– Əvvəlcə sənətə gəlişiniz və TV yolunuz haqqında danışaq.
– Uşaqlıqdan bu sənətə marağım, istəyim və sevgim böyük olub. Atam mədəniyyət və incəsənətlə bağlı insandır. Mən də uşaqlıqdan bu işin içində idim. Hələ orta məktəbdə 5-ci sinfdə oxuyanda muəllim “Gələcəkdə kim olmaq istəyirsən” mövzusunda inşa yazmağı tapşırmışdı.Mən rejissor olacağam, yazmışdım. Böyüdükcə, elə bil ki, bu hiss, bu həvəs daha çox beynimə, ürəyimə hopurdu. Bu sənətlə daha həvəs və istəklə maraqlanmağa başlayırdım. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində bu sənəti televiziyanı gözəl bilən pedaqoq, rejissor Tariyel Vəliyev sevdirdi mənə. Tariyel müəllimdən başqa, Azərbaycan teleməkanında televiziya rejissoru kimi öz dəst-xətti olan Ramiz Həsənoğlu və Məhərrəm Bədirzadə kimi müəllimlərlə işlədim və onlardan dərs aldım. Bu aləm mənimçün həqiqətən çox gözəl və qeyri-adi idi. Beləliklə, Tariyel müəllimin məsləhəti ilə mən öz yaradıcılıq fəaliyyətimi televiziyaya, “Telefilm yaradıcılıq birliyi”nə bağladım. Televiziyaya gəlişim belə oldu.
– “Gün keçdi” filmi haqqında danışaq. Necə oldu ki, rejissor Tariyel Vəliyev həmin filmi sizə həvalə etdi?
– Tariyel müəllim ciddi olmaği ilə yanaşı, eyni zamanda cox güclü yumor hissi olan sənətkar idi. Hərdən ciddi görkəm alaraq elə danışardı ki, adam bilmirdi ciddi danışır, ya zarafat edir. Bir gün Tariyel müəllim gülə-gülə mənə dedi: “Elnurə, Emin Sabitoğlunun bəstələri ilə aran necədir?” Cavab verdim ki, “Tariyel müəllim, əladır, necə məgər?” Dedi: “Bəlkə onun haqqında bir film çəkək?” Sevincək dedim: “Əla olar, Tariyel müəllim”. Uzun sözün qısası, bu mövzunu götürüb işlədik, arxivlərdə, evində olduq, lazımı insanlarla görüşdük, televiziyadakı bütün materiallara baxdıq, planlarımızı dəqiqləşdirərək çəkilişlərimizi apardıq. Lakin montaj vaxtı Tariyel müəllim qəflətən xəstələndi. Montajı saxlamaq istəyirdilər ki, Tariyel müəllim sağalandan sonra davam edərik. Tariyel müəllim razı olmadı və dedi ki, Elnurə bu işi yekunlaşdıra bilər, mənə inanır. Bu mənim üçün ən böyük etimad və məsuliyyət idi. Montajın birinci günü mən onun yanına getdim. Əlimi sıxdi, gözündən iki damcı yaş yanağına süzüldü və dedi ki, montaj bitməyincə gəlmə bura. Nəhayət montaj bitdi, film hazır oldu, baxıldı və qəbul edildi. Mən sevincək elə həmin gün televiziyadan xəstəxanaya qaçdım. Ancaq gördüyüm mənzərə məni sarsıtdı. Bütün tələbələr, Tariyel müəllimi sevənlər, tanıyanlar orada idi. Həmin gün gec olduğundan bizi evə göndərdilər ki, gecdir, gedin, səhər gələrsiniz. Lakin gecə mənə onun gəlini Fatimə xanım zəng etdi ki, artıq Tariyel müəllim yoxdur. Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında çəkdiyimiz bu sənədli filmi o görə bilmədi.
SƏNƏDLİ FİLM REJİSSORDAN FƏDAKARLIQ TƏLƏB EDİR
– Xalq rəssamı Mikayıl Abdullayev haqqında “Rənglə yazılmış tarix”, xalq artisti Gülağa Məmmədov haqqında “Taleyin naxışı” filmlərində canlandırılmış səhnələr diqqətimi cəlb etdi. Sənədli filmdə bədiilik elementləri zərurətdən irəli gəlir, ya…?
– Sonralar da bir-birinin ardınca “Rənglə yazılmış tarix” (Mikayıl Abdullayev haqqında), “Notlarda yaşanan ömür” (Ağabacı Rzayeva), “Tarixi yaşadan sənətkar” (Altay Hacıyev), “Oxu Şövkət, oxu” (Şövkət Ələkbərova), “Adi və qeyri-adi Səttar” (Səttar Bəhlulzadə), “Nəğmə dolu bir ürək” (Elza İbrahimova), “Taleyin naxışı” (Gülağa Məmmədov), “Bir ömrün nəğməsi” (Oqtay Kazımi), “Taleyin cizgiləri” (Arif Hüseynov), “Sonun əvvəli” (Ağəli İbrahimov), “Rəşid zirvəsi” (Rəşid Behbudov ) və bir cox başqa bioqrafik sənədli televiziya filmləri çəkdim. Təbii ki, hər bir filmdə fərqli düşüncə və məsuliyyət var. Amma Tariyel müəllimin mənə tapşırıb getdiyi Emin Sabitoğlu haqqında çəkdiyimiz “Gün keçdi” sənədli televiziya filmində üzərimdə ikiqat məsuliyyət hiss edirdim. Bəli, təbii ki, bu filmlərdə olan bədiilik elementləri rejissor təxəyyülü ilə bərabər, zərurətdən doğur. Hər bir filmdə rejissorun gördüyü və görmək istədiyi nüanslar var.
– Ən müxtəlif sənət adamları haqqında bioqrafik sənədli filmlər hazırlayırsınız. Bu janrda işləyən rejissorun qarşılaşdığı əsas çətinliklər hansılardır?
– Dünyanın, tarixi keçmişimizin, dünənimizin dərk olunması, anlaşılması baxımından sənədli televiziya filmləri (sənədli kino filmlər də həmçinin) çox qiymətli vasitələrdəndir. Bu baxımdan film ustalarının nəzəri prinsiplərə əməl etmələrindən əlavə, daim obyektiv, qərəzsiz mövqe tutmaları olduqca önəmlidir. Məşhur sənətçilərimiz haqqında yaradılan bioqrafik xarakterli filmlərimiz bu gün xalqımızın canlı tarixi kimi çox əhəmiyyətlidir. Sənədli filmin bədii filmdən fərqi ondadır ki, o, daha dinamik və gözlənilməz ola bilər, təbii ki, dramaturgiya qanunlarına tabe olaraq. Sənədli filmin çəkilişi zamanı bəzən elə olur ki, materialın yarısını çəkirsən və kadrlarda elə bir şey ortaya çıxa bilər ki, sonradan onu tamamilə başqa istiqamətdə çəkərsən və ya əksinə. Sənədli film rejissordan fədakarlıq tələb edir. Ciddi film çəkmək istəyirsənsə, fədakar və təmənnasız olmalısan.
MƏN MÜHARİBƏ MÖVZUSUNDA, TARİXİ VƏ MƏNZƏRƏ JANRINDA DA SƏNƏDLİ FİLM ÇƏKMİŞƏM
– Bir rejissor kimi Siz bu günki Azərbaycan tamaşaçısının sənədli filmlərə münasibətini necə dəyərləndirirsiniz?
– Televiziyanı sənədli telefilmlərsiz təsəvvür etmək mümkün deyil. Artıq ilk yaranışından etibarən sənədli filmlər əsl sənət əsərləri yaradan görkəmli rejissorların sənət sahələrindən birinə çevrilməyə başlayıb. Azərbaycan sənədli kinosunda, eləcə də telefilmdə tamaşaçısı formalaşmayıb. Hər sənədli filmin öz tamaşaçısı var. Bizim sənədli kino ilə bağlı böyük tariximiz var. Amma, auditoriya düzgün seçilmədiyindən, kinonun bu növü sevilmədi. Zənnimcə, problem budur. Yəni təbiəti çəkən rejissorla tarixi çəkən rejissor eyni cür düşünə bilməz. O, təbiətin gözəlliyini görür, başqa rejissor üçün isə tarix maraqlıdır. Onun tamaşaçısı da elədir. Filmi çəkərkən onun janrı müəyyənləşməlidi. Sənədi fimlə telefilmin əsas fərqi baxış bucağı, tamaşaçı fərqliliyi və kadrlar kompazisiyasının quruluşundadı. Sənədli telefilmlərin gerçəkliyin «aynasına» çevrilməsi üçün ilk növbədə telefilm kimi müstəqil fəaliyyət göstərən teleməkan formalaşmalıdır ki, film yaradıcıları da mövzu seçimində tamamilə sərbəst olsunlar. Mətbuatda ciddi kino tənqidi formalaşmalıdır ki, film ustaları öz işlərinə daha məsuliyyətli yanaşsınlar və hər hansı nöqsanlarının cavabsız – qiymətsiz qalmayacağına əvvəlcədən əmin olsunlar.
– Daha hansı janrlarda özünüzü sınamısınız?
Mən müharibə mövzüsünda, tarixi və mənzərə janrında da sənədli film çəkmişəm. Məsələn, “Azərbaycan incəsənəti minilliklər boyunca” adlı sənədli televiziya filmi elə bilirəm ki, maarifləndiricidir və orta məktəblərdə şagirdlər ücün də yaddaqalan maraqlı dərs vəsaiti kimi göstərilə bilər.
– Gələcək planlarınız.
Mən gələcək planlarımdan danışmağı sevmirəm. Sağlıq olsun, inşallah onu da gələcəkdə danışarıq…
Dadaş Musayev, 1905.az