı: o, öz canı bahasına vətəndaşlıq borcunu yerinə yetirmiş, düşmən qarşısında əyilməmiş, əsir yoldaşlarına kömək etmiş, onlara nümunə olmuş namuslu vətən oğullarından biriydi.
Erməni həkimləri vaxtaşırı əsirlərə qəribə iynələr vururdular. Bundan sonra kimisinin başı pozulur, kimisi lam qalıb bir neçə gün heç nə dərk etmirdi. Kimisininsə bütün bədəni ağrıyırdı. Bu iynələrdən ölənlər də olurdu. Əsirlərin hamısına aydın idi ki, onların üzərində qurbağa, dovşan kimi tibbi eksperiment aparırlar.
Dəyişdirilməzdən öncə onu da “lazaret” deyilən tibbi məntəqəsinə aparmışdılar. İçəri girdikdə iri şprisləri, həkimdən çox qəssaba oxşayan pəzəvəngi gördükdə xoflandı: bu boyda şprislər nəyə gərəkdi?
Onu üzüquylu uzandırdılar. Ağxalatlı, görünüşlərindən tibb işçisinə yox, idmançıya oxşayan iki nəfər qollarını və ayaqlarını tutdular. Qurşaqdan yuxarı kürəyinin ortasından vurulan iynə bircə anda dəhşətli ağrı bir yana, bütün əzalarını qıc eləmişdi, ağrıdan açıla qalmış ağzını yuma bilməmişdi.
– İynə nervə düşdü, – deyib onun burnuna naşatır spirti tutmuşdular.
Handan-hana özünə gəlib İlqar ona nə vurulduğunu soruşmuşdu. Qəssab-həkim əlindəki orta ölçülü şpritsi oynadaraq irişmişdi:
– Tezliklə burdan gedəcəksən. Səfərqabağı eliksir vurdum ki, düzələsən.
Həmin gündən başlayaraq onun bədənində bir süstlük, ağırlıq yaranmışdı. İstər-istəməz əsirliyin ilk aylarında Hadrutda restoranın zirzəmisində düzəldilmiş zindanda həmyerlisi Ramizi xatırlamışdı. Yazıq şişib qaralan ayağını göstərib, erməni həkimin onun yanbızına böyük şpristlə solyarka vurduğunu, tezliklə öləcəyini deyib ağlayırdı. İlk vaxtlar sinirləri pozulmuş Ramizin dediklərini ciddiyə almırdılar, başının hovlandığını zənn edirdilər. Lakin getdikcə qaramtıl şişin bütün bədənə yayıldığını gördükdə yazığın dediklərinin gerçəkliyinə inandılar. Ramizi xəstəxanaya apardılar. Bilmədilər, müalicəyəmi, yoxsa ekperimentin nəticələrini izləməyəmi… Amma bunu eşidib bildilər ki, Ramizin bədəni şişərək diri-diri çürüməyə başlayıbdır. Qəbrinin yerini də bilmədilər. Sonralar başa düşmüşdü ki, əsirlərin qəbirləri olmur, harda gəldi çala qazıb üstünü torpaqlayırlar.
“Bəlkə mənə də solyarka vurublar?” Eyninə gələn bu fikirdən üşənmişdi. Amma ona vurulmuş iynənin şprisinin, Ramizin dediyi ölçüdə böyük olmadığını xatırlayıb təskinlik tapmışdı. Əsirlərin dəyişdiriləcəyi haqqında yayılan söz-söhbətdən, qəlbində şölələnən ümid qığılcımı bütün ağrı və əzabları üstələdi. Doğrudur, heç kim ermənilərin dediklərinə tam inanmırdı. Onları başqa bir yerə köçürmək üçün hər şey sakit keçsin deyə şayiə də buraxa bilərdilər. İlqarı təəccübləndirən haylara satılmış bir neçə əsirin də onlarla bərabər olmaları idi. Binədə yerə endikdən, Bakıya gəldiklərinə əmin olduqdan sonra bir həqiqəti anladı: bu əclaflar əsirlərə – öz həmvətənlərinə işgəncə vermək, zülm etmək üçün haylara gərəkmiş. Amma bilmədiyi bir şey də vardı: Azərbaycan kəşfiyyatında o satqınlar haqqında da, onun kimiləri haqqında da gərəkən məlumat vardı; vəsitəçilərə və erməni tərəfinə təqdim edilən siyahıda tələb olunanlar arasında satqınların da adları vardı və ermənilər onları bir qara qəpiyə satdılar.
Hospitalda dava-dərman, vitamin qəbul edib, bir az gücünü bərpa etdikdən sonra həkim ailəsi ilə əvvəlcə telefonla danışmağa, sonra isə görüşə icazə verdi. Doğmaları ilə görüşməyə ürəyi nə qədər tələssə də, həkimlərə haqq qazandırırdı: birincisi, onda heç bir keçici xəstəliyin olmadığına tam əmin oldular. İkincisi, müalicə və dincəlmə öz işini gördü, rəngi-rufu üstünə gəldi. Əsirlik həyatını xatırlamamağa, ondan danışmamağa özünə söz vermişdi. Amma mümkün deyildi. “Cəhənnəm əzabı çəksəm də, bu, mənim həyatımdır. O səhnələri niyə unudum?” Düşüncələr içində çabalaya-çabalaya bu cümlələri pıçıldadı. Əslində bu pıçıltı deyildi, hayqırtı idi, yaşamaq çabası idi. Ayaqda durmaq üçün özünə verdiyi ümid idi. Əgər şərəfsizlik etsəydi, iki il qabaq cəhənnəm əzabından qurtulardı.
… Qırmızı Xaçın tələbi ilə onu və digər girovu azad etmək üçün həbsxanadan götürüb, xüsusi idarəyə aparmışdılar. Orta yaşlı bir zabit onunla təkbətək yüngül sorğu-sualdan sonra qarşısına bir vərəq ağ kağız qoyub, diktə olunanları yazmağı tələb etmişdi. Düşünmüşdü ki, yəqin buraxıldığı üçün dilindən iltizam alırlar. Ona görə də qələmi götürüb, zabitin dediklərini yazmağa başlamışdı:
“Mən İlqar Ərşad oğlu Cəbrayıl şəhərinin meri kimi onun Dağlıq Qarabağ Respublikasının ərazilərinə daxil olmasını təsdiqləyirəm”.
Zabitin dediyi cümlədə “DQR” ifadəsinə çatanda qələmi yerə qoymuşdu.
– Niyə dayandın?
– Yaza bilmərəm. Uşaqlarımın, atamın üzünə necə baxaram?
Səsini qaldıran zabit kinayə qarışıq soyuqqanlıqla dedi:
– Yazmasan, getməyəcəksən, diri-diri ölümünü görəcəksən, həbsxanada çürüyəcəksən, nə uşaqlarını, nə də valideynlərini görəcəksən.
– Bilirəm.
– Onda nəyi gözləyirsən, yaz canını qurtar!
Bir neçə anlığa susmuşdu, qarşısında açılmış iki yolun sonucunu düşünmüşdü. Hər iki yol ölümlə sonuclanırdı: biri şərəfli, digəri şərəfsiz. Tələb olunanı yazıb vətənə dönsə, bu satqınlığın cəzasını çəkəcəkdi; namus, qeyrət onu için-için yeyib öldürəcəkdi. Burada çəkdiyi cəhənnəm əzabının sonu da ölümdü.
– Yox, bacarmaram, – deyib yerindən qalxmışdı.
Adətən belə hallarda tələb olunanı yerinə yetirməyəndə nəzarətçilər əsirləri xurd-xəşil edirdilər. Amma bu zabit ona əl qaldırmamışdı. Erməni olanda noolar, bəlkə ürəyinin dərinliyində insanlıq duyğuları tərpəşmişdi, əsirin bu kişiliyi əl-qolunu bağlamışdı? Bəlkə buna görə duruxub acı-acı gülmüş, sonra təmkinini pozmadan keşikçilərə əmr etmişdi:
– Geriyə qaytarın!
Xəstəxanada ona tək otaq ayırmışdılar, mane olan kimsə yoxdu. Amma gecədən xeyli keçməsinə baxmayaraq gözünə yuxu getmirdi. Ertəsi gün günortadan sonra doğmaları ilə görüşəcəkdi. Körpə uşaqlarının qarşısına xəstəxana paltarında çıxmamaq üçün evdən paltarlarının gətirilməsini xahiş etmişdi. Amma öz köynək-şalvarının, pijamasının içində üzürdü. Nə qədər arıqladığını, sınıxdığını indi bilə bildi. Sabah kimi birinci bağrına basacaq? Anasınımı? Atasınımı? Oğlunumu? Sevgili arvadınımı? Yoxsa iki yaşında qoyub getdiyi kiçik qızınımı? İndi onun beş yaşı var. Görəsən qızcığaz atasını tanıyacaqmı? Çətin tanısın. Bəlkə də yadında dolu bədənli, sıx saçlı, güclü ata kimi qalmışam. İndi məni bu görkəmdə tanıyamı bilər?… Səksən neçə kilodan əlli beşə düşmüş, alyanaq sifəti kiçilmiş, iri gözləri tutqunlaşıb balacalaşmış, sıx saçları seyrəlmiş atalarını üç-beş yaşlarında qoyub getdiyi uşaqları necə tanısın? “Eybi yox, çox keçməz əvvəlki gücümü qaytararam. Bu üç gündə gör necə yaxşılaşdım!.. Əsas budur ki, doğmalarımın yanında olacam, ayağa durandan sonra erməni faşizminin şeytanı belə mat qoyan əməllərindən kitab yazacam…”
***
Gec yatdığı üçün gec də oyandı. Yerindən güclə qalxdı. Səhər yeməyini zorla yedi: “Qəribədir, zindanda olarkən hamımız daşdan yumşaq əlimizə nə keçirdisə, qarnımıza atırdıq ki, ölməyək, sağ qalaq. İndi mən niyə belə oldum?”
Həkimdən soruşmazdan qabaq özü bu sualın cavabını tapmaq istədi. Heyhat!
Qayğıkeş, xoş sifətli həkim öncə hal-əhval tutub durumunu soruşdu:
– Bu gün necəsən? Buraya gələndən bəri yaxşılaşma görürsənmü?
– Əlbəttə, yaxşılaşma var. Amma özümü necə hiss etdiyimi deyə bilməyəcəyəm. Fikrim-zikrim üç ildən sonra bu gün görüşəcəyim doğmalarımın yanındadır. Ağrı-acılarım arxa plana keçib, sizi düzgün cavablandıra bilməyəcəm.
– Onda sizi yüngülcə müayinə ilə kifayətlənərəm.
Həkim onun nəbzini tutdu, təzyiqini ölçdü, ürəyinə, ciyərinə qulaq asdı, əli ilə qara ciyərini, öd kisəsini, dalağını yoxladı. Qorxulu dəyişiklik yoxdu. Barmaqları ilə bel sütununun fəqərələrinin arasında gəzdikdə, elə bil xəstəni elektrik cərəyanı vurdu. Bir anlığa bədəni titrəyən İlqarın bütün əzaları gizildədi. Həkim baxışlarını ondan gizlədib dedi:
– Onurğa sütununun fəqərələri deformatik dəyişikliyə uğrayanda sinirlər belə ağrı verir, qorxma.
– Doktor, mən bütün qorxu hisslərimi itirmişəm, tək bircəsindən başqa: işgəncələrə dözməyib, düşmən qarşısında şərəfsizlik etməkdən qorxmuşam. Allaha şükür, artıq qurtulmuşam, o qorxu da yoxdur. Ona görə mənə dərdimi açıq söylə. Bakıya gəlməzdən bir neçə gün qabaq kürəyimdən bir iynə vurdular. Ondan bəri bədənimdə ağırlıq hiss edirəm.
Ürəyindən qara qanlar axan həkim şübhələrini dilə gətirmədi:
– Əsas orqanların sağlamdı. Yaşlaşdıqca fəqərələrin arasına duz yığılır, bir sıra fəsadlar əmələ gəlir. Onurğa sütununu, fəqərələri bir də yoxlarıq. Bax, yazıram, rentgenə salsınlar. Təkrar qan analizi də verəcəksiniz. Hemoqlobin aşağıydı, görək düzəlibmi. Əslində bu əlamətlər əsirlikdən gələnlərin çoxunda vardır. Qanı normaya salmaq üçün müalicəyə başlamışıq. Uğurlar var. Özünüzü ailənizlə görüşə hazırlayın, yeməyinizi yeyin, yatın, dincəlin.
İlqar istədi desin ki, göstərişlə, məsləhətlə yatmaq olmur. Üç ildir həsrətini çəkdiyi doğmaları ilə görüşdən qabaq gözünə yuxumu gedər? Ancaq demədi, sadəcə başı ilə onun dediklərini təsdiqlədi, etika xatirinə…
Belindən iynə vurulması haqqında xəstənin dedikləri həkimin şübhələrini birə beş artırdı. “Onun qanındakı mənşəyi məlum olmayan yad cisimlərin bu iynə ilə birbaşa əlaqəsi varmı? Bayrağımızın şərəfini qorumuş bu igidin onurğa beyninə nə yeritmişlər bu faşistlər? Onun dərdinə əlac tapılacaqmı? İndiki texniki, maliyyə imkanlarımızla çətin…”
Həkim hirsindən yumruqlarını sıxdı. Onda bu xəstə haqqında bütün məlumatlar vardı. Əlindən gələni edirdi, bu bayraq qurbanına. Tibb bacılarına, sanitar xidmətçilərə bu xəstəyə xüsusi qulluq barədə göstərişlər vermişdi.
***
Ərşad müəllim ömür-gün yoldaşı, gəlini və nəvələri ilə görüşə yarım saat qabaq gəlmişdilər. Oğul, ər, ata həsrəti ilə üç ildir yanan, bəzən onun sağ-salamat geri dönəcəyinə ümidlərini itirən bu altı nəfərin qəbul otağında keçirdiyi həyəcanı, gözlərindəki sevinc, həsrət ifadələrini kağıza köçürməkdə qələm acizdir.
Nəhayət, onları içəri buraxdılar, növbə çəkən əsgərlərdən birinin bələdçiliyi ilə qarşıdakı binaya sarı getdilər. Onlar görüşə qaçaraq olmasa da, iti addımlarla getmək istəyirdilər. Amma qabaqda asta-asta gedən bələdçi ilə addımlarını uyğunlaşdırmaq məcburiyyətindəydilər.
Əsgər binanın girişində xəstənin hansı qatda olduğunu anladıb geri döndü.
Otaqda gözləməyə hövsələsi çatmayan İlqar dar dəhlizdə var-gəl edirdi. Yüyürə-yüyürə yuxarı qalxan uşaqların səslərini eşidəndə “Onlardır!” deyə pıçıldayıb pilləkənə sarı tələsdi. Oğlu ilə qızını gözlərindən tanıdı. İkisini də birdən qucaqlayıb bağrına basdı. Güclə eşidiləcək hıçqırıqla: “Necə də böyüyübsünüz. Sizin üçün nə qədər darıxmışam…” dedi.
Pillələri təngnəfəs qalxmış ata ilə ana hönkürə-hönkürə qollarını açıb balalarına sarı yüyürdülər, hərəsi bir yandan onları qucaqladılar. Uşaqlar anlaqlı idilər: sivişib aşağı endilər, yerlərini nənə ilə babaya verdilər. Ata-anasını qucaqlayan İlqarın göz yaşları selləndi. Sanki üç ildə içəriyə udduğu göz yaşları bu gün üçün yığılıbmış. O, ata-anasını beləcə qucub, uşaqlıqdakı kimi ağlamağı çox arzulamışdı.
– Ana, mənim atam budurmu? – deyən kiçik qızı qışqıra-qışqıra onu unutmuş, hönkür-hönkür ağlayan anasının ətəyini dartışdırırdı.
– Hə, qızım, atandır.
– Axı o, şəkildəkinə oxşamır.
İlqarı girov götürəndə qızcığazın iki yaşı vardı.
Növbə onlara çatdı. İlqar istəkli arvadı ilə balaca qızını birgə bağrına basdı, göz yaşlarını heç cürə saxlaya bilməyən arvadını sakitləşdirməyə başladı:
– Yaxşı, ağlama bəsdir, sil gözün yaşın Qaragilə. Görürsən gəlmişəm. Bundan belə hər şey yaxşı olacaq.
Keşkə arzuladığı kimi olaydı. Amma müharibənin vurduğu yaralar, törətdiyi fəsadlar on illərlə uzanır, top-tüfəng susandan sonra da neçə-neçə ömrü yarımçıq qoyur… Bu müharibə isə hələ bitməmişdir… İki yüz ildir davam edir… Son döyüş hələ qabaqdadır… İlqar bunu bilirdi. Amma bilmirdi, bilə də bilməzdi ki, son döyüşə qədər nələr olacaq, bu ailənin, övladlarının başına nələr gələcək… Bu ailə onun əsirliyindən betər bəlaya düçar olacaq…
***
1993-cü ilin avqustunda Cəbrayıl işğal edildikdən sonra Ərşad müəllim həyat yoldaşı və girov götürülmüş, öldü-qaldısından bir xəbər olmayan İlqarın ailəsi ilə müəllim qardaşının Novxanıdakı birqatlı bağ evində qalırdı. Sovet dövründə zəminsiz-zadsız tikilmiş ikiotaqlı bu ev indi dörd yandan ucaldılan villaların yanında çox miskin görünürdü. İlin 6-7 ayı bağ evində yaşamaq pis deyildi. Amma yaylamaq üçün birbaşa torpağın üstündə tikilmiş otaqları qışda qızdırmaq olmurdu. Qrunt sularının yaratdığı nəmişlik adamın sümüyünə işləyirdi.
Müalicədən sonra İlqar bir az yaxşılaşdı. Yayın sonlarında oğluna kiçik toy elədilər, elə bağ evindəcə, qohum-qardaş yığışdı bu məclisə. İlqarın ən xoşbəxt, həm də son xoşbəxt günü oldu həmin tarix… Yaxınları, dostları ilə yeyib-içdi, yüngülcə meyxoş da oldu. Gözlərinin parıltısı həmin gün qayıtdı. Dostları, əmizadələri oturmuş masada onun sağlığına deyilən növbəti tostdan sonra ayağa qalxdı:
– Mən dünyanın ən xoşbəxt adamıyam ki, cəhənnəmdən qurtulub, oğlumun kiçik toyunda can-ciyərlərimlə birlikdə kef edirəm. Siz bu kefin dadını tam duya bilməzsiniz. Bunu duymaq üçün gərək o cəhənnəmdə olasan. Allah heç birinizə göstərməsin. Əslində hamınız həmişə mənlə olubsunuz. O ağır günlərdə xəyallarınız mənə dayaq vermiş, ölməyə qoymamışdı. Xəyalən sizinlə, ailəmlə bir süfrə başında, toy məclisində olmuşam. Allaha yalvarmışam ki, mənə möhlət ver, bu xəyallarımı gerçəkliyə çevir. Dualarım Allah-Təalaya yetişdi. Bu gün sizinləyəm. Nə yaxşı ki, müsəlmanların bu kiçik toy adəti vardır. Bəlkə ömür vəfa etmədi, adam oğlunun böyük toyunu görə bilmədi. Kiçik toy atalara, dədələrə bir təskinlikdir.
Çox hörmət etdiyi, həyatda nümunə götürdüyü əmizadələri geoloq Fazill Rzaoğlu ilə, polkovnik Zakir Orucoğlu ilə yanaşı oturmuşdular. Ürəyindən qara qanlar axsa da, Zakir Orucoğlu özünü tox tutub sağlığın arxasını gətirdi:
– Allahın izni ilə, arzu edirəm ki, elə bu tərkibdə kiçik bəyin böyük məclisinə yığışaq.
– Amin, – deyib hamı badələrini toqquşdurdu…
Çox qəribədir, Qafqaz müsəlmanları şərab içində də “Amin”, “İnşallah” deyirlər…
Polkovnik İlqarın bilmədiyini bilirdi. Həkim ona demişdi ki, bunun dərdinə dərman tapa bilmirik. Qanı düzəlmir, mikrobları yox edirik, yeniləri əmələ gəlir. Çünki onurğa beynində çürümə gedir. Hayk faşistləri onun onurğa sütununa tərkibi bilinməyən yad maddə yeridiblər. Xəstənin onurğa beynini, bütün qanını dəyişməkdə biz acizik. Müalicəni aparın, Allah kərimdir.
Payıza dönəndə İlqarın halı lap pisləşdi, güclə yeriyirdi, belini düz tuta bilmirdi. Bağ evinə gətirilən həkimi təcili olaraq onu soyuq, nəmişli otaqdan köçürməyi tələb etdi. Yaxın qohumlardan nisbətən şəraiti olanı bacısıgilin eviydi. Şərait deyəndə, Sumqayıtın panel binalarından birindəydi bacısıgilin evi. Buraya gətirilən İlqar bir daha ayağa qalxa bilmədi. Onun qulluğunda duran ömür-gün yoldaşı göz yaşlarını mətbəxə keçib axıdırdı: “Axı yaxşılıqdan başqa əlindən bir şey çıxmayıb. Allah sənə necə qıyır? Sənin günahın nədir axı?”
O, özü də ağrıları şiddətlənəndə üzünü göylərə tutub pıçıltıyla soruşardı: “Allahım, mənə verdiyin bu həyatda çəkdiyim əzablarla ödəməli olduğum günahım yoxdur axı! Gözlərim qarşısında işgəncələrlə öldürülmüş insanların da çəkdikləri əzabların qarşılığında suçları yox idi. Yerindən-yurdundan qovulmuş bir milyon insanın çox əksəriyyətinin də ev-eşiyinin tarimarı ilə bədəlini ödəyəcəyi günahları yox idi. Amma Sənin dərgahından qovduğun Şeytanın əməllərinə uyanlar, şeytanın yolunu tutanlar geninə-boluna yaşayırlar. Hanı Sənin ədalətin, mərhəmətin?! Bilmirəm, cənnətəmi, cəhənnəməmi gedəcəm, amma mən Sənin cəhənnəmindən qorxmuram. O cəhənnəmdən betərini bu dünyada gördüm, yaşadım… Mən Səndən qorxmuram, Səni sevirəm. Məni yaxşı əməllərə yönəldən Allah xofu yox, Allah sevgisidir. Yer üzündə yaradıb bizə verdiyin gözəlliklərə, göy üzündə bizim üçün sirli, müəmmalı, hikmətə bürünmüş aləmləri yaratdığına görə sevirəm Səni. Vətənə, ailəmin yanına dönmək, bu torpaqda dünyamı dəyişmək üçün etdiyim yalvarışlarımı eşidib bəndənə möhlət verdiyinə görə Sənə minnətdaram. Ölmək istəmirəm, ancaq ölüm haqdır. Haqqa qovuşmaqdan öncə mənə ata-anamla, övladlarımla, onların anası ilə görüşmək möhləti verdiyinə görə, şükranlarımı qəbul et, İlahi!.. Qarmaqarışıq yuxular görürəm, şeytan məni hədələyir. Şeytanın yolunu tutmadığıma görə o lənətə gəlmişin mənim övladlarımdan intiqam almasını qoyma, ey Uca Tanrı!..”
Heyhat, İlqar övladlarının gələcək acı taleyini bilə bilməzdi. Heç bilməyəcəkdi ki, onun bu yalvarışı, təmənnası Uca Tanrıya çatmadı. Bəlkə şeytandan şikayət dolu bu pıçıltılı yalvarışların ərşə yetişməsinin qarşısını elə şeytan özü kəsdi? Yer üzündə olduğu kimi… Bəlkə sadə insanların yuxarılara şikayətlərini şeytanın ələ aldığı ortadakı bəzi səlahiyyət sahibləri ünvanına çatmasının qarşısını alırlar?..
Sonuncü cümlələri düşmən qarşısında əyilməyən oğlunun ölümün gözünə dik baxaraq, dövlət rəmzini qorumasının gərəyincə dəyərləndirilmədiyini düşünən Ərşad müəllim pıçıldayırdı. Oğlu kimi onun da başqa iddiası yoxdu. İlqar vətəndaşlıq borcunu yerinə yetirmiş, dövlət bayrağının şərəfini qorumuşdu, öz həyatı bahasına… Bununla neçə-neçə həmvətəninə örnək olmuşdu. O, həm də bir müəllim kimi istərdi ki, bu qəhrəmanlıq məktəb partaları arxasından həyata atılan gənc nəsillərə çatdırılsın.
İlqarın bu hərəkətini qəhrəmanlıq kimi dəyərləndirən, gənclik çağlarından qəlbi Vətənlə döyünən professor Vilayət Quliyevin 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinin qurultayında İlqarın vəfatından sonra dedikləri atanın ürəyinə su səpmişdi.
Professor Vilayət Quliyevin söylədikləri:
“… Son illər Azərbaycan nəsrində hadisəyə çevriləcək heç bir əsər yaranmayıbdır. Bu, acı da olsa, faktdır. Hələ bu bir yana qalsın, elə mühüm mövzular var ki, onlar nəsrin diqqət mərkəzində dayanmalı olduqları halda, yerli-dibli unudulubdur. Müharibə gedə-gedə 1993-cü ildən sonra ordu qurulub, cəbhədə müəyyən uğurlarımız olubdur. Bu gün həmin orduya qələbə ruhunun, mübarizə əzminin aşılanması son dərəcə vacibdir. Bunu isə təkcə komandirlər deyil, həm də ədəbiyyat etməlidir. Lakin təəssüf ki, müharibə vəziyyətində olan bir ölkədə yaşamağımıza baxmayaraq, bizdə hələ də hərbi nəsr anlayışı özünə vətəndaşlıq hüququ qazanmayıbdır. Azərbaycana bəlkə də o qədər dəxli olmayan 1941-45 müharibəsinin ikinci günü “Müsəllah əsgərəm mən də bu gündən!” – deyən sənətkarın varisləri öz müharibəmizi, öz davamızı işıqlandırmırlar. Bizdə hələ də əsgərlərimizin döyüş çantalarında gəzdirə biləcəkləri kitablar yazılmayıbdır. Döyüşçülərimiz isə öz qəhrəmanlıqları ilə belə kitablar üçün kifayət qədər material veriblər.
Bir misal gətirmək istəyirəm. Bu ilin yazında Sumqayıtda keçmiş əsir İlqar Mehdiyev vəfat etdi. O, 35 yaşında erməni işğalı ərəfəsində qısa müddət Cəbrayıl şəhər sovetinin sədri işləmişdi. Onun vəzifəli şəxs olduğunu bilən ermənilər əsir alınmış İlqarı alçaltmaq üçün öz məkrliliyi ilə seçilən bir işgəncə üsulu seçmişdilər: onun qarşısına Azərbaycanın və Ermənistanın bayraqları qoyulmuşdu. Sonsuz əziyyətlərə, ağlasığmaz işgəncələrə hədəf olmamaq üçün Ermənistan bayrağına təzim etmək, Azərbaycan bayrağını isə ayaq altına atmaq tələb olunurdu. İlqar isə üçrəngli, ay-ulduzlu bayrağımızın önündə diz çökərək onu öpüb gözlərinin üstünə qoymuş, erməni bayrağını isə yerə atmışdı. Bundan sonra onu necə dəhşətli işgəncələrin gözlədiyini söyləməyə lüzum yoxdur. O, bilərəkdən əzab və işgəncələri düşmən qarşısında alçalmaqdan, dövlətçilik rəmzi olan bayrağımızı təhqir etməkdən üstün tutmuşdu. Məgər bu, qəhrəmanlıq deyilmi?
Vaxtilə Buhenvald həbs düşərgəsində faşistlərə müqavimət göstərmiş azərbaycanlı hərbi əsir Əkbər Ağayev haqqında rus yazıçısı Artur Lerner roman yazmışdı. Çünki sovet rejimi qəhrəmanları və bu qəhrəmanlar vasitəsilə özünü təbliğ etməyi bacarırdı. Bəs biz öz müstəqil dövlətimizdə bunu nə üçün etmirik? Qarabağ haqqında, itirilən torpaqlarımız haqqında nalə və fəryadlardansa, inilti və sızıltılardansa, bu torpaq uğrunda vuruşan qəhrəmanları tərənnüm etmək daha məqsədəuyğun deyilmi? Doğrudur, bu gün bizdə ictimai sifarişlə ədəbiyyat yaranmır. Lakin elə mövzular var ki, onların sifarişini zaman və xalq verir. Hərbi vətənpərvərlik mövzusunun bədii əksi də bu qəbildən olan ictimai sifarişlərdəndir…”
***
İlqar jurnalistlərlə görüşdən qaçırdı. Onlardan bəziləri naşılıqdan, bəziləri öz siyasi mövqeləri səbəbindən ciddi təhriflərə yol verirdilər. Amma dəhşətli xəstəliyin yıxdığı yataqda ölümlə əlbəyaxa olduğu son günlərində ata yurdundan olan bu sətirlərin müəllifi ilə görüşüb danışmaq istədi.
Mənim onunla olmuş görüşlərimi barmaqla saymaq olardı. Bunlar da xeyir-şər məclislərində baş vermişdi. Tay-tuş deyildik, aramızda yaş fərqi vardı. Buna rəğmən mənlə görüşməyi ürəyi istəmişdi. Hələ sovetlər dönəmində erməni terrorçularına qarşı yaradılmış “Ziyalılar batalyonu”nun fəal üzvlərindən olmasını eşitmişdim. Ancaq bu azdanışan, təvazökar gəncin əsil simasını, vətənsevərliyini, sücaətini, mərdliyini əsir götürüləndən sonra bilmişdim.
Sumqayıtda bacısıgildə onun yatdığı otağa girəndə, yalnız başını yüngülcə qaldıra bildi. Daha bədəni sözünə baxmırdı. Onurğa sütunu get-gedə quruyub taxtaya dönürdü. Yalnız çay və balla, meyvə suyu ilə qidalanırdı. Gözlərində dalğınlıq olsa da, baxışları sakit idi. O, ölümü mərdliklə, kişi kimi qarşılayırdı. Mən onun ağrılarını duya bilməzdim, ancaq təsəvvür edirdim nələr çəkir… Heç bilmirdim söhbətə nədən başlayım, ona necə təskinlik verim ki, süni çıxmasın. Ölümünü gözləyən insandan nə soruşaydım? Ancaq onu dinləməyi qərara aldım, qoy ürəyini boşaltsın. Bu durumda olanlar, adətən, şikayətlərini dilə gətirirlər.
– İlqar, başa düşürəm, ağrıların çox incidir səni.
Heç bilmədim bu mənasız, soyuq sözlər dilimdən necə çıxdı.
Onun gözlərində ilıq bir gülüş oynadı:
– Mən elə dəhşətli ağrılar görmüşəm ki, bunlar onların yanında heç nədir. O üç ildə ağrısız yaşadığım gün, saat olmayıbdır. Fiziki ağrılarımı təhqirlər, söyüşlər, doğmalarımın həsrəti daha da şiddətləndirib əzablı edirdi. İndi burda özümü cəhənnəmdən çıxıb cənnətə düşmüş kimi hiss edirəm, özümü xoşbəxt sanıram.
Eşitdiklərimə inana bilmirdim. İki aydır belini qaldıra bilməyən, dilinin altından ancaq maye keçən, onurğa sütunundan bütün bədəninə yayılan ağrılarla yaşayan insan özünü necə rahat, xoşbəxt sana bilərdi? Məni heyran edən digər cəhət bu sözləri deyərkən onun sakitliyini ifadə edən ağıllı, təmkinli baxışlarıydı.
Mənim çaşqınlığımı gözlərimdən oxuyurmuş kimi dilləndi:
– Heç bilirsiniz, nə qədər igid oğlanlarımız döyüşlərdə, həbsxanalarda, qul kimi işlədilən yerlərdə həlak oldu, cəsədləri kəfənsiz, duasız çalalara quylanıb üstü torpaqlandı? Neçə-neçə mərd, vətənsevər oğullarımız ata-ana, oğul-uşaq nisgili ilə bu dünyadan köçdülər? Mən də onlardan biri ola bilərdim. Xoşbəxtəm ki, son aylarımı, günlərimi ailəmlə yaşayıram. Qəbrim üstə yaxınlarım ağlayacaqlar.
Bu sözlər məni utandırdı, indiyədək görmədiyim, duymadığım bir gerçəkliyi anlatdı: xoşbəxtliyin belə üzü də varmış…
– Ancaq “meşə çaqqalsız olmaz” deyiblər atalarımız. Tək-tük olsa da, aramızda satqınlar da vardı, – deyən İlqarın aydın səmatək mavi gözləri göy üzünü bulud almış kimi tutuldu.
– Güman edirəm ki, onlar işgəncələrə, aclığa dözə bilməyib gizlincə satqınlıq edirmişlər.
– Nə gizlincə? Açıqdan-açığa düşmənə xidmət edirdilər. Beş-altı nəfərdilər. Satqınlıq, alçaqlıq, namussuzluq onların xislətindəydi, qanlarındaydı. Bilirsiniz, adamın ürəyində Vətən sevgisi, yurd həsrəti, oğul-uşaq namusunu qorumaq borcu, düşmənə nifrət olanda aclığa da, susuzluğa da, işgəncələrə də, ağrılara da dözməyi bacarır. Qəlbləri bomboş olanlar heyvan kimi öz fiziki ehtiyaclarını ödəmək üçün düşünüb yaşayırlar. O zamanlar özümüzə təskinlik verirdik ki, bu satqınların qanları qarışıqdır. Yoxsa ermənilərin tapşırığıyla armaturu götürüb öz həmvətənlərini döymək asan işdimi? Onların mükafatları bir qarın yemək və girov götürülmüş qız-gəlinlərimizin başlarına pis iş gətirməkdi. Həm də bunu çox vaxt biz cəhənnəmə, ata-analarının, ərlərinin gözləri qarşısında edirdilər, bağırlarını çatladırdılar. Bu, bizə ən ağır işgəncə növü idi.
Mənim sinirlərim gərilmişdi, biləixtiyar yumruqlarım sıxılmışdı. Söhbətin gedişini nikbin notlara çevirmək istədim:
– Sənin əsir yoldaşlarına örnək, həyan olmağın, həmişə onlara ürək-dirək verməyin haqqında eşitmişəm.
Çox təvazökardı, yüngülcə qızarıb sözünə davam etdi:
– O əclafların bir pis işi də bu idi ki, ermənilərin tapşırığıyla əsirlərimiz arasında təbliğat aparıb ümidlərini qırmağa çalışırdılar. Deyirdilər ki, burdan qurtula bilməyəcəksiniz. Ermənilərin dalında duranlar çox güclüdürlər, öz başınızın çarəsini qılın. Tək yol ermənilərə qulluq eləməkdir. Allaha çox şükür, ermənilər onları da keçi qiymətinə satdılar, bizimlə bərabər Bakıya verdilər. İnanmıram ki, o əclafların ermənilərə qoşulub bizə elədiklərini burda onlara qarşı eləməyi bacarsınlar. Ermənilərdə xüsusi işgəncə məktəbi vardır. Yoxsa onlar bu qədər növbənöv işgəncə üsullarını hardan öyrənə bilərdilər? O işgəncələr ki, bizim heç yatanda yuxumuza da girməzdi. Ancaq onların verdiyi əzablar mərd oğulllarımızı çöndərə bilmədi, sındıra bilmədi. Bizim düşmənə nifrətimiz o qədər güclüydü ki, o işgəncələrin verdiyi əzabları əridib heç edirdi. Bu nifrət düşmənin verdiyi işgəncələrdən qidalanıb güc alırdı. Onlar bunu bilmirdilər, bu dözümün, gücün hardan gəldiyini qanmırdılar. Çünki bizim iradəmizi qırmağa erməni psixologiyasından yanaşırdılar. Hayklar qan görəndə qorxub ayaqlar altına düşürlər. Türklərsə qanı axdıqca mətinləşib güclənir, qorxu hissinə qalib gəlirlər.
– Qorxu təbii bir duyğudur, yaranışından insanın mayasına qoyulmuşdur. Əslində bu duyğu bütün canlılarda vardır. Bütün canlılar yuxarıdan aşağıya düşməkdən, suda batmaqdan qorxur. Bütün canlılar instikt olaraq ölümdən qaçır.
İlqar dinmədi, deyəsən yorulmuşdu. Handan-hana özünü toparlayıb dilləndi:
– Mən adi bir mühəndisəm, filosofluq etmək kimi çıxmasın… Mən biləni insan elə bir zirvəyəmi deyim, həddəmi deyim çatdırılır ki, qorxu hissini itirir, şüurlu surətdə qorxuya qalib gəlir. Məncə bu hiss ancaq insanlara aiddir. Elə ona görə də insandır. İntihar edənlər də qorxu hissinə qalib gəlib, özlərinə əl qaldırırlar.
– Əsirlikdə belə hallar tez-tezmi baş verirdi?
– Olurdu. İndi danışırıq, yadıma düşür. Şahidi olduğum intiharlar iki səbəbdən baş verirdi. İradəsi zəif olanlar, bir də alçaldılıb ləyaqəti, namusu tapdalananlar dözə bilməyib intihar edirdilər. Mən bu qəbildən olan intiharları gözümlə görmüşəm… Zorlanmış qızlarımızın intiharını görmüşəm… Erməni əsgərlərinin namusuna toxunduğu azyaşlı qızını boğub öldürmüş, sonrasa özünü asmış ananın ağacdan sallanan cəsədini görmüşəm. Daha doğrusu, bizi məcburi aparıb göstəriblər ki, iradəmiz qırılsın, psixoloji vəziyyətimiz pozulub başımız xarab olsun. Bu da yağı düşmənin bizə verdiyi bir işgəncə növü idi, özü də ən ağırıydı. Mənim ürəyimi indiyə qədər göynədən dəhşətli intiharlardan biri də bizim kamerada baş vermişdi.
Doluxsunmuş İlqarın səsi titrəyib öləzidi. Anındaca peyda olan ömür-gün yoldaşı limon və nanəcövhər qarışıq bal şərbəti fincanını onun dodaqlarına yaxınlaşdırdı. Bir az enerji almış İlqar özünə gəldi, aram-aram sözünə davam etdi:
– Aramızda 17-18 yaşlarında bığ yeri təzəcə tərləyən utancaq, məsum bir gənc oğlan vardı. Bir səhər oyanıb gördük ki, özünü asıbdır. Heç demə, satqınlardan biri gecə onu aparıb başına pis iş açıbmış. Bu təhqirə dözə bilməyib elə həmin gecə səhərə yaxın özünü asmışdı. – Qəhər boğan İlqar bir neçə anlığa susdu, özünü ələ alıb sözünə davam etdi, – O satqınları bizdən ayrı saxlayırdılar, yoxsa gecələr bir-bir boğub öldürərdik… Bu alçaqlığı etmiş satqın alçağın kimliyini öyrəndik. Bir gün erməni nəzarətçilərlə bizi qırmanclayıb işləməyə aparanda o alçağın yaxasından tutub üzünə tüpürdüm, bu əməllərinin cəzasız qalmayacağını dedim. Erməni nəzarətçiləri əlüstü başımın üstünü aldılar, məni huşumu itirənədək çırpdılar. Nəzarətçilər seçmə adamlardı. Fiziki cəhətdən cantaraq, insafsız, sadist, manyak adamları bu işə götürmüşdülər ki, bizi döyməkdən yorulmasınlar, yazıqları gəlməsin. Onlarla göz-gözə gəlməkdən qaçrıdıq. Elə onların da çoxu bunu istəmirdilər. Çünki biz gözlərimizdəki nifrəti gizlədə bilmirdik, onlarsa bizim baxışlarımızdan vahimələnib hiddətlənir, dəyənəyə əl atırdılar.
– İlqar, bayaq qorxusuzluq zirvəsi sözünü işlətdin. Mən o zirvəyə qalxmamışam, onun necə olduğunu bilmirəm. Sən o zirvəni fəth edibsən.
Dodaqları qaçdı:
– Siz məni lap Sultan Mehmet Fatehə bənzətdiniz ki! – Bir az duruxub fikirlərini toparladı, ciddi görkəm alıb dedi: – Məni qorxusuzluq zirvəsinə aparan yol doğulduğum Cəbrayılın civarlarındakı dağlarda düşmənlə döyüşlərdən başladı. Şəhərimizin üstünə yağdırılan qrad mərmiləri, həlak olmuş döyüşçülərin qəbrləri üstündə saç yolan anaların, bacıların, nişanlı qızların fəryadı, yurd-yuvasından didərgin düşən həmyerlilərimin ah-naləsi o hissləri bərkitdi. Düşmənin zülmü, işgəncəsi, intiqam almaq andı aparırdı məni o zirvəyə. Qorxu hissinin tam yox olması məqamı isə əsirliyimin birinci saatında bayrağımız endirilib ayaqlar altına atılanda, onu tapdalayıb tüpürmək əmr ediləndə baş verdi. Əyilib ay-ulduzlu bayrağımızı qaldırdım, öpüb gözlərim üstə qoydum… Cəbrayılın üstünə taxılacaq, təzim üçün mənə verilmiş erməni bayrağını yerə tullayıb tüpürdüm… Başımı qaldırıb gördüyüm qədər doğma şəhərimə, onun rəmzi olan beş yüz yaşlı çinara tələsik baxdım ki, mənə atəş açılmamış doğma yurdu seyr edib sağollaşım. O anlarda düşmən bayrağına tüpürərkən olan-qalan qorxu hisslərim tüpürcəyimlə bərabər canımdan çıxdı.
– Bəs indi necə? Çəkilib getmiş qorxu hisslərin yerinə gəldimi?
– Qismən qayıtdı.
– İndi qorxduğun bir şey vardırmı?
– Vardır. Amma ölümdən, bundan sonra çəkəcəyim, getdikcə çoxalan ağrılarımdan qorxmuram. Əsirlikdə qaldığım hər gün ölümümü yaşamışam, o dünyaya gedib gəlmişəm. Təzəlikcən canımda başqa bir qorxu yaranıbdır. Məndən sonra uşaqlarımın taleyi necə olacaq? Başsızlıq, ehtiyac onları düzgün olmayan yola sürüklər? Ev yox, eşik yox, işləyən yox… Təqaüdçü ata-anam onlara baxa biləcəklərmi? Ömür onlara vəfa edəcəkmi? Qısa sürə birgə olduqdan, bir-birimizə öyrəşdikdən sonra onlar mənim yoxluğuma necə dözəcəklər? İndiki uşaqlar çox həssasdırlar. Mənə qarşı aidiyyatı orqanların laqeydliyi onlarda necə iz buraxacaq? Müxalifətdə olan əmimin öz yolu, mənim, atamın öz yolumuz vardır. İstərdim ki, oğlum böyüyüb hərbçi olsun, bayrağımızın şərəfi yolunda qurban getmiş atasının öcünü alsın, bu bayrağı doğulduğumuz Cəbrayılda yerinə taxsın… Görək, o, bu tərbiyəni ala biləcəkmi? Aləm qarışıb, bu tərbiyəni ona kim verəcək?
İlqarı qəhər boğdu. O qəhər mənim də boğazımda tıxaclandı. Daha danışa bilmədim. Nə deyəcəkdim? Hansı təskinliyi verəcəkdim? Heç veriləcək təskinlik də qalmamışdı. Belə məqamlarda “Allah kərimdir” deyirlər, hər şeyi Onun ixtiyarına buraxırlar. Ancaq dinmədim. “Kərimin quyusu dərindir” də deyirlər…
Ey gidi dünya! Ey düzləri düzdə qoyan, əyrilərə əyirdək yedirən, İblisin at oynatdığı ədalətsiz dünya!.. Ey gecəni qovub gündüzü salamlayan Dan ulduzu kimi parlayan sevgi ilahəsi Danay! Ey türklərin ulu anası Umay! Niyə qoydunuz mələk kimi şəhid atanın tək oğlunu arzuladığı düz yoldan sapırtsın Şeytan… O cocuğu Şeytanın ağuşuna insanlar atmadımı?
Tarix boyu hər qövmün, hər xalqın, hər dövlətin öz nişanı, öz bayrağı olmuşdur.
Bayraqlar da dövlətlər kimi gəlib getmiş, rəngini, şəklini dəyişmişdir.
XX yüzillkdə dünyanən düzəni dəyişdirilib yenidən qurulanda xalqın uzaqgörən, vətənsevər ziyalı oğulları öndə Məmmədəmin Rəsulzadə olmaqla üçrəngli ay-ulduzlu bayrağı yaratdılar. Millət bu bayrağın altına yığıldı.
1813-cü ildən bəri milləti min-min illərdir məskunlaşdığl ölkənin qərbindəki yurdlarından dərbədər edə-edə şərqə – Bakıya doğru irəliləyən haykları dəfələrlə bu bayraq altında birləşib durdurdular.
Azərbaycan xalqı 2 il başı üstündə dalğalanan bayrağını tanıdı, sevdi.
70 illik bolşevik-sovet qaraguhurundan alnıaçıq çıxmış xalqın yetişdirdiyi digər yenilməz, vətənsevər oğlu – ulu öndər Heydər Əliyev ürəklərdə qorunub saxlanan o bayrağı Naxçıvanda elə Sovet dönəmində qaldırdı… Sonra Bakıda yüksəldildi. Xalq bu bayraq altında 200 il gah aşikar, gah da gizli aparılan, arxasında böyük güclərin durduğu erməni hücumlarının qarşısını aldı.
Neçə-neçə igidlərimiz o bayraq uğrunda canını verdi, qanını axıtdı, o bayrağı özünə kəfən etdi, İlqar Ərşadoğlu kimi…
Xalqın namuslu oğulları dünyanın harasında olursa-olsun, ay-ulduzlu bayrağın şərəfini qorumaq üçün yaşamını təhlükəyə atdı. Budapeştdə Azərbaycan bayrağı ilə ayaqqabısını silən erməni zabitini cəhənnəmə vasil etmiş zabitimiz Ramil Sahiboğlu kimi…
Ay-ulduzlu bayrağı bədəninə sarıyıb düşmən üstünə getmiş, təkbaşına beş saat erməni ordusunun bölükləri ilə döyüşüb yüzdən çox yağını qanına qəltan etmiş milli qəhrəman çavuş Mübariz İbrahimov kimi…
Dünyada anoloqu olmayan ən uca bayraq dalğalanan Bayraq meydanının müəllifi Prezident İlham Əliyev kimi…
Hər vətəndaş bayraq sevgisini bacardığl qədər ifadə edir.
Milyonları öz altına yığıb, onlara ruh, cəsarət, Vətən sevgisi bəxş edən, Vətən aurası yaradan, iki qulac parçadan tikilmiş bu bayraqda bu qədər güc, enerji, hikmət hardandır?
SON