Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixli müraciətindən sonra yenilənməyə başlayan Azərbaycan Ordusu respublikanın ərazi bütövlüyünü və ölkəmizin suverenliyini təmin edən Silahlı Qüvvələrə çevrildi
02.11.2023, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasının mühüm nəticələrindən biri də onun Azərbaycan Ordusunu ağır böhrandan qurtarması oldu. O, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə ordu quruculuğuna yeni məzmun verdi və müasir Silahlı Qüvvələrimizin yaranmasının əsasını qoydu. Onun rəhbərliyi ilə Azərbaycanın hərbi təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin zəmanətçisi olacaq ordunun formalaşdırılmasının dövlət səviyyəsində, mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi üçün qəti və təxirəsalınmaz tədbirlər müəyyənləşdirildi. Xalqın və ölkənin bütün imkanları bu mühüm prosesə səfərbər edildi, ordu quruculuğu zərərli sapınmalardan təmizləndi. Bu proses dövlətçilik təcrübəsi və milli maraqlar üzərinə gətirildi və bununla da Silahlı Qüvvələrimizin quruculuğunun keyfiyyətcə yeni dövrü başlandı. Həmin dövrün başlanğıcının əsasını isə Heydər Əliyevin Azərbaycan xalqına radio və televiziya ilə 1993-cü il 2 noyabr tarixli müraciəti qoydu. Bu gün Azərbaycan xalqının, dövlətinin və müstəqilliyinin çətin anlarının yaşantılarını əks etdirən bu müraciətin səsləndirilməsinin 30 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanovun “Tarixi müraciətin 30 illiyi” adlı araşdırma məqaləsində yer alıb.
Məqaləni təqdim edirik.
Bu müraciətində Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan ordunun böhran vəziyyətinə gətirilməsinin səbəb və səbəbkarlarından geniş söhbət açdı. Eləcə də bu sahədə ortaya çıxan çətinlikləri dərindən təhlil edərək yeni silahlı qüvvələrimizin yaradılması üçün xalqın və dövlətin qarşısında dayanan vəzifələrdən danışdı. Proqram xarakteri daşıyan bu müraciətin ana xəttini isə bütün xalqın Azərbaycana qarşı istiqamətlənmiş erməni təcavüzünün qarşısının alınmasına səfərbər olunması təşkil edirdi.
Prezident Heydər Əliyev o zamanlar təəssüflə qeyd edirdi ki, Azərbaycanın müdafiə qüvvələri hələ formalaşmamışdı və ölkənin qarşılaşdığı ağır hərbi böhranın əsas səbəblərindən biri də güclü ordunun olmaması idi. Heydər Əliyev öz müraciətində müxtəsər şəkildə Azərbaycanda ordunun təşkil edilməsinin səbəblərini açıqladı, bu sahədə yol verilmiş nöqsanlara işıq saldı və gəldiyi qənaətlərlə, ordunun qurulması işinin, onun təkmilləşdirilməsinin yollarını göstərirdi. O haqlı olaraq deyirdi ki, güclü ordunun qurulması uzun sürən prosesdir. Dahi şəxsiyyət ölkənin müdafiəsini üzərinə götürməyə qadir olacaq ordunun bir neçə ay ərzində qurula biləcəyini qeyri-mümkün hesab edirdi. Heydər Əliyev bu sahədə dövlətin və xalqın qarşısındakı vəzifələri geniş şəkildə şərh etdi, görülməli olan işlərin dövlətçilik əhəmiyyətini diqqətə çatdırdı.
Prezident qətiyyətlə bildirirdi ki, ordunun qurulması və möhkəmləndirilməsi üçün müxtəlif siyasi qüvvələrin bu prosesə yersiz müdaxilələrinin qarşısı alınmalı, onların öz iddialarını həyata keçirmək üçün silahlı qurumlar yaratmaq təcrübəsinə ciddi şəkildə son qoyulmalıdır. Yəni, Heydər Əliyev ordunun dövlətin rəhbərliyi ilə qurulmalı olduğunu, bu prosesin qanun və prinsiplərinə düzgün əməl edilməsinin vacibliyini vurğulayırdı. Heydər Əliyev söyləyirdi ki, respublikanın ərazi bütövlüyü uğrunda vuruşmaq istəyənlər Müdafiə Nazirliyinin strukturlarında birləşməli və hərbin tələbləri çərçivəsində fəaliyyət göstərməlidirlər: “Kim istəyirsə bizim müdafiə qüvvələrimiz möhkəmlənsin, hamı bir mərkəzdə – Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir. Kim orduda qulluq etmək istəyirsə, gəlib qulluq etsin”.
Dahi sərkərdə Heydər Əliyev ordu quruculuğunun aparılmasının qanunlarından biri olan mənəvi-ideoloji məsələlərin uğurlu həlli üçün konkret şəraitdən doğan bir sıra vacib və zəruri təklifləri irəli sürərək bu sahədə istər dövlətin, istərsə də cəmiyyətin üzvlərinin qarşısındakı vəzifələri müfəssəl şərh edirdi. Cəmiyyətdə yeni mənəvi-psixoloji mühitin formalaşdırılması üçün hər bir şəxsin vətəndaşlıq borclarına toxunmaqla yanaşı, o, ölkə miqyasında müəyyən tədbirlərin görülməsi barədə məsələlər qaldırdığını da bildirirdi.
Heydər Əliyev yaranmış vəziyyətin tezliklə aradan qaldırılması üçün, ilk növbədə, üzünü xalqa tutaraq onu səfərbər olmağa çağırırdı. Ulu Öndər qeyd edirdi ki, Azərbaycanın gələcək taleyi, mövcud olub-olmayacağı xalqımızın öz əlindədir və düşmənin işğal etdiyi torpaqlarımızı da azərbaycanlılardan başqa kimsə azad etməyəcək. O, yeni ordu qurulmasının və bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərə səfərbərliyinin mühüm şərtlərindən birini xalqın mübariz iradəsində görürdü.
Heydər Əliyev düşünürdü ki, respublikanın hər bir vətəndaşı Qarabağ müharibəsinin uğurla başa çatdırılması üçün faydalı iş görə bilərdi və bu, onların vətəndaşlıq borcuna çevrilməli idi. Dövlət rəhbəri diqqətə çatdırırdı ki, kim cəbhəyə yollanmalıdır, kim onların və ailələrinin qayğı ilə əhatə olunmasına kömək etməlidir, kim də döyüşçülərin mənəvi əhval-ruhiyyəsinin yüksəldilməsi üçün öz xidmətini göstərməlidir.
Ümummilli Lider Heydər Əliyev daha sonra müdafiə qüvvələrinin möhkəmləndirilməsi üçün Azərbaycanda mənəvi-psixoloji vəziyyətin dəyişdirilməsi zərurətinə toxundu. Heydər Əliyev hesab edirdi ki, respublika ictimaiyyətinin ayrı-ayrı təbəqələri də buna tərəfdar idilər. Ölkə rəhbərliyinə ünvanladıqları təklif və məktublarında bu məqsədlə daha ciddi və əməli tədbirlərin görülməsinin vaxtı çatdığını vurğulayırdılar.
Heydər Əliyev bu müraciətində birmənalı şəkildə ordu quruculuğunun dövlətin rəhbərliyi altına gətirilməsinin, ordu daxilində mühitin sağlamlaşdırılmasının, onun rəhbər heyətinin seçilməsinə diqqətin artırılmasının, çağırış və səfərbərlik işinin yeni səviyyəyə qaldırılmasının, struktur dəyişikliklərinin aparılmasının, ordunun xalqın qayğısı ilə əhatə olunmasının zəruriliyini qeyd edirdi.
1993-cü il 2 noyabr tarixli müraciət Ermənistanın hərbi təcavüzünün başladığı gündən dövlət rəhbəri səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, Vətən müharibəsinə səfərbər olmağa çağıran ilk çağırış idi. Bu müraciət Azərbaycan xalqında böyük əks-səda doğurdu, cəmiyyətdə canlanma yaratdı və dövlətimizin başçısının çağırışlarını cəmiyyətin əksər təbəqələri müdafiə etdi.
Bütünlükdə, Ümummilli Lider Heydər Əliyevin bu tarixi müraciəti hərb quruculuq sahəsində yaxın və uzaq gələcək üçün Azərbaycan xalqının qarşısında dayanan əsaslı vəzifələrə toxunan proqram xarakterli çıxış idi. Bu baxımdan Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixli müraciəti yalnız hərb quruculuq sahəsində deyil, Azərbaycanın dövlət quruculuğu sahəsində də mühüm əhəmiyyət kəsb edən nitq idi. Məhz həmin müraciətdən sonra çox böyük sürət və səmərə ilə Azərbaycanda yeni ordunun qurulmasına başlandı. Qısa zamandan sonra bu istiqamətdə aparılan işlərin mühüm nəticələri özünü göstərməyə başladı. 1994-cü ilin yanvarında Füzuli istiqamətində, həmin ilin aprelində Ağdam-Tərtər istiqamətində əldə edilən hərbi uğurlar Azərbaycan Ordusunda keyfiyyət dəyişikliyinin göstəricisinə çevrildi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin respublikaya rəhbərliyi dövründə isə bu uğurlar daha böyük sürətlə artdı. Azərbaycan Silahlı Qüvvələri bölgənin lider ordusuna çevrilməklə, həm də dünyanın ən güclüləri sırasında yer aldı. Məhz Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixli müraciətindən sonra yenilənməyə başlanan bugünkü Azərbaycan Ordusu respublikanın ərazi bütövlüyünü və bütün ərazilərdə ölkəmizin suverenliyini təmin edən Silahlı Qüvvələrə çevrildi.