Füsunkar təbiəti, zəngin tarixi, yeraltı və yerüstü sərvətləri Azərbaycan əsrlər boyu yağlı tikə kimi xarici istilaçıları, bədxah qüvvələri rahat buraxmayıb. Humanist, qonaqpərvər, səxavətli xalqımız isə həmişə xeyirxah hisslərlə yaşayıb, darda qalanlara əl tutub, son tikəsini də kimsədən əsirgəməyib. Təqribən iki əsr bundan əvvəl ermənilər öz havadarları olan – rus və fars şovinistlərinin köməyi ilə İran və Türkiyə ərazilərindən kütləvi surətdə Azərbaycana köçürüldülər. Burada yurd-yuva salıb məskunlaşan, yaşayan, özünə gələn qədirbilməz “nankor gəlmələr” bir müddətdən sonra rəzil simalarını göstərdilər. Onların törətdikləri cinayətləri nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Bilmirsən ki, buna nə ad verəsən: nankorluqmu, qədirbilməzlikmi, namərdlikmi, yoxsa..?
Rəhimdillilik, qonaqcanlılıq, tolerantlıq, xeyirxahlıq azərbaycanlıların canında, qanındadır. Bu da çox vaxt xalqımız üçün problem yaradıb. Təsəvvür edin: xarici ölkələrdən qovulmuş erməni ailələrinə sığınacaq verdik. Bəs nəticəsi nə oldu? Bu qədirbilməz ünsürlər haqq-salamı tapdalayıb bizə düşmən kəsildilər, qədim Azərbaycan torpaqları hesabına özlərinə “Böyük Ermənistan” dövləti yaratmaq iddiasına düşdülər. Gah tarixi abidələrimizə xaç həkk elədilər, gah yer adlarını saxtalaşdırıb “özününküləşdirdilər”.
Beləliklə, soydaşlarımızı qabaqcadan düşünülmüş şəkildə, hissə-hissə yurd-yuvalarından perik saldılar. Necə deyərlər, hələ özlərinə yer eləməmiş soydaşlarımızı sıxışdırıb yurd-yuvalarından çıxardılar. XX əsrdə isə azərbaycanlıların deportasiyası siyasəti daha sistemli hal aldı və bu, məcburi şəkildə həyata keçirildi, görünməmiş vəhşiliklərlə müşayiət olundu.
Nəhayət, 1988-1990-cı illərdə qədim İrəvan xanlığının son azərbaycanlı sakinləri də isti ocaqlarından işgəncə ilə, min-bir müsibətlə didərgin salındılar.
Kollektiv imza ilə yazılmış “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” (1995), Mehman Süleymanovun “İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən” (1997), Vaqif Arzumanlı və Nazim Mustafanın “Tarixin qara səhifələri. Deportasiya, soyqırım, qaçqınlıq” (1998), Eldar Sadıqın “Baharın astanasında” (1999), Teymur Əhmədovun “Vedibasarın qanlı-qadalı günləri. 1918-1919-cu illər” (2000), İbrahim Bayramovun “Unutqanlıq faciədir” (“Zəka” jurnalı, 1992-ci il, №2), Əliağa Yasinzadənin “Göyçədən başlayan yol” (1997) kitablarını və başqa əsərləri vərəqlədikcə, sanki, Qərbi Azərbaycanı qarış-qarış gəzir, imdad gözləyən, həsrət çəkən ata-baba yurdlarımızın fəryadını eşidirik…
İlk öncə “İrəvan” sözünün mənası diqqətimizi cəlb edir. İstedadlı tədqiqatçı, mərhum Gülməmməd Məmmədzadə də bu faktı daha mötəbər sayır ki, Əmir Teymurun əshabələrindən biri, tacir Xocacan Lahicani İrəvan torpağına qədəm basır və qohum-əqrəbası ilə burada yurd salır. Daha sonralar Şah İsmayıl 1509-1510-cu illərdə Rəvanqulu xana həmin yerdə qala tikdirməyi tapşırır. Zəngi çayının sahilində 7 ilə tikilən bu qalaya “Rəvan” adı verilir. Həmin yer “İrəvan” qalası kimi tanınır. Qalanı mühafizə edən qoşunun komandanı Sərdarın qardaşı, “Sarı xan” adı ilə tanınan Həsən xan idi.
Qədim Azərbaycan torpaqları olan bu diyarın tarixi abidələri və ziyarətgahları barədə geniş məlumatlar verən G.Məmmədzadə 10-dan çox karvansaranın, 3 körpünün, 8 möhtəşəm qalanın, çoxlu saray və məscidin adını çəkir, onların yaranma tarixi, memarları və tikdirən şəxsiyyətlər barədə maraqlı faktlar göstərir, əsaslı dəlillərlə bizi tanış edir.
Tədqiqatçı Şah İsmayıl məscidi, Səfəvi şahı Məhəmməd Xudabəndə (1578-1587) tərəfindən ucaldılmış Xudabəndə məscidi, memar Şeyx Bəhaəddinin layihəsi ilə Şah Abbasın (1587-1629) inşa etdirdiyi Şah Abbas məscidi, 1764-cü ildə Hacı Hüseynəli xan tərəfindən tikdirilmiş Göy məscid barədə daha ətraflı məlumat verir.
Tarixi mənbələrə görə, İrəvan şəhəri osmanlılar, səfəvilər və ruslar arasında uzun illər boyu getmiş müharibələr nəticəsində dəfələrlə əldən-ələ keçmişdir. Nəhayət, 1679-cu il iyunun 4-də güclü zəlzələ İrəvanı yerlə-yeksan etmişdir. Abbasqulu xanın kürəkəni Zal xan İrəvanın yeni hökmdarı kimi qonşu xanlıqlara çapar göndərir. Köməyə gəlirlər, vəzir Mirzə İbrahim də Təbrizdən İrəvana gəlir. Həmin qala yenidən tikilir, xaraba şəhər bərpa edilir.
Tarixi mənbələrdə göstərildiyi kimi, XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olub: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Məhəllələr də sənətkarların peşəsi, məşğuliyyəti ilə adlandırılırdı: “Şiləçi” (şilə – parça), “Sabunçu” (sabun bişirən), “Boyaqçı”. İrəvan xanlığının ərazisi və sərhədləri belə təsvir edilir: “Arpa çayından Qızıl kilsə kəndinədək”, “Hacıbayraməli kəndindən Qəbir dağadək”, “Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şəruradək”. Xanlığa daxil olan mahallar belə adlanırdı: Qırxbulaq, Vedibasar, Şərur, Sürməli, Saatlı (Səədli), Seyidli (Ağsaqqallı), Sərdarabad, Talik, Zəngibasar, Abaran, Dərəçiçək, Dərəkənd, Gərnibasar, Göyçə.
1827-ci ildə İrəvanda 12 min nəfərlik 2400 ailə yaşayırdı. Əhalinin milli tərkibi belə idi: 7331 nəfərdən ibarət 1807 azərbaycanlı ailəsi, 2379 nəfərdən ibarət 567 erməni ailəsi. Azərbaycanlılar 4 xan, 41 bəy və sultan, 40 din xadimi ailəsindən ibarət idi. Ermənilər cəmi 8 məlik və ağadan, 13 keşiş ailəsindən ibarət idi. Bu diyara dair ən maraqlı faktlardan biri budur ki, 1441-ci ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edənlərin şəcərəsi var. Şəcərədən məlum olur ki, XIV əsrdə Əmir Səddən başlamış 1807-1827-ci illərədək Həsən xanadək 49 nəfər xanlığı idarə edib. Onların hamısı da Azərbaycan türkləri olub.
Dərsliklərimizdən tanıdığımız şəxsiyyətlərdən biri – İrəvanda anadan olmuş İsa Sultan Nəcəf oğlu Şahtaxtinski Peterburqda ali təhsilini bitirdikdən sonra 1875-ci ildə İsveçrədə kənd təsərrüfatı və meşəçilik elmləri üzrə dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdır. 1877-ci ildə Tiflisdə “Kafkazski almanax”ı nəşr etdirmiş və “Tiflisski vestnik” qəzetində şöbə müdiri işləmişdir. Onun qardaşı Əbülfət Şahtaxtinski (1855-1913) Peterburq Universitetində G.V.Plexanovla bir vaxtda oxumuş, 1883-cü ildə Heydelberq Universitetini bitirmiş, V.Hötenin “Gənc Berterin iztirabları” əsərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir”. İsa, Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər sonralar təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar.
Rus imperiyası Azərbaycanı qəzalara böləndə Qərbi Azərbaycanın da sərhədləri “yeniləşdi”: Dilican, Eçmiədzin, Zəngəzur, İrəvan, Yeni Bəyazit (Kəvər), Loru-Pəmbək, Şərur-Dərələyəz, Şörəgəl-Gümrü (Aleksandropol) qəzalarına bölündü.
Dilican 1826-cı ilədək Qazax mahalının kəndlərindən biri idi. O, 1919-cu ilədək Azərbaycanın tərkibində Qazax-Dilican qəzası adlanırdı. Sonradan Ermənistana verildi. İyirminci illərdən qəza ləğv edildi, rayon yaradıldı. Sonra da Dilicanın adını dəyişib “Krasnoyeselo” qoydular. Halbuki, Ermənistanda sovet hakimiyyəti yarananadək Dilican Gəncə quberniyasının Qazax qəzasının tərkibində idi. Yeri gəlmişkən, Dilican rayonunda 21 azərbaycanlı, 8 erməni kəndi vardı. İcevan rayonu da Gəncə quberniyasının Qazax qəzasının tərkibində olmaqla “Karvansara” adlanırdı. 1930-cu ildə bura rayon kimi təşkil edildi. İcevan – Göyçə mahalının tərkibində olan Çəmbərək isə XIX əsrin əvvəllərindən ruslaşdırma siyasəti ilə Mixaylovka, 1920-ci ildən isə XI Qızıl Ordunun şərəfinə “Qırmızıkənd” (Krasnoyeselo) adlandırıldı…
Gəncə quberniyasının Zəngəzur qəzasına Qafan, Görus, Sisian (Qara kilsə), Mehri rayonları daxil idi. Əsas sakinlərini də azərbaycanlılar təşkil edirdi. Zəngəzura Qafan, Görüs, Sisian və Mehri rayonlarından əlavə, Zəngilan, Qubadlı və Laçın rayonlarının bir hissəsi daxil edilmişdi. 1920-ci il 30 noyabr tarixli qərarla Zəngəzur Ermənistana verildi. 1918-ci ildə şura yaratmış tayqulaq-daşnak Andronik həmin ərazini erməniləşdirmək planı ilə Zəngəzurda 200-dən çox azərbaycanlı kəndinə divan tutdu, talan etdi…
İrəvan qəzası. 1849-cu il iyunun 9-da çarın fərmanı ilə yaradılmış İrəvan quberniyası İrəvan, Gümrü (Aleksandropol), Eçmiədzin, Naxçıvan, Yeni Bəyazid, Şərur-Dərələyəz və Sürməli qəzalarına bölündü. Əhalisinin çoxunu azərbaycanlılar təşkil edən İrəvan qəzasına ermənilərin 1921-ci il 20 iyun tarixli sənədlə Qəmərli, Ağ Həmzəli, Başgərni, Kötayx və Axta daxil edilmişdir. 1921-ci il avqustun 16-da Vedibasar (Ararat) da qəzanın tərkibinə salındı. 1930-cu ildə quberniya ləğv edildi və qəzalar rayonlar kimi adlandırıldı.
Yeni Bəyazid (Kəvər). Bu ərazi XV əsrdən XIX əsrədək (yəni 1828-ci ilədək) İrəvan xanlığının ərazisi olub və Göyçə mahalı adlanıb. Sonralar Yeni Bəyazid adı ilə İrəvan quberniyasının tərkibinə daxil edilib. 1919-cu ildə Ermənistana verilərkən Basarkeçər, Yeni Bəyazid rayonları və Axta rayonunun kəndləri də qəzanın tərkibinə daxil idi. Yeni Bəyazidi sonradan Nor Bayazid, 1959-cu ildən isə Kamo rayonu, Göyçə gölünü isə Sevan adlandırdılar. Ermənilər asta-asta qədim türk adlarını beləcə saxtalaşdırıb “özününküləşdirirdilər”. Get-gedə də əl-qol açırdılar.
Loru-Pəmbək. Bu ərazi əvvəllər Gəncə bəylərbəyinə tabe idi. 1736-cı ildə Nadir şah ərazini Kartli çarlığına verdi. XIX əsrin sonu XX əsrin əvvəllərində Borçalı mahalı ilə Tiflis quberniyasının Loru-Borçalı qəzasına daxil edildi. 1801-ci ildə Gürcüstan Rusiyaya birləşdirildi. Kartli, Şəmşədil (Şəmşəddin), Pəmbək-Şoragəl, Qarakilsə, Hamamlı, Qızılağac, Gümrü, Artık, Abaran rayonlarının müəyyən hissəsi), Samxetiya (Qazax, İcevan, Dilican və Allahverdi rayonunun bəzi kəndləri), eləcə də Xeysuriya, Pşaviya, Tuşya Gürcüstanın tərkibində yaradılmış qəzalar idi. Sonralar bu ərazilərin çox hissəsi Borçalı mahalından alınıb Ermənistana verildi…
Qəzanın Allahverdi rayonu 1969-cu ildə Tumanyan, Qarakilsə rayonu 1935-ci ildə Kirovakan, adlandırıldı.
Taşir-Lori. Vaxtilə İranın və səlcuq türklərinin tabeliyində olub. 1918-ci ildə Tiflis quberniyasına verilib. 1921-1930-cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə daxil edilib. 1935-ci ildən Voronsovka, daha sonra Kalinino rayonu adlandırılmışdır. Barana X-XII əsrlərdə türklərin hakimiyyəti altında olmuş, 1236-cı ildə monqollar tərəfindən işğal edilmişdir. XIX əsrdə Gəncə quberniyasının tərkibində olmuşdur. 1920-29-cu illərdə Loru-Pəmbək qəzasının tərkibinə salınmışdır. 1937-ci ildə Barana Noyemberyan rayonu adlandırılmışdır.
Eramızdan əvvəl III-IV əsrlərdən tarixi məlum olan Hamamlı 1937-ci ildə rayon kimi təşkil olunmuş və 1949-cu ildən Spitak adlandırılmışdır.
Tarixi IX əsrə gedib çıxan Calaloğlu 1923-cü ildə Stepanavan adlandırılmış və 1930-cu ildə rayon kimi təşkil edilmişdir.
Şərur-Dərələyəz qəzası. 1920-ci ilədək Azərbaycanın tərkibində idi. Naxçıvan mahalı, İrəvan quberniyası və Göyçə mahalı ilə həmsərhəd olub. Qəzanın Yeğeqnadzor (Dərələyəz) rayonu 1920-ci ilədək Azərbaycanın İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının bir mahalı olub. Adı dörd dəfə dəyişdirilib: 1931-ci ilədək Dərələyəz, 1935-ci ilədək Keşiş kəndi, 1957-ci ilədək Mikoyan, 1957-ci ildən Yeğeqnadzor rayonudur. Şörəgəl-Gümrü (Aleksandropol) qəzası. 1849-1918-ci illərdə bura iki qəza olmuşdur. 1877-78-ci illərdə Rusiya-Türkiyə müharibəsindən sonra Şörəgəl qəzası Rusiyaya birləşdirilib. 1920-ci ildən Qərbi Şörəgəlin (Şirak) Arpa (Axuryan) çayının sağ sahilindəki ərazilərin çox hissəsi Türkiyədə qalmışdır. Tarixi dövrlərdə distansiya, mahal, nahiyyə, qəza adlandırılan bu ərazi – Pəmbək, Aleksandropol kimi tanınmış və müxtəlif tarixi mərhələlərdə Şörəgəl-Gümrü, iyirminci əsrin əvvəlində Ağbabanın (Amasiya), Düzkənd (Axuryanın), Ağin (Aninin), Artikin, Qızıl qoç (Qukasyanın), Talının, Hamamlının (Spitak) bəzi kəndləri də daxil olmaqla Aleksandropol adlanıb. 1837-ci ilədək Gümrü, 1924-cü ilədək Aleksandropol, daha sonralar Leninakan adı verilmişdir. 77 kəndi olan Ağbaba 1930-cu ildən Amasiya adlandırılıb. Göyçə, Zəngəzur, Vedi, İrəvan mahalları tarixən Azərbaycanın qədim torpaqlarıdır. XIX əsrdən XX əsrin əvvəllərinədək 2310 yaşayış məntəqəsindən 2000-i türk mənşəli olub.
1828-ci il Türkmənçay müqaviləsi Azərbaycan tarixində qara ləkədir. Azərbaycan Rusiya tərkibinə daxil edilib və Rusiya imperiyası Türkiyədən, İrandan köçürülən ermənilərin Ermənistanın Azərbaycan kəndlərində kütləvi şəkildə yerləşdirilməsinə nail olub. Təkcə Rusiya-İran və Rusiya-Türkiyə müharibələri zamanı (1826-1828 və 1828-1829-cu illərdə) İrəvan xanlığının Qırxbulaq mahalında 26, Zəngibasar mahalında 7, Kərnibasar mahalında 43, Vedibasar mahalında 33, Şərur mahalında 11, Sürməli mahalında 28, Dərəkənd-Parçenis mahalında 8, Səədli (Saatlı) mahalında 5, Talın mahalında 27, Sərdərabad mahalında 8, Körpübasarda 9, Abaranda 22, Dərəçiçəkdə 16, Göyçədə 67 azərbaycanlı kəndi dağıdılıb sıradan çıxarılmışdır. Bu siyasət sovet dövründə də güclü şəkildə aparılıb. Sovet Ermənistanı hökuməti xalqımızın toponimlərini, coğrafi adlarını tarixdən silməyə başlayıb. 1930-40-cı illərdən bu istiqamətdə daha sürətlə iş görülüb. Təqribi hesablamalara görə, 1925-1968-ci illərdə 470-ə yaxın qədim Azərbaycan kəndi, rayonu və yaşayış məntəqəsinin adı dəyişdirilib, təhrif edilib, saxtalaşdırılıb. Ermənistan Respublikası hökumətinin 1991-ci il 16 aprel tarixli fərmanı ilə 16 rayonun 94 Azərbaycan kəndi xəritədən silindi – adları dəyişdirildi.
Tarixi həqiqətlərin saxtalaşdırılmasının mahir ustası, daha doğrusu, “tarixin üzqarası” olan ermənilər əsrlər boyudur, bəşəriyyətə meydan oxuya-oxuya gedirlər, lakin çox təəssüf ki, onlara “dayan, dur!” deyən yoxdur.
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti” 2 fevral 2014