
Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Lamiyə Nəsirova ilə tarixi romanlarımızdan danışdıq.
Fuad Babayev: Tarixlə maraqlanan orta statistik azərbaycanlı oxucuya ilk növbədə hansı Azərbaycan tarixi romanlarını oxumağı tövsiyə edərdiniz?
Nərgiz Cabbarlı: Burada birmənalı fikir söyləmək bir az çətindir. Mən Fərman Kərimzadəni məsləhət görə bilərəm. Çünki Fərman Kərimzadənin əsərlərində həm tarix, həm də müəllifin obyektiv yanaşması var. Adətən sıravi oxucu tarixi sənədlərdən deyil, tarixi romanlardan və ya filmlərdən öyrənir. Müasir dövrün yanaşmasında isə tarixin dekonstruksiyası da, dəyisdirilməsi də…
Təmkin Məmmədli: Təhrifi də var.
Nərgiz Cabbarlı: Bəli.Çox fərqli tarixi şəxsiyyətləri bir müstəvi daxilində təqdim etmək postmodernizmin tələblərindən biridir. Azərbaycan tarixi romanları haqqında təsəvvürün olması üçün Fərman Kərimzadə ilə yanaşı Yusif Vəzir Çəmənzəminlini, Məmməd Səid Ordubadini mütləq oxumalısan.
Lamiyə Nəsirova: Fərman Kərimzadənin tarixi romanlar müəllifi olması danılmaz faktdır. Onun “Qarlı aşırım”, Xudafərin körpüsü”, “Təbriz namusu” kimi əsərləri özündə çox vacib tarixi faktları əks etdirir. Bu romanların hər birində tarixi həqiqətlər, Azərbaycan xalqının ziddiyyətli, mürəkkəb, keşməkeşli tarix yolu yazıçının bədii təxəyyülü vasitəsilə vəhdətdə təsvir olunub. Təbii ki, bu əsərlər əsasında bədii filmlər də çəkilib. Müasir oxucu tarixinə bələd olması və milli kimliyini dərk etməsi üçün mütləq bu əsərləri oxumalıdır.
Nərgiz Cabbarlı: Mən üzr istəyirəm, Əzizə Cəfərzadənin adını çəkməyi unutdum.
Lamiyə Nəsirova: Bəli, Əzizə Cəfərzadənin “Bakı-1501”, “Yad et məni” romanlarını qeyd etmək olar.
Fuad Babayev: Əslində, Azərbaycan tarixi ilə bağlı oxucuya təqdim ediləcək romanların sayı çoxdur.
Nərgiz Cabbarlı: Bəli, çoxdur. Mən bir məqamı xüsusulə vurğulamaq istəyirəm ki, tarixi roman təkcə fakt yığınından ibarət deyil. Tarixi roman təkcə faktın ədəbiyyata gətirilməsi deyil. Burada situasiyalar elə təsvir olunmalıdır ki, müasir oxucu özünü o proseslərin içində hiss edə bilsin. Adi otağın təsviri elə xırdalıqlarla verilməlidir ki, oxucu özünü həmin məkanda hiss etsin. Əsərdə qəhrəmanların danışığı elə olmalıdır ki, oxucu hadisələrin gedişatını o nitqdə qəbul edə bilsin. Əgər tarixi romanda hökmdar sovet dövrünün məmuru kimi danışırsa, mən o əsəri oxuya bilmirəm.
Fuad Babayev: Mənim uşaq vaxtı oxuduğum “Spartak” (Rafaello Covanyolinin “Spartak” romanını Azərbaycan dilinə Beydulla Musayev tərcümə edib – red.) romanı indiyə kimi gözümün qabağındadır. Yanın əsərlərini oxuyanda görürsən ki, tarixi roman necə olmalıdır.
Lamiyə Nəsirova: Bəli, Vasili Yanın trilogiyasına daxil olan “Çingiz xan”, “Batı” və “Sonuncu dənizə doğru” əsərləri həqiqətən tarixi roman janrının gözəl nümunələridir.
Fuad Babayev: Bu yaxınlarda ailə kitabxanamız üçün Ordubadinin latın əlifbası ilə nəşr olunmuş “Qılınc və Qələm” və “Dumanlı Təbriz” romanlarını aldım. Uşaq vaxtı oxuduğum bu romanlar müasir oxucu üçün sanki çox ağırdır.
Nərgiz Cabbarlı: Hadisələrə və mətnlərə zaman çərçivəsindən yanaşmaq lazımdır. Mənim doktorluq işim məhz roman tədiqatına (“Azərbaycan romanının təkamül prosesi” – red.) həsr olunub. Nəzərə almaq lazımdır ki, Ordubadinin qeyd etdiyiniz romanları ötən əsrin 30-cu illərində yazılıb. Həmin dövrdə Azərbaycan ədəbiyyatı üçün roman anlayışı yeni idi. Baxmayaraq ki, bizim tədqiqatçılar arasında romanın tarixini Nizamiyə aparıb çıxaranlar da var. Bu tendensiya rus ədəbiyyatına da xasdır. Onlarda da rus romanının tarixini orta əsrlərə bağlayanlar var.
Lamiyə Nəsirova: Bəli, romanın XIII – XIV əsrlərə aid olduğunu iddia edən təqqiqatçılar da var.

Nərgiz Cabbarlı: Əslində bu belə deyil. Əgər bizdə orta əsrlərdə roman anlayışı olsaydı, bu təzkirələrimizdə (görkəmli şəxsiyyətlərin, xüsusən şair, rəssam və b.-nın həyatı haqqında qeydlər və əsərlərindən nümunələr verilən əsər – red.) də öz əksini tapardı. Ona görə də Ordubadinin əsərləri bu baxımdan ilk cəhdlər idi. Bu əsərlərdə primitivlik də, tavtologiya (mənaca eyni və ya bir-birinə yaxın olan söz və fikirlərin təkrarı – red.) da var. Amma Azərbaycan ədəbiyyatının tarixi mərhələlərini bilmək baxımından həmin əsərləri oxumaq lazımdır. Müasir dövrdə yazılmış əsərlərə misal olaraq Aydın Talıbzadənin “Əbuhübb”, Qan Turalının “Fələk qırmancı” , Kamal Abdullanın “Yarımçıq əlyazma”, İlqar Fəhminin “Qarğa yuvası” romanlarında da tarixi araşdırma və tarixə dönüş var.
Fuad Babayev: Amma bu əsərlər tarixi roman deyil?
Nərgiz Cabbarlı: Amma tarixi romançılıq ənənəsini öyrənmək istəyən tədqiqatçı mütləq bu əsərləri araşdırmalıdır. Çünki bu əsərlər tarixi romançılıqda artıq üslub baxımından yeni bir çığır açır.
Fuad Babayev: Bulqakovun “Master və Marqarita” əsərini siz tarixi roman hesab edirsiniz?
Nərgiz Cabbarlı: Onu da mən tarixi roman hesab etmirəm. Tarixi romanda sırf tarixi həqiqətlərin verilməsinin məqsədi konkret bir dövrü bütünlüklə təsvir etməkdir. Elə əsərlər də var ki, orada tarixdən fon kimi istifadə olunır. Misal üçün, Sabir Rüstəmxanlı Məhəmməd Hadiyə həsr etdiyi “Şair və şər” romanında tarixi hadisələr fonda verilir. Məqsəd Hadinin şəxsiyyətini tarixi fonda açmaqdır. Bu da tarixi roman elementləri daşıyan bir əsərdir. Mən “Şair və şər” əsərini tarixi roman adlandırmıram.
Təmkin Məmmədli: Tarixi roman janrının inkar edilməsi mümkün olmayan meyarları hansılardır?
Nərgiz Cabbarlı: Bu meyarlar mərhələlər üzrə fərqlənir.Dünya ədəbiyyatında ötən əsrin 90-cı illərinə qədər tarixi roman deyəndə, tarixin müəyyən bir mərhələsində şəxsiyyət və aparıcı proseslərin bütün detalları ilə birlikdə mətnə gətirməsi nəzərdə tutulurdu. Amma müasir dövrdə tarixi romana münasibət dəyişib. Artıq müəyyən tarix elementlərinin romanda görünməsi əsəri tarixi roman kimi dəyərləndirməyə imkan verir. Tutaq ki, mən “Şair və şər”i əvvəlki anlayışla tarixi roman adlandıra bilmirəm.
Təmkin Məmmədli: Müəllif onu tarixi roman sayır?
Nərgiz Cabbarlı: Müəllif onu tarixi roman sayır və tarixi prosesləri verdiyi üçün müəyyən dərəcədə həm də haqlıdır. Amma bu romanın əsas xəttini tarix deyil, Hadinin həyatı təşkil edir,
Təmkin Məmmədli: Məhəmməd Hadi də tarixi şəxsiyyətdir.
Fuad Babayev: Oxucular üçün tarixi romanın tərifini necə verə bilərik?

Lamiyə Nəsirova: Dünya ədəbiyyatını zənginləşdirən tarixi roman janrı böyük bir inkişaf yolu keçmiş, bədii düşüncəylə qələmə alınan əsərlərdə tarixi hadisələrlə yanaşı, şəxsiyyətlərin yaddaqalan obrazı yaradılmışdır. Bədii nəsrin ən yaxşı nümunələrindən olan bu əsərlərdə keçmiş hadisə və əhvalatlar yazıçı tərəfindən müasir dövrə gətirilir və tarixiliklə təxəyyülün vəhdəti kimi təzahür edir. Faktların və real gerçəkliklərin bədiiləşdirilərək təsvir olunmasında romanlar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, keçmiş zamanın yenidən canlandırılmasına xidmət edir. Sənədlər, real tarixi hadisələr və şəxsiyyyətlər üzərində qurulan romanlar yazıçı fantaziyası ilə bütünləşərək ərsəyə gəlir. Bu baxımdan romanda “sənədlilik” prinsipi əsas götürülür, yaradıcı münasibət və tarixdən bizə məlum olan faktlarla daha da zənginləşir.
Tarixi romanlar bəhs edilən dövrün sosial-mənəvi problemləri ilə yanaşı mürəkkəb və ziddiyyətli məsələlərini də işıqlandırır. Bəxtiyar Əsgərov “Azərbaycan tarixi romanlarında gerçəklik və bədii təxəyyül” kitabında qeyd edir ki, “…bütün zamanlarda tarixi roman müəlliflərinin qarşısında xalqın keçmişini, onun həyatında yer tutan maraqlı tarixi şəxsiyyətləri və ziddiyyətli hadisələri təsvir etmək durur…”. Bununla yanaşı, şəxsiyyətlər haqqında əfsanələşmiş əhvalatların yer alması əsərin bədii təsir gücünü artırır, həqiqətlərin qorunub saxlanması, bədii obrazların hadisə və faktlara istinadən yaradılması tarixi romanın mühüm tələblərindəndir. Yazıçının bədii təxəyyülü onu tarixi faktlardan uzaqlaşdırmamalıdır. Tarixi romanda tarixi faktlara sadiqlik mühüm əhəmiyyət kəsb edir.
Fuad Babayev: Tarixi faktların təhrif olunmaması tarixi romanın ən mühüm tələblərindən biridir. Amma tarixi faktlar müəyyən dərəcədə yazıçı təxəyyülü ilə cilalana bilər.
Nərgiz Cabbarlı: “Şair və şər” romanında bədii təxəyyülün daha çox olması tarixi faktlardan uzaqlaşmağa gətirib çıxarır. Aydın Talıbzadənin “Əbuhübb” və ya Kamal Abdullanın “Yarımçıq əlyazma” romanlarında tarixi faktlar var. Amma bu əsərləri birmənalı olaraq tarixi roman hesab etmək mümkün deyil. Ümumiyyətlə, hazırda dünya ədəbiyyatında tarixi roman janrına münasibət dəyişib. Bütün sahələrdə, o cümlədən şeirdə, romanda olan eksperimentlər, sintez cəhdləri tarixə romana da aiddir. Yəni eksperimentlərlə dolu yeni bir mətn yaradan müəllif eyni şeyləri tarixi romana da tətbiq edir. Çox maraqlıdır ki, Qarabağ müharibəsi ilə bağlı yazıçılarımız öz əsərlərində bu problemin tarixini, kökünü araşdırmağa üstünlük verdilər.
Fuad Babayev: Hərçənd ki, Fazil Güneyin Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi roman-trilogiyası var.
Lamiyə Nəsirova: Aqil Abbasın “Dolu” romanı var.
Nərgiz Cabbarlı: Bəli, var. Aqil Abbas da “Dolu” romanını yazdı. Yazıçılarımız daha çox tarixə üz tutdu. Ona görə ki, tarixdən yazmaq daha asandır.
Fuad Babayev: Azərbaycan tarixinin müxtəlif mərhələlərinin tarixi roman üçün mövzu olaraq seçilməsində ögey-doğmalıq hiss edirsiniz? Mənə elə gəlir ki, Şah İsmayıl dövrünə daha çox yer verilib.
Lamiyə Nəsirova: Səfəvilər dövrünü əks etdirən tarixi romanlarımız daha çoxdur.
Fuad Babayev: Tutaq ki, Qafqaz Albaniyasından bəhs edən tarixi roman yazılmayıb.
Təmkin Məmmədli: Ümumiyyətlə, antik dövrə aid tarixi romanımız yoxdur.

Nərgiz Cabbarlı: Bizim yazıçılar asana qaçıblar. Amma unutmaq olmaz ki,yazıçılarımızın Şah İsmayıl dövrünə daha çox müraciət etməsi həmin dövrlə bağlı materialların daha çox olması ilə bağlıdır.
Fuad Babayev: Həm də həmin dövr bizim fəxarət mənbəyimizidir.
Nərgiz Cabbarlı: Burada istedad amilini də nəzərə almaq lazımdır.Yazıçı yazdığı dövrü beynində canlandırmaq üçün elə bir poetik gücə malik olmalıdır ki, onu mətnə çevirə bilsin.
Fuad Babayev: Hər halda tarixi roman yazmaq müasir dövrdən yazmaqdan daha çətindir.
Nərgiz Cabbarlı: Bəli. İş orasındadır ki, tarixi roman yazan müəlliflərimiz tarixi bilirlər, amma onların poetik gücü bunu ifadə etməyə yetmir. Ancaq onlar bu həqiqəti qəbul etmirlər. Təəssüf ki, hər hansı personaya görə zəif romanın təriflənərək oxucuya təqdim edilməsində ədəbi və elmi cameəmiz də daxil olmaqla biz günahkarıq.
Təmkin Məmmədli: Oxucu da təriflənən əsəri oxuyacaq.
Nərgiz Cabbarlı: Bizim tərifimiz oxucunu əsəri oxumağa təşviq edir.
Fuad Babayev: Belə çıxır ki, ədəbi tənqidlə yanaşı ədəbi tərif də var…
Nərgiz Cabbarlı: Bu prosesdən kənarda qalmaq çox çətindir. Bəzən olub ki, bəyənmədiyim romanı tənqid etməmək üçün əsərin müzakirəsinə getməmişəm.
Fuad Babayev: Lamiyə xanım, siz Azərbaycan ədəbiyyatında Monqolustan mövzusunu araşdırmısınız. Azərbaycanda tarixi romanı yazmaq istəyən gənc yazıçıya nə tövsiyə edərdiniz?
Lamiyə Nəsirova: Tarixi romanlar tarixi faktlara əsaslanmalıdır. Tarixi gerçəkliklər heç vaxt mövzudan kənar qalmamalıdır. Sadəcə bununla yanaşı salnamələr, epik abidlər tarixi romanda əsas yer tutmalıdır. Misal üçün Fərman Kərimzadənin “Təbriz namusu” romanında orta əsrlər tarixinə güzgü tutan yazıçı Azərbaycanda Elxanilər (Hülakülər) hakimiyyəti qurmuş monqol sülaləsi dövrünü və hökmdarlarının hakimiyyətini tarixi qaynaqlara dayanaraq təsvir edir. Yazıçı üçün tarixi hadisələrin təsvirində əsas mənbə tarixçi, Elxanilər dövlətinin baş vəziri olmuş Rəşidəddin Fəzlullah əl-Həmədaninin “Came ət-təvarix” (“Tarixlər toplusu”) əsəridir. Tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir edən Fərman Kərimzadə “Təbriz namusu” romanında cərəyan edən hadisələrin nəqlində tarixçi Fəzlullah Rəşidəddin ilə birgə hərəkət edir. Salnamə və epik abidələrdən, hətta əfsanələşmiş hadisələrdən bəhrələnən müəllif Elxanilər (Hülakülər) dövrünün ictimai-siyasi mənzərəsini əks etdirir.
Ümumiyyətlə, tarixi romanlarda irəli sürülən şəxsiyyət konsepsiyası ədəbi qəhrəmanla birbaşa bağlıdır və onun mühüm cəhətlərini özündə cəmləşdirir. Şəxsiyyət konsepsiyası və tarixi şəxsiyyətə münasibət iki istiqamətdə təzahür edir: şəxsiyyətin mənəvi-psixoloji aləminin bədii əksi və ictimai-sosial mövqeyi. Tarixi şəxsiyyət həm müsbət, həm də mənfi xarakterli xüsusiyyətləri ilə tarixi romanda öz əksini tapmalıdır.
Nərgiz Cabbarlı: Tarixi roman yazmaq istəyən təbii ki, tarixi bilməlidir. Amma o, ilk növbədə yazmağı bacarmalıdır. Müəllif daim öz mətnini cilalamalıdır. Yazıçı sözünə və özünə məsuliyyətlə yanaşmalıdır.
Fuad Babayev: Biz tarixi həqiqətləri öyrənmək üçün hansı romanları oxumalıyıq?
Lamiyə Nəsirova: Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” (“Qan içində”) romanında Molla Pənah Vaqifin həyatından, həmçinin Qarabağ xanlığında vəzir olduğu dönəmdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələrdən, Rusiya və İran kimi iki nəhəng dövlətin Qarabağ xanlığına bilavasitə təsirlərindən bəhs edilir.

Fuad Babayev: Azərbaycan tarixinin hansı dövrü tarixi romanlarımızda diqqətdən kənarda qalıb? Müasir Qarabağ dövrünə lazımi diqqət ayrılıb?
Nərgiz Cabbarlı: Müasir Qarabağla bağlı da müəyyən romanlar yazılır. Şərif Ağayarın Raqub Orucova (Aprel şəhidi, polkovnik-leytenant – red.) həsr olunmuş “Komandir” romanını qeyd edə bilərəm. Qarabağ hadisələri ilə bağlı sırf tarixi roman yazılmayıb. Ötən əsrin 90-cı illərindən 44 günlük Vətən Müharibəsindəki Zəfərə qədər Qarabağ haqqında yazılmış romanlarda əsasən zavallı millət kimi təqdim edilmişik, bu əsərlərin ana xəttini ağlaşma təşkil edib. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən “Zəngulə” romanı bu baxımdan öz realizmi və təsir gücü ilə diqqəti cəlb edir.
Təmkin Məmmədli: Sovet dönəmində və müstəqillik illərində hansı tarixi romanlarımız xarici dillərə tərcümə olunub?
Nərgiz Cabbarlı: Tarixi romalarımızın xarici dillərə tərcümə edilməsini xatırlamıram. Bizdə xarici dillərə ən çox Çingiz Abdullayevin, Anarın və Elçinin əsərləri tərcümə edilib. Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi üçün konkret startegiya həyata keçirilməlidir.
Fuad Babayev: Azərbaycan tarixi romanı əgər düz başa düşdümsə, elə də qüsursuz durumda deyil. Siz Azərbaycan tarixi romanının perspektivini necə görürsünüz?
Nərgiz Cabbarlı: Azərbaycan nəsrində mənim gözləntim olan bir neçə imza var.
Fuad Babayev: Onları açıqlaya bilərsiniz?
Nərgiz Cabbarlı: Mən Mətanət Vahidin, Mübariz Örənin hekayələrini, Aydın Talıbzadənin yazı üslubunu, Şərif Ağayarın, Vüsal Nurunun romanlarını çox bəyənirəm.
Lamiyə Nəsirova: Tarixçi Əkbər Nəcəfin “Moğol şahmatı. Hüləgü xan”kitabında elmi araşdırmalar oxunaqlı tərzdə oxuculara təqdim edilir.
Nərgiz Cabbarlı: Afaq Məsudun, Zahid Sarıtorpağın, Natiq Məmmədlinin tarixi romana müraciət etməsi mənim üçün maraqlı olardı.
Fuad Babayev: Ümumiyyətlə, ümid var.
Nərgiz Cabbarlı: İstedadlı yazarlarımız olduğu üçün ümid etməyə əsasımız var. Kəramət Böyükçöldən mən qəşəng bir roman gözləyirəm. Elçin Hüseynbəyli və Nəriman Əbdülrəhmanlı da tarixi roman yazır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 24 yanvar 2025-cü ildə baş tutub.