“…Ey ümməti-müsəlman, agah ol ki, islam-kafir müharibəsi başa çatdı. Tanrı ruslara yardımçı oldu. Bundan sonra Qacarlar Allahın iradəsinə tabe olaraq ruslara itaət etməlidir…”
Fitva satqın Mir Fəttahın murdar ağzından xəyanət xəncəri kimi çıxıb təbrizlilərin kürəyinə saplandı, ciyərini dağıtdı. Fitvadan iki-üç gün əvvəl muştuluq kimi imperator vassalının ayaqları altında qurban kəsib, şükür ziyafəti vermişdi bu mollabaşı. Paskeviç Təbriz kimi atəşi əlini yandırmadan Fəttah maşalarıyla götürdü. Biçarə təbrizlilər həmin gün bu satqını da, yanındakı rus generalını da bircə anda gəbərdərdilər. Amma Təbriz yorğun düşmüş qocanı xatırladırdı, artıq savaşmaq iqtidarında deyildi, müdafiə gücü tükənmişdi.
İrəvanı işğal edən Paskeviç xəyanət nəticəsində bir neçə günə Təbrizi və ətraf vilayətləri səssiz-səmirsiz süquta uğratdı. Abbas Mirzə də xəstəliyindən, Qacarların hərbi gücünün tükəndiyindən və Tehranda baş verən kirli oyunlardan usanmışdı, ruslarla yenidən müharibəyə girməyəcəkdi.Tufarqanda məskunlaşan Paskeviç hər gün məktub göndərirdi: “Ya Türkmənçaya gəl, ya da Tehrana girirəm”. Təbrizin var-dövləti, qızılı, xəzinəsi, Şeyx Səfi məqbərəsindəki qiymətli əlyazmaları qatırlara yüklənib Peterburqa daşınırdı. Məsciddə üləmaları, mollaları başına yığıb imperatorun müsəlman sevgisindən danışan rus general İsa Məsihə and içirdi ki, qiymətli əlyazmalar, qızılla yazılmış Quran ayələri Peterburqa yalnız ona görə aparılır ki, ordaki müsəlmanlara dərs vəsaiti kimi üzü çıxarılıb yenidən Təbrizə qaytarılacaq. Beləcə tarixinin ən rəzil dönəmini yaşayırdı qədim Təbriz, var-dövləti, daşı-torpağıyla bərabər Ənzəli limanından Peterburqa daşınırdı.
…Yaz gəlmişdi, iki ay öncə Tehranın iştirakı ilə Qacarlar tarixin utanc səhifəsinə dünyada təkrarı olmayacaq rüsvayçı “Türkmənçay” sazişi yazdı. Müqavilənin bütün bəndlərini Paskeviçin bacısı oğlu, İrana təzə səfir göndərilmiş Qriboyedov diqqətlə işləmiş, ermənilərin mükafatlandırılması üçün hər hər şeyi nəzərə almışdı. Vaxt itirmədən erməni ailələri dövlət xərcinə Qarabağa, Naxçıvana, Meğriyə, İrəvana, müsəlman mülkədarlarının torpaqlarına köçürülməlidir. “Türkmənçay”ın ildönümünə Peterburqda keçiriləcək atəşfəşanlıqda yüzüncü top atəşinin İran səfirinin şərəfinə açılması üçün Qriboyedov başaçılmaz əməllər edir, erməni, gürcü və yunan ailələrinin Şimali Azərbaycana köçürülməsi üçün qapı-qapı düşüb siyahıyla xristian toplayırdı. Müqavilənin 9-cu bəndinə görə Rusiyanın Qacarlar dövlətinə təyin etdiyi konsullara, ticarət işçilərinə hörmət və ehtiram göstərilməli, kəsdiyi başın sorğu-sualı olmamlıydı. Təbriz kimliyini, qürurunu,təbrizliyini itirmişdi, küçələrində rus poruçikləri əl-qollarını sallayıb sahibi-zaman kimi gəzir, başlarını dik tutaraq şəhərə sahiblik edir, erməni-gürcü-yunan qadınlarından dəvət alırdılar. Yaxın dostları isə molla və üləmalar idi.
Təzə evləndiyi Nina Çavçavadzeni Təbrizdə qoyub işinin başına dönən səfir Qriboyedov Tehrana çatar-çatmaz İran şahından dəvət aldı. İngiltərəli lord Vulfiksonla Osmanlı Vedat paşanın da ziyafətdə olacağını eşidən səfir şaha təhqiredici məktub yazdı: “Cahana sahib olan imperator həzrətlərinin yüksək rütbəli diplomatı ingilis və Osmanlılarla bir masada oturacaq qədər özünü aşağılamaz, məni şəxsən qəbul edəcəksən”.
Səfirin özbaşınalığı Abbas Mirzənin də səbrini tükətmişdi. Təbrizdən aldığı məktub Qriboyedovu məyus etdi: “Atanız Pyotr “Cahana sahib olan İstanbula sahib olandır” demişdi. İstanbula sahib oldunuzmu?” Bu pərtliyin əvəzini Abbas Mirzədən çıxacağına özünə söz verən qudurmuş səfir Peterburq aristokratiyasına mənsub geyinib, davranışları nəinki diplomat ən adi insan rəftarına uyğun gəlməyən tərzdə Tehran sarayına yollandı. Ən yüksək səviyyədə qarşılanaraq, onun üçün ayrılmış məqamda oturdu və məddahlıqla ağırlandı. Saymazyana hərəkətləri ilə diqqəti çəkərək masa ətrafındaki danışıqlara qatılmır, şahla ayrıca görüş tələb edir, təkəbbüründən qalmırdı. Düşünürdü ki, ingilislərlə Osmanlılar birləşib İranı Türkmənçay müqaviləsini pozmağa məcbur edəcəklər. Bu isə xristanların Azərbaycana köçürülməsi planını alt-üst edər, imperatorun yanında gözdən düşər. Lakin çox keçmədən məqsədinə nail olur. Fətəli şahla həddən artıq kobud, bağıra-bağıra danışan Qriboyedov tez-tez ayağını yerə çırpır, əsəbi halda tüpürür, şahın qarşısında min oyundan çıxırdı:
– Xristianlar, xüsusən də ermənilər və gürcülər burada sıxıntı içərisindədirlər, onların təhlükəsiz köçürülməsi üçün təcili tədbir görülməli, büdcədən vəsait ayrılmalıdır. Tehranda və Təbrizdə, vilayətlərdə yaşayan xristianların siyahısı tutulub üç gündən gec olmayaraq masamın üzərinə gətirilməlidir. İlk növbədə sənətkarlar, ustalar, dulusçular, əkin-biçini bilən cütçülər köçürülməli, Şimali Azərbaycanda xrisianların sayı artırılmalıdır. Müqavilənin bir ilinə mənim imperatora ən böyük hədiyyəm bu olacaq. Peterburqda ən möhtəşəm top atəşi mənim şərəfimə atılmalıdır.
– Cənab səfir, imperator həzrətləri də, siz də bilin ki, İranda yaşayan xristianlar heç bir haqsızlıqla üzləşmir, sıxıntı çəkmir, müsəlmanlarla da pis keçinmirlər, çoxları islamı qəbul edib, müsəlman ümmətimizdir. Onlar İranın hər bir yerində istədikləri şəkildə yaşayırlar, kimsə onlara qarşı zor tətbiq etmir. Amma köçürmək məsələsində sizinlə razılaşmaya bilmərəm, çünki ermənilərin köçürülməsi müqaviləmizin əsas şərtlərindən biridir.
– Yaza qədər məsələ bitməlidir. Mənə elə gəlir ki, ingilislərlə Osmanlılar Qacarları qızışdırıb “Türkmənçay”ı ləğv etmək, yenidən savaşa başlamağa məcbur edirlər, baxın, qazanan yenə biz olacağıq.
– Mən sizi inandırıram cənab səfir, bunlar boş danışıqlardan başqa bir şey deyil. Qacarlar elə çökdülər ki, bir daha ayağa qalxmazlar. Bizə sülh amanı verdiyi üçün imperator həzrətlərinə əbədi minnəttdarıq. Allah kəramətini böyük, kölgəsini qalın etsin. Köçürülmə məsələsi ilə bağlı İranın hər cür yardıma hazır olduğunu imperator zati-alilərinə çatdırmanızı təmənna edirəm.
Bu qədər yarınmağın qarşısında şahla görüşdən donquldana-donquldana çıxan Qriboyedov əsəbdən qabarmış şəkildə səfirliyə gəldi. Vaxt itirmədən dayısı Paskeviçin son təlimatlarına uyğun olaraq səfirliyin işçilərini bir araya topladı.
– Şahın hərəkətindən gözüm su içmir, ingilislər və osmanlılarla əlbirdilər. Böyük Rusiyanın Qafqazda möhkəmlənməsinin tək çarəsi qısa vaxtda ermənilərin İrəvana, Naxçıvana və Qarabağa köçürülməsidir. Bu iş ildırım sürətilə gerçəkləşməli, məskunlaşan ailələrin bütün istəkləri nəzərə alınmalıdır.
Köçürülən erməni ailələri üçün hər cür güzəşt edilir, dövlət xəzinəsindən pul ayrılır, iqlim şəraitinə görə köçürülməsi ləngiyən bölgələri çar Rusiyasının əsgərləri qoruyurdu. Qriboyedovun geniş fəaliyyəti nəticəsində 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayəti təşkil edildi. O vaxtı bu bölgələrdə mövcud olan 752 obanın yalnız 62-si erməni kəndi idi. Paskeviç ermənilərin Qafan və Mehri ətrafında yerləşdirilməsinə xüsusi diqqət yetirilməsi üçün tapşırıq vermişdi: “Rusiyanın maraqları sərhəd boyunca ermənilərin yerləşdirilməsi, təhlükəsizlik zolağının yaradılması deməkdir”. Səfir inanılmaz canfəşanlıq göstərərək ermənilərin köçürülməsində şəxsən iştirak edirdi.
Düşündüyü kimi köç siyasəti müqavilədən bir neçə ay sonra – 1828-ci il iyunun 11-də başa çatdı. Bu müddətdə 8249 erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülərək bölgədə hələ adı qoyulmamış erməni dövləti yaradıldı. Sonradan Paskeviçin tapşırığına görə İrəvanda məskunlaşmış 5 min erməni ailəsi də Qarabağa gətirildi. Bu köçürülmələr Şimali Azərbaycanda müsəlman əhalisinin sıxışdırılması ilə aparılır, ən keyfiyyətli torpaqlarda ermənilər məskunlaşdırılırdı. Onun erməniləri Şimali Azərbaycanda məskunlaşdırılması planı Rusiya imperiyası tarixinin ən uğurlu siyasəti oldu. Həmin plana uyğun olaraq Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altındadır. İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, daha sonra Qarabağ erməni ərazisinə çevrildi. Erməniləri himayə etməsi və onlardan bufer vilayət düzəltmək istəyi həm Qriboyedovun, həm də Azərbaycan torpaqlarının gələcək faciəsinin başlanğıcı idi.
“Türkmənçay” anlaşmasının bir ilinə az qalmışdı. Peterburqda keçiriləcək tədbirdə imperatorun hüzuruna ağ üzlə getmək üçün dəridən-qabıdan çıxan səfirin İrandaki hoqqabazlıqları dillərə düşmüş, bir az da gülüş doğurmuşdu. Hirsindən çuğundur kimi qızardığına, erməni və gürcülərin qarşısında quzuya dönərkən müsəlman görəndə hirslə yerə tüpürməsinə əhli-İran teatra baxırmış kimi tamaşa edirdi. Din xadimlərinin başıxarab səfirin əl-ətəyini öpməsi, təzim etməsi səfirin onları alçaltmasına daha geniş imkan yaradırdı.
Səfir işlərini bitirib Təbrizə- arvadı Ninanın yanına getməyə hazırlaşırdı. Sabah erkəndən yola çıxmaq üzərəykən gecə Fətəli şahın üç xacəsindən biri olan, onbeş il əvvəl Gürcüstana gedən karvana basqın zamanı əsir alınıb axtalanaraq müsəlmanlığı qəbul eləmiş Mirzə Yaqub Markaryants qapını döydü. Xacə müqavilənin şərtlərini əsas gətirərək Rusiyaya qayıtmaq istədiyini bildirdi. Səfir onun burada vəziyyətinin yaxşı olduğunu bildiyindən qərarından döndərməyə çalışırdı: “Sənin burada hörmətin çoxdur, xacəlikdən əlavə həm də Şah sarayının xəzinəsinin hesabdarısan, var-dövlət sahibisən, niyə getmək qərarına gəlmisən?” Xacə isə qayıtmaqda israr edirdi. Vəziyyət bu duruma gəlincə Qriboyedov heç bir söz demir və evində ona sığınacaq verərək Təbriz səfərini ləngidir. Həmin gecə şahın qohumu Asəf-əd Dövlə ləqəbli baş vəzir Allahyarın siğəli iki erməni arvadı da səfirə pənah gətirir. Vəziyyətin mürəkkəb hal aldığını görən Qriboyedov ləngidiyi haqda Ninaya məktub göndərir: “Əzizim! Mələyim mənim, Allaha dua eləyək ki, bundan sonra bizi bir də ayrı salmasın. Burada əsirlər məni dəli eləyiblər. Bəzilərini geri vermirlər, bir başqaları isə özləri qayıtmaq istəmirlər. Onların ucbatından burada hədər vaxt itirdim, tamamilə hədər. Nə vaxt sənin yanına qayıdacağam? Bilirsənmi, səndən ötrü yaman narahatam… Bir az əvvəl şəhərə gəzməyə çıxmışdım; zəngin məscidlər, bazar, karvansara İran dövlətinin özü kimi xarabazarlıq təsiri bağışladı. Çox güman ki, biz gələn il bu yerlərə səninlə birlikdə gələcəyik və yəqin, onda hər şey gözünə yaxşı görkəmdə dəyəcək”.
Bir soyuq yanvar gecəsi idi, Peterburqun kübar cəmiyyətində şəninə yüzüncü top atəşinin açılmasına səbirsizliklə hazırlaşan təşəxxüslü səfirin çırağı hələ sönməmişdi. O, İran şahının əlindən zəncir çeynəyir, hədələyərək cəzalandıracağını söyləyirdi. Məsələdən xəbər tutan Fətəli şah xacənin və Allahyarın arvadlarının geri qaytarılmasını tələb edən məktub göndərir:
-Xacəm sənin evindədir, bu o deməkdir ki, arvadım sənin evindədir. Mirzə Markaryants həm də xəzinəmin hesabdarıdır, saraydan çıxarkən özüylə külli miqdarda qızıl götürüb.
Məktubu alan səfirin əsəbindən gözləri alışdı. Çevrəsindəkilərin, bu bir oyun ola bilər, onları geri ver, deməsinə də bağıraraq, onları şaha təslim etməyəcəm, deyə meydan oxudu.
…1829-cu il yanvarın 30-u, Tehranın din xadimi üləma Mirzə Məsih Adinə məscidindən əhli-müsəlmanları cihada çağırdı: “Ey müsəlmanlar, yer-göy qan ağlayır. Bu gün bizə yaşamaq, yemək, zövcələrimizlə xoşnud olmaq haramdır. Şahımızın xacəsi Mirzə Markaryants, daha betəri müsəlman olmuş iki erməni qadınımız rus gavurunun əlindədir, namusumuz iki paralıq oldu.Tehran Tehran olalı belə zülm, belə namussuzluq görməyib, cəhənnəm atəşində yanacağıq. Sizi məscid meydanına cihada çağırıram, gedib xacəni və erməni qadınlarımızı gavurun əlindən qurtarmalıyıq”.
Körüklənmiş müsəlman kütləsi erməni arvadların iffəti-namusunu qorumaq üçün səfirliyə basqın etdi. Bu məkanı kazaklar və əlavə olaraq şahın yüz nəfərlik qvardiyası qorumasına baxmayaraq minlərlə başı qızmış müsəlman əlinə balta, xəncər, dəyənək, yaba, dəhrə alaraq Qriboyedovun iqamətgahına hücum edib, xacənin və arvadların geri verilməsini tələb etdilər. Səfir üzərinə gələn kütləyə atəş açmaq əmri verdiyindən, 14 yaşlı bir uşaq öldürülür. Bundan sonra hadisələr qarşısı alınmaz hala gəlir, kütlə səfirliyin binasını tutur, qətliam başlayır. Hadisənin səbəbkarı xacə Markaryants daxil olmaqla bütün əməkdaşlar amansızlıqla qətlə yetirilir. Qriboyedovun başına daş çırpılır, o, arxası üstə yerə yıxılarkən gözü qızmış kütlə onun yaralanmış bədənini daş-qalaq edib qanını Tehranın küçələrinə yayır. Sonra da meyitini atların quyruğuna bağlayıb iki gün Tehranın küçələrində sürdürürlər. Ertəsi gecə biçarə səfirin meyitini yarğanın kənarından tapıb samanın arasına bükərək arabayla əvvəlcə Təbrizə, oradan da Tiflisə göndərirlər. Buna görə imperator İranı cəzalandırmasa da, Peterburqda Qriboyedovun xatirəsinə yüzüncü yaylım atəşi açılır.