Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksində 15 yanvar 2016-cı il tarixdə 20 Yanvar faciəsinə həsr edilmiş Dəyirmi Masa keçirilib.
1905.az portalının nümayəndəsinin də iştirak etdiyi tədbirdə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin direktor əvəzi Teymur Qasımov tədbir iştirakçılarını salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsinin tarixinə qısa ekskurs edən natiq Dəyirmi Masanı idarə etmək üçün sözü Kamil İbrahimova verdi. Qala Muzey Kompleksinin direktor müavini əvəzi, tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov Dəyirmi masa iştirakçalarını təqdim etdikdən sonra 20 Yanvar hadisələrinin gənc nəslin unutmaması üçün bu qəbildən olan tədbirlərə ehtiyac olduğunu xüsusi vurğuladı.
Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Şahin Fazil “Qanlı şənbə günü”, “O gecə”, “Qərənfilim ağlama” şeirləri ilə müdhiş Yanvar gecəsini poetik dillə təsvir etdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova qeyd etdi ki, Postsovet məkanında mövcud geopolitik vəziyyət fonunda 20 Yanvar hadisələrinin araşdırılması, ondan dərs alınması bu gün də aktualdır. 20 Yanvar faciəsini 1918-ci il hadisələri ilə müqayisə edən tarixçinin fikrincə, 1990-cı ildə törədilmiş qırğınların məqsədi Azərbaycan Milli hərəkatını sosial bazadan məhrum etmək, onun müxtariyyatının, müstəqilliyinin qarşısını almaq idi.
1905.az portalının nümayəndəsi Təmkin Məmmədli saytın 2 il ərzində gördüyü işlər, 20 Yanvar faciəsinin 25 illiyinə həsr edilmiş dəyirmi masa, onun materiallarının DVD formatında nəşri və yayımı barədə tədbir iştirakçılarına məlumat verdi. Ərəbdilli elektron mediada 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəklinin guya bir əsr bundan əvvəl törədilmiş uydurma “erməni soyqırımı” qurbanları kimi təqdim edilməsi kimi faktlardan danışdı.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin elmi işlər üzrə rəis köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva 20 Yanvarı Azərbaycan xalqının qəhrəmanlığı kimi dəyərləndirdi.
“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin baş məsləhətçisi Elxan Məmmədov 20 Yanvar hadisələrinə hələ də beynəlxalq hüquqi qiymət verilməməsini ön plana çəkdi.
Rahib Azərinin müəllifi olduğu “Sirdaş” verilişinin 20 Yanvara həsr edilmiş xüsusi buraxılışı Dəyirmi Masa iştirakçılarına nümayış etdirildi. 20 Yanvar hadisələrinə fərqli rakursdan baxıldığına diqqət çəkən müəllif 20 Yanvarı faciə kimi deyil, zəfər, təntənə günü kimi qeyd etməyi vacib saydı.
İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Mikayıl Nəcəfov tədbirin sonunda Dəyirmi masa iştirakçılarına təşəkkürünü bildirdi.