Xeyli vaxtdır ki, təəccüblənmirəm.
Bu yaxşı hal deyil.
Məncə insanlar təəccüblənməyi yadırğayandan dərhal sonra … problemlər yaranır. Odur ki, təəccüblənə bilmək hissini qoruyub saxlamaq lazımdır. Əlbəttə, əgər xoşagəlməz problemlərlə qarşılaşmaq istəmirsinizsə.
Əgər siz hansısa ibtidai sinif müəlliməsinin dərsi məqsədli şəkildə həvəssiz keçib sinfin uşaqlarını günün ikinci yarısında, ödənişli əsaslarla hazırlaşdırdığını eşidib təəccüblənmirsinizsə… Problem var!
Əgər siz hansısa cərrahın xəstənin yaxınları əllərini ciblərinə salana qədər təxirə salınması mümkün olmayan əməliyyata başlamadığını eşidib təəccüblənmirsinizsə… Problem var!
Əgər siz sovet əyyamında inşa edilmiş çoxmərtəbəli binanın fasadının xüsusi canfəşanlıqla rənglənməsinə rəğmən elə həmin binanın zirzəmisində illərdən bəri yığılıb qalmış, təsəvvürəgəlməz üfunət saçan çirkab sularla bağlı problemin çözülməsi istiqamətində bir addım belə atılmamasına təəccüblənmirsinizsə… Problem var!
Mən istəyirəm problemlərimiz az olsun. Və mən … təəccüblənmək istəyirəm.
Bir qədər qəribə səslənir, elə deyilmi?
Üstəlik, sual da yaranır. İlin-günün bu vaxtında bu sətirlərin müəllifi ilk növbədə məhz nəyə (nələrə) təəccüblənmək istəyə bilər?
Məsələn, mən istəyirəm orta məktəblərimizin məzunlarının repetitorların xidmətlərindən istifadə etmədən ali məktəblərə daxil olduqlarını eşidib təəccüblənim. Özü də təəccübüm uzun sürməsin. Alışım belə xəbərlərə. Və qısa müddətdən sonra yenə təəccüblənə bilim. Bu dəfə, əgər kiminsə instituta daxil olmazdan əvvəl repetitorun yanında hazırlaşmalı olduğunu eşidəsi olsam…
O qədər çox nəsnələrlə bağlı təəccüblənmək istəyirəm ki, bütün siyahı lazım ola biləcəyindən xeyli uzun çıxa bilər.
Burada uzun illər bundan əvvəl İstanbulda, təyyarə limanında qarşılaşdığım mənzərədən söhbət açmaq yerinə düşə bilər.
Beləliklə, mən sırf təsadüf üzündən xarici səfərə çıxmışam. İstanbulda, aeroportdayam. Təyyarə gözləyirəm. Hava limanında uzaq, ecazkar, həm də sirli Yaponiyadan olan ixtiyar yaşlı xeyli turist var. Böyük bir dəstə halında Avropanın hansısa şəhərinə uçmağa hazırlaşırlar. Sadə geyimli, Yaponiyanın əyalət şəhərlərindən olduqları açıq-aşkar sezilən insanlar Avrasiya qitəsinin şərqində yerləşən ölkədən Avropaya gələ biliblər!
Mən adi (!) təqaüdçülərimizin eynilə bu tərzdə, böyük bir dəstə ilə deyək ki, Argentinaya səfər etmələrini görmək istəyirəm. Həm də təəccüblənmək məqsədilə…
Fuad Babayev