“Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi tərəfindən rus dilində nəşr edilən “Кавказ XVIII века глазами русского тайного агента” (“XVIII əsrin Qafqazı rus gizli agentinin gözü ilə”) kitabı artıq neçə aydır satış rekordu vurur.
TEAS PRESS Nəşriyyat Evindən APA-ya verilən məlumata görə, 2017-ci ilin əvvəlində Türkiyədə nəşr edilən kitab müxtəlif ölkələrdə alimlərin və oxucuların böyük marağına səbəb olub.
“Lakin təəssüf ki, bu qiymətli əsərə qarşı böhtan və qarayaxma kampaniyasına başlamaq qərarı verənlər də tapılıb. Görünür, həmin adamlar bu kitabın populyarlığı hesabına özlərinə ucuz piar qurmaq həvəsinə düşüblər. Bununla əlaqədar bəzi suallara cavab vermək, sözügedən kitabı hələ əldə etməyən oxuculara qısa məlumat vermək zərurəti yaranıb.
Bu reprint nəşrə XVIII əsrdə Rusiya imperiyasının Gürcüstandakı nümayəndəsi, rus gizli agenti, polkovnik Stepan Daniloviç Burnaşovun (1743-1824) yazdığı üç unikal əsər daxil edilib. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, politoloq Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi-alim Rizvan Hüseynov bu nəşrə ön söz yazıblar. S.Burnaşovun Azərbaycan barədə bu itmiş sayılan əsərini ilk dəfə aşkarlayan rusiyalı alim Emin Musa oğlu Məmmədlinin (1937-2013) adı da kitabda qeyd olunub və xatirəsi yad edilib”, – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Qafqaz Tarixi Mərkəzi S. Burnaşovun Azərbaycana həsr edilən və uzun müddət itmiş sayılan bu unikal əsərini araşdırmağa nail olub: “XVIII əsrdə Rusiya imperiyasının Qafqaza doğru irəliləməsi ilə əlaqədar olaraq bu regionun təsvirinə həsr edilmiş bir neçə əsər qələmə alınıb. Rusiya imperiyasının gürcü çarı II İraklinin sarayındakı nümayəndəsi, həmçinin gizli agent kimi fəaliyyət göstərən, əsas vəzifələrindən biri də Gürcüstan və Azərbaycan barədə, onların siyasi əhəmiyyəti, hökmdarları, sonuncuların nüfuzu və gücü haqda hesabatlar hazırlamaqdan ibarət olan S. Burnaşovun əsərləri bu baxımdan çox maraqlıdır. Polkovnik Burnaşov Qafqazda geniş agentura şəbəkəsi yaratmağa və bu şəbəkə sayəsində region barədə mühüm məlumatlar toplamağa nail olmuşdu. S. Burnaşovun hesabatlarından və əsərlərindən bəlli olur ki, o dövrdə Qafqazda heç bir “Ermənistan” olmayıb. Həmçinin qeyd edək ki, dağınıq şəkildə, qeyri-kompakt halda yaşayan azsaylı erməni əhalisi həddən artıq kövrək etnik palitra yaradıb. Başqa sözlə, müasir erməni xalqını yox, o dövrdə qriqoryan məzhəbinə bağlı olan ən müxtəlif xalqların nümayəndələrini “erməni” adlandırıblar. Rusiya gizli agenti Azərbaycanla Gürcüstanı təsvir edərkən bir çox Azərbaycan xanlıqlarının siyasi rolunu, onların nüfuzunu və müstəqilliyini əsərlərində xüsusi vurğulayıb.
Bu reprint nəşrdə S. Burnaşovun Qafqaza dair üç əsəri toplanıb: “Описание областей Адербижанских в Персии и их политического состояния” (“İrandakı Aderbijan vilayətlərinin və onların siyasi vəziyyətinin təsviri”, 1793), “Картина Грузии или описание политического состояния царств Карталинского и Кахетинского” (“Gürcüstan mənzərəsi, yaxud Kartli və Kaxetiya çarlıqlarının siyasi vəziyyətinin təsviri”, 1793) və “Описание горских народов” (“Dağ xalqlarının təsviri”, 1794). S. Burnaşovun hər üç əsərində aydın şəkildə göstərilir ki, Qafqazda heç bir Ermənistan mövcud olmayıb, bu ölkənin hazırda yerləşdiyi ərazi isə lap qədimdən Azərbaycana məxsus olub. Başqa sözlə, S. Burnaşov Qafqazda nələrin baş verdiyini bir kəşfiyyatçı kimi dəqiqliklə qeydə alıb. Çar Rusiyası bu regiondakı siyasi vəziyyət və qüvvələr nisbəti haqda ən səhih informasiyaları məhz onun hesabatları sayəsində əldə edib. S. Burnaşov Azərbaycandakı dövlət birliklərinin xanlıqlar şəklində olduğunu, onların regionun hegemon qüvvəsi kimi çıxış etdiyini qeyd edib, gürcü dövlətçiliyinin təsvirini verib, həmçinin bir çox dağ xalqlarında hərbi-qəbilə ittifaqlarının mövcudluğunu vurğulayıb”.
Həmçinin vurğulanıb ki, S. Burnaşovun əsərlərinin aşkara çıxarılması və reprint nəşri Azərbaycan tarixinə dair mənbə bazasının genişləndirilməsi işinə faktiki olaraq nəzərəçarpacaq dərəcədə böyük töhfə verib: “Bu hadisə həm də tarixi saxtalaşdıran ermənilərlə informasiya müharibəsində böyük qələbə və üstünlükdür. Lakin belə görünür ki, bu uğur Azərbaycanda kimlərisə sevindirmir, onları hətta narahat edir. Bunun nəticəsidir ki, bəzi kütləvi informasiya vasitələrində quru böhtan xarakterli, anonim, bəzən isə təsadüfi adamlar tərəfindən imzalanmış yazılar peyda olub. Həmin yazılarda S. Burnaşovun əsərləri qərəzli şəkildə “təhlil” edilir. Təəssüf ki, bu yazıların əsl müəllifi öz adını göstərməməyə üstünlük verir. Bununla belə, müəllifin kim olduğunu yazının üslubundan bilmək çətin deyil. Amma bu, artıq ayrı söhbətin mövzusudur. Böhtan dolu bu yazı belə bir məqsədə hesablanıb: çoxları S.Burnaşovun əsərlərini oxumadığı üçün bir anda anonim “tənqidçi”nin sözlərinə inanmağa məcbur olacaq. Həmin “tənqidçi” isə iddia edir ki, Naxçıvanla Qarabağ S. Burnaşovun əsərlərində guya “erməni torpaqları kimi” təqdim olunub. Halbuki məhz elə S. Burnaşovun əsərləri sayəsində bir daha məlum olur ki, Naxçıvan, Qarabağ, İrəvan və digər ərazilər köklü Azərbaycan torpaqları olub və onlar Azərbaycan xanları tərəfindən idarə edilib. Anonim müəllif S. Burnaşovun əsərlərini təkrar çapa hazırlayan Azərbaycan alimlərinin bu zaman erməni müəlliflərinə istinad etməsini (!) də “ayıb iş” sayır. Sən demə, erməni mənbələrinə və müəlliflərinə istinad etmək artıq “cinayət tərkibli əməl” imiş. Halbuki “XVIII əsrin Qafqazı rus gizli agentinin gözü ilə” kitabına yazılan ön sözdə əsərlərindən sitatlar verilmiş orta əsr erməni müəllifləri və mənbələri də ermənilərin Qarabağa və Azərbaycanın digər ərazilərinə sonradan gəlmə olduqlarını birmənalı şəkildə bəyan edirlər. Üstəlik, çoxlu sayda erməni alimi, orta əsr müəllifləri və hətta katolikoslar belə öz əsərlərində qeyd edirlər ki, Qafqazda Ermənistan mövcud olmayıb, bura Azərbaycan ərazisidir, ermənilər isə bu yerlərdə gəlmədirlər. Yəni müasir erməni tarixi konsepsiyası saxtalaşdırılıb. Erməni müəlliflərinin bu əsərləri və onların saxtakar erməni alimləri ilə polemikası Fuad Axundovun «Saxtakarlıqları ifşa edənlər» kitabında bütöv bir fəsillərlə verilib”.
Qeyd olunub ki, bu yaxınlarda erməni diasporu həmin kitabın elektron versiyasının yer adığı http://nofalsify.com saytının hostinqini təmin edən ABŞ şirkətinin ünvanına minlərlə şikayət yağdırıb: “Şikayət müəllifləri iddia edirdi ki, «Saxtakarlıqları ifşa edənlər» kitabı ermənilərə qarşı yönəlib və onların heysiyyatına toxunur. Nəticədə saytın fəaliyyəti dayandırılmışdır. Buna cavab olaraq, kitabın fəsilləri həmin ABŞ şirkətinə göndərilib. Orada Amerika, Avropa və digər ölkələrdən olan erməni mənşəli alimlərin erməni tarixi yalanlarını ifşa edən əsaslı fikirləri yer alıb. Məhz erməni alimlərinin özlərinin öz soydaşlarını ifşa etməsi ABŞ şirkətini bizim haqlı olduğumuza inandıra bilib və saytın fəaliyyəti bərpa olunub. Bununla erməni diasporu «Saxtakarlıqları ifşa edənlər» kitabının internetə çıxışını bağlamağa çalışırdı, çünki anlayırdı ki, erməni alimlərinin kitabda yer almış fikir və sübutları erməni yalanları ilə mübarizədə ən ciddi arqumentlərdir. Bu səbəbdən «XVIII əsrin Qafqazı rus gizli agentinin gözü ilə» kitabının ön sözündə erməni mənbələrindən istifadə etdiyimizə görə Azərbaycandan olan birinin anonim şəkildə bizi tənqid etməsi yalnız təəccüb doğurur. Sonra anonim müəllif Burnaşovun əsərlərində “Qarabağda müəyyən qədər erməninin olması”nın göstərilməsi faktından hiddətlənir. Halbuki kitaba yazılan ön sözdə bu məsələyə də aydınlıq gətirilib. Anonim müəllif isə bu məqama diqqət yetirməyi nədənsə lazım bilmir. Ön sözdə yenə də məhz erməni mənbələrinə və digər qaynaqlara istinadən bildirilir ki, ermənilər bu ərazilərdə yerli əhalinin cüzi hissəsini təşkil ediblər və sözügedən regiona sonradan gəlmə sakinlər olublar. Belə görünür ki, anonim müəllif yazısının əvvəlində dediyi sözü axırda unudub. O, S.Burnaşovu əvvəlcə “Naxçıvanla Qarabağı erməni torpağına çevirməkdə” ittiham edir. Daha sonra isə yazır ki, ermənilərin Azərbaycan ərazilərinə sonradan köçüb gəlmə sakinlər olduğunu, onların da əsasən ya bir yerdə daimi məskunlaşan, ya da şəhərbəşəhər gəzən tacirlər olduğunu S. Burnaşovun əsərləri sayəsində qətiyyətlə söyləmək olar. Anonim müəllif S.Burnaşovun İrəvan xanlığını Azərbaycan xanlığı sayması, onu belə adlandırması faktını da qeyd edir.
Buradan belə təəssürat yaranır, daha doğrusu, belə məntiqi nəticə çıxır ki, anonim müəllif S. Burnaşovun əsərlərinin Azərbaycan tarixinin öyrənilməsindəki rolunu və əhəmiyyətini özü də yaxşı başa düşür və öz böhtanını faktiki olaraq elə özü də təkzib edir. Bu, absurddur.
Sonda deyək ki, böhtan dolu yazının anonim müəllifinin qaldırdığı bütün suallara S.Burnaşovun əsərlərinin nəşrinə ön sözdə ətraflı cavab verilib. Lakin belə görünür ki, anonim müəllif bütün bunları “nədənsə görməyib” və özünü bu sahənin “Kolumbu” kimi təqdim edərək “Amerikanı kəşf etməyi” qərara alıb”.
Vurğulanıb ki, Qafqaz Tarixi Mərkəzi neçə illərdir Azərbaycan tarixi üzrə mənbələri və arxiv materiallarını araşdırır: “Bu müddət ərzində indiyə qədər az məlum olan, geniş ictimaiyyətə hətta ümumiyyətlə məlum olmayan xeyli sayda arxiv materialı aşkara çıxarılıb. Bu materiallar tarixi Azərbaycan torpaqlarında, habelə Cənubi Qafqazda dövlətçilik tarixinin daha dəqiq, daha səhih və daha dolğun elmi təsvirini yaratmağa imkan verir. Qafqaz Tarixi Mərkəzi Azərbaycanın tarixi əraziləri haqda 300 vahiddən artıq müxtəlif arxiv materialı və mənbə toplayıb. Antik dövrdən XIX əsrə qədərki tarixə işıq salan bu zəngin materiallar arasında qədim Assuriya, İran, antik gürcü və erməni, ərəb-müsəlman, Osmanlı, Rusiya, Avropa, Amerika mənbələri, arxiv sənədləri və xəritələr var. Qafqaz Tarixi Mərkəzi Azərbaycanın Qafqazdakı geniş ərazilərinin sərhədlərini daha dəqiq qeydə almış Rusiya arxiv materiallarına xüsusi diqqət yetirir. Azərbaycanın Cənubi Qafqazdakı əraziləri Rusiya imperatorları I Pyotrun, II Pyotrun və I Pavelin imzaladığı əmr və fərmanlarda, Osmanlı, Rusiya və İran imperiyaları arasında bağlanmış dövlətlərarası sazişlərdə daha dəqiq sadalanıb və göstərilib. Qarabağ, Şirvan, Gəncə, İrəvan, Naxçıvan və digər ərazilər bu tarixi sənədlərdə məhz Azərbaycan torpaqları kimi göstərilib. Ona görə də tarixi saxtalaşdıran ermənilərə ən yaxşı, ən tutarlı cavab elə qədim dövrə və orta əsrlərə aid mənbələr, arxiv sənədləri, müxtəlif mərhələlərdə aparılmış diplomatik yazışmalardır. Bu sənədlərdə hansı ərazilərin uzun əsrlər boyunca Azərbaycan torpaqları sayıldığını dəqiq göstərən təkzibedilməz məlumatlar var. Bu səbəbdən də S. Burnaşovun əsərləri ermənilərin yalançı elminin uydurmalarını inkar və rədd edən səhih mənbələr siyahısında layiqli yer tutur”.
https://apa.az/xeber-az/sosial_xeberler/teas-press-ermeni-yalanlarini-ifsa-eden-kitab-azerbaycanda-kimlerise-hiddetlendirib-4239.html