
İyulun 29-da Xətai rayonu Heydər Əliyev adına parkın amfiteatr səhnəsində “Tariximizin Qərbi Azərbaycan izləri” mövzusunda konsert və sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Baş Mədəniyyət İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və zabitləri, incəsənət xadimləri iştirak ediblər.
Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Vüqar İskəndərov, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarından deportasiyaya, etnik təmizləməyə məruz qaldıqlarını, həmin torpaqlara geri dönüşün 300 mindən çox qərbi azərbaycanlının beynəlxalq səviyyədə tanınmış fundamental hüququ olduğunu qeyd ediblər.
Bildirilib ki, həmin hüquq BMT-nin bütün sənədlərində təsbit olunub. Qurub-yaratdıqları, yaşadıqları torpaqlardan didərgin salınmış soydaşlarımızın həmin ərazilərə sülh yolu ilə geri qayıtmalı olduğu vurğulanıb. Çıxış edənlər uzun illər işğalda qalan Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində azad edildiyini, hazırda həmin ərazilərə mərhələli şəkildə köç prosesinin getdiyini qeyd edib, Qərbi Azərbaycan niskilinə də tezliklə son qoyulacağına, hər bir azərbaycanlının həmin tarixi torpaqlarda gəzmək, yaşamaq hüququ əldə edəcəyinə inandıqlarını diqqətə çatdırıblar.
Tədbir bədii hissə ilə davam edib.
Tədbir çərçivəsində Qərbi Azərbaycan mədəniyyətini əks etdirən şirniyyatlar, xalça və kəlağayılar sərgilənib.