Tarix yalnız müxtəlif dövr və zamanların bir-birini əvəzləməsi deyil. Tarix yer üzündə yaşamış və köçüb getmiş insanların tarixi portretləri qalereyasıdır.
D.Volkoqonov
Müdriklərdən tarixi “ölülərlə dirilərin və hələ doğulmamışların birliyi” adlandıranlar da, tarixi hadisələrin romanı sananlar da olub. Tarixi olduğu kimi qərəzsiz yazmaq, ölülərlə dirilərin vəhdətini yaradıb gələcək nəsillərə ötürmək tarixçilərin və arxeoloqların işi olmaqla yanaşı, həm də bir vicdan məsələsidir…
Bəşər sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanın tarixi ərazilərində aparılan arxeoloji qazıntılar – Azıx adamının alt çənə sümüyünün 350-400 min illik tarixi, Qobustan qayaları üstündəki mezolit dövrü təsvirləri, tunc dövrü mədəniyyət nümunələri Azərbaycan xalqının şərəf səlnaməsinin bizə gəlib çıxmış ən qədim nümunələridir. Təbii ki, zaman-zaman torpağımıza əl uzadanlar əvvəlcə tariximizə dil uzatmağa çalışıblar. Tariximizi saxtalaşdırmağa, özününküləşdirməyə cəhd ediblər. Nə yaxşı ki, düşmənin qabağına hər zaman qolun, zorun dili ilə deyil, ağlın, zəkanın, idrakın gücü ilə də çıxılır.
Elminin, zəkasının gücü ilə millətin yoluna işıq tutanlar, torpağı vətən, milləti xalq edən şəxsiyyətlər həmişə olub, sayları az olsa da nə yaxşı ki, indi də var. Belələrindən biri də Qafar Cəfər oğlu Cəbiyevdir.
Onu necə təqdim edim? Çoxuşaqlı ailənin birinci övladı kimi? Ömrünə sığışandan çox iş görən bir insan kimi? Viranə qalmş sarayların, zəlzələdə batmış şəhərlərin, işğalçıların dağıdıb məhv etdiyi məmləkətimizin min il əvvəlini ələyib, ələkdən keçirən, tapdığı daşda, əşyada Vətənimizin tarixini bu günə gətirib, “Can Azərbaycan” deyə sabaha yol açan bir arxeoloq kimi?
Bəlkə xalqımızın və vətənimizin dünəni ilə yaşamaqla gələcəyin elmi ilə məşğul olan bir alim kimi?
Bir dəfə Aqata Kristidən soruşurlar ki, arxeoloqlar kimdir? “Onlar keçmişin dedektivi, gələcəyin uzaqgörənləridir” – cavabını verir.
Bəlkə Qafar müəllimi “tarixin qara qutusu”nu axtaran, tarixi həqiqətlər sevdalısı olan əsl Azərbaycan kişisi kimi çağıraq?
Bəlkə onu gecəsini gündüzünə qatıb torpağın “altını üstünə” çevirib bu yurdun kimliyini, bu vətənin mənəvi pasportunu yazan adlandıraq?..
Hərdən arxeoloqları siyasətçilərin torpağa basdırdığı tarixi “dirildən” insan kimi də təqdim edirlər. Elə Qafar müəllim də neçə batmış şəhərimizə can verib, ömrünə ömür calayıb, dirildib, bu günümüzə gətirib çıxarıb, gələcəyinə işıq salıb…
Qafar Cəbiyevin ömür kitabını vərəqlədikcə qram-qram torpaq qazan, ulularımızı bizə tanıdan bir bərpaçını, özü və sözü bir olan bir jurnalisti, əməli və elmi bir olan, sinəsi vətən sevgisi ilə alışıb yanan, ürəyində Azərbaycan boyda bir yurd sevgisi daşıyan, tarix yazmaqla tarix yaradan, yaşı vətənin yaşı qədər uzun, ömrü bu yurdun keçmişi və bu günü qədər şərəfli, tuncdan tökülmüş mətin bir Azərbaycan oğlunun obrazını görürük.
Qafar müəllimlə söhbət edərkən insan xəyalı istər-istəməz sinəsi rəsmlərə çevrilmış Qobustandan keçib, yüz min il əvvəli soraqlayır. Vətənimizin qürur dolu tarixi zənginlikləri ilə tanış olub iftixarla “Bura Vətəndir” deyib gücün yetdikcə hayqırmaq istəyirsən.
Evlərinin cəmi beş addımlığında yerləşən Cavanşir qalasının qalıqlarını gördükcə, tarixin min illiyinə şahidlik edən daşa, divara baxdıqca, ayağını hər qarışında tarix yatan bu torpağa basdıqca ürəyindən bir arzu keçirdi balaca Qafarın. Bacardıqca tez böyümək, tarixçi olmaq, yurdunun və millətinin tarixini aramaq, araşdırmaq, yazmaq…
– 10 uşaqlı ailədə yaşamağın, ailənin birinci övladı olmağın öz qanunları, birgəyaşayış qaydaları var. Atam necə deyərlər, qara fəhlə idi. Alnının təri, əlinin qabarı ilə böyüdüb bizi. Evimizdə süfrənin üstündə bir şey olanda biri olmurdu. Məni qınamayın, atamın qabarlı, işləməkdən damarları çıxmış arıq əllərini Azərbaycanın xəritəsinə bənzədirdim. Tez böyümək, atama kömək olmaq keçirdi könlümdən. Hər bir işdə ailəmizə, atama, anama kömək olmağa çalışırdım. Əlimdən bir iş gəlməyəndə, qoy məndən kiçik, hələ həsi-hüsü qanmayan bacı qardaşlarım doyunca çörək yesin deyə süfrədən tez çəkilirdim… Vətən sevgisi, millət sevgisi, yurd sevgisi dərsini də valideynlərimdən aldım. Halallıqla yaşamağı, alnıaçıq, başı dik yaşamağın nə olduğunu onlardan öyrəndim. Cavanşir qalasının qalıqlarını mənə göstərən atam “sən də böyü, onun kimi qəhrəman ol” deyərdi.
Qafar müəllim Cavanşir kimi döyüşçü olub, yurdumuzu yağılardan qorumaq yolunu tutmasa da, tariximizi saxtalaşdıranların qarşısına çıxan bir elm sərkərdəsi, bir yurdsevər, vətənsevər olmağı bacardı.
Qafar Cəbiyev həmişə axtarışda olan, çalışan, əslində, nə deyilənlə, nə də etdiyi ilə qane olmayan, inkişafa, tərəqqiyə can atan bir elm adamıdır. 1986-cı ildən Qəbələ, İsmayıllı, Kürdəmir, Şamaxı, Ağsu rayonlarında arxeoloji tədqiqatlar aparan, elmi ekspedisiyaların rəhbəri olmaqla bir sıra ilklərin müəllifi olmuşdur.
Qafar müəllim möcüzə yaratmır, yaratmaq Ulu yaradanın işidir – deyir. Lakin bizə möcüzə kimi görünən, əsrlərlə torpağın altında qalan qədim qalalara, batıb getmiş şəhərlərə can verir, nəfəs verir. Yurdumuzun yer üzündə qədim sivilizasiyanın mərkəzlərindən biri olduğunu faktlarla sübut edir. Qafar müəllim bütün bunları peşəsi, vəzifəsi olduğu üçün etmir, bu yurdu, bu vətəni ilahi bir eşqlə, təmənnasız bir məhəbbətlə sevdiyi üçün edir.
Tarixi mənbələrdə Girdiman knyazları və yepiskoplarının hələ Arşagidlər dövründə ölkədə böyük nüfuz sahibi olduqları qeyd olunur. Arşagidlərdən sonra siyasi arenaya gələn Mehranilər isə Girdiman feodalları olaraq bütövlükdə Albaniyada siyasi hakimiyyəti ələ alıblar. 5-8-ci əsrlərdə Girdiman hökmdarları tərəfindən tikilən əzəmətli məbəd, qala və istehkamlar haqqında Albaniya tarixi konteksində məlumat verilsə də, indiyə kimi öyrənilməmiş qalırdı. Mehranilərin tikib qoyduqları və sonralar Girdiman vilayətinin paytaxtı olan Mehrivan şəhərinin tarixi mənbədə adı çəkilsə də, şəhərin özü və yeri sirr olaraq qalırdı. 2004-cü ildən Qafar Cəbiyev tərəfindən başladılan və 2013-2015-ci illərdə inadkarlıqla davam etdirilən arxeoloji tədqiqatlar nəhayət öz nəticəsini verdi. Beləliklə, Ağsu rayonunun Bəyimli kəndi yaxınlığında 12 hektar əraziyə malik qala yerinin Mehrivan şəhərinin qalıqları olduğu elmi cəhətdən əsaslandırıldı. Eyni zamanda, Qafar Cəbiyevin rəhbəri olduğu Ağsu ekspedisiyası tərəfindən 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhəri yerində 1.5 hektar sahə tədqiq və konservasiya edilərək Azərbaycanda analoqu olmayan dünya standartlarına uyğun səviyyədə arxeoloji-turizm kompleksi yaradılmışdır. Ağsu arxeoloji-turizm kompleksi bu gün ölkəmizə gələnlərin ən çox üz tutduqları, ziyarət etdikləri tarixi zonalardan biridir. Onu da qeyd edək ki, bu qiymətli tarixi abidəyə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Qoruğu statusu verildi…
İnsanın əməli ilə işi bir olanda, fikri ilə etdikləri üst-üstə düşəndə o insan kamil insan kimi qəbul olunur. Qafar müəllim yazdıqları və etdikləri ilə özünü dürüst ifadə etməyi bacaran az insanlardandır. Onun gözü, könlü toxluğu el malına sədaqətin ən yaxşı ifadə formasıdır. Son 100 ildə Azərbaycan arxeoloqları arasında ilk dəfə qızıl pullardan ibarət dəfinə Qafar müəllimin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası tərəfindən aşkar olunaraq Milli Azərbaycan Tarixi Muzeyinə verilib. Ümumiyyətlə, onun rəhbərliyi ilə öyrənilən bütün arxeoloji abidələrdən çox qiymətli tapıntılar, o cümlədən, qızıl məmulatları aşkar olunub. Sonuncu dəfə 2017-ci ilin may ayında onun rəhbərliyi ilə Dəmirçi nekropolunda (Şamaxı rayonu) tədqiqatlar zamanı 3-cü əsrə aid hökmdar və sərkərdə qəbirləri, Roma və Parfiya pulları, silahlar, küllü miqdarda gətirilmə və yerli istehsalat olan bəzək əşyaları, o cümlədən, ləl-cəvahiratla bəzədilən nəfis qızıl sırğalar aşkar olunub. 2010-2012-ci illərdə Ağsu və Kürdəmir rayonları ərazisində daha iki gümüş və mis pullardan ibarət dəfinə tapılaraq, tədqiq edilərək dövlətə təhvil verilib. Kürdəmir rayonu ərazisindən tapılan və Sirvanşahlara aid 1131 ədəd sikkədən ibarət Muradxan dəfinəsinin tədqiqinə həsr olunan “Muradxan dəfinəsi” adlı albom-kataloqu 2012-ci ildə Elmin İnkişafı Fondu tərəfindən nəşr olunaraq xüsusi mükafatla layiq görülüb.
Qafar müəllim yorulmadan, böyük enerji ilə tapdığı tarixi abidələrlə millətimizin tarixini bərpa edib, yenidən yaradır. Bəzən görülən işlərin məcmusuna nəzər salanda bu qədər işin bir insanın ömrünə sığışa biləcəyinə adam inanmaq belə istəmir.
Güclü müşahidə qabiliyyəti, hadisələrə vaxtında və obyektiv reaksiyası, tükənməz enerjisi, dürüst təhliletmə bacarığı, analitik düşüncəsi və ən başlıcası məsələyə obyektiv münasibəti Qafar müəllimi həm də müasir jurnalistikamızın nadir qələm sahiblərindən biri kimi səciyyələndirməyə imkan verir. Qafar müəllim bədii sözlə publisistik üslubu sintez etməyi bacaran, Azərbaycan dilinin incəliklərindən həssaslıqla istfadə edən bir jurnalistdir. O, əlahəzrət sözün üstündə əsən, sözə qüdrət verən, sözün qüdrətindən istifadə edən əsl söz, fikir adamıdır. Qafar müəllim gözəl bilir ki, insan anatomiyası müxtəlif maddələrin birləşdiyi hüceyrələrdən ibarətdirsə, insanın məzmunu onun əməlindən və sözündən ibarətdir. İnsan tarixdə etdiyi əməli və sözü ilə qalır. Bəlkə də tarixi dəyərlərə üstünlük verdiyi üçün, tarixdən dərs götürüləsi şeyləri çox bildiyi üçün Qafar müəllimi bu günümüzlə bərabər, həm də tarix üçün yaşayan insan da adlandırmaq olar. Onun jurnalist kimi sözün üstündə əsməsi də tarixə hesablanıb. Qafar müəllim elə ona görə də, inamla “Yazılan qalacaq” deyə bilir. Qafar Cəbiyev o insanlardan, o yazarlardandır ki, yazdıqlarının qaldığına əmindir və sözü havaya sovurmadığına, sözə ehya verdiyinə inanır.
Bitib-tükənməz bir enerji ilə çalışan, ömrünün ahıl çağını yaşayan, müdrikliyin, elmin zirvəsinə doğru inamla irəliləməyi bacaran Qafar Cəbiyev ömrün 70-ci ilini yola salır. Onun ömür yolu çoxcildlik bir kitaba bənzəyir. Elə bir kitaba ki, bu kitabı oxuduqca daha çox öyrənmək, öyrəndikcə həyatda tətbiq etmək istəyirsən. Bu kitabı vərəqlədikcə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin məşhur, “Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən” kəlamını xatırlayıram. Bəli, Qafar Cəbiyev bu ölkə üçün əlindən gələni edənlərdəndir. Nə edibsə ölkəsinin, xalqının, bu vətənin adına edib. Bu gün bu qədim diyarımızın hansı bir guşəsindən keçsən, hansı bir ərazisinə ayaq bassan, daşı da, torpağı da, sıldırım qayaları da burdan bir Qafar keçib deyər. O Qafar ki, adını bu vətənin tarixinə yaza bilib.
70 yaşınız mübarək, Qafar muəllim! Elmin zirvəsinə və müdrikliyə gedən yolda yaradıcılıq enejiniz heç zaman bitib tükənməsin.
Ağarəhim RƏHİMOV
Elşən QƏNİ