Diskussiya Klubunun bu dəfəki qonaqları Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, Birliyin üzvləri Aydın Allahverdiyev, Faiq Babayev və Emil Məhərrəmovdur.
Fuad Babayev: Bildiyimiz kimi, ermənilər azərbaycanlılara qarşı irili-xırdalı soyqırım aktları törədib, onlara göstərilən dəstəyə güvənərək, bölgədə dövlət qurub, həmin dövlətin ərazisindən azərbaycanlıların deportasiyasına nail olublar. Eyni zamanda ölkəmizə qarşı təcavüz ediblər və bunun nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub.
Bu günkü dəyirmi masanın mövzusu tarixlə məşğul olan şagirdlərimizin tarix biliklərinin nə yerdə olduğunu araşdırmaqdır. AVCİYA-nın hörmətli Təvvəkül müəllimin də ekspert qismində iştirak etdiyi “Sərsəng SOS” layihəsi var. Təəssüf ki, Sərsəng su anbarının bir neçə kilometrliyində yaşayan və suyun qabağının kəsilməsi üzündən ağrı-acı çəkən yerli adamların da çoxunun bu yaxınlara qədər bu su anbarından xəbəri yox idi. Əgər biz bir neçə il bundan öncə işğal olunmuş ərazilərimiz haqqında bilgiyə malik deyiliksə, bütöv tariximizdən xəbərimiz varmı?
Yenə qeyd edirəm ki, bu günkü mövzumuz bizim tariximiz haqqında biliklərimizin səviyyəsi, orta məktəbdə tarix fənninin tədrisi, orta məktəblərin tarix müəllimlərinin həmin biliklərin çatdırılmasındakı roludur.
Təvəkkül Əliyev: Siz bilgisizlikdən danışdınız. Bilgisizliyin kökündə nə durur? Mən hesab edirəm ki, bizim dərsliklərimiz çox sayda materialla yüklənib. Bu çoxluq təşkil edən material, az sayda olan materialı qavramağa imkan vermir. Yəni lazım olmayan materiallar, informasiyalar dərsliyə daxil edilir və xüsusilə azyaşlı şagird bu paraqrafı, dərsliyi oxuyanda, həmin materialın içində itib-batır. Həmin materialın içində hansı hissənin önəmli olması, hansı hssəsini yaddaşında saxlamalı olduğunu və gələcəkdə hansının daha vacib olmasını ayırd edə bilmir. Bizim həmkarlardan biri ABŞ müşahidə edib ki, məsələn, müəllim hər hansı bir mövzunu şərh edərkən, şagird müəllimə bu mövzunun ona harada lazım olacağı haqda sual verir. Yəni şagirdlər öyrəndikləri materialların, onların gələcək həyatına hansı təsirinin olacağını bilmək istəyirlər. Qeyd edim ki, bizim materiallar indiyə qədər sırf öyrədici materiallar olub. Amma ondan nəticə çıxarmaq, onu həyatda, təcrübədə tətbiq etmək bacarığı uşaqlarda mümkündürmü? Bu cəhətdən bizdə müəyyən axsamalar var.
Əyani bir misal çəkim. 1970-1980-ci illərdə Şabranda qazıntı aparırdıq. Və bu qazıntılar zamanı 15-ə yaxın gil çıraq tapmışdıq. Turistlər və ya başqa qonaqlar gələn zaman bu çıraqları onlara göstərərək, bunlardan necə istifadə edildiyi barədə məlumatlar verirdik. Elə oldu ki, iki gün işıqlarımız söndü. Həmkarlarıma bu çıraqların birindən istifadə etməyi təklif etdim. Biz 10 elmi işçi bir neçə saat bu çırağı yandırmağa çalışsaq da, bacara bilmədik. Yəni bildiklərimizi, təcrübədə həyata keçirə bilmədik.
Qeyd edim ki, elə mövzular var ki, onlar sual doğurur. Yəni informasiya verilir, amma sonradan açılmır. Bu da bəzən uşaqların həmin mövzulardan kənar qaçmasına səbəb olur. Bu yaxınlarda televiziya kanallarından birində “Qarabağ məliklikləri” haqqında söhbətə rast gəldim. Şagirdlər birmənalı olaraq onları erməni məliklikləri kimi qəbul edirdilər. Halbuki biz hər yerdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycana gəldiklərini deyirik. Nəyə görə biz bunlara damğa vuraraq, hamısını erməni məliklikləri adlandırırıq? Axı onların hamısının kökündə albanlar durur. Orta əsrlərdə xristianığı qəbul etmiş, erməniləşmiş albanlardır. Düşünürəm ki, biz bu məsələləri qabarda bilmirik. Mərhum tarixçi İqrar Əliyev həmişə deyərdi ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri həm DNK, həm antropoloji cəhətlərinə görə tamamilə fərqələnirlər. Hal-hazırda Ermənistanda olan yerli əhali Qarabağ ermənilərinə ögey kimi yanaşır. Onlar arasında bir ziddiyyət var. Biz heç vaxt bunu qabardaraq, həm siyasi, həm ideoloji cəhətdən ciddi məsələ kimi ön plana çəkmirik. Dərsliklərin bir hissəsində erməni dövlətinin olmaması, Ermənistan dövlətinin çox uzaqlarda mövcud olması kimi materiallar var. Amma sonrakı paraqrafda ermənilərin torpaqlarımıza hücumu haqında bir materiala rast gəlinir. Və təbii ki, şagirddə belə fikir doğur ki, axı bu ermənilər mövcud deyildi? Məsələn, buna Eldənizlər dövləti haqqındakı paraqrafda rast gəlmək olar. Qonşuluqdakı kiçik gürcü çarlığının Eldənizlər imperatorluğunu Təbrizə kimi talan etməsi qeyd olunub. Şagirddə sual yaranır ki, kiçik bir çarlıq, böyük imperatorluğu necə talan edə bilər? Yəni mətnlər arasında əlaqələndirmə olmadığından şagirdlər məntiqi ardıcıllığı tuta bimirlər. Bütün bu kiçik, cüzi səhvlər şagirdləri tarixdən uzaqlaşdırır.
Fuad Babayev: Məntiqin tutulmaması, ardıcıllığın aşkar olunmaması, təbii ki, tarixdəki ardıcıllığın olmamasının təzahürü deyil. Bəlkə bu tarixdəki bəzi hadisələri qabarıq verməyimizin, bəzilərinin isə arxa plana salınmasının, retuşlamanın fəsadlarıdır?
Emil Məhərrəmov: Tarix bir elmdir. Və bu hadisələr heç bir millətdən asılı olmadan baş verir. Amma biz izah edəndə həyat təcrübəmizi rəhbər tuturuq. Təvəkkül müəllim qavrama məsələsini tamamilə doğru qeyd etdi. Sizə bir nümunə çəkmək istərdim. Mən dərs deyən zaman, şagirdlərimdən biri həqiqətənmi Maykl Ceksonun islam dinini qəbul etdiyi barədə sual verdi. Dedim ki, doğrudur. Digər şagirdim isə “axı Maykl Cekson Azərbaycan dilini bilmir?”, deyə təəccübləndi. Yəni burada “qəbuledici aparat”ın məsələni necə qəbul etməsi problemi var. Biz nə qədər məntiq, obyektivlik, subyektivlik desək də, “qəbuledici aparat” problemi ortaya çıxacaq.
Aydın Allahverdiyev: Təxminən 12 il bundan əvvəl beynəlxalq bir tədbirin fasiləsində iştirakçılara Qarabağ problemini çatdırmaq istəyirdik. Orada şotland əsilli bir tarixçi-professor da var idi. Qarabağın tarixindən, onun Azərbaycanın qədim torpağı olması barədə danışdıq. Amma onlar başqa tarixi faktlar, sənədlər ortaya gətirərək, o torpaqların ermənilərə məxsus olması barədə fikir söylədilər. Və onların bu sözləri bizim xətrimizə dəydi. Təbii ki, onlar da xristian olduqlarından erməniləri müdafiə edirdilər. Və o an mən kiçik bir məqamı xatırlatdım. Dedim ki, “hörmətli professor, azərbaycanlılar, ermənilərin Dağlıq Qarabağda yaşama hüququnu tanıyır, bəs niyə ermənilər azərbaycanlıların Dağlıq Qarabağ və Ermənistanda yaşama hüquqlarını tanımırlar?” Cavabı qısa oldu: “Düz etmirlər”.
Qavrama məsələsinə gəlincə isə, qəbul edilmiş sistem var, onlar dünyanı necə qavrayırlar? Onlar üçün vacib olan nədir? Biz hansı nöqteyi-nəzərdən yanaşırıq? Biz müəyyən çərçivə daxilində düşünür, fikir yürüdür və qiymətləndirmə aparırıq. Məsələn, bu gün bir ingilis Fransaya gedib, orada yaşaya və istədiyi zaman da öz vətəninə geri dönə bilər, eləcə də fransız da istənilən zaman İngiltərəyə gedə bilər. Yəni ki, onlarda sərhəd o qədər də önəmli deyil. Bir vaxtlar onlarda bir şüar disskusiya obyektinə çevrilmişdi: “Avropa vətənimizdir, vətənimiz Avropadadır”. Uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, vətənləri Avropadadır. Yəni onlar avropalıdılar. Amma Avropada hər birinin öz vətəni var. Onların anlamında ən vacib olan şey insan haqlarıdır. Bu cür yanaşmanın təbliği dərsliklərdə olsa, daha çox uğur gətirə bilər.
Bu yaxınlarda Avropadan, iki mütəxəssis gəlmişdi. Bildiyiniz kimi, BMT-nin 2005-ci il tarixli “Xolokost məsələsinin dərsliklərdə təbliği haqqında” qətnaməsi var. Və bununla bağlı Azərbaycandakı vəziyyətlə maraqlandılar. Bu problem, demək olar ki, bizə çox yaxındır. Xolokosta təkcə yəhudi qırğını kimi yox, eyni zamanda digər xalqlara, insanlara qarşı cinayət nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Bu baxımdan Xocalı soyqırımını da təbliğ edə bilərik. Onlar da bunu qəbul edərək, burada heç bir məhdudiyyətin olmadığını qeyd etdilər. Biz bəzən öz çərçivəmizdə düşünərək məsələyə yanaşırıq. Dünyaya özümüzü necə tanıda bilərik? İngilis dilini bilməyimiz vacib deyil. Biz onların psixologiyasını dərk edərək, onların düşüncəsinə uyğun yanaşma tətbiq edə, onların anlaya biləcəkləri tərzdə informasiyanı çatdıra bilərik. Mən belə bir əqidənin tərəfdarıyam ki, əgər məsələ cəmiyyət, xalq, ölkə üçün problemlərin müzakirəsindən gedirsə, burada bir çox şeylər açıq söylənilməlidir ki, problemlərin kökünün nədə olduğunu bilək. Çörçillin gözəl bir sözu var: “Amerikanlar çox ağıllı adamlardır. Belə ki, onlar bütün mümkün variantları nəzərdən keçirdikdən sonra, düzgün məqamı seçə bilirlər”. Yəni bütün baxışlar nəzərdən keçirilməlidir. Bilirsiniz, bu gün Azərbaycan məktəblərində dərsliklərin ən böyük problemlərindən biri ondan ibarətdir ki, biz yeni təlimə keçirik, amma bu kurrikulumun özü bir qədər tərsinə doğulmuş uşağa bənzəyir. Hamı konsepsiyanın olmamasından şikayət edir. Biz persvektivdə strateji araşdırmalar aparıb, müəyyən etməliyik ki, 10 il sonra dünyanın inkişaf tendensiyası bizi hara aparır? Bizə gələcəkdə beynəlxalq əmək bölgüsündə hansı mütəxəssislər lazım olacaq? Bu mütəxəssislərin hansı keyfiyyətləri olmalıdır? Bu keyfiyyətlərin hansı, bizim xalqımızda var? Onları necə formalaşdırmaq lazımdır? Və bu keyfiyyətləri necə qiymətləndirəcəyik? Və bütün bunlar üçün hansı dərsliklər, hansı mövzular lazımdır? Bütün bunları həyata keçirmək üçün hansı texniki bazaya malik olmalıyıq? Eyni zamanda bizə nə qədər resurslar lazımdır? Və daha sonra bütün bunlar məktəblərə gətirilməlidir. Bir yazıda olduğu kimi, biz həmişə tələsir, tələsdiyimiz yerə isə gecikirik.
Bayaq Təvəkkül müəllim qeyd etdi, tarix sosial təcrübənin öyrənilməsidir. Əslində təcrübə öyrənilməlidir. Təcrübə baxımından bizim dərsliklərimiz çox az bilik verir. Ümumiyyətlə istənilən elmin tədrisində 3 əsas sual var: Nə öyrənməliyik? Niyə öyrənməliyik? Necə öyrənməliyik? Amma biz bu sualların cavabını dəqiq müəyyən etməmişik.
Bizə necə insanlar lazımdır? Mənim anlamımda, problemləri həll etməyi bacaran, ünsiyyətcil, təhlil etməyi, nəticə çıxarmağı bacaran və s. bu kimi keyfiyyətlərə malik olan insanlar lazımdır. Bu zaman iki məsələnin toqquşması baş verir – bilik və bacarıq. Dünyanın inkişaf etmiş ölkələrində bilik istina edilmədən, bacarıq öndə gedir. Çünki bacarıqlara sahib olan üçün, bilik problem deyil. İstənilən qədər informasiya var, amma bu inormasiyaların içərisindən sənin üçün vacib və dəyərli olan informasiyaları seçib, dəyərləndirmək qabiliyyətinə malik olan insanlar lazımdır. Mən öz məktəbimizdə nəyi müşahidə edirəm? Əgər mən ciddi bir şəkildə sinifdə, “uşaqlar xəbəriniz varmı, ABŞ-da toyuqlar süd verməyə başlayıblar” desəm, uşaqların 70 %-i mənə inanacaq. Bu çox təhlükəlidir. Dərsliklərdə istifadə olunan materiallar, onları axtarış aparmağa istiqamətləndirməlidir. Bu istiqamətdə işlər gedir. Amma mövzunun işlənməməsi problem yaradır.
Fuad Babayev: Qeyd etdiyiniz o yanlış informasiyanı 10 il bundan qabaq desəydiniz, görəsən yenə də həmin effekti verərdimi?
Aydın Allahverdiyev: Mən o informasiyanı 10 il bundan qabaq desəydim, şagirdlərin təxminən 90 %-i inanacaqdı. Çünki indi məktəblərdə yeni təlim texnologiyaları mövcuddur. Siz bu gün tarixin tədrisi məsələsini qoymusunuz. Dünya ölkələri dərs prosesində şəxsiyyət yetişdirilməsi problemini qoyurlar. Biz isə ali məktəblər üçün abituriyent yetişdiririk. Çünki məktəblərin reytinqi ali məktəblərə qəbul olunanların sayı ilə ölçülür. Halbuki məktəbin reytinqi həyatda uğur qazanan insanların sayı ilə ölçülməlidir. Məsələn, bir şagird gələcəkdə, yaxşı bir fəhlə, ya qəhrəman da ola bilər. Bu meyarlar toplanıb, məktəbin reytinqini müəyyən etməlidir. Ümumiyyətlə, mən çayın axarının geriyə döndərilməsinin əleyhinəyəm, bu mümkün deyil. Amma axarı saxlamaqla, çayın yönünü dəyişmək, sağa-sola yönəltmək olar. Yəni daha rasional istiqaməti seçmək olar. Bu gün məktəblərimizdə daha çox istiqamət ali məktəblərə qəbula yönəldilibsə, ali məktəblərə qəbulda tarix fənninin unudulub, ingilis dili ilə əvəz olunması, tarixə, keçmişə olan marağın bir az da öldürülməsidir.
Faiq Babayev: Son illərdə məktəblərin buraxılış imtahanlarında 2 fənndən (Azərbaycan dili və riyaziyyat) imtahan verilir. İnsanların əksəriyyəti üçüncü fənn olaraq, Azərbaycan tarixinin əlavə olunacağını gözləyirdilər. Amma tarixin yerinə ingilis dili əlavə olundu. Yəni hazırda tarixdən fərqli olaraq, ingilis dili fənninə önəm verilir.
Fuad Babayev: Məcburi imtahanların sayı, dörd ola və tarix də əlavə edilə bilməz ki?
Faiq Babayev: Yəqin ki, olacaq. Ümumiyyətlə, bizim təhsilimizdə vəziyyət belədir ki, hiss olunur ki, son illərin tendensiyası qəbulla, buraxılışın birləşməsinə aparır. Sübutu odur ki, xatırlıyırsınızsa, 9-cu sinfin bazasında texnikumlara, kolleclərə qəbul imtahanları ləğv olundu. Onlar yalnız buraxılışın əsasında qəbul olundu. Bu il növbəti addım belədir. 11 illik təhsil bazasında kolleclərə daxil olanlar və qabiliyyət imtahanlarını verərək qəbul olunanlar imtahan vermirlər.
Aydın Allahverdiyev: Dünya ölkələrində müxtəlif yanaşmalar var. Amma strateji fənlər adlanan fənlər də mövcuddur. Yəni dövlət üçün, cəmiyyət üçün əhəmiyyətli sayılan fənlər vardır. Dəyişməz olaraq, dünyanın əksər ölkələrində ana dili və riyaziyyat strateji fənlər sırasına daxildir. Amma bir çox başqa ölkələrdə vətən tarixi strateji fənn sayılır.
Emil Məhərrəmov: Bu o ölkələrdir ki, onlar tarixə çox böyük önəm verirlər. Onlar çəkinirlər ki, ümumi tarixdən söhbət gedəndə, onlar itib-batacaqlar – ispanlar, portuqallar, macarlar, polyaklar, litvalar, estonlar və s. Fransızlar, ingilislər isə belə hadisələrdən çəkinmirlər.
Aydın Allahverdiyev: Mənə elə gəlir ki, uzun illər müstəmləkə əsarətində olduğuna görə, bizim tariximizdə saxtalaşdırmalar, təhriflər olub. Biz nəyə görə tariximizi təbliğ edə bilmirik? Çünki biz tariximizin dəyərlərini bilmirik. Çünki bunlar uzun illər ərzində bizdən uzaqlaşdırılıb. Deməli, biz öncə tarixi strateji fənn elan etməli və status verməliyik. Müəyyən bir dövr keçməlidir. Daha sonra buna ehtiyac olmayacaq, çünki ailələr artıq özləri tarixi biləcək və öz uşaqlarına bütün bunları tədris edəcəklər və nəticədə bütün qorxular aradan qaldırılacaq.
Fuad Babayev: Bayaq Təvəkkül müəllim qeyd etdi ki, tarix dərsliklərində məntiqsizlik var. Hansısa tarixi məqamı, bizim ümumi konsepsiyaya uyğun gəlmədiyinə görə, arxa plana ata bilərik. İndi bizim tarix elmimizdə vahid konsepsiyamız varmı?
Təvəkkül Əliyev: Bir tərəfdən var. Çünki bildiyiniz kimi, 7 cilddən ibarət Azərbaycan tarixi var. Burada çox güman ki, vahid konsepsiya tətbiq olunub. Hələ 60-cı illərdə Elmlər Akademiyasında diskussiyalar gedirdi. Azərbaycan xalqının soy-kökü ilə bağlı müzakirələr aparılırdı. 70-ci illərdəki müzakirələrdə mən də iştirak etmişəm. Qeyd edim ki, orada auditoriya çox geniş olurdu. Orada hər kəs fikir yürüdürdü, analizlər aparılırdı. Son illərdə isə bu proseslər getmədi. Sadəcə olaraq kimin ağlına nə gəlirdisə, o saat o fikrini elmi ədəbiyyata gətirərək haqlı olduğunu sübut etməyə çalışırdı. 1980-ci ildə erməni elmi ədəbiyyatında Vorosil adlı birisini tənqid, Qukasyanı isə təbliğ edirdilər. Halbuki hər iki halda söhbət Voroşil Qukasyandan gedirdi. Sadəcə olaraq soyadına görə tənqid edirdilər. Voroşil Qukasyanın alban tarixinin tədqiqində misilsiz rolu olub. Və o özünü alban köklü olduğunu bildirirdi. Biz kompleks şəklində öz taixçilərimizi, bu sahədə çalışan adamları qiymətləndirə bilmirik.
Emil Məhərrəmov: Mən qərb ölkələri ilə daha yaxın tanış olduğum üçün, onların gözü ilə baxıram. Məsələn, biz diskussiyada nəyisə müzakirə edəndə, onu sübut etməyə çalışırıq. Ən böyük sübut isə, kiminsə erməni olduğunu sübut etməkdir. Amma ingilis, fransız üçün kiminsə erməni olması fərq etmir. Sən onun Azərbaycana qarşı nə etdiyini sübut et. Digər tərəfdən albanlara meyl edəndə, kökümüz alban olduğu üçün, o zaman bizim türkçülüyümüz şübhə altına düşür.
Məsələn, Qafqazda çeçenlərin türk olması da şübhə doğurur. Bəzi elmi məqalələrdə, onların türk olmaları qeyd olunur. Bu kimi məlumatlar, bizim millətin tanınmasına mane olur. Biz özümüzü bir tərəfdən türk, digər tərəfdən alban adlandırırıq. Amma mədəniyyətdən danışanda ön plana Nizamini, Füzulini çıxarırıq. Bir hadisə danışım sizə. Bir dəfə Sidneydə iranlı bir adamla söhbət edridik. O bizim şairlərimizlə maraqlandı. Mən də Nizami Gəncəvini misal çəkdim. İranlı isə qətiyyətlə mənə onun azərbaycanlı deyil, fars şairi olduğunu bildirdi.
Aydın Allahverdiyev: Nizami Gəncəvinin əsərlərinə nəzər salaq – “7 gözəl”, “Sirlər xəzinəsi” və s. Məsələn Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinə nəzər yetirək. Burada Məhinbanu Şirinə “Biz Əfrasiyab nəsliyik, onlar Keyxosrov” sözünü deyir. Daha sonra Nizami Bərdənin təsvirini çox gözəl verir. “7 gözəl” əsərində Fitnə obrazını Bəhram Gurla qarşılaşdıranda onun üstünlüyünü necə göstərir. Nizami Gəncəvi öz əsərlərində Vətənə qarşı sevgisini çox gözəl şəkildə büruzə verir. Onun mental düşüncə tərzi, hissləri, duyğuları türklərlə bağlıdır. Fars dilində yazması hələ heç nə demək deyil.
Emil Məhərrəmov: Mənim nümunə gətirməkdə məqsədim o idi ki, yəni biz başa düşməliyik ki, uşaqlara dərs demək və bizi müxtəlif istiqamətlərdə, o cümlədən də xaricdə təbliğ etmək başqa şeylərdir. Biz mənsub olduğumuz millətlə fəxr edirik, amma xarici üçün bunun elə bir önəmi yoxdur.
Faiq Babayev: Mən başqa bir məsələni qeyd etmək istərdim, alban-türk məsələsi haqqında danışan zaman, dərsliklərimizi xatırlayaq. 20 ildən artıqdır ki 6-ci sinif tarix dərsliyində albanların həm türk, həm də Qafqaz dillərində danışması haqqında məlumat var. Ona görə də biz artıq albanları həm də türk kimi qəbul etməyə öyrəşmişik. Biz tarixin tədris ilə məşğul olan insanlarıq. Boynumuza almalıyıq ki, 20 ildən çox müddət ərzində tarix dərsliklərimizdə irəliləyiş nəzərə çarpacaq qədərdir. Məsələn, özümüzdə məğlubluq kompleksinin aradan qaldırılması məsələsində mən irəliləyiş görürəm. 1990-cı illərin birinci yarısındakı dərsliklərdə erkən orta əsrlərə aid erməni padşahlarının adları və hakimiyyət illəri göstərilirdi və onların Azərbaycana hücumları öz əksini tapmışdı. 20-ci əsrlərə aid paraqrafa çatanda, 1918-ci ilin mart soyqırımı hadisələrində də Bakıda heç kimin ermənilərə qarşı müqavimət göstərməsi, yaxud mübarizə aparması haqqında bilgilər yox idi. İndi isə həmin erməni padşahlarının adları tarix dərsliyindən çıxarılıb. 11-ci sinfin 2014-cü il nəşri olan Azərbaycan tarixi dərsliyində 1918-ci ilin mart soyqırımı hadisələrindən danışarkən, Qoçu Nəcəfqulunun insanları səfərbər edərək, ermənilərə qarşı mübarizəsi öz əksini tapıb. Qeyd edim ki, Təhsil Nazirliyinin dərsliklər şöbəsi iradları, təklifləri eşidərək, bunları qəbul edir. Əlbəttə, biz arzu edirik ki, irəliləyiş daha da güclü olsun. Biz bayaqdan tətbiqilikdən danışdıq. Məktəbdə istənilən fənni, o cümlədən tarixi elə tədris etmək lazımdır ki, şagird orada əldə etdiyi bilikləri, vərdişləri həyatda tətbiq edə bilsin. Bildiyimiz kimi, tarix bir az başıbəlalı elmdir. Fizikanı, riyaziyyatı anlamayanlar bu sahə ilə bağlı mübahisələrə qoşulmadığı halda, tarixdən ümumiyyətlə anlayışı olmayan insan həvəslə mübahisələrə qoşulur, bu və ya digər məsələyə qətiyyətlə etiraz edir: ”Belə bir şey olmayıb, ola da bilməz”. Məsələn, Qarabağ məsələsindən söhbət gedəndə, ermənilərin sülh yolu ilə o torpaqları tərk etməyəcəyini bildirən çox insan var. Qəribədir ki, bu vaxt tarixə istinad edir və heç vaxt belə bir hadisənin baş vermədiyini bildirirlər. Deməli, həmin insan 9-cu sinfin tarix dərsliyi ilə ciddi tanış deyil. 1732-1735-ci illərdəki Rəşt və Gəncə müqavilələrini götürək. O zaman rus ordusu buraları başsız, yiyəsiz kimi görduyündən bu torpaqları işğal etmişdi. Bu torpaqları qoruyub, əlində saxlamaq Rusiya üçün sərfəli idi. Lakin Nadirlə döyüşmədən Rusiya bu torpaqları azad etməyə məcbur oldu. Çünki Səfəvi dövləti Nadirin timsalında güclənmiş və itirdiyi torpaqları geri almaqda qərarlı idi və bunu bacarardı. Buna görə də rus qoşunları üzüsulu geri qayıtdı. Mən belə bir şərhi həmin dərsliyə əlavə edərdim. İnanın, bu şərh olsa, şagird üçün də daha rahat olar. Tətbiqilik də belə şeylərlə ölçülür.
Aydın Allahverdiyev: Faktlar var, amma şərhlər çatışmır. Başqa bir misal çəkim, bildiyimiz kimi, dərsliklər rus dilinə də tərcümə olunur. Uzun Həsən oğlu Uğurlu Məhəmmədi öldürtdü. Şirvanşah İbrahim Kəyumərsi, Cahan şah oğlunu, Sultan Səlim atasını öldürtdü və s. bu kimi ata oğul düşmənçiliyi göstərilir. Amma bunlara dövlətçilik aspektindən şərh verilmir. Dünyada ən ağır yük, ata çiynində övlad tabutudur. Heç bir ata öz övladını, istəyərək öldürməz. Görünür, dövlət və dövlətçilik marağı övlad marağından üstün tutulur ki, onlar bu kimi ağır akta imza atıblar.
Faiq Babayev: Adətən Türkiyə vətəndaşları öz tarixlərinə pis demirlər. Məsələn, o zaman şairlərimizlə öyünməyə icazə verilirdi, keçmişdəki siyasi xadimlərlə öyünmək isə olmazdı. Bizim çox hörmət etdiyimiz, həmkarlarımız olan müəlliflər, bəzən stereotiplərdən uzaqlaşa bilmirlər. 8-ci sinif dərsliyində qeyd olunmuş bir faktı deyim, Şah Abbas 1598-ci ildə paytaxtı Qəzvindən İsfahana köçürməklə bərabər, Qəzvindəki insanları, əlbəttə, söhbət türklərdən gedir, bura gətirərək, onlar üçün yeni məhəllə salır, adını da Abbasabad qoyur. Bu faktın müvafiq şərhi olmadığından, istənilən şagird onu Şah Abbasın müsbət addımı kimi yox, az qala mənfi addımı kimi qiymətləndirəcək. Halbuki Sasanilər tatları bura köçürməklə etnik dayaq yaratdı, ərəblər də ərəbləri bura köçürərək dayaq yaratmaq istəyirdilər. Şah Abbas da köhnə paytaxtdan yeni paytaxta türkləri köçürüb, özünə dayaq yaratmaq istəyirdi. Amma bunu az qala türkəsilli əhalini cəzalandırmaq kimi dəyərləndirir bəzi müəlliflər. Təsəvvür edin, Azərbaycanın paytaxtı başqa şəhər elan olunur. Dərhal həmin şəhərdə torpağın, evin, mülkün qiyməti ən azı 10 qat qalxacaq. Türklər də dövlətin istəyilə ora köçürülürlərsə, o zaman həmin adamlara cəza kəsmiş olmur axı. Yaxud Nadiri, Ağa Məhəmməd şah Qacarı da uzun müddət fərqli şəkildə təqdim ediblər. İnsanlar yalnız onlar haqqında hansısa mənbəni oxuduqdan sonra münasibətlərini kəskin surətdə dəyişiblər.
Aydın Allahverdiyev: İnsanların münasibətinin kəskin şəkildə dəyişməsi də təhlükəli sayılır. Bildiyimiz kimi, ideal insan yoxdur. Maksimalizm səviyyənin yüksəkliyini yox, aşağılığını göstərir. Həyatın rəngarəngliyini, palitralarını görməyi bacarmaq düzgünlüyün göstəricisidir. Adətən bu yeniyetməlik yaş dövrü üçün xarakterikdir. İnsan, xalq müdrikləşdikcə, rəngarəngliyi, gözəlliyi görməyi bacarmalıdır. Yenə qeyd edirəm, bir anın için istənilən insanın gözdən düşməsi təhlükəlidir. Hansı alim əvvəlcədən bütün həqiqətləri aşkar edibdir? Alimlər həmişə müəyyən bir sahəni işıqlandırıb, irəliyə aparırlar, digər sahələrdə də qüsurlar olur. Qüsurların olmasına görə, o alimi məhv etmək olmaz. Ümumiyyətlə varislik olmasa, inkişaf olmaz. Amma qeyd edim ki, bu istiqamətdə məsələləri qaldırmanız çox yaxşıdır. Belə bir söz var: “problem onu dərk etdiyin andan, həll olunmağa başlayır”. O problem ki, ictimaiyyət arasında müzakirəyə qoyulursa, o zaman onun həlli üçün istiqamətlər axtarılır və həll də tapılacaq.
Fuad Babayev: İnternetdə azərbaycanlı və erməni blogerlər arasında müharibə gedir. Dağlıq Qarabağ problemi, Qarabağ tarixi, erməni təcavüzü və s. məsələlərlə bağlı. Təəssüf ki, bizim blogerlərin bəzilərinin bu məsələlərlə bağlı bilgiləri yetərsizdir. Bir sıra alimlərimiz isə bu texnologiyalardan çox uzaqdır. Bəs nə etməliyik ki, məlumatlı insanlarımız çox olsun? Məncə, qəbul imtahanlarında Qarabağla, erməni təcavüzü ilə bağlı suallarının sayını artırmaq lazımdır. Buna münasibətinizi bilmək istərdim…
Təvəkkül Əliyev: Son bir il ərzində orta məktəblərdə “Qarabağ tarixi”ni köməkçi fənn kimi tədris etmək fikri ortaya atılıb. Son 20 il ərzində belə bir fikir olmayıb.
Fuad Babyev: Bütün tarix dərsliklərinin içində Qarabağ haqqında bir bölmə olmazmı ki, getsin?
Faiq Babayev: Bizdə qəbulda istər 2-ci, istərsə də 3-cü qrup üçün 25 sualdan biri müasir Azərbaycan haqqındadır. Amma müasir Azərbaycan haqqında olan sual 1980-89-cu illərdən bu günümüzə qədər olan bütün dövrü əhatə edir. Bir halda ki, hamı Qarabağ probleminin gələcək nəslə çatdırılmasını vacib bilirsə, o zaman tarix elmi metodik seminarının rəhbəri Kərəm müəllimin başçılığı ilə, elə edək ki, bir sual mütləq Qarabağ haqqında olsun, digəri də müasir Azərbaycan haqqında. Uzun illər ərzində aparılan araşdırmaya görə demək olar ki, suallar daha çox dövrlərə görə bölüşdürülür. Məsələn, ibtidai icma quruluşundan 1 sual, müasir Azərbaycandan 1 sual, Azərbaycan Xalq Cümhuriyyətindən 1 sual olur. Bu gün biz istər yaşlı nəslə, istərsə də yeniyetmələrə ermənilər tərəfindən işğal olunmuş rayonlardan hansının bilavasitə Dağlıq Qarabağa aid olması və ya hansının kənarda olması ilə bağlı sualla müraciət etsək, əksəriyyət çaşıb qalacaq. İşğal olunmuş rayonlarımızın işğal tarixlərini yazıb, bir çox yerlərdə yerləşdirmək lazımdır. Amma bu, həm də məğlubluq kompleksini inkişaf etdirə bilər.
Təvəkkül Əliyev: O zaman İrəvana müzakirəyə gedəndə, ekspedisiyada iştirak edəndə, hər ilin hesabatını böyük bir kitab şəkilində nəşr edirdilər. Mənə dedilər ki, bunlar xalqın tarixidir. Bu gün olmasa da, 500 ildən sonra lazım olacaq. Biz isə heç sabahkı günü də düşünmürük, həmin illərdə biz hesabatı qəbul edib, sancaq taxıb şkafa qoyurduq.. Halbuki, o sənədlərin hər biri vacib mənbədir. Tutaq ki, biz bu gün Qarabağ tarixi haqqında yazanda, həmin mənbələri, ekspedisiyaların nəticələrini axtarırıq.
Bayaq sizin qeyd etdiyiniz ən qorxulu şey, gənclər arasında Qarabağa münasibətdir. Biz hiss edirik ki, Qarabağın işğalından zaman keçdikcə, bəziləri bunu unudurlar. Məsələn işğal olunmuş rayonların adını çəkə bilmirlər. Televiziyada bu mövzuda sorğular keçirilir. Bəzən heç bu haqda böyük adamlar bilmir. Mən özüm, II dünya müharibəsindən 10 il sonra doğulmuşam. Və məktəbdə təhsil alan zaman, mənə elə gəlirdi ki, bu hardasa çox dərin keçmişdə baş vermişdir. İndi isə Qarabağ müharibəsindən 25-26 il vaxt keçib. Və indiki gənclərin də bu hadisənin unutmasını təbii olaraq qəbul edirəm. Amma mən həmişə gənclərə deyirəm ki, biz tarixçiyik, tarxdə heç nə unudulmur. Qarabağ, Azərbaycanda əsrlər, illər boyu müharibələr gedib. Və həmin məqam yenə gələcək ki, biz Qarabağı qaytaracağıq və o zaman torpaqlarımızın qədrini biləcəyik. Son illərdə yollarda işğal altındakı rayonlara qalan məsafə göstəriciləri olan plakatlar qoyulub. Amma əvvəllər belə bir şeyə rast gəlinmirdi. Bu çox gözəl ideyadır.
Son iki ildir ki, mən Xocavənd rayonundakı “Nərgiztəpə” abidəsində tədqiqat aparıram. Bu abidə döyüş xəttindən 2-3 km kənardadır. Akademik Ramiz Mehdiyevin çox müzakirə olunan yeni kitabında da Xocavənddəki “Nərgiztəpə” abidəsindən bəhs olunur. Bu ərazi dəfələrlə əldən-ələ keçib. Hətta erməni saytlarında Azərbaycan vandalları tərəfindən ələ keçirilmiş, dağıdılmış qədim Qarabağ torpağı kimi qələmə verilir. Və həmin abidənin giriş hissəsində böyük bir plakat var. Bu plakatda rayonlara olan məsafənin neçə km olduğu qeyd olunub. Təsəvvür edin, onun üstündə 800 ilə yaxın yaşı olan Avşar qəbristanlığı var. Ermənilər isə onu “Azərbaycan vandalları tərəfindən dağıdılmış fars qəbristanlığı” kimi təqdim edirlər. Halbuki xalq inancına görə, “Dədə Qorqud” dastanındakı Qaraca Çobanın da qəbri oradadır. Bu kiçik bir ərazi sanki insanları düşündürür ki, bu dağlar Qarabağdır. İstərdim ki, ildə bir dəfə şagirdləri Qarabağa ekskursiyaya aparsınlar.
Fuad Babayev: Bizə nə mane olur ki, Qarabağ məsələsi və ya “Difai” ilə bağlı serial çəkilmir. Əlbəttə, başa düşürəm ki, “Difai”ni çəkmək üçün gərək əlbəsələr olsun, tarixçi dəvət edilsin. Mənim zənnimcə, dərsliklərlə yanaşı, bu məsələlərə də diqqət yetirmək lazımdır.
Təvəkkül Əliyev: Yaralı yerimizə toxundunuz. Bir neçə il bundan öncə, “Pompeyin Albaniyaya səfəri” haqqında kino çəkilməsi barəsində fikirləşmişdik. Hətta italyan aktyorları da gəlib, iştirak edə bilərdi. Biz təkcə Azərbaycan deyəndə, təbliğ edə bilmirik. Amma Roma imperiyasının simasında Azərbaycanı tanıtdıra bilərdik. Qısaca məzmunu belə idi ki, Pompey 66-67-ci illərdə Albaniyaya yürüş edib. Bu müharibə ilə əlaqədar olaraq, İsmayıllı rayonunda dəbilqə tapılmışdı, hal-hazırda muzeydə saxlanılır. Pompey bura o zaman gəlir, amma tuta bilmir. Amma buradakı ticarət yolları, sərvətlər və s. bu kimi qənimətləri ələ keçirmək üçün gəlmişdi. Mənbələrdə qeyd olunan ən çox xoşuma gələn şey Pompeyin yürüşü zamanı, Ermənistandan keçməmək şərti ilə, Cənubi Qafqazda olan ölkələrlə sıx əlaqə qurmaq istəyinin qeyd olunmasıdır. Bu söz Qədim Dünya tarixinin 3-cü cildində də verilib. O zaman Ermənistan Cənubi Qafqazda yox idi. Bu filmin ssenarisi də gözəl olsa, dünyanın ən ucqar Afrika ölkəsində belə ölkəmizi tanıtdıra bilərik.
Fuad Babayev. Maraqlı müzakirə üçün hər birinizə təşəkkür edirəm
Hazırladı: Gündüz Nəsibov
Material ilk dəfə 9 yanvar 2015-ci ildə dərc edilib