www.1905.az portalının “Kvartet”ində dəyərli alimlərimizlə – Nigar xanım Gözəlova və Əkrəm Bağırovla bu barədə danışdıq.
Fuad Babayev: Hamımız uşaqlıqdan “Nadiri taxta görüb, Şah Abbası qundaqda” deyimini eşıtmişık və yaxud Üzeyir Hacıbəyovun qəhrəmanı Məşədi İbadın “Tarixi-Nadiri yarıyacan oxumuşam mən səni başa düşə bilməmışəm, bu bisavadlar haradan başa düşsün” sözləri ilə tanışıq. Mən mətbuatda maraqlı bir materiala rast gəldim. Orada qeyd olunur ki, “Tarixi-Nadir” heç də üç səhifəlik deyil, bir neçə yüz səhifəlik kitabdır. Və nə qədər qəribə olsa da o əlyazması Masallının Ərkivan kəndində saxlanılır. Bu barədə nə demək olar?
Nigar Gözəlova: “Tarixi-Nadir” çox böyük bir əsərdir. Məhəmməd Astrabadinin əsərini nəzərdə tuturam. Məhəmməd Astrabadi Nadirin rəsmi olaraq salnaməçisi olub. Bu şəxs həmişə Nadir şahın yanında olub, onu müşahidə edərək öz qeydlərini aparıb. Nə üçün belə bir deyim yaranıb? Məlumatlara görə, mədrəsələrdə uşaqlar fars dilini bu “Tarixi-Nadir”in bir neçə vərəqdən ibarət qısa məcmuəsindən öyrəniblər. Bundan sonra “Tarixi-Nadir”i yarısına kimi oxumuşam” ifadəsi yaranıb.
Fuad Babayev: Belə çıxır ki, Uzeyir Hacıbəyovun “O olmasın, bu olsun” daki personajı böyük yaddaşlarda iz qoymuş Məşədi İbad üç səhifənin yarısını oxumağını deyir. Mən Gövhər xanım Baxşəliyevanın “Nadir şah Əfşar. Diplomatik yazışmalar” kitabı haqqında yazısını oxudum. Hörmətli akademik Ramiz Mehdiyevin dəyərləndirmələrinin də yer aldığı bu kitabda bir çox maraqlı məqamlar var. Yığcam deyil, böyük “Tarixi-Nadir” Azərbaycan dilində nəşr olunub? Azərbaycanlı oxucu onu oxuya bilərmi?
Əkrəm Bağırov: Hələ yox. Amma onun üzərində iş gedir. Mütəxəssis var. Onun tərcüməsi üzərində işləyirik.
Fuad Babayev: Müstəqilliyimizin 26-cı ilində yaşayırıq. Nadir şah haqqında əlbəttə siz danışacaqsınız. Nadir şah böyük bir tarixi şəxsiyyətdir. Mətbuatın Şərqin Napoleonu, ikinci Makedoniyalı İsgəndər epitetlərinin məna yükünə fərqli yanaşmaq olar. Amma görünür Nadir şahı həqiqətən belə adlandırmağa əsaslar da var. Əkrəm müəllim, Nadir şahı öyrənməkdə gecikmirik ki?
Əkrəm Bağırov: Məsələ belədir ki, bizim tariximiz, ədəbiyyatımız farsdilli tarix və ədəbiyyat ilə müştərək yazılıb. O dövrün tələbi ilə bütün əsas əsərlər fars dilində yazılıb. İstər Nadir şah haqqında, istərsə də Şah İsmayıl haqqında olan mənbələr fars dilindədir. Bunları oxumaq üçün bizə mütəxəsisslər lazımdır. Amma o mütəxəsisslər hazırda barmaqla sayılacaq dərəcədə azdır. Məsələn İsgəndər bəy Münşinin “Tarixi-aləm arayi-Abbasi” (red. – “Dünyanı bəzəyən Abbasın tarixi”) 2500 səhifəlik əsərini Şahin Fazil tərcümə edərək ortaya gözəl bir iş qoydu. Bu, Şahin Fazildir, 10 il Əfqanıstanda olmuş, fars dilini çox gözəl bilən bir insandır. Amma əksər tarixçilər hazır materiallardan uzağa gedə bilmirlər.
Fuad Babayev: Bizdə əski əlifbanı bilməyən tarixçilər də kifayət qədərdir.
Əkrəm Bağırov: Əlbəttə, əski əlifbanı bilmək, hələ qafiyəli səclə (red – nəsrlə yazılmış bədii əsərlərdə sözlərin qafiyələnməsi) yazılmış klassik mətnləri oxumaq üşçün kifayət deyil.
Fuad Babayev: Belə deyə bilərikmi, müasir çağdaş fars dilini hətta normal səviyyədə bilmək o əlyazmaları tərcümə etmək üçün qənaətbəxş olmaya bilər?
Əkrəm Bağırov: Məsələn, Nigar xanım bir müddətdir fars dilini öyrənməyə başlayıb. Onunla birlikdə məşğul oluruq, amma o tarixi əlyazmalara gəlib çatana gədər hələ uzun bir yol keçməlidir.
Nigar Gözəlova: Bizim elmimizdə fars dilini bilməmək əlbəttə ki, ciddi bir problemdir.
Başqa bir məsələ də var ki, Sovet dövründə ümumiyətlə Nadir şahı ört-basdır edirdilər. Təsəvvür edin Ermənistanda Mkrtiçyanın “Ermənistan Nadir şahın hakimiyyəti altlnda” kitabı (red. – Л. Х. Тер-Мкртичян “Армения под властью Надир-шаха”) çıxırdı, amma bizdə Nadir şaha həsr olunmuş nə məqalə, nə əsər, nə də ki, bir kitab yox idi.
Ancaq müstəqilikdən sonra Lokkartın “Nadir şah” əsəri tərcümə olundu. Bundan sonra “Azərbaycan Nadir şah Əfşar dövründə“ adlı kitab nəşr olundu. Bu mövzuda silsilə məqalələr yazıldı, doktorluq mövzuları götürüldü. Bunu ancaq müstəqilik dövründə etməyə başlamışıq. Nadir şah bizim böyük sərkərdəmiz, dünya miqyaslı dövlət başcısı olub. Nadir şah haqqında Qərbdəki yazılarda böyük epitetlər var. Nadir şah yeganə şəxsiyyətdir ki, özü yaşadığı bir dövrdə Britaniyada onun haqqında qəzetlərdə məlumat çıxırdı. İkinci belə bir Şərq hökmdarı yoxdur. Nadir şah o qədər maraq doğururdu ki, bütün bu regionda yaşayanlara fars deyilməsinə baxmayaraq onu özününkiləşdirərək ”Беглый шотландец” adlandırırırdılar.
Fuad Babayev: Belə bir şablon fikir var ki, adətən Qərbin çox sevdiyi, bəyəndiyi şəxs söhbət müsəlman Şərqindən gedirsə, öz ölkəsinin əleyhinə çıxış edən bir adamdır. Buna münasibətiniz necədir?
Nigar Gözəlova: Azərbaycanın dövlətçilik tarixində Nadir şah Əfşar kimi böyük şəxsiyyətin tarix səhnəsinə çıxması, qüdrətli imperiyasının yaranması və yüksəlişi ilə səciyyələnir. Azərbaycanın görkəmli sərkərdəsi Nadir şah Əfşar Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirərək böyük bir türk imperiyası yaratmağa müvəffəq olub. Bu qüdrətli türk-müsəlman imperiyasının tarixinin araşdırılması Vətən tarixşünaslığı üçün aktualdır. Başqa bir məsələ də var ki, Sovet dövründə ümumiyyətlə Nadir şahı ört-basdır edirdilər. Təsəvvür edin, Ermənistanda Mkrtıçyanın “Ermənistan Nadir şahın hakimiyyəti altlnda” kitabı (red. – Л. Х. Тер-Мкртичян “Армения под властью Надир-шаха”) çıxırdı, amma bizdə Nadir şaha həsr olunmuş bir əsər yox idi. Ancaq müstəqilikdən sonra Nadir şaha həsr olunmuş dünya tarixşunaslığında ən ciddi əsər sayıla biləcək Lokkartın “Nadir şah” əsəri tərcümə olundu. Bundan sonra bu mövzuda silsilə məqalələr yazıldı, kitablar nəşr olundu,doktorluq mövzuları götürüldü. Bunu ancaq müstəqilik dövründə etməyə başlamışıq. Nadir şah bizim böyük sərkərdəmiz, dünya miqyaslı dövlət başcısı olub. Nadir şah haqqında Qərbdəki yazılarda böyük epitetlər var. Nadir şah yeganə şəxsiyyətdir ki, özü yaşadığı bir dövrdə Britaniyada onun haqqında qəzetlərdə məlumat çıxırdı.
Fuad Babayev: Belə bir şablon fikir var ki, adətən Qərbin çox sevdiyi, bəyəndiyi şəxs söhbət müsəlman Şərqindən gedirsə, öz ölkəsinin əleyhinə çıxış edən bir adamdır. Buna münasibətiniz necədir?
Nigar Gözəlova: Mən başa düşürəm nəyə işarə edirsiz. Nadir şaha həsr olunmuş demək olar ki, bütün tarix ədəbiyyatında “onun ziddiyyətli şəxsiyyət olduğu” qeyd edilir. Bir tərəfdən, Nadir şah XVIII əsrin I yarısının gerçəklikləri şəraitində imkansız hesab olunanları gerçəkləşdirə bilmiş böyük şəxsiyyət kimi dəyərləndirilir. Səfəvi dövlətinin əfqanların üsyanları, işğalı (bu üsyan Şah Hüseynin əfqanların xeyrinə taxtdan əl çəkməsi ilə nəticələndi), Xəzəryanı Azərbaycan vilayətlərinin ruslar, digər Səfəvi torpaqlarının böyük qisminin isə osmanlılar tərəfindən istilası nəticəsində tənəzzül və süqut mərhələsində olduğu tarixi məqamda bu dahi sərkərdənin, siyasi xadimin dağınıqlığa son qoyması və dövlətçiliyi bərpa etməsi nadir hadisə idi. Məhz bu şəraitdə Nadir (Təhmasib qulu adı ilə) şah II Təhmasibə xidmət etməyə başlamış, və “qeyri-mümkün” hesab olunanları həyata keçirməyi bacarmışdı. O, bütün istilaçıları ölkədən qovmuş, 1736-cı ilə doğru Səfəvi dövlətinin əski sərhədlərini bərpa etmişdi. Lakin məhz 1736-cı ildən (Nadirqulunun özünü şah və hakimi-mütləq elan etməsindən) sonra onun fəaliyyətinin dəyərləndirilməsi bir qədər dəyişir. Lakin bu günə kimi bir çox tarixi ədəbiyyatda, əsasən Qərb və farsdilli ədəbiyyatda, həmin ildən etibarən Nadir şahın fəaliyyəti müsbət, mütərəqqi mahiyyətini itirmiş və istilaçı, müstəbid kimi göstərilir.
Fuad Babayev: Biz burada istənilən tarixi şəxsiyyət və yaxud tarixi hadisə haqqında danışanda çox zaman tarixçiləri maraqlandıra biləcək nüanslara keçirik. Amma tarixçi olmayan adamları maraqlandıran məqamlar daha önəmli ola bilər. Tarix dərsliklərində Nadir şahın obrazı necə canlandırılır?
Nigar Gözəlova: Son zaman tarix dərsliklərində Nadir şah olduğu kimi göstərilir. Nadir şahın idarəçiliyi ilə bağlı olan məsələlər orta əsr imperiyalarının yaranması, inkişafı, tənəzzülü və süqutu kimi ümumi mövzular toplusu ilə bağlıdır. Həmin problemlər həm ümumnəzəri, həm də konkret-tarixi əhəmiyyətə malikdir. Bu məsələlər tarix elmində mübahisəli olaraq qalmaqdadır. Problemlərin nəinki ayrı-ayrı cəhətlərinə, habelə onların nəzərdən keçirilməsinə yanaşmalar müxtəlifdir. Nadir şah Əfşar imperiyasının yaradılmasına dair fikir ayrılıqları mövcuddur. Bu, ilk növbədə aşağıdakı sualla bağlıdır: “Nadir şahın siyasəti hansı məqamdan etibarən öz imperiyasını yaratmağa yönəlmişdir?” O, Səfəvi dövlətinin ərazisini həm əfqan işğalından azad etdi, həm də Osmanlı qoşunlarını dövlətin vilayətlərindən sıxışdıraraq çıxardı, rusları qəsb etdikləri Azərbaycan, Səfəvi torpaqlarını tərk etməyə məcbur etdi. Artıq 1736-cı ildən, daha doğrusu isə II Təhmasibin əslində hakimiyyətdən kənarlaşdırıldığı 1732-ci ildən etibarən Nadirin əməlləri aşkar surətdə öz hakimiyyətinin möhkəmləndirilməsinə yönəlmişdi. Əgər Səfəvi sülaləsinin nümayəndələri öz hakimiyyətlərinin legitimliyini “yeddinci imamın nəslindən olmaları” ilə əsaslandırırdılarsa, Nadir şah Səfəvi dövlətinin dini (o, Osmanlı sultanını cəfəriliyi islamın beşinci məzhəbi kimi tanımağa çağırırdı) və etnik (öz dövlətinin Osmanlı və Moğol dövlətləri ilə ümumtürk soylu olduğunu açıq şəkildə bəyan edirdi) irsinin yenidən nəzərdən keçirilməsi yolu ilə öz hakimiyyətinin qanuniliyi üçün yeni əsas yaratmağa can atırdı. Bütün bu fikirləri Nadir şahın osmanlı sultanları ilə apardığı diplomatik yazışmalarda və bağlanın müqavilələrdə öz əksini tapır. Nadir şahın məhz “etnik” siyasəti Osmanlı və hətta Moğol dövlətləri ilə münasibətdə tamamilə yeni bir cəhət idi. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, Səfəvi hökmdarları Osmanlı sultanlarına müraciət edərkən heç bir zaman açıq şəkildə ümumtürk soyundan olduqlarını göstərməmişdilər. Məhz Nadir şah ilk dəfə olaraq siyasi-diplomatik fəaliyyətində etnik amilə istinad etmişdi. Bu, dövlətlərin yaxınlaşmasına yönələn, onların etnik yaxınlığına, ümumiliyinə əsaslanan xüsusi strategiya idi. Nadirin öz hərbi dəniz donanmasını yaratmaq işinə marağı (həm Fars körfəzində, həm də Xəzər dənizində) da diqqətəlayiqdir. Bu cəhət Nadir şahı öz üstünlüklərini və nöqsanlarını dəqiq anlayan, uzaqgörən siyasi xadim, görkəmli strateq kimi dəyərləndirməyə əsas verir. Nadir şahın bu cür mütərəqqi baxışları onu mühafizəkar, ətalət girdabında ilişib qalmış bir çox Şərq hökmdarından əhəmiyyətli dərəcədə fərqləndirir.
Fuad Babayev: Nadir şah koloritli bir fiqurdu. Səhv etmirəmsə, tanınmış televiya mütəxəssisi, aparıcı Nadir Bədəlovun “Dahilərin divanı”nda Nadir şaha da veriliş həsr edilmişdi. Əkrəm müəllim, Siz necə düşünürsüz, Nadir şah Əfşarın roluna, onun çəkisinə, Şərqin Napoleonu olmasına rəğmən çağdaş Azərbaycan mediası ona lazımi diqqəti ayırır?
Əkrəm Bağırov: Qane edənə qədər hələ uzun bir yol keçməliyik. Nadir Şah haqqında olan yazılar, təqdimatlar hələ davam etməlidir. Düzdür Siz bayaq qeyd etdiz ki, Nadir şah Əfşarla bağlı akademik Ramiz Mehdiyevin redaktorluğu altında kitab çıxıb. Bu kitab bizim institutun materialları (red. – AMEA-nın Əlyazmalar İnstitutu) əsasında hazırlanmış bir əsərdir. Bu kitaba Ramiz Mehdiyev tərəfindən bütün nüansları vurğuluyan yığcam ön söz yazılıb. Həmin kitabın tərcüməçisi bizim institutun əməkdaşı Rauf Şeyxzamanlıdır. Nadir şah Əfşarın həyatı ilə bağlı məqamları üzə çıxaran yeni məktublar tapılıb. Nigar xanım Nadir şahın ərəb dilində yazılmış 11 yeni məktubunu üzə çıxarıb. Onlar artıq tərcümə edilib, hazırda nəşri ilə bağlı digər işlər gedir.
Nigar Gözəlova: Nadir şaha maraq həmişə olub. Son zamanlar isə, məncə daha da artıb. Amma Nadir şahın hakimyyətinin son illərində müəyyən ziddiyyətli məqamlara görə mediada fərqli fikirlər səsləndirilir. Əlbəttə ki, bu mövzunu dərindən bilmək hamının borcu deyil. Nadir şah Əfşarın şəxsiyyəti ziddiyyətli sayılsa da, onun həyatı, hərbi və siyasi xadim olaraq yüksəlişi, hökmdar kimi fəaliyyəti hər zaman tarixçilərin diqqət mərkəzində qalır. Qeyd edək ki, Nadir şah Əfşarın hakimiyyəti dövrünün araşdırılmasının xüsusi ənənələri vardır və həmin araşdırmalar böyük sərkərdənin hələ XVIII əsrdən başlanıb. Müasir tarixşünaslıqda da Nadir şahın şəxsiyyətinə və qurduğu dövlətin tarixinə maraq artmışdır və son illərdə istər Vətən tarixşünaslığında, istərsə də xarici tarixşünaslıqda bu sahədə araşdırmalar genişlənmişdir. Lakin elə buradaca qeyd etməliyik ki, bu araşdırmalar Nadirin imperiyasının kompleks öyrənilməsi üçün hələlik yetərli sayıla bilməz. Tarix İnstitutunda Nadir şah Əfşarın şəxsiyyəti və qurduğu imperiyanın tarixinə dair son onillikdə xeyli əsərlər ortaya çıxıb ki, bu da ilk növbədə, Azərbaycanın dövlətçilik tarixinin kompleks öyrənilməsi zərurəti ilə bağlıdır. Bu əsərlər yeni mənbələrin elmi dövriyyəyə cəlb edilməsi və bu tarixi şəxsiyyət haqqında tarixi ədəbiyyatda formalaşmış ənənəvi qərəzli fikirlərin dağıdılması və tarixşünaslığımızda layiqli yerini tutması baxımından əhəmiyyətlidir.
Fuad Babayev: Bu mövzunu dərindən bilməyən adam da kateqorik çıxışlar etməməlidir.
Nigar Gözəlova: Mirzə Adıgözəl bəy qeyd edir ki, Səfəvi hakimiyyəti dövründə Sınıq körpüdən Araz çayı üzərindəki Xudafərin körpüsünə kimi ərazini idarə etmiş Ziyadoğlu Qacar soyundan olan Gəncə-Qarabağ bəylərbəyləri də Muğan qurultayında iştirak edirdilər. Onlar Nadiri “şah taxtını qəsb etməkdə” ittiham edir və ona qarşı açıq və gizli şəkildə fəaliyyət göstərirdilər. Bu müxalifətdən xəbər tutmuş Nadir onları açıq şəkildə edam etməkdən çəkindi. O, Gəncə bəylərbəyilərinin nüfuzunun zəiflədilməsinə yönəlmiş bir sıra tədbirlər həyata keçirdi. Bu məqsədlə Qazax və Borçalı əhalisi gürcü əmirlərinə (çarlarına) tabe edildilər. Cavanşir, Otuziki və Kəbirli tayfalarının bir qismi Qarabağ vilayətindən Xorasan vilayətinə köçürüldü. Əmr olundu ki, Qarabağın xristian etiqadlı əhalisi “Xəmsə” məliklərinə birləşsinlər və onlar Gəncə xanlarına tabe olmasınlar, zəruri hallarda isə bilavasitə Nadirə müraciət etsinlər. Daha sonra, Mirzə Adıgözəl bəy qeyd edir ki, bütün bu tədbirlər nəticəsində Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və onlar çox pərişan oldular”.
Təmkin Məmmədli: İraqi-Əcəmdən tutmuş Hindistana qədər böyük ərazini əhatə edən Nadir şahın imperiyasının etnik tərkibi, Məliklərin etnik tərkibi haqqında araşdırma aparılıb?
Nigar Gözəlova: Bu təsdiq olunmuş faktdır ki, məlikliklərin hamısı alban mənşəlidir. Onlar Alban Katalikosluğuna tabe idilər.. Erməni olsaydılar Qriqorian katolikosuna tabe olardılar. Rusiya işğalından sonra Qanzasarın bütün arxivi Eçmiədzinin əlinə keçdi. Zəngəzurda yerləşən Tatev monastrının bütün arxivi ayrıca sərəncamla Eçmiədzin monastrına keçib. Erməni kilsəsisinin köçürlməsi ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Məlumdur ki, erməni kilsəsi XII-XV əsrə qədər Kilikiyada (Sisdə) yerləşirdi. 1441-ci ildə Kilikiya kilsəsindən ayrılmış bir qrup kilsə xadimi indiki İrəvan ərazisində yerləşən Eçmiədzində (red. – Üçkilsə) məskən salaraq, yeni katolikosluğun əsasını qoydular . Sovet dövründə Papazyanın Matenadaran (red. – İrəvan şəhərində qədim əlyazlamalrın saxlanıldığı, tədqiqi edildiyi, kitabxana, institut və muzey) materialları əsasında çap etdirdiyi ilk sənədlər göstərir ki, ermənilərin bu ərazilərdə torpaq almaq istəyi 1441-ci ildən əvvələ aiddir, təhminən 1430-1432-ci illərdə. Bundan əvvəl ermənilər bu ərazilərdə torpaq sahibi olmayıblar. Ermənilərin isə Üçkilsəyə gəlmələrini qayıdış kimi qələmə vermələri cəfəngiyyatdır. Ermənilərin daha ciddi şəkildə bu regionda torpaq mənimsəməsi XVII-XVIII əsrlərə təsadüf edir. Ermənilərə olan belə münasibət onların Yaxın və Orta Şərq regionunda fəal ticarətlə məşğul olması ilə bağlı idi.
Fuad Babayev: Sözügedən kitabda akademik Ramiz Mehdiyev ön sözdə qeyd edir ki: “Tarixi Azərbaycan torpaqlarının bölünməsinin başlsanğıcını Nadir şahın ölümü ilə əlaqələndirməyim heç də təsadüf, yaxud mübaliğə deyil. Bu tariximizin müqayisəli şəkildə tədqiqindən qaynaqlanan bir qiymət, həqiqəti tam şəkildə əks etdirən rəydir”. Bir oxucu kimi mən də bilmək istərdim. Nadir şahın öldürülməsindən sonra nə baş verdi?
Əkrəm Bağırov: Akademik Ramiz Mehdiyev onu belə vurğulayır ki, Azərbaycanın bölünməsi Türkmənçay, Gülüstan müqaviləsindən başlamır. Ondan çox-çox əvvəl Nadir şahın qətli ilə başlayıb. Nadir şahın qətlindən sonra Azərbaycanın acı günləri, xanlıqlara bölünməsi başlayır, Rusiyanın, osmanlıların təsiri və mövqeyi isə güclənir.
Fuad Babayev: Nadir Şahı kim və necə öldürdü? Nadir şahın ölümü barədə nə demək olar?
Nigar Gözəlova: Bu çox ciddi məsələdir. Mən bu suala cavab verməkdən əvvəl hörmətli Akademik Ramiz Mehdiyev fikrinə münasibət bildirmək istərdim. Səfəvilər dövlətində Azərbaycan əraziləri dörd bəylərbəyliyə bölünsə də, Azərbaycan adlı vilayətin tərkibində birləşmişdilər. Eyni inzibati-ərazi sistemini Nadir şah da qoruyub saxladı. Azərbaycan əraziləri vahid bir əyalət kimi Əfşar dövlətinin tərkibinə daxil oldu.
Fuad Babayev: Bu çox ciddi bir tarixi presedentdir.
Nigar Gözəlova: Sonradan parçalanma gedir. Parçalanan xanlıqları da asanlıqla Rusiya hissə-hissə öz təsiri altına salır. Biz deyə bilərik ki, xanlıqlar yaranana qədər Səfəvilər kimi vahid əraziyə malik böyük Əfşar dövlətimiz də olub.
Əkrəm Bağırov: İki ad var orada. Başqa mənbələrdə də bu var. Akademik Ramiz Mehdiyevin ön sözündə də bu var. İki ad gedir orada. Lakin bəzi mənbələr əsas həlledici onu öldürməyi gah birincinin, gah da ikincinin adı ilə bağlayırlar.
Fuad Babayev: Kim idi o adamlar? O adamlarım fərd olaraq adları ilə yanaşı, Nadirin ölümündə hansı qüvvələr maraqlı idi? Bu saray çəkişməsi idi, yoxsa xarici qüvvələrin təsiri var idi?
Əkrəm Bağırov: Nadir şahın başının kəsilib onun qardaşı oğluna göndərilməsi qətlin sifarişçisinin kim olduğunu məlum edir. Onun öldürlməsini tarixçilər həm də onun qəddarlığı və zülmü ilə izah edirlər. Amma burda siyasi səbəblər daha dərindədir.
Nigar Gözəlova: Bu saray çəkişməsi idi. Mən burada xarici səbəb görmürəm. Nadir şah Əfşarın hakimiyyətinin son illərində həyata keçirdiyi ağır vergi siyasəti, bunun nəticəsi olaraq əyalətlərdə baş vermiş üsyanları amansızcasına yatırması imperiyanın bütün guşələrində kütləvi narazılıqlara gətirib çıxardı.
Fuad Babayev: Nadir şahın ölümünün Azərbaycan torpaqlarının parçalanmasına gətirib çıxara biləcəyini çox adam başa düşürdü. Siz də çox yaxşı vurğuladınız ki, ruslar bundan dərhal istifadə etdilər, xanlıqları parçalayaraq hökm etməyə başladılar.
Nigar Gözəlova: Nadir şahın qətlinin sifarişçiləri də, icraçıları da hamısı saray əhli olub. Amma bundan ən cox Rusiya qazandı. Çünki Rusiyanın xarici siyasət sahəsindəki uğurları, onun beynəlxalq nüfuzunun xeyli artması, Avropanın böyük dövlətlərindən birinə çevrilməsi məhz bu zamana təsadüf edir. Rusiya rəsmi dairələrinin öz sərhədləri yaxınlığında Osmanlı imperiyası ilə yanaşı, daha bir güclü müsəlman-türk dövlətinin olmasını istəməməsi Nadir şahla münasibətlərin pisləşməsinin bir səbəbi idi. Buna görə də Rusiya hökumətinin Qafqazdakı xarici siyasəti Nadir şah Əfşarın təsirinin və hakimiyyətinin zəiflədilməsinə yönəldilmişdi. Dağıstan ətrafında mütəmadi olaraq Nadir şaha qarşı üsyanlar qalxırdı. Bütün bu üsyanları ilk növbədə Rusiya dəstəkləyirdi. Nadir şah Əfşar uzaqgörən siyasi xadim idi. O, öz dövlətinin Xəzər dənizində hərbi cəhətdən möhkəmlənməsi, dəniz ticarətindən gəlir əldə olunması üçün hərbi dəniz donanmasının yaradılması zərurətini gözəl anlayırdı. Qeyd edilməlidir ki, Nadir şah Rusiya imperiyasının Xəzər dənizindəki hərbi üstünlüyündən və ticarət inhisarından xeyli narazı idi. O, Xəzər dənizinin strateji əhəmiyyətini çox gözəl anlayır, hərbi-siyasi və iqtisadi cəhətdən uzağa hədəflənmiş məqsədlər güdürdü. Ən başlıcası isə onun bu tədbiri bölgədə öz hakimiyyətinin daha da möhkəmlənməsinə hesablanmışdı və öz dövlətinin şimal sərhədlərinin təhlükəsizliyini təmin eləmək istəyirdi. Onun başlıca məqsədi Rusiya imperiyasının bölgədəki mövqelərini zəiflətmək idi.
Fuad Babayev: Rusiyanın dənizdə hərbi gücü var idi.
Nigar Gözəlova: Rəsmi sənədlərə görə I Pyotrın vaxtında Rusiyanın Xəzər dənzində təxminən 100 gəmisi var idi. Səfəvi dövlətinin ümumiyyətlə Xəzər dənzində hərbi donanması yox idi. Nadir şah bunu çox gözəl başa düşürdü. Sovet dövründə bizim tarixşünaslığımızda yazılırdı ki, 1742-ci ildə Nadir şah Hindistandan qayıdandan Britaniyalı agent Con Eltonun köməyi ilə donanma yaratmağa başlayır. Amma, əslində həmin dövrü araşdıranda görürük ki, 1738-ci ildə Hindistan səfərinə çıxmazdan əvvəl Nadir Bakının xanı Məhəmməd Hüseyn Qapatanbaşı (Kapitanbaşı) təyin edir. O zaman admiral titulu hələ yox idi. Con Elton gələndən sonra isə onun təşkilatçılıq qabiliyyətindən də istifadə edildi.
Fuad Babayev: Britaniya ilə Rusiya arasında Hidistan uğrunda həmişə mübarizə olub.
Nigar Gözəlova: Nadir şah rəsmi olaraq Eltonu öz qulluğuna götürür, ona maaş verir. Onu lazım olan bütün vəsaitlərlərlə təmin edir. Çox qısa bir zamanda təqribən üç il ərzində (1743-1745-ci illərdə) Nadir şah Əfşar dövlətinin tərsanələrində bir neçə kiçik gəmi (təknə) və iki böyük gəmi (biri 20, digəri isə 25 topa malik olan) inşa etmişdilər. 1745-ci ildə dənizə buraxılmağa hazır olan 25 topluq gəmi Xəzər dənizində üzən istənilən rus gəmisindən üstün idi. O zaman daha dörd gəminin əsası qoyulmuşdu. Bundan xəbər tutan Rusiya Britaniyaya və Nadir şaha etiraz bəyanatı göndərir. Britaniyaya onun ərazisindən ticarət aparmağı, Rusiya ərazisindən Həştərxana Xəzər dənizi ilə çıxmağı qadağa edir. 1734-cu ildə imzalanmış ticarət müqaviləsinin 4-cü maddəsini ləğv edir. Nadir şahın ölümündən sonra ruslar Xəzər dənizində yerləşən bütün gəmiləri yandırırlar. Donanma məsələsi ümumiyyətlə cox vacib məsələ idi. Nadir şah Əfşarın əsas məqsədi yaratdığı imperiyanı həm də güclü dəniz dövlətinə çevirmək idi. Nadir şah özünün hərbi yürüşləri, dini islahatları ilə məşhurdur. Amma məncə, onun ən böyük siyasi addımlarından biri kimi Xəzər dənizində hərbi donanma yaradılması niyyətini hesab etmək olar.
Fuad Babayev: Mən bir sual da vermək istəyirəm. Biz adətən siyasi fiqurları dəyərləndirərkən qütbdən-qütbə yuvarlanmağı xoşlayırıq. Bu bütün dövrlərdə məncə belə olub. Sovet dönəmində Nadir Şah görünür ki, birmənalı olaraq pis təqdim olunub. İndi isə o daha çox yaxşı və az qala ideal bir obrazda verilir. Nadir Şahla maraqlananlar üçün onun yığcam bir bioqrafiyası, onun həm qəddarlığını , qaniçənliyini, həm də donanma yaratmasını əks etdirən portreti varmı?
Nigar Gözəlova: Nadir şah haqqında çox kitablar yazılıb. Tarix İnstitunda bununla bağlı cox geniş iş gedir. Bütün bu əsərlər dünya elmində əsaslı kök salmış və Nadir şah dövləti tarixinin obyektiv tədqiqini çətinləşdirən tutarsız təfsirləri aradan qaldırmaq tələbatından yaranıb. Nadir şahın hökmranlığı tarixi üzrə qaynaqların məcmuası da son dövrdə xeyli genişlənmiş, yeni Hollandiya, Rusiya və Osmanlı mənbələri ilə zənginləşib. Səyyahların, diplomatların məlumatları və raportları, habelə ticarət şirkətləri arxivlərinin sənədləri də bu sıraya aid oluna bilər. Bir daha qeyd edək ki, Nadir şah dövrü tarixinə dair son illərin yeni elmi araşdırmaları Nadir şahın hərbi-siyasi fəaliyyətinin məqsədləri və vəzifələri haqqında bir sıra əski, qərarlaşmış baxışları, rəyləri, mülahizələri yenidən nəzərdən keçirmək zərurətini aktuallaşdırıb. Ona görə də tarixçilərin vəzifəsi bütün tarixi abidələri və qaynaqları kompleks şəkildə araşdırmaq, müqayisə etmək, qaynaq məlumatlarındakı hər bir faktı ətraflı yoxlamaq, bu faktların məcmusunu təhlil etməkdir. Nadir şah Əfşarın Azərbaycan xalqının və regionun tarixində oynadığı rolla bağlı olan mübahisəli məsələləri yalnız bu vəzifələri yerinə yetirməklə həll etmək mümkündür.
Əkrəm Bağırov: Bir İran tarixçisinin dedyi kimi bütün hökmdarların ətəyində qara ləkələr var. Amma bu qara ləkələrin az-çoxluğu məsələsi də var. Az qara ləkələr olan hökmdarlar var və çoxlu qara ləkələr olan hökmdarlar var. Mən özüm əslində tarixçi deyiləm, şərqşünasam. Ədəbi təzkirələri araşdırıram. Tərcümələr edirəm. Son dövrlərdə necə oldusa mənim əlimə bir İran tədqiqatçısının Kərim xan Zənd haqqında yazdığı kitab düşdü. Bu doğrudan da geniş oxucu kütləsi üçün yazılmış bir kitab idi. Burada elə məqamlar var ki, onlarla razılaşmamaq da olar. Amma bu elə bir dildə yazılıb ki, onu oxuyan bir də oxumaq istəyir. Məhz bü xüsusiyyətinə görə mən bu kitabı Azərbaycan dilinə tərcümə etdim. Nigar xanım da ona çox gözəl bir ön söz yazıb. Orada olan bəzi məqamlarda Nigar xanım müəllifin fikri ilə razılaşmayaraq öz fikrini bildirdi. Amma onun əsəri olduğu kimi çap olundu. Bu gün belə populyar dildə yazılmış kitablara çox böyük təlaəbat var.
Fuad Babayev: Nigar Xanım, Əkrəm müəllim söhbətimizin son mərhələsində mən istərdim ki, biz oxucularımız üçün Nadr şah Əfşarın portret cizgilərini bir daha xatırladaq. Əlbəttə onun gördüyü işlər, görə bilmədiyi işlər, onun öldürülməsindən sonra yaranan boşluq nəticəsində yaşananlar və s. bunlar hamısı böyük elmi konfransların mövzusudur. Bunu araşdırıb başa çatdıtrmaq qeyri mümkündür. Onun elə aspektləri var ki, mən çox istərdim ki, ordu quruculuğunda, diplomatiyada onlardan istifadə olunaydı. Bəlkə də olunur biz bilmirik. Beləliklə, Nadir şah kim idi sualına söhbətimizin son mərhələsində bir daha aydınlıq gətirməyinizi xahiş edirik.
Təmkin Məmmədli: Nadir Şahın uğursuzluqları, sülalə hakimiyyəti qura bilməməsi ilə bağlı fikirlərinizi də bizimlə bölüşməyinizi istərdik.
Nigar Gözəlova: Nadir şah hələ sağlığında öz böyük oğlu Rzaqulu Mirzəni özünün varisi elan etmişdir. Lakin Nadir şahın öldürülməsindən dərhal sonra onun qardaşı İbrahim xanın oğlu Əliqulu xan 1747-ci ilin iyun ayında özünü Adil şah elan etdi. Sonra o, Nadirin bütün oğullarını və ogul nəvələrini öldürdü, yalnız on üç yaşlı nəvəsi Şahruhu qətlə yetirmədi. Şahruh Nadirin böyük oğlu Rzaqulunun oğlu idi. Onun anası isə Şah Sultan Hüseynin qızı Fatimə Sultan Bəyim idi. Şahruh Məşhəddə həbsxanaya atıldı. Əliqulu xanın onu sağ saxlamasının səbəbi xalqın onun hakimiyyətinin qanuniliyini qəbul etməməsi ehtimalından yaranan qorxu idi və bununla da öz hakimiyyətinə legitimlik vermək üçün bu Əfşar-Səfəvi törəməsindən istifadə etmək niyyətində idi.Bununla belə, yeni hökmdar çox tezliklə öz tərəfdarlarının bir çoxunun ümidlərini doğrultmadı. Hətta İsfahana hakim təyin edilmiş doğma qardaşı İbrahim Mirzə belə ona qarşı çıxdı. 1749-cu ildə İbrahim Mirzə qardaşının qoşununu darmadağın etdi, Adil şahın özünün isə gözlərini kor etdi. Lakin bir neçə aydan sonra artıq o özü Şahruxun birləşmiş qoşunları tərəfindən darmadağın edildi, və 1749-ci ilin oktyabr ayının əvvəlində Məşhəddə Şahrux taxta əyləşir. Adil şah tutularaq Məşhədə gətirildi və orada edam edildi. Lakin artıq 1750-ci ildə Şahrux taxtdan salınır, həbs olunur və gözlərindən məhrum edilir. Taxta müvəqqəti olaraq Səfəvi sülaləsinin qadın xətti ilə olan nəslindən biri – Seyid Məhəmməd çıxır. Lakin bir necə aydan sonra Şahrux yenidən taxta qaytarılır və 1796-cı ilə qədər Xorasanda müxtəlif ittifaqlarla hakimiyyəti öz əlində saxlayır. Qeyd etmək lazımdır ki, Kərim xan Zənd də əfqanlı Əhməd şah Dürrani kimi Nadir şahın sərkərdələrindən idi və onlar hər vasitə ilə Şahruxun Xorasandakı hakimiyyətini dəstəkləyirdilər. Onlar ümid edirdilər ki, onun Xorasandakı hakimiyyətini saxlamaqla öz dövlətləri arasında bufer zonası yaratmış olurlar. Beləliklə, nə qədər inanılmaz səslənsə də, Nadir şahın yaxın qohumları onun sülaləsinə böyük zərbə vurduqları halda, Nadir şahın sərkərdələri Şahruxa dəstək verməklə öz başçılarının xatirəsinə daha çox sadiq qaldılar. 1796-cı ilə gədər Əfşarlar sülaləsinin hakimiyyəti Xorasanda davam edir. Bəzi mənbələr Şahruhun oğlu Nadir Mirzənin də hakimyyətə iddialı oldugunu yazır və onun özünü şah elan etdiyini qeyd edirlər.
Fuad Babayev : O neçə yaşında öldürülüb və bu işləri neçənci ildə edib?
Nigar Gözəlova: 1688-ci ildə anadan olub. 1726-cı ildə Şah Təhmasibin yanında xidmətə başlayıb. Onda Nadirin 38 yaşı var idi. 1747-ci ildə 59 yaşında isə qətlə yetirilib.
Təmkin Məmmədli: Farsdilli mənbələrində yəqin ki o İran şahı kimi təqdim edilir. Bəs ingilisdilli mənbələrdə o necə təqdim olunur?
Nigar Gözəlova: Nüfuzlu Qərb tarixşünaslığında bimənalı olaraq Nadir şahın, onun mənsub olduğu Afşarların mənşəyinin türk olması qeyd olunur. Bu danılmazdır. Bütün mənbələr bunu sübut edir və bu artıq dünya tarixşunaslığında gəbul olunub. Müasir dünya tarixşünaslığında Nadir şah dövrünün tanınmış tədqiqatçılarından biri də Laurens Lokkartdı. Son dövrdə bu problemlə bağlı xeyli əsər nəşr olunub. E. Takerin “Post-Səfəvi İranında Nadir şah hakimiyyətinin legitimlik axtarışları” (2006) adlı tədqiqat əsərini qeyd etmək olar. E.Takerin xidməti həm də ondan ibarətdir ki, o, bu əsəri ilə Nadir şahın etnik mənşəyi ilə bağlı olan məsələyə birdəfəlik nöqtə qoydu (halbuki müəllifin bilavasitə belə bir məqsədi yox idi). Nadir şah Əfşar 120-dən artıq döyüşdə iştirak etmiş, onların əksəriyyətindən zəfərlə çıxmışdı. Nadir şah zəmanəsinin böyük bir hökmdarı olub. Nadir şahın ölümündən sonra Əfşarlar dövləti süqut etdi, onun yaratdığı imperiya isə ara müharibələri nəticəsində dağıldı. Dünya tarix elmində Nadir şah kimi böyük şəxsiyyətin mövqeyinin elmi cəhətdən müəyyənləşdirilməsi alimlərin diqqətini çoxdan cəlb edib. Bu problem hal-hazırda da aktualdır. Ona dünyanın müxtəlif qitələrində və müxtəlif dillərdə əsərlər həsr edilib və bu cür əsərlər hal-hazırda da nəşr olunur. Nadir şah Əfşarın hərbi-siyasi fəaliyyəti, dövlətçilik tarixində onun irsi müasir dünya şərqşünaslarının, xüsusilə Azərbaycanın orta əsr tarixini araşdıran alimlərin diqqət mərkəzindədir.
Əkrəm Bağırov: Məktublarında qeyd olunur ki, Nadir şah Hindstanı fəth edəndən sonra oradakı Moğol hökmdarı əvvəl gətirib öz tacını təhvil verir və deyir ki, onun şahlığı bitib. Nadir şah isə bunun ardınca onu yenidən şah təyin edərək tacını özünə qaytarır və qeyd edir ki, bizim nəslimiz türk nəslidir, soyumuz türk soyudur.
Nigar Gözəlova: Əfşar tayfasının türk mənşəli olduğunu bir çox yazılı mənbələr, o cümlədən Mahmud Qaşğari (XI əsr) təsdiq edir. “Əfşarlar türk oğuz boylarından biridir. Oğuzlar 22 boydan ibarət olan türkmanlar idilər. Əfşar tayfası bu türkmanlar silsiləsinin altıncı sırasında xatırlanır”. Əli Əkbər Dehxodanın yazdığına görə, “əfşarlar əsl-nəcabətli türk qəbilələrindən biridir”. Bu fakt ingilisdilli qaynaqlarda da özünün təsdiqini tapır. Fəzlullah Rəşidəddin Həmədaninin (XIV əsr) məlumatlarına görə (L.Lokkart da bu məlumatları öz əsərində təqdim edir), əfşarlar “düzənliklərdə yaşayan türk xalqıdır”, qəbilənin mifik banisi Əfşar (və yaxud Avuşar) babası Oğuzun (türklərin əfsanəvi əcdadının) qoşunlarının sağ cinahında döyüşürdü. Əfşarlar XIII əsrdə monqolların yürüşləri zamanı bu ərazilərə Mərkəzi Asiyadan köçmüş, Azərbaycanda da məskunlaşmışlar. Şah I İsmayıl (1487-1524) özünün nəhəng ordusunu əsasən əfşarlardan və altı digər türk tayfasından (şamlu, rumlu, ustaclu, təkəlu, zülqədər və qacar) təşkil etmişdi. Nadir Əfşarların Qırxlu boyuna mənsub idi. Bu boy şah I İsmayılın dövründə Xorasana köçmüşdü.
Əkbər Bağırov: Nadir şahın ordusunda işlənilən bütün hərbi terminlər türk dilində idi. Belə bir əhvalat danışım. Hindistanı tutandan sonra Moğol hökmdarının Baş vəzirindən soruşur ki, hərəmində nə qədər qadın var? O da cavab verir ki, 850 arvadı var. Nadir Şah əmirlərinə deyir: “O əsirlərdən 150 arvadı ayırıb verin buna qoy minbaşı olsun. Başqa cür minbaşı ola bilmir”.
Nigar Gözəlova: Mən istəyirəm ki, tarixşunaslıqda Nadir şah böyük bir hökmdar kimi qalsın. Səfəvi dövlətini əfqanların üsyanından, Rusiyanın və Osmanlı dövlətlərinin işğalından sonra bərpa etmiş bir şəxsiyyət kimi qalsın. Böyük bir sərkərdə, islahatçı, təhsili olmasa da böyük bir diplomat kimi xatırlansın. Nadir şahın şəxsi keyfiyyətlərinin qeyri-adiliyini, sıravi bir şəxsiyyət olmadığını qeyd edərkən dəyərləndirmədə ifrata varmaq, onu ənənəvi, qəddar istilaçı kimi təqdim etmək, yaxud onun siyasi simasını, portretini süni bəzəmək qeyri-elmi mövqe olardı. Nadir şah mürəkkəb, ziddiyyətli bir tarixi şəxsiyyət, dövlət xadimi kimi qəbul edilməlidir. Onun zəngin şəxsiyyəti özündə həm müsbət, həm də mənfi cəhətləri ehtiva edirdi. Bu xüsusiyyətlər bütün böyük dövlət xadimlərinə xas idi. O, hər bir fateh kimi döyüşür, məhv edir, talan edir, dağıdır, viran qoyur, lakin məğlub olanları öz tərəfinə çəkir, bir sıra hallarda isə öz istilalarının möhkəmliyinin və sabitliyinin qayğısına qalırdı. Bununla əlaqədar onun hərb sahəsində tədbirlərini, o cümlədən əvvəlki dövrə nisbətən daha mütəşəkkil ordu, hərbi dəniz donanması yaratmaq cəhdlərini xüsusilə qeyd etməliyik. Bu cəhdlər, dövlətçilik quruculuğu sahəsində tədbirlər Azərbaycan tarixində yeni hadisə idi.
Hazırladı: Təmkin Məmmdəli, 1905.az
Material ilk dəfə 15 sentyabr 2017-ci ildə dərc olunmuşdur.