Tehran Universitetinin professoru, qafqazşünas alim Bəhram Əmirəhmədiyanın 20 Yanvar faciəsinin ildönümü münasibətilə qələmə aldığı “Qara Yanvar – Azərbaycan Respublikasının müstəqilliyində dönüş nöqtəsi” məqaləsi xəbər onlayn saytında dərc edilib. Bu məqalədə dr. Əmirəhmədiyan 20 Yanvar hadisəsinin nə üçün Azərbaycan xalqı üçün taleyüklü və milli kimliyin yenidən qazanıldığı bir gün olduğunu araşdırır.
Məqaləyə 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra Sovet cəmiyyətində baş verən kataklizmlərin təsviri ilə başlayan müəllif Dağlıq Qarabağ münaqişəsinin yenidən baş qaldırma prosesini belə təsvir edir: “Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan və vilayətin azərbaycanlı əhalisi ilə bərabər muxtariyyət hüququna sahib olan ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycandan ayrılmaq və Ermənistana birləşmək haqda iddia irəli sürdülər. 1988-ci il, sonralar hər iki respublikada yaşayan ermənilər və Azərbaycanlılar arasında toqquşmalara gətirib çıxaran Qarabağ münaqişəsinin başlanğıcı oldu. Ermənistan Respublikasında yaşayan minlərlə azərbaycanlı ölkədən çıxarıldı və Azərbaycan Respublikasına gəldi. Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər də zor gücünə və qırğınlar törətməklə vilayətin azərbaycanlı sakinlərini öz evlərindən didərgin salaraq onları ata-baba yurdlarını tərk etməyə və Azərbaycanın digər bölgələrinə köçməyə məcbur etdilər.”
Bu hadisələrin SSRİ ərazisində yeni etnik münaqişə ocaqlarını alovlandırdığını qeyd edən müəllif, milli azadlıq ideyalarının digər müttəfiq respublikalara yayılmasını önləmək üçün 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet Ordusunun tankların, hərbi qulluqçuların və tam döyüş təyinatlı texnikanın köməyi ilə Bakı şəhərinə soxulduğunu, döyüşə hazır ordu birliklərinin Kommunist Partiyasının rəsmiləri və şəxsən Qorbaçovun əmri ilə müdafiəsiz və dinc əhaliyə atəş açdığını bildirir. Dr Əmirəhmədiyan bu qanlı hücumu “dəhşətli faciə və rusların başqalarının torpaqlarını işğalda yaşadıqları rüsvayçılıqlarının yeni bir səhifəsi” adlandırır.
Qara Yanvarın əhəmiyyəti:
20 Yanvar hadisələrinin əhəmiyyətini izah edən Əmirəhmədiyan bu faciəni “1989-cu ildə Berlin divarının çökməsindən sonra mühüm bir hadisə” və “SSRİ-nin çökməsinin və Azərbaycan xalqının SSRİ-yə qarşı birliyinin, vəhdətinin və yenidən milli kimliyinə qovuşmağının başlanğıcı” kimi dəyərləndirir, onun “millətin formalaşma prosesində dövlətin siyasi ideyası qismində Azərbaycan Respublikasında müasir dövlətçiliyin təşəkkülündə mühüm rol oynadığını” vurğulayır. Müəllif daha sonra bu hadisənin xalqın SSRİ-də mövcud rejimə qarşı ayağa qalxmasına gətirib çıxardığını, Sovet hakimiyyətindən tamamilə üz döndərərək müstəqillik yolunda addımlayan bir xalqın ortaq dərdinə çevrildiyini qeyd edir. Müəllif bu faciənin müsəlmanların fikirlərini Sovet hakimiyyətinin əleyhinə dəyişdiyini vurğulamaqla, qanlı qırğının SSRİ ilə yaxın münasibətləri olan bəzi mühafizəkar müsəlman dövlətlərində geniş əks-səda doğurmasa da, müsəlman xalqlar arasında qəmli bir xatirəyə çevrildiyini nəzərə çatdırır. O, məqaləsində daha sonra Azərbaycan xalqının bu hadisənin müsəlman dünyasına qarşı törədilmiş bir faciə kimi dünya birliyi tərəfindən tanınmasını, əsas səbəbkarların və ilk növbədə, Ermənistan hökumətinin və Dağlıq Qarabağ ermənilərinin mümkün olan hər bir şəkildə pislənilməsini, onlardan BMT-nin qətnamələrini icra etmələrini və Azərbaycan torpaqlarının işğalına son qoymalarının tələb olunmasını gözlədiyini yazır.
Dr. Əmirəhmədiyan daha sonra faciənin Azərbaycan mədəni ictimaiyyətində doğurduğu əks-sədanı araşdırır, məşhur şəxsiyyətləri, o cümlədən siyasətçilər, mədəniyyət, incəsənət və elm xadimlərinin ölkə tarixinin ən böyük etiraz nümayişlərində iştirak etdiyini nəzərə çatdırır. Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin tribunadan elan etdiyi “Sovet Kommunist Partiyasının bu vəhşi əməli bəşəriyyətə qarşı bir cinayətdir və mən bu vəhşi əmələ etiraz əlaməti olaraq Kommunist Partiyasına öz nifrətimi bildirir və onun sıralarını tərk edirəm” sözlərini sitat gətirən müəllif, Vahabzadənin ictimaiyyət qarşısında partiya biletini cırıb atan ilk məşhur şəxs olduğunu vurğulayır.
İranlı yazar həm də Azərbaycan ədəbiyyatında Qara Yanvar və ya Qanlı Yanvar adlı yeni bir janrın yarandığını, bu janrın son nəticədə ədəbiyyatdan təsviri və tətbiqi incəsənət sahələrinə nüfuz edərək çiçəklənməsini həyatın bütün sahələrində insanların bu faciəyə reaksiyasını özündə ehtiva etməsi kimi qiymətləndirir.
Dr. Əhmədiyan öz məqləsində 20 Yanvar abidə kompleksi və Şəhidlər Xiyabanı haqda da ətraflı məlumat verir. O, növbəti bölümdə 20 Yanvar münasibətilə ümumrespublika səviyyəsində keçirilən mədəniyyət tədbirlərindən müfəssəl bəhs edir.
Faciənin Azərbaycan cəmiyyətinə göstərdiyi təsir mövzusuna yekun vuran professor Əmirəhmədiyan, ən mühüm nəticələr sırasında Azərbaycan vətəndaşlarının siyasi məlumatlılığının və azadlıq hissinin yüksəlməsi, millət-dövlət institutlarının formalaşmasını, müttəfiq respublikaların SSRİ-dən qopma meyllərinin artmasını, beynəlxalq arenada Azərbaycan Respublikası adlı azad və müstəqil bir dövlətin meydana gəlməsini, Azərbaycançılıq (mən Azərbaycanlıyam) siyasi düşüncəsi məhvərində Azərbaycan millətçiliyinin və milli kimlik hissinin gücləndiyini xüsusi qeyd edir.
Mənbə: http://www.khabaronline.ir/detail/195152/weblog/amirahmadian